Eldar KƏRİMOV - BİR AN

      Share

      Əslində aldıqlarımızı xərclədiyimiz pullarla almırıq,xərclədiyimiz pulları qazanmaq üçün sərf etdiyimiz anlarımız və həyatımızla alırıq. Bir ömür veririk bir ömür qazanmaq üçün. Hər şeyi bir şey qurban verməklə əldə edirik. Biz də özümüzü qurban verərək özümüzün olmayan şeylərə sahib olmağa çalışırıq. Pulun qarşılığında yaratmağa çalışdığımız yalançı xoşbəxtlik daha sonra bizi xoşbəxt edə bilmir.

       Pulla insanları alırıq, amma onların sevgisini almağa gücümüz çatmır. Pulla ev ala bilsək də, rahatlığı ala bilmirik. Pulla saat alırıq, zamanı isə tapa bilmirik. Pulla mükəmməl yataq mebeli alırıq, amma o yataqda şirin yuxunu almağa gücümüz çatmır. Xəstələndiyimiz zaman pulla qan alırıq, həyatı isə əsla! Pulla həkimləri belə alırıq, sağlamlığı isə yox. Pulla diplomlar aldıq, amma savadı almağa imkanımız olmadı.Bununla da insanlar arasında münasibətlər korlandı və fərdlər arasında yadlaşmalar baş verdi. Bütün həyatımızı süniliklərlə bəzəyəndən bəri ətrafımızdakı insanlarla münasibətlərimiz də süniləşməyə başladı. Yaşanan süni münasibətlər də əvəzedilməz yalanlara, xəyanətlərəşərait yaratdı. Yeni bir anlayış qoyuldu insanların qarşısına. Cəmiyyət elə bir vəziyyətə gəldi ki, insanlar üçün bu şəkildə elanlar verilməyə başladı: “Maskalı insanların dünyasına xoş gəldin. Bu dünyada heç kim dəyişmir, sədəcə maskalarını dəyişir. Fərqli maskalara sahib olan insanlar da heç vaxt özlərini dəyişdirmək fikrinə düşmürlər. Onlar hansı vəziyyətdə necə olmaq lazımdırsa elə olmağı bacarırlar. Sən də elə bilirsən ki, bu insanlar həqiqətən dəyişiliblər”.

      Bəli, deyəcəklərim yuxarıda sadaladıqlarımla bitmir. Əksinə, daha maraqlı vəziyyətimizə toxunmaq istəyirəm. Hamı yığmağa çalışır qazandıqlarını. Bu dünyaya sahib olanlar ikinci bir dünyaya sahib olmaq istəyir nədənsə. Ciblər, evlər, banklar dolsa da gözlər doymur. Sanki əbədi yaşayacağını zənn edir insanlar. Bəlkə də bütün qazandıqlarını bir gün özləri ilə aparacaqlarını düşünür yazıq bəndələr. Əldə olunanlar paylaşılmadığı üçün başlayır müsibətlər. Qardaş qardaşın düşməninə çevrilir maddi problemlər ucbatından. Bir-birinin ayağının altını qazmağa çalışır dost-tanışlar. İnsanlar öz problemlərini unudub başqalarının həyatında problem axtarırlar. Yeni dünyaya gələn körpələr uşaq evlərinə, yaşlanmış valideynlər isə qocalar evinə göndərilir.Bərli-bəzəkli dünya yaradılır insanların beyinlərində. Amma yaşanmadan tərk edilir bu dünyalar. Böyük ümidlərlə qurulan xəyallar bir anda param-parça olur ölümlərlə. Əlli otaqlı malikanələr tikilir bir bədən üçün. Əlli otağın bir otağında əməlli-başlı yaşamadan tərk edir bədənlər o malikanələri. Dünyada əvvəldən sona qədər heç kim hər şeyə sahib ola bilmir. Bu gün məndə olanlar sənə, sabah səndə olanlar mənə verilir. Hər şey sahibini dəyişir zaman-zaman. Dəyərlər tapdaq olur ayaqlar altında. Dəyər verdiklərimiz dəyərsiz, dəyərsiz bildiklərimiz dəyər qazanmağa başlayır son zamanlar. Keyfiyyətli həyat deyil, sadəcə daha yaxşı yaşamaq üçün çalışır insanlar. Hər şeylərinin olmasını istəyən insanlar, əslində heç nəyə sahib olmadıqlarını düşünmədən yaşayırlar. Acizliklərini bir anda hiss edirlər. Bir anda düçar olduqları dəvasız xəstəliklərin əlindən onları bir ömür boyu sahib olduqları heç bir şey qurtara bilmir.

      Hər nə olursa-olsun, hər şey bir anda dəyişir. Xoşbəxtlik də bir anda gəlir, bədbəxtlik də. Sevdiklərimizi bir anda itiririk. Bir anda xüsrana uğrayır bütün fikirlərimiz. Ömrümüzdə ilk dəfə gördüyümüz insanı bir anda sevməyə başlayırıq. Saatlarla izlədiyimizi zənn etdiyimiz yuxu filmimiz bir andan ibarətdir əslində. Bir anda baş qaldırır bədənimizdə ağrılar. Dünya özünü bir anın içərisində gizlədir. Yaşadığımız illər bizi aldadır. Bir anda baş verir hiss etdiklərimiz. Bir anda gəlir başımıza hadisələr. Canlı bədənlərimiz bir anda çevrilir soyuq məzar daşlarına.

      Bütün bunların fonunda çıxış yolumuz nədir? Bunun üçün qarşımızda duran əsas məsələ çıxış yolumuzun başında, əsas yolumuzu nizamlayan işarə bizə dünyanın “it hürən tərəf”də olduğunu göstərə bilməsidir. Bizi qarşıda gözləyən təhlükələrə əvvəldən hazırlıqlı olmalıyıq ki, yolun sonunda başımızı daşdan-daşa vurmayaq.  Dünya hirsi, sevgisi və fanilərə rəğbət bizi əsas hədəfimizdən azdırmamalıdır. Əsas hədəfimiz isə insan olaraq yaşamaqdır. İnsan adı altında heyvanlardan da daha səfil bir həyat yaşamaq yox!İnsan olaraq yaşamaq da, ədaləti, yaxşılığı insanlar arasında bərqərar etmək və əlimizdə olanları ehtiyac sahibləri ilə paylaşmaqdır. Yoxsa bir anın içərisində hər şey dəyişə bilər. O bir an da hər andır. Hər anı yaşamaq insan olmaqdır.  Son anımız da bir andan ibarət olacaqdır. Bir anda boğulacaq nəfəsimiz. Ürəyimizin döyüntüləri də elə bir anda duracaq. 

      • Hits: 630 clicks

      Tecox component by www.teglo.info