Saleh Şirinov - İslam ilə Düzgün Münasibət

      Share

      İslamla münasibətdən söhbət gedərkən “istifadə etmək, yoxsa yaşamaq” deyə bir sual da qarşıya çıxır və “islamı yaşamağın” qarşısında “istifadə etmək” kimi bir məsələdən danışacaq hala gəlmək, böyük bir təhlükədən söhbət gedir deməkdir.

      İslamla əlaqənin, münasibətin əlbəttə ki, olmazsa-olmazı yaşamaqdır. Təbi ki, İslam yaşanmaq üçün gəlmişdir. İslam Allah-Təalanın insan oğluna göndərdiyi ən mükəmməl ölçülər olduğu üçün xalisanə iman və bağlılıqla yaşandığı ölçüdə möminin “Allaha bağlılıq” əlaməti olacaqdır.

      Ona görə də Uca Rəbbimiz din mövzusunda ixlaslı olmağımızı israrla istəyərək, hər mömindən Qurani-Kərimində “Dini yalnız Allaha xas qılma”ğı (əz-Zümər 2) istəməkdədir.

      Bununla birlikdə bəs istifadə etmək (yəni sui-istifadə etmək) nədir, dini və ya İslamı?!

      İstifadə etmək demək, ən açıq ifadəsiylə insanın dini öz nəfsi üçün mənfəət halına gətirməsi deməkdir.

      İnsanda belə bir işə meyl olması səbəbilə, Allah-Təala Quranda ixlas xüsusunda ciddi şəkildə bəhs etməkdədir. İxlas necə ki, bir qəlb əməli, bir qəlbi keyfiyyətdirsə, dini nəfsi mənfəətlər üçün istifadə etmək də bir qəlbi sapma və qəlbi təmayüldür. Din insanın əməlləri ilə mahiyyət qazansa da, əslində, əsas və həqiqi dəyərini qəlbdəki səviyyəsi ilə tapar. Rəsulullahın (s.ə.s): “Əməllər niyyətlərə görədir”,- deyə buyurduğu hədisi-şərifi də, edib işlədiyimiz hər şeyin keyfiyyət standartını qəlbi bir əməl olan “niyyətə-məqsədə-qayəyə” bağlamaqdadır. Yəni ölçü “o işi niyə etdin, məqsədin nə idi?” şəklində olmalıdır.

      Allah rizası dinin özüdür, məqsəddir. Geridə qalan məqsədlərin hamısı isə dinin istifadə olunmasıdır.

      Riya, həm Quranda həm də Hz. Rəsulullahın (s.ə.s) hədislərində möminlərin israrla çəkindirildikləri bir qəlbi sapmanı ifadə etməkdədir.

      Riya, dini bir fəaliyyəti başqası görsün və edənə hansısa bir imkan, etibar, mövqe və s. qazandırsın hesabıdır, məqsədidir.

      Namazı görsün, orucu görsün, infaq, sədəqəni görsün və sənə “afərin” desin. Bu nədir? Bu, dini bir fəaliyyəti Allaha deyil, başqalarının qiymətləndirməsinə təqdim etmək və əcrini onlardan gözləmək deməkdir. İslam buna gizli şirk deməkdədir. Yəni qəlbə nüfuz edən bir inanc sapması.

      Məşhur bir hədisi-şərifdə bəhs olunan zəngin, alim və şəhidin hesaba çəkilməsi hadisəsi, insanda bu sapmanın axirətdəki vəziyyətini ən açıq şəkildə ortaya qoymaqdadır. Qısaca desək, hesaba çəkərkən hər üçünə də verdiyi nemətlərini xatırladaraq bunun qarşılığında nə etdiyini soruşarkən “sənin üçün etdim” cavablarına qarşılıq, Allah-Təala: “Yalan söylədin, sənə igid adam desinlər, alim adam desinlər, comərd adam desinlər deyə etdin, atın bunları atəşə”,- buyuracaqdır.

      Dünyada etdiyimiz bütün əməllərimizin qəlbi səviyyəsinə, qəlb keyfiyyətinə nə qədər həssasiyyət göstərilməsi gərəkdiyini anlamaq üçün bu hədisi-şərifi diqqətli şəkildə oxumalıyıq və diqqətlə düşünməliyik.

      Demək ki, insan nəfsi hesablarına Allah rizası maskasını geydirməməlidir. Bu dünyada insanları aldada bilər. Amma axirətdə Allahı aldada bilməz. Din maskası ilə nəfsi mənfəətinə çalışanlar bu gün olduğu kimi, əvvəlki ümmətlərdə də olmuşdur. Quranda əhli-kitab alimlərinin Allahın ayələri üzərində məna dəyişikliyi etdikləri bildirilməkdədir (ən-Nisa 46, əl-Maidə 13, 41). Bu ayələrin birində buyurulur ki: “(Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə, Kitabı oxuyarkən dillərini (qəsdən) əyib bükürlər. Halbuki bu, (onların oxuduqları) Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!”– deyirlər. Halbuki o, heç də Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar”. (Ali-İmran 78)

      Bu ayəni təhlil edərkən görürük ki, kitabla əlaqəsi olan bir qisim insanın, digər insanların “kitabdan zənn etmələri” məqsədilə dillərini Kitaba görə əyib bükdüyü, lakin Kitabdan olmayan şeyləri söylədiyi; “Allah qatındandır” deyə irəli sürdüyü, amma onun Allah qatından dediyi şeyin elə olmadığı; hətta bilə-bilə “Allaha qarşı yalan söylədikləri” anlaşılmaqdadır.

      “Dini istifadə etmək” hadisəsi də elə budur.

      Əvvəlki ümmətlər, istər yəhudilər, istərsə də xristianlar Allahın dininə insan ağlını və insan zövqünü müdaxilə etdirmişlərdir. Bir qismi ibadət maskası və ya dinlərini müdafiə maskası altına gizlənmiş şəkildə olsa belə zövqlərinə və mənfəətlərinə uyğunlaşdırılmış bir yəhudilik və xristianlıq meydana gətirmişlərdir. Heç bir zaman açıqdan “biz dinimizi tərk edirik” demədilər. Yaxşı bir yəhudi və ya xristian olmaq iddiasında oldular. Və bunun üçün ən yüksək şəkildə məbədlər belə tikdilər. Həmin bu ümmətlər, öz dinlərindən olmayanlarla savaşdılar. Lakin özləri də dinlərini zövqlərinə uyğunlaşdırmaqda qəbahət görmədilər. Bir-birlərini məmnun edib Allahın rizasını qazandıqlarını xəyal etdilər. Dinə öz mənfəətlərinə görə şəkil verdilər. Və beləliklə də dini istismar edərək öz mənfəətləri üçün çalışmış oldular.

      Çox təəssüf ki, bu gün eyni şeyi Quranın üstündə də etməyə çalışanlar peyda olub. Din heç vaxt kökündən zərər görməz. Dinə şəkil vermək istəyənlər ancaq özlərinə və onlara aldanan bədbəxtlərə təsir edə bilərlər. Bu duruma düşməmək üçün bilməyimiz və son dərəcə diqqət etməyimiz gərəkən parolumuz budur: İslam özünə müsəlman axtarır, təmirçi ustasına ehtiyac yoxdur. Təslim olmuş insan müsəlmandır. Çünki islam təslim olmaqdır. Müsəlman da təslim olan insandır. Şübhələrlə yaşayandan müsəlman olmaz. İslama təslim olmayanları şeytan özünə təslim edər. Öncəkilərin aqibəti də belə olmuşdu.

      Ona görə də İslamla əlaqəmizi və münasibətimizi Rəbbimizin bizdən istədiyi ixlas və səmimiyyət çərçivəsinə yerləşdirməkdən başqa yolumuz yoxdur.

      • Hits: 480 clicks

      Tecox component by www.teglo.info