Ələddin SULTANOV - Bir ayə

      Share

      وَلاَ تَقْرَبُواْ مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ وَأَوْفُواْ الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ لاَ نُكَلِّفُ نَفْسًا إِلاَّ وُسْعَهَا وَإِذَا قُلْتُمْ فَاعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَى وَبِعَهْدِ اللّهِ أَوْفُواْ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

      Həddi-büluğa çatana qədər yetimin malına gözəl şəkildə (yetimin o maldan faydalanması üçün, xeyirxah məqsədlə)olması xaricindəyaxınlaşmayın! Ölçüdə və çəkidə ədalətə riayət edin!Biz hər kəsə, yalnız gücü yetdiyi qədər (məsuliyyət)yükləyirik. Söz söylədiyiniz zaman, (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın!Allaha olan əhdinizi yerinə yetirin! (Allah) bunları sizə əmr etmişdir ki, bəlkə düşünüb öyüd alasınız!(əl-Ən`am surəsi, 152.)

      Həyatın hər bir sahəsində möminləri ədalətli olmağa çağıran Qurani-Kərimin bu ayəsində, insanın ədalətdən yayınmağa daha çox meylli olduğu sahələrə diqqət çəkilmişdir. Bunların ilki, insan oğlunun himayəsindəki yetimlər və onların mallarıdır. Valideynləri axirətə köçmüş yetimlər, həyatda olan yaxınlarına, yaxud digər insanlara bir əmanətdir. O uşaqlar yetkinlik yaşına çatıncaya qədər valideynlərindən miras qalıb sahib olduqları mallara nəzarət etmək qabiliyyətində deyillər. Buna görə də, onları himayə edən şəxslərin onların mallarından öz mənfəətləri üçün haqsız bir şəkildə istifadə etmə ehtimalı vardır. Quran bu ehtimalı nəzərə alaraq xəbərdarlıq etməkdə və bir ədalət prinsibi olaraq yetimlərin mallarının ancaq yetimlər üçün gözəl bir şəkildə xərclənməsini əmr etməkdədir. İnsanların ədalətsizlikdən şikayət etdikləri digər bir xüsus isə alış-veriş zamanı bir qisim tacirlərin tərəzidə etdikləri haqsızlıqlardır. İman sahibi bir ticarətçi, çəkidə haqsızlıq edərək qazandığı hər bir qəpiyin hesabını Allahın hüzurunda verəcəyini bilməli, tərəzidə və çəkidə səhvə yol verməməyə çalışmalıdır. Bəzən insan bilməyərək və fərqində olmayaraq himayəsindəki yetimin malını haqsız bir şəkildə işlədə bilər, yaxud kiməsə əksik çəki ilə bir şey sata bilər. Buna görə də ayənin davamında Allah-Təala,insanı gücünün çatdığı şeylərdən məsul tutacağını və bilmədən etdiyi haqsızlığa görə onu hesaba çəkməyəcəyini bildirir.

      Yuxarıdakı ayənin son qismində isə, insanın ədalətsizliyə yol verə biləcəyi üçüncü bir xüsus olan danışığa və sözə diqqət çəkilmişdir. Bir çox ayəsində insanı doğru sözlü olmağa və doğrunu söyləməyə çağıran Qurani-Kərim, burada insanın öz yaxınlarının əleyhinə olsa belə, həqiqəti söyləməli olduğunu və yalançı şahidlik etməməyini əmr etməkdədir. Həqiqi bir mömin, öz yaxınları əleyhinə olsa belə hakim qarşısında və ya başqa bir zəmində daima həqiqəti söyləməli və qohumluq hissi onu ədalətsizliyə sövq etməməlidir. Çünki o,bir mömin kimi hər zaman həqiqəti söyləyəcəyinə dair bir növ Allaha söz vermişdir. Buna görə də Allah-Təala möminlərdən, ona verdikləri bu sözə sadiq qalmalarını istəyir.

      • Hits: 452 clicks

      Tecox component by www.teglo.info