Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi -q.s- (4)

      Share

      Xalid Bağdadi həzrətləri buyurur:

      “Kim məni süvirsə, Sünneyi-Səniyyəyə tabe olmam və hüsnü-xatiməyə (son nəfəsimi yaxşı vermək üçün) nailiyyətim üçün dua etsin. Mən də eyni şəkildə ona dua edirəm”.[1]

      Möminin bu fani aləmdəki ən böyük qayəsi insanın yaradılış məqsədi olan Haqqa qulluğu layiqincə yerinə yetirə bilməkdir. Beləliklə Haqq-Təalanın rizasını istəyərək iman əmin-amanlığı ilə son nəfəsini verə bilməkdir.

      Buna müvəffəq ola bilmək üçün ibadət, itaət, əxlaq və müamilələr nöqteyi-nəzərindən əlimizdən gələn bütün maddi-mənəvi səyləri iman vəcdi ilə sərgiləyib daim Allahın rəhmətinə sığınmalıyıq. Lakin bununla yanaşı qəlbi Allahla bərabər olan saleh möminlərin səmimi dualarını ala bilmək də böyük nemətdir.

      Möminlərin bir-biriləri üçün dua etmələrinin nə böyda böyük rəhmət vəsiləsi olduğunu Həzrət Peyğəmbər (s.a.s) belə bəyan etmişdur:

      “Bir möminin başqa bir möminə onun qiyabında etdiyi duasından daha tez qəbul olan heç bir dua yoxdur”. (Tirmizi, Birr, 50)

      Bunun hikmətini Mövlana həzrətlərinin Məsnəvisində nəql etdiyi bu hadisə necə də gözəl izah edir:

      “Allah-Təala:

      ‒ Ey Musa, mənə günah işləmədiyin, pis söz çıxmayan ağızla dua et də sığın! – buyurdu.

      Həzrət Musa (ə.s):

      ‒ Axı mən  elə bir ağıza sahib deyiləm, - dedikdə Haqq-Təala:

      ‒ Elə isə mənə başqalarının ağzı ile dua et! - buyurdu.

      Çünki sən başqasının ağzı ilə günah işləmədiyin üçün o ağız sənin üçün təmizdir, günahsızdır.

      İnsanlarla elə rəftar et ki, onların ağzı gecə-gündüz sənin üçün dua etsin…”

      Digər tərəfdən heç bir mömin özünü din qardaşlarının duasından namöhtac görə bilməz. Kimliyindən asılı olmayaraq hər mömin buna möhtacdır.

      Xüsusilə Allah-Təalanın rizası istiqamətində yaşayıb son nəfəsi imanla verə bilmək xüsusunda Allah dostları və saleh möminlər belə özlərini zəmanət altında görməmiş, bu xüsusda müvəffəq ola bilmək üçün din qardaşlarından dua istəmişlər.

      Belə ki, ömrü Haqq yolunda xidmətlə keçən Xalid Bağdadi həzrətləri kimi böyük şəxsiyyət belə hər fürsətdə din qardaşlarından dua istəmişdir. Onun sevdiklərinə etdiyi vəsiyyətlərdən biri belədir:

      “İmkanı olan və məhəbbətində sadiq olan kəslərin qurban kəsib savabını mənə hədiyyə etməsini istəyirəm. Səkr halında olan bəzilərinin dediyi kimi “Arxamdan sədəqə göndərilməsinə və Quran oxunmasına ehtiyacım yoxdur” demirəm. Əksinə, Fatihə və İxlasa çox ehtiyacım var…”

      Din qardaşlarından dua istəmək Rəsulullah (s.a.s)-in gözəl sünnələrindən biridir.

      Belə ki, Həzrət Ömər (r.a)  ümrə üçün izin istədiyi zaman Rəsulullah(s.a.s):

      “Əziz qardaşım, duanda bizi də unutma!” buyurmuşdur.

      Bu iltifata məzhər olan Həzrət Ömər (r.a)  da:

      “Həzrət Peyğəmbərin bu xitabı mənim üçün dünyaya bərabərdir. Dünyanı versəydilər, bu qədər sevinməzdim”, - deyərək Rəsulullahın belə bir təvəccöhünə nail olmağın onun üçün nə qədər böyük məna ifadə etdiyini dilə gətirmişdir. (Bax. Əbu Davud, Vitr, 23/1498; Tirmizi, Dəavat, 109/3562)

      Həmçinin Rəsuli-Əkrəm (s.a.s) əbasını Veysəl Qərani həzrətlərinə göndərib:

      “Bunu geyinib ümmətimə dua etsin!” buyurmuşdur. (Müslim, Fəzailus-Səhabə, 223-225)

      Gördüyümüz kimi aləmlərə rəhmət olaraq göndərilən Fəxri-Kainat belə bütün izzət və şərəfini ona bağlı olmağa borclu saleh möminlərdən dua istəmişdir.

      Möminin din qardaşından dua istəməsinin bir çox hikməti var:

      Bu, bir tərəfdən duası istənən kəslərə verilən dəyəri göstərib qəlblər arasındakı məhəbbəti daha da qüvvətləndirərkən, digər tərəfdən də dua istəyən kəsin təvazökarlığını göstərən yüksək bir qulluq ədəbidir.

      Digər tərəfdən baxsaq, insan nə qədər saleh olsa da heç bir zaman öz səylərini və əməllərini kifayət görməyib Haqq-Təalanın rəhmətini cəlb edəcək bütün vəsilələrə dörd əllə sarılmalı olduğunun ifadəsidir.

      Həmçinin “hər gecəni Qədr, hər gördüyünü Xızır bil” düsturuna əsasən muradımızın kimin duası hörmətinə hasil olacağı da məchuldur. Nəticə etibarı ilə insanların nəzərində dəyər verilməyən, hətta xor görülən neçə-neçə qəriblər var ki, Haqq qatında “naz əhli”ndən ola biləcəkləri ehtimalını göz ardı etməmək lazımdır. Xüsusilə bu kimi qərib qulları axtarıb tapmaq, onların səmimi dualarından istifadə etmək lazımdır.

      Necə ki, quraqlıq zamanı edilən istisqa, yəni yağmur duasına çıxarkən duanın qəbul olması niyyəti ilə mütəvazi və boynubükük halda getmək, yaşlıları və uşaqları, hətta körpələrlə heyvanları da aparmaq müstəhəb sayılmış,[2] onları vəsilə edərək Allaha yalvarmaq gözəl bir üsul qəbul edilmişdir.

      Bu gün ev-eşiyini, yurd-yuvasını, bütün sərvətini geridə qoyub min bir iztirabla ölkəmizə sığınan suriyalı mühacir qardaşlarımızın xeyir-dualarını ala bilmək də böyük bir rəhmət vəsiləsidir. Çünki o kökçün qardaşlarımız bizim üçün sanki 14 əsr əvvəlki mühacirlər kimidirlər.

      Rəsulullah (s.a.s) də Allahdan zəfər və yardım istəyərkən yoxsul mühacirlər vəsiləsi ilə niayz edər və belə buyurardı:

      “Zəifləri yanıma çağırın. Çünki siz yalnız zəifləriniz(in dua və bərəkəti) ilə ruziləndirilir və yardıma nail olursunuz…” (Əbu Davud, Cihad, 70; Əhməd bin Hənbəl, Müsnəd, V, 198)

      Xülasə, cəmiyyət nəzərində mötəbər bir məqam və dəyəri olmayan, boynubükük, qəlbiqırıq, lakin təvəkkül, təslimiyyət, qənaət və qədərə riza ilə qəlbi zəngin olan möminlərin təvəssül edilməsi ilə onunan duanın qəbula daha yaxın olduğu bir gerçəkdir.

      Şeyx Sədi bu sirrə işarə edərək nə gözəl buyurur:

      “Haqq dostları heç kimin baş çəkmədiyi dükanlardan alver edərlər”. Yəni heç kimin qiymətini bilmədiyi qərib və kimsəsizləri tapıb onlara yaxşılıq və lütfkarlıq etmək surəti ilə həmin iztirablı insanların xeyir-dualarını alarlar.

      Bu baxımdan qəlbiqırıqların, kimsəsizlərin, qərib və biçarələrin xeyir dualarını ala bilmək möhtəşəm axirət xəzinəsinə sahib olmaqdır.

      Bu da bir gerçəkdir ki, duanın qəbulunu təmin edən əsas ünsür ixlas, yəni səmimiyyətdir. Bu o deməkdir ki, xəta və qüsurlardan qurtulmamış bir möminin din qardaşı üçün can-dildən edəcəyi səmimi dua başqa birinin könülsüz edəcəyi duasından daha məqbuldur. Çünki mömin nə qədər qüsurlu, hətta günahkar da olsa, bu hal Allahın onu tərk etməsi mənasına gəlməz. Bir adamın kimin duası hörmətinə muradına nail olacağını yalnız Allah-Təala bilər. Ona görə də kimliyindən asılı olmayaraq möminlərin səmimi dualarında yer etməyin qiymətini idrak etməliyik.

      Xalid Bağdadi həzrətləri buyurur:

      “Fəqir bir qul olaraq fasiq mömin görəndə mütləq onun məndən daha üstün olduğuna inanıram. Çünki onun imanı sabit, günahı isə məndən gizlidir. Öz nəfsimin pislikləri isə mənə aşkardır.

      Son nəfəs(də kimin qurtulacağı) məchuldur. Elə fasiq və facirlər var ki, kamil vəlilərdən olmuşlar. Vəra sahibi olan elə insanda da var ki, alçaqlardan da alçaq səviyyəsinə düşmüşlər”.[3]

      Bir mömin xəta və qüsurlarını gördüyü din qardaşına tənha bir yerdə münasib dillə və üslubla xəbərdarlıq etməsi qardaşlıq hüququnun lüzumudur. Lakin belə bir addım atmadan xəta və qüsurları səbəbi ilə bir  din qardaşını qınayıb xor görmək dolayı yolla lovğalığa yol açar. Allahın qullarını xor görmək isə ən böyük günahlardan biridir. Necə ki, ayeyi-kərimədə belə buyurur:

      “(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!” (əl-Huməzə, 1)

      Ona görə də mömin başqalarını xor görməkdən çəkinməli, sanki diqqətli və həssas bir məmur kimi qəlbinin qapısında gözətçilik edib o qapıdan içəri qürur, təkəbbür və lovğalığın girməsinə mane olmağa çalışmalıdır. Dərin bir təfəkkür və müraqibə ilə hər an qəlbini yoxlayıb öz xəta və qüsurlarının islahı ilə məşğul olmalıdır.

      Bu həssaslıqdan uzaqlaşan insan ən mühüm qulluq ədəbi olan “təvazökarlıq” şüurunu itirər. “Qorxu” və “ümid” duyğuları arasında titrəməli olan qəlbinə qəflət və tənbəllik pərdələri enər. Fasiqlərin halına baxıb özünü üstün görməyə, işlədiyi azacıq əməlini əbədi qurtuluşu üçün kifayət zənn etməyə başlayar.

      Halbuki son nəfəsə qədər hər insanın imtahanı davam edir. Kimin sirati-müstəqim üzrə sabitqədəm qalıb, kimin ayağının sürüşəcəyi, yəni son nəfəsdə kimin qurtuluşa nail olacağı bəlli deyil.

      Necə ki, Haqq-Təala Qurani-Kərimdə fironun sehrbazları misalında olduğu kimi ömrünün böyük hissəsini zəlalət bataqlığında hədər edib son anda hidayətlə şərəflənərək əmin-amanlığa çıxanlardan xəbər verir.

      Bunun əksinə, əvvəllər saleh həyat sürdüyü halda ömrünün son dövrlərində Allahın lütf etdiyi imkanları nəfsinə izafə edərək qürur və təkəbbürünün köləsi, həvəsinin bütpərəsti olan Bəlam bin Bauranın, Qarunun həzin aqibətindən xəbər verilir.

      Hədisi-Şərifdə də əvvəllər “məscid quşu” kimi tanınan Sələbənin dünya ehtirasına qapılaraq yoldan çıxdığı və nəhayət, böyük bir zərərə düçar olduğu ibrət lövhəsi halında təsvir edilir.[4]

      Bu hadisə Haqq dostlarının qəlblərindəki son nəfəs təlaşının onları hansı təvazö və heçlik iqliminə sövq etdiyinin bariz nümunəsidir:

      Cüneyd Bağdadi həzrətləri Yəmən çöllərində gəzərkən bir ov iti görür. Dişləri tökülmüş, pəncəsində güc qalmamış, miskinləşmiş, qoca tülküyə çevrilmişdi. Vaxtı ilə vəhşi öküzlərə, marallara meydan oxuyub onları ovladığı halda indi ev qoyunlarından kötək yeməyə başlamışdı.

      Cüneyd Bağdadi həzrətləri o köpəyi zavallı, biçarə və halsız görüb öz azuqəsindən ona bir pay verir. Hüznlə ona bu sözləri deyir:

      “Ey köpək, sabaha hansımızın daha karlı çıxacağını bilmirəm. Zahirə baxanda bu gün insan olduğum üçün mən səndən üstünəm. Amma qəza və qədərin başıma bə gətirəcəyini bilmirəm. Əgər imanımın ayağı sürüşməzsə, başıma Allahın əfv tacını geyinəcəyəm. Əgər əynimdəki mərifət libası çıxarılsa, səndən çox aşağı olacağam. Çünki köpək nə qədər bəd olsa da onu cəhənnəmə atmazlar…”

      Ona görə də heç kim bugünkü yaxşı halına baxıb əbədi qurtuluşunu təminat altında görməməli, son nəfəsə qədər qorxu və ümid duyğuları içində Haqqa qulluğa davam etməlidir.

      Haqq dostlarından Süfyan Sevri həzrətlərinin gənc yaşda beli bükülmüşdü. Səbəbini soruşanlara bu cavabı verərdi:

      “Elm aldığım bir müəllimim vardı. Vəfat edərkən ona təlqin etdiyim halda heç cür kəlmeyi-şəhadət gətirə bilmədi. Məhz bu halı görmək belimi bükdü”.[5]

      İnsan dünyəvi bir diplom aldığı zaman həmin diplom ömrü boyu qüvvədə qalır. Lakin mənəvi həyatda belə deyil. İnsan əldə etdiyi hal və məqamı hər an itirmə təhlükəsi ilə qarşı-qarşıyadır. Ona görə də son nəfəsə qədər qəlbən ayıq-sayıq olmaq zəruridir.

      Zərrə qədər kiçik olan elə hadisələr var ki, insanı mükafata nail edər. Həmçinin zərrə qədər kiçik olan elə hadisələr də var ki, böyük əzaba düçar edər.

      Bir hədisi-şərifdə bildirildiyi kimi susuzluqdan əziyyət çəkən bir köpəyə su verən günahkar qadın bu mərhəməti səbəbi ilə əfv olunaraq cənnətə getmişdir.

      Həmin günahkar qul susuzluqdan dili ilə nəm toprağı yalayan köpəyin halına acımış, dərhal su quyusuna düşmüş, başqa bir qab tapa bilmədiyi üçün ayaqqabısını su ilə doldurmuş, onu ağzına alıb yuxarı çıxartmış və heç bir dünyəvi mənfəəti olmadığı halda sırf ilahi rizanı qazanmaq üçün Allahın susuz qalan məxluquna su vermişdir. Bir köpəyə olan bu mərhəməti səbəbi ilə də Haqq-Təalanın əfv və rizasına nail olmuşdur.[6]

      Demək ki, rəhməti qəzəbini keçən və qullarını əfv etmək üçün saysız-hesabsız vəsilələr yaradan Haqq-Təala o köpəyi də günahkar qulunun qurtuluşu üçün bir imtahan olaraq qarşısına çıxarmışdır. O ana qədər bəlkə və bir çox sınaqdan üzüağ çıxa bilməyən qul da bu imtahan sualının cavabını doğru verərək əbədi qurtuluşa nail olmuşdur.

      Yenə də hədisi-şərifdə bildirildiyi kimi bunun əksinə, pişiyinin ac qalmasına əhəmiyyət vermədən onun ölümünə səbəb olan bir qadın da mərhəmətsizliyi səbəbi ilə cəhənnəmlik olmuşdur.[7]

      Yəni bu qadın da həmin pişiyin ona ilahi imtahan vəsiləsi olaraq əmanət edildiyini idrak edə bilməmiş, ona Xaliqin şəfqət nəzəri ilə baxa bilməmiş, bu qəfləti və mərhəmətsizliyi səbəbi ilə ilahi qəzəbə düçar olmuşdur.

      Bu hadisə də nə qədər ibrətlidir:

      İstanbulun Aksaray səmtindəki Validə Camesini tikdirən Pertevniyal Validə Sultan vəfat etdikdən sonra əməlisaleh bir nəfər yuxuda onun gözəl bir məqamda olduğunu görür. Ondan soruşur:

      - Allah səni tikdirdiyin məscidə görə bu məqama yüksəltdi?

      Pertevniyal Validə Sultan:

      - Xeyr, - dedi.

      Həmin əməlisaleh şəxs çaşaraq:

      - Bəs hansı əməlin sayəsində bu mərtəbəyə yüksəldin? – deyə soruşur.

      Validə Sultan bu ibrətli cavabı verir:

      - Yağışlı bir gün idi. Əyyub Sultan Camesini ziyarətə gedirdik. Yol kənarındakı su gölməçəsinin içində zavallı bir pişik balasının çırpındığını gördüm. Faytonu saxladıb yanımdakı bacıya:

      - Get o zavallı pişiyi götür, yoxsa boğulacaq, - dedim. Bacı isə:

      - Amandır, Sultanım! Sənin də, mənim də üstüm batacaq, - deyib pişik balasını götürmək istəmədi. Bu zaman özüm faytondan aşağı düşdüm, palçığa girib pişiyi xilas etdim. Tir-tir titrəyirdi. Halına acıdım, qucağıma alıb isitdim. Çox keçmədən zavallı heyvan canlandı. Allah-Təala o pişiyə olan bu kiçik xidmət və mərhəmətimə görə mənə bu ali məqamı ehsan eylədi. 

      Nəticə etibarı ilə Haqq-Təalanın lütfü də, qəhri də bəzən böyük, bəzən orta, bəzən də kiçik kimi gördüyümüz imtahanlarda təcəlli edə bilər. Ona görə insan heç bir savabı və günahı əhəmiyyətsiz görməməli, fərqində olmadan “zülm əhli”nə çevrilməkdən çox qorxmalı, hər halını bu həqiqətlərlə götür-qoy etməlidir.

      Mömin bu hadisələrdə olduğu kimi Xaliqin şəfqət nəzəri ilə məxluqata baxış tərzi qazanmalıdır. Mərhəmətə möhtac olan insanlara infaq etməklə mükəlləf olduğu kimi qapısına gəlmiş itdən və pişikdən də məsul olduğunu unutmamalıdır.

      Bu hadisə sözünü etdiyimiz həqiqətə necə də ibrətli misaldır:

      Əshabi-kiramdan Abdullah bin Cəfər (r.a) bir dəfə səyahət əsnasında bir xurma bağçasına girdi. Bağçanın xidmətçisi qaradərili bir kölə idi. Köləyə üç çörək gətirmişdilər. Bu əsnada bir köpək gəldi. Kölə çörəklərdən birini ona atdı. Köpək çörəyi yedi. Obirini atdı. Onu da yedi. Nəhayət, üçüncü çörəyi atdı, köpək onu da yedi.

      Abdullah bin Cəfərlə kölə arasında bu söhbət oldu:

      - Günəmuzd nə alırsan?

      - Gördüyünüz kimi üç çörək.

      - Bəs nə üçün hamısını köpəyə verdin?

      - Buralarda heç köpək yoxdur. Böyük ehtimal ki, bu köpək uzaqdan gəlib. Ac qalmasına ürəyim dözmədi.

      - Yaxşı bəs sən bu gün nə yeyəcəksən?

      - Səbir edəcəyəm. Bugünkü haqqımı Rəbbimin bu ac məxluquna verdim.

      Bu gözəl əxlaq qarşısında heyranq alan Abdullah bin Cəfər (r.a) :

      “Sübhanallah! Bir də mənim çox səxavətli olduğumu deyirlər. Halbuki bu kölə məndən daha səxavətlidir”, - buyurdu.

      Sonra həmin köləni də, xurma bağçasını da aldı. Köləni azad edib xurmalığı ona bağışladı.[8]

      Düşünmək lazımdır ki, zahirən kölə, ruhənsə məna sultanı olan o nəcib insan harada, kimdən hansı təhsili almışdı? Bugünkü ifadə ilə desək, hansı fakültədə doktorluq dissertasiyası müdafiə etmişdi? Bu ruhi kamillik hansı təhsil sisteminin məhsulu idi?

      Deməli, dünyəvi cəhətdən təhsilimiz nə olursa-olsun, hər zaman möhtac olduğumuz əsas təhsil “mərifətullah” təhsilidir. Yəni Haqq-Təalanı qəlbən tanıya bilmək…

      Əgər insan Rəbbini tanıya bilərsə, Allah-Təala onun qəlbinə bambaşqa bir dərinlik, geniş bir üfüq ehsan edər. Haqqı batildən, xeyri şərdən, doğrunu yanlışdan ayırd edə biləcək bir “təqva” həssaslığı lütf edər. İnsanın oddan qaçdığı kimi şərlərdən uzaqlaşmaq və xeyirlərə can atmaq məziyyətini qəlbinə ilham və ehsan edər. Necə ki, ayeyi-kərimədə buyurulur:

      “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!” (əl-Ənfal, 29)]

      Allah-Təala hisslərimiz öz rizası ilə birləşdirsin. Qəlblərimizə təqva həssaslığı ehsan eyləsin. Hər birimizə müsəlman kimi yaşayıb, müsəlman kimi can verə bilməyi nəsib etsin.

      Amin!..

       

       


      [1]Esad Sahib, Buğyetüʼl-Vâcid, s. 246, № 85.

      [2] Bax. Zeylai, Təbyin, I, 231.

      [3] Es‘ad Sahib, Buğyetüʼl-Vacid, s. 120-121, № 16.

      [4] Bax. Təbəri, Camiu’l-Beyan, XIV, 370-372.

      [5] Bax. Əttar, Təzkirətul-Övliya, s. 70, Erkam Yayınları, İstanbul 1984.

      [6] Bax. Buxari, Şurb, 9; Müslim, Salam, 153.

      [7] Bax. Müslim, Salam, 151-152.

      [8] Qəzzali, Kimyayi-Səadət, tərc. A. Faruk Meyan, İstanbul 1977, s. 467.

       

      • Hits: 454 clicks

      Tecox component by www.teglo.info