Fuad QULİYEV - Yetimlərin sadəcə qarınları doyurulmamalı, qəlbləri də oxşanmalı !!

      Share

      İnsanların haqq və hüquqları məsələsi üzərində dinimiz o qədər etina ilə durmuşdur ki, bir haqqın o haqqı əlində tutan sahibinə aid olduğunu, haqsız yerə bu haqqın onun əlindən alına bilməyəcəyini, haqsızlıq olduğu təqdirdə günahkarların həm bu dünyada, həm də axirətdə cəzaya məruz qalacağını qətiyyətlə bildirmişdir. Şübhəsiz, hər kəsin haqqı müqəddəsdir, ancaq məsələ ata-anası olmayan, yetimlərin haqqına gələndə İslam hüququ onların haqlarının müdafiəsi üçün daha kəskin cizgilər qoyur. Peyğəmbərimiz (s.ə.s) ümmətinə yetimlərlə, onların həm maddi, həm də mənəvi qayğıları ilə nə cür məşğul olunmasını təfərrüatı ilə təlqin etmişdir. Qeyd edək ki, Allahın Elçisi (s.ə.s) özü də yetim olaraq dünyaya göz açmış və bu duyğuları iliklərinə qədər hiss edərək yaşamış, bir çox əziyyət və çətinliklər içərisində  böyümüşdür.

      Yetimliyin nə olduğunu çox gözəl bilən Hz. Muhamməd (s.ə.s) yetimləri qoruyan, onların ehtiyaclarını görən, sıxıntılarını həll edən kəsləri cənnətlə müjdələmişdir. “Kim müsəlmanların arasında olan bir yetimi yedirib-içirmək üçün evinə apararsa əfv edilməyəcək günah (şirk) işləmədiyi təqdirdə Uca Allah onu mütləq cənnətə qoyar”. (Tirmizi, Birr, 14, no 1918),  “Kim üç yetimi qorumasına alarsa, bütün ehtiyaclarını qarşılayarsa sanki ömür boyu gecəsini namazla, gündüzünü orucla keçirmiş və Allah yolunda cihad etmiş kimi olar. Mən və o (iki barmağını göstərərək) cənnətdə bu cür qardaş kimi olarıq”. (İbn Macə, Ədəb, 6)

      Peyğəmbərimizin bunun kimi çox sayda hədislərini qeyd etmək mümkündür, ancaq burada diqqət edilməsi vacib sayılan məqamlardan biri də, məhz yetimlərin sadəcə maddi ehtiyacını qarşılamaq deyil, onların mənəvi təlim-tərbiyəsinə daha çox əhəmiyyət verərək saleh bir insan kimi formalaşmasını təmin etməkdir.  Hz. Muhamməd (s.ə.s) on ilə yaxın bir müddətdə yanında xidmətçilik edən Hz. Ənəs bin Maliki (r.ə) bir yetim olaraq qorumasına almışdı. Ənəs atası ölmüş yetim bir uşaq idi. Atası Malik bin Nadr, İslamın Mədinədə yayıldığı ilk günlərdə xanımı Ümmü Süleymin müsəlman olmasına əsəbiləşərək Şama getmiş və hicrətdən əvvəl orada ölmüşdü. Ümmü Süleym daha sonra Əbu Talha əl-Ənsari ilə evlənmişdi. Peyğəmbərimiz Mədinəyə gəldiyi zaman onun qulluğunda duracaq kimsə yox idi. Anası və ya ögey atası kiçik Ənəsi Peyğəmbərimizin əmrinə verdi. Peyğəmbərimiz haldan anlayan biri olaraq xidmətçilik etdiyi müddətdə onunla çox gözəl rəftar etmiş və onu heç vaxt məzəmmət etməmişdir. Hətta hər hansı bir xətasına görə Ənəsə söz deyən xanımlarına: “dəyməyin uşağa” deyərək müdaxilə edərdi. (Buxari, Vəsayə, 25; Əbu Davud, Ədəb, 1) Peyğəmbərimizin (s.ə.s) təlim-tərbiyə məsələlərinə, insanlara və xüsusilə də uşaqlara qarşı xoş rəftarı və digər bəzi əxlaqi davranışları haqqında bir çox bilgi məhz Ənəs (r.ə) sayəsində gəlmişdir.

      Hər bir cəhəti ilə bizə nümunə olan Peyğəmbərimiz, ailəsində qoruyub himayə edərək yüksək əxlaqi keyfiyyətlər qazandırdığı Ənəsin (r.ə) timsalında bir yetim uşağa nə cür rəftar edilməsini göstərmişdir. Ata-ana qayğısından məhrum qalan bir  yetimin qarnının doyurulması ilə yanaşı ona ata-ananın yoxluğunu hiss etdirməyəcək dərəcədə mərhəmət göstərərək təlim-tərbiyəsi ilə məşğul olaraq həyata hazırlamaq da şərtdir. Məlum olduğu kimi, həddi-büluğ yaşına çatdıqdan sonra yetimlik sona çatar və əgər onların “rəşid” olduğu da müşahidə edilərsə onlara aid malları özlərinə təslim edilər, əks halda yenə də qəyyumunun nəzarətində qalmağa davam edər. Odur ki, mənəvi cəhətdən formalaşmayan, əxlaqi keyfiyyətləri istənilən səviyyədə olmayan bir yetim qəyyumluqdan çıxdıqdan sonra həyatını öz başına davam etdirəcəyi zaman müəyyən çətinliklərlə üzləşəcək, əlindəki malını-pulunu uyğunsuz yerlərə xərcləyərək səfalətə düçar olma təhlükəsi ilə qarşılaşacaq. Cəmiyyəti caynağına alan qeyri-əxlaqi ünsürlərin təsirinə düşməmək, onlardan lazımı şəkildə qorunmaq üçün mütləq iman və əqidə cizgisindən kənara çıxılmaması vacib məqamdır. Unutmamaq lazımdır ki, az yaşlarında cəmiyyətin kəm baxışlarına tuş gələn, müxtəlif əzab və əziyyətlərə məruz qalan, yoxluq və yoxsulluq şəraitində, valideyn qayğısından məhrum böyüyərək, ancaq saleh insanların düzgün təlim və tərbiyəsi ilə formalaşaraq cəmiyyətdə söz sahibi sayıla biləcək məqamlara yüksələn necə insanlar olmuşdur. İnsan yaradılışı etibarilə daima mərhəmətə, xoş söz və müamiləyə ehtiyac duyar. Bu ehtiyac düzgün qarşılandığı zaman da müsbət enerjiyə çevrilərək ətrafa faydalı olmağa başlayar. Əks halda isə onda şiddət və aqressiya hakim olar və bu zaman da cəmiyyətdə fəsadlar ortaya çıxmağa başlayar. Dini-əxlaqi prinsiplər tamamilə insan mərkəzli, fərdin və cəmiyyətin fitnə və fəsadlardan xilas olmaqla ülvi dəyərlərə qovuşaraq yaşaması üçün təsis edilmişdir. Hər bir inanc sahibi insan birinci növbədə özünü düzgün şəkildə həyata hazırlamalı, daha sonra başqalarının, xüsusilə də qayğıya möhtac kimsəsizlərin, yetimlərin hər cür  ehtiyacını qarşılamaq üçün imkanını səfərbər etməlidir.

      • Hits: 435 clicks

      Tecox component by www.teglo.info