Adəm ŞAHİN - KİM KOMADADIR?

      Share

      Televizor izləyərkən özünü qapdırmış uşaqlar özlərinə səslənildiyini çətin eşidərlər. Uşaqların səsə verdikləri qarşılıq xəstə bir insanın gücsüzlüyü və yorğunluğu kimi solğundur. Böyüklərin də özlərini qapdırdıqları kabelli və ya Wi-Fi torlardan qurtulmaları çox çətindir. Tordan qurtulmaq rahatdır ki? İnternet əlaqələri üçün “tor” ifadəsinin işlədilməsi çox isabətlidir.

      İstər televizor, istərsə də internet ekranı olsun, tora düşən kimsənin fiziki ehtiyaclarının fərqində olmadığı görülür. Hazırlanan yemək onun üçün əhəmiyyətli deyil, acsa belə gecikdirilə bilər. Tualetə getməyi də prioritet deyil, sıxışsa da dözə bildiyi qədər tuta bilər. Evə gələn qonaqlarla oturmaq, onlara qulluq eləmək və onları dinləmək də dünyanın ən sıxıcı işlərindəndir. İbadətlər isə reklam aralarına və son dəqiqələrinə qədər ertələnə bilər.

      Ekranlara özünü qapdırmış, internetə super kleylə yapışdırılmış kimi bağlanan insanları gördükcə ağlıma Hz. Əli əfəndimizin döyüşdə özünə sancılan ox üçün: “Mən namaza durduğum zaman çıxardın”,-deməyi gəlir. Ekran, insanın aclığını, susuzluğunu, sıxışmasını, yuxusuzluğunu və işlərini unutdurur.

      “Namaz dinin dirəyidir” hədisini dərs içində belə online(internetdə) olub, gizli-gizli mesaj yazanlara: “Namaz İslamın batareyasıdır” deyərək açıqlayıram. Telefonun batareyası yoxdursa heç bir əməliyyat yerinə yetirilməyəcək. Batareyası işləməyən telefon, namazı olmayan insan kimi funksiyasızdır.

      Virtual ekrana qovuşan kimsə rəsulullah (s.ə.s) əfəndimizin “namaz mənim gözümün aydınlığıdır (nurudur)” sözündəki sevinc və bağlılığı yaşayır. Əvvəlki alimlər və övliyalar anladılarkən yatsının dəstəmazıyla sübh namazı və ya bir vaxtın dəstəmazıyla digər vaxt namazını əda etdiklərindən bəhs edilir. Bu vəziyyət sadəcə vaxt və namazda deyil, yemək-içmək intizamında da belə olduğunu göstərir. Tıxa-basa yeyən-içən bir kimsə nə qədər vaxt dəstəmazlı dura bilərki? Ağ-qara ekran, qara yazı taxtası və qara önlük dövrü nəslindən olan xalam, uşaqlarının səhər gün ağarana qədər kompüter qabağında oturduqlarını, günəşin doğuşuyla yatağa girdiklərini deyir. Yatsı namazı ilə sübh namazını eyni dəstəmaz ilə bir-birinə bağlayan insanların nəvələri yatsı ilə sübh namazı arasında keçən müddətdə “online” olurlar indi.

      Ətrafımızdakı evlərə rəsulullahın: “İçimdən elə keçir ki,bu camaat namazına gəlməyənlərin evlərini başlarına yıxım”, sözüylə baxsaq mənzərə monqol əsgərlərinin dümdüz etdiyi yerlər kimi olacaq. İşin qəribə tərəfi, evi yıxılacaqlar arasında minlərlə imam-xətib, hafiz, mədrəsə - quran kursu məzunu və ilahiyyatçının da olmasıdır.

      Namaza oyandırılmaq nəfsə ağır gələn hərəkətlərdəndir. Sübh namazı deyə yanına gedilən və “haydı” deyilən bir çox insanın yatağına-yorğanına bir az daha çox sarıldığına, oyandıran şəxsi, “yaxşı, yaxşı”,- deyərək ötüşdürüb yatmağa davam etdiyinə çox insan şahid olub. Sübh namazına qalxmaq istəməyən nəfs “qalxmayacaqsan” deyə bilməsə, “bir az daha, beş dəqiqə daha yat”,- deyə təlqin edər. İnternetə beş dəqiqəliyinə girmək və ya bir virtual oyunu beş dəqiqəliyinə oynamaq nə qədər çəkəcəksə, az deyilən yuxu da o qədər olacaqdır.

      Türkiyədə “Sübh Namazına Necə Qalxarlar” adlı kitab bir milyondan çox satıldı. Keşkə insanımız, “sübh namazına qalxıram, buna nə ehtiyac var”,- deyərək bu kitabı tozlu rəflərdə çürüməyə tərk etsəydi.  Bir milyondan çox insanı sübh namazına qaldırma problemi var görünür. “Sübh namazına necə qalxılar”dan əvvəl “sübh namazına niyə qalxılmaz” sualının cavablanması lazımdır. Zəifləmə reseptləri yazmaq, idman və diyet eləmək yerinə kökəlməyin səbəbləri ortadan qaldırılmalıdır. Xəstəliklə deyil, xəstəliyə aparan gedişatla mübarizə aparılmalıdır.

      Sübh namazına qalxmağı bacaranların çoxu zəng və ya oyandırma səsini eşitdikdən sonra üzü asıq, kefsiz, əsəbi, bir gözü açıq, digəri bağlı bir halda dəstəmaz almağa getməkdə, nəinki camaata getmək, yatağa ən yaxın xalça parçasında qısa surələrlə qılmaqda və namazın sonundakı təsbihatı eləmədən yatağa təkrar özünü atmaqdadır. İstər sözlə, istər saatla namaza oyanan kimsənin bədən dili hərəkətlərini qalxmağından dəstəmaz almağına və təkrar yatağına girənə qədər videolentə alıb gündüzün bir vaxtında seyr etdirərək bu sualları soruşmaq lazımdır: Ekranda gördüyün özünə və ibadətinə 100 bal üzərindən neçə qiymət verərsən? Sənə biri bu şəkildə oyanaraq, belə hərəkətlərlə bir stəkan su gətirsə onu könül xoşluğu ilə içərsənmi? O suyu könül xoşluğu ilə içmərəm deyirsənsə namazın necə qəbul olacaq? Hz. Ömərin namaz həssasiyyətini göstərən bu rəvayət diqqətəlayiqdir:

      Atəşpərəst bir kölə, Hz. Öməri namazda xəncərləyib yatağa salmışdı. Xəlifə komaya düşmüşdü. Oyandırmağa çalışırlar, heç cür müvəffəq olmurlar. Bir ara içəri Misvər ibn Məhrəmə girdi. Dedilər ki:“Əmirəl-Möminini oyandıra bilmirik”. Misvər gənc olsa da, Öməri çox yaxşı tanımışdı. “Xəlifəni namaza çağırın”, - dedi. Biri ağzını xəlifənin qulağına yaxınlaşdırıb: “Əs-salət, ya Əmirəl-Möminin”, - dedi. “Namaza, ey möminlərin əmiri”, - deyirdi. Bıçaq kəsər, atəş yandırar, su isladar, Ömər də namaza çağırılanda qalxardı.Yatar vəziyyətdə bir neçə dəfə çağırıldıqdan sonra “Gəlirəm!” deyən bir insanın təlaşıyla: “Oldu, indi qalxıram”, - deyərək qalxmağa can atdı. Bir nəfər bu hadisəni danışır və belə məna verirdi: “Əgər sizdə Ömər vəfat edəndən sonra səsinizi ona çatdıra biləcək səs olsaydı və siz ona: “Əs-salət, ya Əmirəl-Möminin”,- deyə bilsəydiniz, torpağın altından: “Yaxşı, indi qalxıram”, - deyərək qalxdığını görərdiniz”.
      Koma vəziyyətindəki Hz. Öməri yanağına yüngülcə vurmaq, silkələmək və deyilən heç bir söz oyandırmamış, sadəcə “namaz” kəlməsi gözlərinin açılmağına səbəb olmuşdu. Dörd bir yandan oxunan əzanlarla oyanmağı əngəlləyən, baş ucunda çalan zəngi eşitdirməyən pərdə nədir? Namaz deyilən kimi komadan çıxan Ömər, yoxsa zəngi keçirdiyindən belə xəbəri olmayan, əzan və “haydı namaza” sözünü eşidən kimi komaya girirmişcəsinə yatağa sarılanlar daha çox xəstədir?

       

      10.10.2015

      • Hits: 455 clicks

      Tecox component by www.teglo.info