Hacı BƏKİROV - ƏSİL DOSTLUQ

      Share

              Hər insan "yaxın dost" axtarır. Xoşbəxt günlərini paylaşan, çətin anlarında özünə dəstək olan, çarəsiz qaldığı mövzuların həlli yollarını göstərən, özünü qeydsiz - şərtsiz sevən, sədaqət göstərən, qoruyub saxlayan, səhvlərinə şəfqətlə yanaşan, sağlığında olduğu qədər xəstə olanda da yanında olan insan axtarır.        Ancaq insanın belə bir dost tapa bilməsi üçün qarşısında iki fərqli yol vardır. Bunların biri Allah rizasını güdən möminlərin seçdiyi, Quran əxlaqının tələb etdiyi yoldur. Digəri isə dünya mənfəətini qаrşısınа məqsəd qoyan və maddiyyata söykənən dostluqların yoludur.

            “Əsil dost” ola bilmək üçün bir insanı, “yalnız gözəl əxlaqı üçün sevmək” lazımdır. Bunlar, bir adamın “Allah qorxusu və sevgisi, imanı, səmimiyyəti və təqvası”dır. Qurаni-Kərimdə Allah (c.c) buyurur ki: “Allah sizin düşmənlərinizi çox yaxşı bilir. Gerçək bir dost olaraq Allah yetər. Və köməkçi olaraq da, Allah yetər”. Ancaq bu dəyərlər üzərinə qurulan dostluqlar əbədidir. Belə yüksək bir əxlaqa sahib olan kəslərin dostluğu sarsılmaz bir xüsusiyyət qazanar.

             Şübhəsiz, hər insanın ehtiyacını hiss edib axtardığı “əsil dostluq” çox böyük bir nemətdir. Əsil dost, insanın yaxşı günündə də, pis günündə də yanında olan, özü üçün nə istəyirsə dostları üçün də tərəddüdsüz eynisini istəyən, onun xoşbəxt olmasını ən azı özü qədər arzu edən insandır. Qısqanclıq, rəqabət kimi düşüncələrə qapılmadan qarşısındakı insanı səmimiyyətlə sevən və onun hər vaxt yaxşılığını istəyən insandır. Quran əxlaqından qaynaqlanan belə möhkəm dostluğu başqa heç bir şəkildə əldə etmək mümkün deyildir.

            Əsil dost olmağın şərti, o adamın dünyada və axirətdə xoşbəxt olmasını hədəfləməkdir. Lazım olanda dürüst və açıq danışıb, lazım gəldikdə ona imani istiqamətdən əskik olan tərəflərini izah etmək, şəfqətlə bunları düzəltməyinin yollarını göstərmək də əhəmiyyətli bir dostluq xüsusiyyətidir. Bu cür bir davranışı ancaq həqiqətən sevən və həqiqətən dost olan bir insan edər. Quran əxlaqının yaşandığı bir mühitdə, Allah qorxusu və iman, insanların bir-birlərinə əsil mənada sevgi və hörmət etmələrini təmin edəcək dəyərlərdir. İman edənlərin bir-birlərinə qarşı hiss etdiyi  sevgi, güvən və sədaqət tamamilə onların Allah yolunda göstərdikləri səyə əsaslanmaqdadır. Allahın razılığını qazana bilmək üçün sahib olduğu hər şeyini xeyri üçün istifadə edən, bu yolda “düzgün” bir istiqamət tutan mömin, digər müsəlman qardaşlarının sevgisini qazanacaq və onlara ən gözəl şəkildə nümunə olacaqdır. Aralarındakı güclü sədaqətləri bir-birlərinə qarşı olan sevgi, bağlılıq və inamlarının da artmasına səbəb olacaqdır. Bu səbəbdən dostluq və yaxınlıq, insanların Allah qorxuları, imanları və gözəl əxlaqları üzərinə qurulmuşsa, xəstəlik ya da yaşlılıq səbəbilə yaranan fiziki dəyişikliklər bu dostluğa qəti şəkildə təsir edə bilməz. Əksinə, bu vəziyyətdəki bir möminə daha da çox şəfqət və mərhəmət duyular.

              “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər”. (əl-Maidə Surəsi, 55)

                    Bəzi insanların zənginlik, gözəllik, etibar, mövqe ya da ictimai status kimi dəyərlərə görə qurduqları dostluqlar heç bir zaman davamlı olmaz. Çünki dostluğun söykəndiyi bu dəyərlərdə bir dəyişiklik olduğu anda dostluq da bitər. Məsələn bu əxlaqa sahib bir insan, çox gözəl və dəbdəbəli olduğu üçün dost olduğu bir adamın, bir anda bir qəza nəticəsində tanınmayacaq qədər qüsurlu və eyni zamanda da baxıma möhtac, aciz bir vəziyyətə gəlməsiylə birlikdə bu adamla olan bütün əlaqəsini, yaxınlığını itirə bilər.

             Rəqabət gözü ilə baxan, həsəd edən insanlar çox vaxt yalnız məcbur qalanda başqalarına səhvlərini söyləyərlər. Çünki ümumiyyətlə başqalarının özlərindən yaxşı olmasını istəməz və ya dostluqlarının pozulacağını düşünərək səhv istiqamətlərini görsələr belə, "çox yaxşısan", "biz səni belə, olduğun kimi sevirik" kimi sözlər söyləyərək çox vaxt qeyri-səmimi davranarlar. Mənfəətlərinə görə yaşayan insanlar, özləri də həyatları müddətində bəzi maddi-mənəvi eniş və çıxışlar yaşayarlar. Gözəlliklərini, gəncliklərini, sağlamlıqlarını, sahib olduqları malları, zənginliklərini itirə bilərlər. Əvvəlində əsil dost zənn etdikləri insanların, yaşlandığı, əldən düşmüş  günlərində onlara dəyər vermədiklərini görərlər. Yaxşı günlərində canla-başla, çox yaxın davranan, bir-birlərinə ölənə kimi sədaqət sözü verən bu insanlar, bir-birləriylə danışmayacaq və hətta bir-birlərini tanımazdan gələcək qədər uzaq bir rəftara yol verərlər. Bir problemləri olduğu anda bunu paylaşacaqları, məsləhətləşəcəkləri, kömək istəyəcəkləri, güvənə biləcəkləri insanların olmadığını görərlər. “Ən yaxınım” dedikləri insanların belə, mənfəətlərini dostluqdan üstün tutduqlarını anlayarlar.

                   “Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmasaydım! Çünki zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan (Qurandan) uzaqlaşdırdı. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.” (əl-Furqan Surəsi, 27-29)

      • Hits: 463 clicks

      Tecox component by www.teglo.info