Kamran MƏMMƏDOV - HUMƏZƏ SURƏSİ

      Share

      Huməzə surəsi Məkkədə nazil olmuşdur və 9 ayədən ibarətdir. Bu surə insanları ayıblayan, səfehlərin etdiyi kimi onlara lağ edərəktəhqir eləyən və qüsur taparaq namus və şərəflərini zədələyən pis xarakterli kimsələrdən bəhs edir.

      “(Dalda) qeybət edib tənə vuran(eybini açıb üzə vuran) hər kəsin vay halına!”(1)

      Burada keçən “huməzə” və “luməzə” kəlmələrinin sahiblərinə ciddi bir xəbərdarlıq var. Bununla kimlərin nəzərdə tutulduğunun anlaşılması üçün alimlər bu sözlərin mənaları üzərində ciddi araşdırmalar aparıblar. Təfsirçilərin bunda bir çox görüşü vardır:

      1) İbni Abbas: Huməzə -qeybət edən, luməzə - ayıblayandır.

      2) İbn Zeyd: Huməzə - əl ilə, luməzə - dil ilə incidəndir.

      3) Əbul-Aliyə: Huməzə - üzə qarşı, luməzə - arxadan qeybət edəndir.

      4)Fəxrəddin Razi: Huməzə - açıqca, luməzə - gizli, qaş və gözlə qeybət edəndir.

      5)Fəxrəddin Razi (digər görüşündə): Huməzə, luməzə - insanlara xoşlanmayacaqları ləqəblər taxanlardır. Vəlid b. Muğirə bunu edərdi.

      6) Həsən: Huməzə - gözünü qırparaq açıqca hirsləndirən; luməzə - qardaşlarını pisliklə xatırlayaraq ayıblayandır.

      7) İbn Abbas (digər görüşündə): Bunlar sözə yalan qataraq gəzənlər, dostların arasını açanlar, insanların ayıbını axtaranlardır.

      Bundan sonrakı ayələrdə bəzi mənfi xasiyyətli insanların sahib olduğu bir digər xüsusiyyətə diqqət yetirilir: var-dövlət hərisliyi. Surə mal toplamaq və sərvət yığmaqla məşğul olanları tənqid edir. Sanki bu kəslər həyatda əbədi qalacaqmış kimi bu işlə məşğul olurlar. Həddindən artıq cəhalət və qəflətlərindən malın dünyada özlərini əbədiləşdirəcəyini zənn edirlər.

      “O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır”. (2,3)

      Surə, özlərini dəyişmədən, tövbə etmədən bu halları üzrə yox olub gedən o bədbəxtlərin aqibətini izah etməklə sona çatır. Belə ki, onlar əbədi olaraq sönməyəcək olan atəşə girərlər. Bu elə bir atəşdir ki, günahkarları və içinə atılan insanları yandırar. Çünki o “hutamə”dir, yəni cəhənnəm odudur:

      “Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!”(4-9)

      Hədisdə belə buyurulmuşdur: “Cəhənnəm min il yandırıldı və qıpqırmızı oldu. Sonra min il daha yandırıldı və dümağ oldu. Daha sonra min il daha yandırıldı  və qapqara oldu. O indi qapqaradır”. (Tirmizi; Cəhənnəm, 8)

      Təfsirçilər bu surənin nüzul səbəbi haqqında belə deyir: “Bu surə, Ahnes b. Şureyk  haqqında enmişdir. Çünki o, insanlara çox söyər, onları üzlərinə qarşı da,  arxalarından da ayıblayar və lağa qoyardı”. Lakin ayənin hökmü ümumidir. Belə ki, səbəbin xüsusiliyinə deyil, ləfzin ümumiliyinə etibar edilir. Qurani-Kərimin bütün ayələri qiyamətə qədər bütün insanlara xitab edib yol göstərəcəkdir. Çünki o, yaxşı işlər (Rəbbinin razı olduğu işlər) görənlərə müjdələyici xoş xəbərlər verən, pis işlər (Rəbbinin rizası olmayan hərəkətlər) edənlərə isə haqq-hesab gününün gerçəkləşəcəyi haqqında xəbərdarlıq edən bir rəhbərdir.

      Allahım! Bizi cəhənnəm atəşindən qoru, salehlər ilə birlikdə cənnətə daxil et!

       

      • Hits: 426 clicks

      Tecox component by www.teglo.info