Fuad QULİYEV - Zərər verən hər şeyi tərk etmək-HİCRƏT

      Share

      Abdullah ibn Amr ibnil-Asdan (r.ə) rəvayət edildiyinə görə Nəbi (s.ə.s) belə buyurdu: “Hicrət iki xüsusiyyətə malikdir: Biri günahları təkr etmək, digəri də Allah və Rəsuluna hicrət etməkdir.

      Hicrət, tövbə qəbul olunduğu müddətcə sona çatmaz. Tövbə də günəş qərbdən doğana qədər məqbuldur. Günəş qərbdən doğduqda artıq hər qəlb olduğu hal üzrə möhürlənər. İnsanlar işlədikləri əməlləri üzrə qalarlar”.  (Əhməd bin Hənbəl, Müsnəd, I, 192)

      Tarix baxımından hicrət şəkil və tətbiq edilməsi yönü etibarilə müsəlmanların inanclarını sərbəst şəkildə yaşaya biləcəkləri yerə qovuşmaq üçün qatlanmaq məcburiyyətində qaldıqları çətin bir səfər və köç hadisəsinin adıdır. Eyni zamanda  hicrət qorxu və əziyyət verici bir mühitdən dinin və imanın tələblərinin düzgün tətbiq edilməsi üçün, dəyərlərin qorunub saxlanılması üçün təhlükəsiz və etibarlı bir mühitə keçiddir.

      “Həqiqi hicrət edən, Allahın qadağan etdiyi şeyləri tərk edəndir” (Buxari, İman 4) hədisi əslində hicrət anlayışının çərçivəsini təyin edən ən gözəl prinsip olaraq qarşımıza çıxır. Bu düstura əməl edilərsə insan həqiqi hicrət etmiş sayılar və dinin əmr və qadağalarını əslində “hicrət” edərək yerinə yetirmiş olar. Peyğəmbərimizin Vəda Həccində ifadə buyurduğu kimi: “Sizə həqiqi möminin kim olduğunu söyləyimmi? O, müsəlmanların malları və canları barəsində əmin olduqları və etibar etdikləri insandır. Kamilliyə doğru yürüməyi özünə hədəf seçən mömin, insanların dilindən və əlindən gələ biləcək zərərlərdən sığortalanmış kəsdir. Əsl mücahid Allaha itaət mövzusunda öz nəfsi ilə cihad edən, həqiqi mühacir də xəta və günahları tərk edən kəsdir”.

      Hicrətdə tərk etmə öncəliyi, “günahları”, “qadağaları” və ya “xəta və günahları” tərk etmək, hicrətin ilk xüsusiyyəti olaraq ön plana çıxır. Gizlisi və açığı ilə bütün çirkin əməllərdən uzaq durmaq, namazı əda etmək, zəkatı vermək, digər ibadətlərə həssaslıq göstərərək yaşamaqdır hicrət. Hicrətdə əlbəttə ki, niyyətin önəmli bir yeri vardır. Belə ki, ən böyük mühacir Hz. Peyğəmbər (s.ə.s) niyyət ilə bağlı məşhur hədisi-şəriflərində buyurur: “Kimin hicrət etməkdəki niyyəti Allaha və Rəsulunun əmrlərinə tabe olmaq isə onun hicrəti Allaha və Rəsulunadır. Kimin hicrəti də əldə etmək istədiyi dünyaya aid bir şeyə və ya evlənmək istədiyi bir qadına isə onun hicrəti də həmin niyyət etdiyi şeyədir”. (Buxari, Bədul-vəhy, 1) Belə olan halda bu gün üzərimizə düşən vəzifə köç edərək yaşamaq üçün başqa bir məkan seçmək və ya axtarmaq deyil, yaşadığın yerdə hicrəti yuxarıda qeyd olunan ölçülər daxilində tətbiq edə bilmək, yəni müntəzəm bir şəkildə daha yaxşının və gözəlin, kamilliyin arxasınca qaçmaq və İslamı səmimiyyət və diqqətlə yaşamağa çalışmaqdır.  O, hər kəsin öz imkan və iradəsi ölçüsünüdə yenə özünün gerçəkləşdirəcəyi bir vəzifə və səadətdir əslində. Hicrət, məhz bu kamilliyə doğru irəliləyişin adıdır. Hər birimizin yaşamı hicrət üzərinə qurulmalıdır ki, dinin məqsəd və hədəfləri gərçəkləşsin. Əks halda toplumun dini duyğularla təchiz olunmuş kimi görünməsinə baxmayaraq bu hədəf və məqsədlərdən kənarda qalındığını görmək mümkün olar.

      Hər bir işi və əməli icra edərkən möminin, bu işin Allahın razılığına nə dərəcədə uyğun olub-olmadığını ölçüb dəyərləndirə bilməsi lazımdır. İbadətlər bizi çirkinliklərdən, xoşa gəlməyən, məqbul sayılmayan hərəkət və davranışlardan uzaq tutduğu müddətcə dəyərli hesab olunur. Əks halda bir mahiyyət kəsb etməz. Hicrət də bu baxımdan həqiqi bir tərk ediş olmalıdır ki, Allah nəzdində möminin dəyəri artsın. 

      • Hits: 719 clicks

      Tecox component by www.teglo.info