Ələddin SULTANOV - Bir Ayə

      Share

      بسم الله الرحمن الرحيم

      قُلْ إِنَّ الْمَوْتَ الَّذِي تَفِرُّونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ثُمَّ تُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

      De ki: “Özündən qaçmaqda olduğunuz ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilənə(Allaha) qaytarılacaqsınız. O da sizə, etdiyiniz əməlləri xəbər verəcəkdir.(əl-Cümə, 8)

      Bəşər övladını narahat edən və kefini pozan halların ən başında heç şübhəsiz ki, ölüm hadisəsi gəlir. Tibb elmi nə qədər inkişaf etsə də ölümsüz bir həyat mümkün deyildir. Müəyyən bir yaşdan sonra hər bir canlının orqanlarında geriləmə başlayır və heç bir səbəb olmasa belə ən sonunda mütləq ölümü gerçəkləşir.Ancaq insan özünə təsəlli vermək üçün qəlbində hər zaman“Hələ mənim ölməyimə çox var. Hələ qocalmamışam...” kimi cümlələrdən ibarət fikirlər formalaşdıraraq xəyalında ölümdən qaçmağa çalışır. Yuxarıdakı ayədə Allah-Təala insanın bu psixoloji halına diqqət çəkir və onun daima ölümdən qaçmağa can atdığını ifadə edir. Ancaq bu qaçışın ona heç bir fayda verməyəcəyi və harada olursa olsun, nə qədər uzun ömür sürərsə sürsün mütləq ölümün onu haqlayacağı bildirilir. Qurani-Kərimin:“Harada olsanız, ölüm sizə çatacaq; Hətta möhkəm qalalar içərisində olsanız belə!”[1] ayəsi də bu həqiqətə işarət edir.

      Ayədə “gizli olanı da, aşkar olanı da bilən (Allah)”ifadəsi ilə insanın ölüm nəticəsində aşkar olan aləmdən gizli olan aləmə keçəcəyinə işarə olunur. Bilinməyən aləmdən gələn insan, ölüm vasitəsilə təkrar bilinməyən aləmə qayıdır. Qurani-Kərimin bir çox ayəsindəki“Allaha qaytarılacaqsınız” ifadəsi ilə də bu həqiqətə diqqət çəkilir.Öldükdən sonra insan Allahın hüzuruna gətiriləcək, dünya həyatında ömrünün əvvəlindən sonuna qədər etdiyi hər bir yaxşı və pis əməl özünə bildiriləcək və buna görə də mükafat yaxud cəzasını alacaqdır.

      Bu ayənin bizə verdiyi bir mesaj da odur ki,  qorxunun əcələheç bir faydası yoxdur. Nə qədər özümüzə fikir verib düzgün qidalansaq da, hər cür müalicəni və tədbiri alsaq da, hər cür təhlükədən uzaq yaşamağa çalışsaq da günün birində ölüm mələyi ilə üzləşəcəyik. Ona görə də nə zaman öləcəyimizdən çox hansı hal üzrə öləcəyimizi düşünməyimiz və buna görə tədbirimizi almağımız lazımdır. Ölüm hər an qapımızı çala bilər. Möminin hər an ölümə hazır olmasının lazım olduğunu və hər an ölümlə üzləşə biləcəyimizi təmbehləyən Hz. Peyğəmbərimiz (s.ə.s) də belə buyurmuşdur: “Ani ölüm, kafir üçün ilahi qəzəbin yaxalaması, mömin üçün isə bir rəhmətdir.[2] Allah-Təala hər birimizə imanlı bir ölüm nəsib eyləsin!


      [1]ən-Nisa, 78.

      [2] Əbu Davud, Cənaiz, 14.

       

      • Hits: 480 clicks

      Tecox component by www.teglo.info