İslam Sivilizasiyasi Qafqazda / "İrfan"

      Share

      Qloballaşan dünyada sürətlə inkişaf edən Azərbaycan Respublikasının istər regionda, istərsə də dünya platformasında iqtisadi, strateci və siyasi ağırlığı günbəgün artır.

      19-21 iyun tarixləri arasında IKT və IRCICIA- ya daxil olan 57 üzv ölkənin Xarici Işlər Nazirləri və bir bu qədər də üzv olmayan ölkələrin müşàhidəçi qismində nümayəndələrinin iştirak edəcəyi iclas, Azərbaycanın paytaxtı Bakıda keçiriləcəkdir.

      Bunu nəzərə alaraq mərhum prezident Heydər Əliyevin 1998-ci ildə IKT-nin keçirdiyi «Islam Sivilizasiyası Qafqazda» mövzusunda beynəlxalq simpoziumdaki nitqindən bəzi hissələri sizə təqdim etməyi məqsədəuyğun hesab edirik.

      Hörmətli xanımlar və cənablar!

      Hörmətli qonaqlar, simpozium iştirakçıları!

      Sizi Azərbaycanda, Bakıda keçirilən “Islam sivilizasiyası Qafqazda” mövzusuna həsr olunmuş beynəlxalq simpoziumun iştirakçılarını ürəkdən salamlayıram və sizə bu mötəbər işinizdə uğurlar arzulayıram.

      Azərbaycanda islam sivilizasiyasına, islam mədəniyyətinin Qafqazda yerinə və əhəmiyyətinə həsr olunmuş ilk beynəlxalq simpoziumu keçirilir. Bu, Azərbaycan üçün, bütün Qafqaz üçün əlamətdar, tarixi əhəmiyyət kəsb edən bir hadisədir.

      Bu, təkcə Azərbaycan üçün yox, bütün Qafqaz xalqları, bütün islam aləmi üçün çox əhəmiyyətli işdir. Azərbaycan dövləti və mən Azərbaycan Prezidenti bu işi çox dəyərli hesab edirik və gələcəkdə də bu işə himayədarlıq etməyi mən öz üzərimə götürürəm.

       

      * * *

      Məlumdur ki,Qafqazda islamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. Islam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişafı, islamı dəyərlər gətiribdir. Bu dəyərlər müqəddəs kitabımız Qurani-Kərimdən gələn islami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edibdir. Məlumdur ki, Qafqazda yaşayan xalqlar islam dinini qəbul edənə qədər də böyük mədəniyyətə, tarixə və özlərinəməxsus adət ənənələrə malik olmuşlar. Islamın dini mənəvi dəyərləri, Qafqaz xalqlarının qədimdən yaranmış və inkişaf etmiş mənəvi dəyərləri ilə birlikdə xalqların yüksək milli mənəvi dəyərlərini təşkil ediblər.

      Mən bu sözləri Azərbaycan xalqının tarixi əsasında söyləyirəm. Güman edirəm ki, bu fikirlər Qafqazda yaşayan, islam dininə itaət edən başqa xalqlara da aiddir. Buna görə də mən Azərbaycanın Qafqazda islam dəyərlərinin, islam dininin, islam sivilizasiyasının yayılması və inkişaf etməsində xususi rol oynamasının haqlı olduğunu bildirirəm. Əgər Qafqazın başqa xalqları və xususən Şimali Qafqaz və ondan Şimalda olub islam dininə itaət edən xalqlar islam sivilizasiyasına qatılıblarsa, islam dinini qəbul ediblərsə, onların yolu da məhz Azərbaycandan keçir.

      * * *

      Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur  etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Islam dini Qafqazın, demək olar əksər hissəsini əhatə edib və bu gündə əhatə edir və islam mədəniyyəti hər yerdə öz izlərini buraxıbdır. Kimlərsə bu izləri dağıtmaq, pozmaq istəsə də bəşəriyyət buna yol verməməlidir və verməyəcəkdir. Hesab edirəm ki, bu məsələlər  Bakıda keçirilən və indi işinə başlayan beynəlxalq simpoziumda öz əksini tapmalıdır.

      * * *

      Dünyada və xususən də Avropada, Amerika Birləşmiş Ştatlarında islam sivilizasiyasına böyük maraq var. Bu problemlərlə məşğul olan elmi mərkəzlər keçmişdə də olub indi də var. Şübhəsiz ki, islamın tarixi kökləri islam mədəniyyətinin bəşər tarixinə verdiyi töhfələr araşdırılıb, tədqiq olunub, böyük elmi əsərlər yaradılıbdır. Islam ölkələrində belə mərkəzlər var.

      Ancaq bu gün mən bu fürsətdən istifadə edərək, elm xadimlərinin qarşısında öz fikrimi bildirmək istəyirəm. Hesab edirəm ki, indiyə qədər görülən işlər yetərli deyildir. Məsələn, keçmiş Çar Rusiyası imperiyası ərazisində, sonra Sovetlər Ittifaqı ərazisində islam mədəniyyəti haqqında araşdırmalara nəzər salsaq, çox dəyərli əsərlərlə yanaşı eyni zamanda subyektiv fikirlər də hökm sürür. Məndə belə təəssürat vardır ki, Avropa ölkələrində, o cümlədən Rusiyada keçmişdə də, indi də bəzi tədqiqatçılar islam mədəniyyətinə, islam dininə subyektiv hissiyyatlar nöqteyi nəzərindən baxırlar.

      * * *

      Keçmişdə, Sovet hakimiyyəti dövründə  din qadağan edildiyinə görə kim müsəlmandır, kim xristiandır hamısı bir din idi, hamısı  da sovet xalqı hesab olunurdu. Hətta xalqların adını da xırda-xırda aradan götümək meylləri inkişaf edirdi. “Vahid sovet xalqı”, “Insanların yeni tarixi birliyi” kimi terminlər var idi. Amma indi gərək Rusiya  Federasiyası da düşünsün ki, bu ölkədə 30 milyon müsəlman yaşayır.  Onların əksəriyyəti  də yığcam şəkildə öz ərazilərində Şimali Qafqazda, Tatarıstanda, Başqırdıstanda və bàşqà-başqa yerlərdə yaşayır. 

      * * *

      Siz burada Azərbaycanın Avropa ilə Asiya, Qərblə Şərq arasında bir körpü olduğunu da qeyd etdiniz. Bu, həqiqətən belədir. Bu, təkcə coğrafi məna daşımır. Bu, sosial, iqtisadi və siyasi məna daşıyır.

      Ona görə də Azərbaycan öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyasını  həm coğrafi,  həm də məzmun, mənəvi nöqteyi nəzərdən  birləşdirən  bir ölkədir. Biz  bu tarixi missiyamızı  da çox  yüksək qiymətləndiririk. Şərqlə Qərbi, Avropa ilə Asiyanı, xristian aləmi ilə islam aləmini  birləşdirən  Azərbaycan müstəqil dövlətdir  və bundan sonra da müstəqil dövlət kimi yaşayacaqdır.

       

      • Hits: 1091 clicks

      Tecox component by www.teglo.info