Müsahibə - Sadettin EKİNCİ

      Share

      GİMDES və HALAL QİDA

      Dərnəyin qurucu üzvlərindənSadettin EKİNCİ

      İrfan: GİMDES haqqında bizə ümumi məlumat verərdinizmi?

      Sadettin Ekinci: GİMDES-i meydana gətirən və bu gün ayaqda saxlayan Hüseyin Kami BÜYÜKÖZER hocadır. Hocanın çalışmaları əslində illər əvvəldən başlayıb. Əvvəlki hökumətlər dövründə, Erbakan dövründə Sənaye nazirliyində işləyib, özü kimyagardır, Dövlət Planlama təşkilatında da işləyib, Avropaya gedib və oradakı müsəlmanların yemə-içmə mövzusundakı problemləri ilə məşğul olub. Türkiyəyə qayıdanda “halal qida” deyə bir sayt açıb və onun işlədilməsi ilə məşğul olub. Bu mövzuda kitab da nəşr edib. Dərnəyin qurulması və fəaliyyətə başlaması 2006-cı ilə təsadüf edir. Mənim bu məsələ ilə münasibət qurmağım da, bir proqram səbəbilə oldu. Hörmətli Hasan Kamil YILMAZ hoca dəvət olunduğu bir proqrama məni göndərmişdi. Memar və Mühəndislər Qrupunun bir yığıncağı idi. Oraya gedəndə, Dedeman otelinə yerləşdik. Orada səhər yeməyində qəlyanaltı açıq bufet şəklində idi. Belə yerlərdə daha çox kolbasa – sosiska kimi məmulatlar təqdim edilir. Ət məhsulları üstünlük təşkil edir. Mən də mənşəyini bilmədiyim üçün onlardan almadım. Yumurta aldım, təzyiqim olduğu üçün pendiri az aldım, beləcə bir-iki təbii şeylərdən götürdüm. Oturmaq üçün camaata baxdım, gördüm, bir ağsaqqal kişi oturub, keçib onun yanında oturdum. Gördüm ki, onun da boşqabı elə mənimki kimidir. Başa düşdüm ki, həssasiyyətlərimiz eynidir. Tanış olduq, Hüdayi vəqfini tanıdığını dedi, mənim də qida məsələsində marağım olduğunu eşidəndə dedi ki, belə çalışmalarım var. Dərnək quracağam və sizi də orada görmək istəyirəm, dedi. Dərnək qurularkən də çağırdı, beləcə 2006-cı ildən dərnək fəaliyyətə başlamış oldu. QİMDES-in açılımı: Qida Ehtiyac Maddələri Nəzarət və Sertifikatlandırma dərnəyi mənasındadır.

      İrfan: Sizin dərnəkdəki mövqeyiniz nədir?

      - Aktiv bir vəzifəm olmasa da, İdarə Heyətinin üzvüyəm. Bir də fiqh dairəsinin üzvü sayılıram. Fiqhi məsələlərdə fitvə vermək lazım olduğu üçün mən özümü bu sahədə tam səlahiyyətli görmürəm, çünki bu sahədə ciddi çalışmaları, araşdırmaları olan böyük hocalarımız var.Əslində, bu sahədə söz sahibi olan elm adamlarını buraya cəlb eləməkdə çətinlik çəkdik. Nəyə görə halal, nəyə görə halal deyəcəyimizə görə bir əsasnamə hazırlanmalı idi. Əsasnaməni hazırlamaq üçün başda Hayreddin Karaman olmaqla bir çox İslam hüququ professorlarına müraciət etdik. Əlli iki alimi dəvət etdik. Hamdi Döndürən hoca, Hayreddin Karaman hoca daxil bir çox müəllimlər ilk iclaslarda iştirak elədilər. Düzdür, bir çoxu bizi ciddi qəbul eləmədi, bir çoxu çəkindilər ki, müəyyən firmalar tərəfindən təzyiqə məruz qalarlar. Bu işə girişməyin professorluğuna, işinə mane olacağını düşünüb ehtiyat edənlər oldu. Hayreddin hoca əsasnamənin hazırlanmasında axıra kimi gəlib iştirak etdi. Bizim standartlarımız çox yüksək səviyyədədir. Hayreddin hocanın da mütəsahil, ortayollu fitvələri var. Buna görə də hoca əsasnaməmizi qəbul elədi, İslam fiqhinə uyğun olduğunu təsdiq elədi.

      İrfan: Sizdən fiqh bölümünün üzvü olaraq fitvə istəyənlər olurmu?

      - Bu yaxınlarda belə bir hadisə yaşadıq. Bizdən soruşdular ki, yumurta qabığından maddə istehsal edilib bunun yeyilməsi caizdirmi? Qidalara qatılan əsas dörd maddə var: dadlandırıcı, rəngləndirici, qoruyucu və ətirləndiricilər. Ən riskli olanlar qoruyuculardır, çünki bunlarda mütləq kimyəvi maddə istifadə olunur. Bu gün dünyada istifadə olunanbir çox qoruyucularÜmumdünya SəhiyyəTəşkilatı tərəfindən sağlamlıq üçün sağlığa zərərli və riskli görülən maddələrdir. Biz də bir qayda olaraq əgər Ümumdünya Səhiyyə Təşkilatı bir maddənin zərərli olduğunu bəyan edibsə onun istifadəsini qəbul etmirik və o maddəni işlədənlərə sertifikat vermirik. Buna görə də bizim bu gün ən böyük problemimiz qoruyucu maddələrdir. İndi bir alim kəşf edib ki, ən gözəl qoruyucu yumurtanın qabığından əldə edilir. Başqa kimyəvi maddə qatmadan, ancaq onu dezinfeksiya edərək, toz halına gətirir və karbon monoksid qazı ilə birgə qoruyucu maddəni əldə edir. Bundan istifadə haqqında ciddi bir fitvə vermək lazım idi. Belə mövzuları tanıdığımız, bildiyimiz, güvəndiyimiz akademisyenlərə, mütəxəssis alimlərə soruşuruq. Nəticəni də filan şəxsin bu haqdakı fitvəsi belədir şəklində elan edirik. Yoxsa mən özüm bu barədə söz sahibi yerinə keçib qərar vermirəm. Yumurta qabığı da əgər düzgün təmizlənib dezinfeksiya edilərsə işlədilə bilər şəklində cavab aldıq. Qoruyucu maddə məsələsində, jelatin (heyvan sümükləri istifadə edilir və avropada bu barədə donuz sümüyünü ayırmırlar) məsələsində həqiqətən ciddi sıxıntı var. İnşallah bu yeni kəşf sayəsində bu problemin aşılacağını ümid edirik.

      İrfan: Sertifikat almaq üçün firmalar necə müraciət edirlər?

      - Firma özü dəvət edir bizi. Buna görə də dərnək fəaliyyətə təzə başlayanda çox çətinliklər çəkdik. Heç bir təşkilat arxamızda durmadı. Hardasa 2008-in axırına qədər, 2009-a qədər bu çətinliklər davam elədi. İlk dəfə bizdən Erpiliç üçün sertifikat alındı. Ümumiyyətlə bütün dünyada halal deyəndə hər kəsin ağlına ən birinci ət gəlir. Ona görə biz də toyuqdan başlamış olduq. O zamanlar Türkiyənin qanunları da bizə imkan vermirdi. Türk Standartlar İnstitutu buna icazə vermirdi. Daxildə satılan yox, yalnız xaricə ixrac edilən mallar üçün sertifikat verə bilirdik ki, şərq bazarına rahat çıxa bilsinlər. Endoneziya, Malaziya, Səudiyyə Ərəbistanı kimi ölkələr hər zaman halal sertifikatı tələb ediblər. Bizim firmalar da gedib hər hansı bir müftülükdən “halaldır” deyə kağız alırdılar. Müftü gedib zavodda araşdırma edə bilməz, satılan mala baxar, məsələn biskvitdirsə halaldır deyə möhürü vurar. Biz isə ət ilə başladıq və bir çox məhsul haqqında bu araşdırmanı genişlətdik. Hal-hazırda səkkiz sahədə sertifikat veririk. Yeyəcək, içəcək, işlənmiş maddələr və s. Biz deyirik ki, hətta geyim əşyalarında da halal sertifikat olmalıdır. Lojistik, daşıyan firmalara da bu şamil edilməlidir. Məsələn maşınla donuz əti daşıyan firma var. Bəlkə üstünə də normal ət qoyub daşıyır. Və ya geyim əşyası olaraq dəridən çox istifadə edirik. Kəmər, ayaqqabı, kurtka və s. Rusyadan gətirilən dərilərin içindən donuz dəriləri çıxmışdı. Heç fikirləşmədən, onlar üstümüzdə ikən namaz qılır ola bilərik. Buna görə də halal sadəcə yemək-içməkdən ibarət olmamalıdır. Müsəlmanın həyatında hərtərəfli “halal” olmalıdır. Bu fikirlə yola çıxdıq. Müəyyən vaxtlarda çətinliklərimiz çox oldu. Çünki maliyyələşməyimiz ancaq sertifikat verdiyimiz firmalardan aldığımız cüzi məbləğlə təmin olunur. Dünyada İSO kimi məşhur sertifikat verən mərkəzlər var, firmanın fəaliyyət sahəsindən asılı olaraq on min, iyirmi min kimi böyük məbləğlər ödənir. Bizim isə aldığımız sertifikat məbləği iki-üç min arasında dəyişir. İyirmi nəfər işçimiz var, onların sığortası, maaşları, yol və s. xərcləri belə qarşılanır. Çünki sertifikat verdiyimiz firmalara ildə ən az iki dəfə, biri xəbər edilərək, biri də xəbərsiz gedilib təftiş edilir.

      İrfan: Halal sertifikatı verən başqa dərnəklər varmı Türkiyədə?

      - Bizdən sonra açılanlar oldu, amma hələki heç biri tam rəğbət qazana bilməyib. Bunun bir səbəbi də dövlətin bu işə əl atması oldu. Çünki dövlət buna bazar iqtisadiyyatı nəzəri ilə baxır. İndi Türk Standartları İnstitutu da bu sertifikatı verir, amma onların əsasnaməsində çox zəiflik var, rahat bir şəkildə hər şeyə sertifikat verə bilirlər. Bizim qaydalarımız isə çox titiz və həssas bir incələmə tələb edir.

      İrfan: Bu vaxta kimi nə qədər firma sizdən “halal” sertifikatı alıb?

      - Üç yüz əlli qədər firma bizdən sertifikat alıb hal-hazırda aktiv olaraq fəaliyyət göstərir. Bunlar arasında illik sertifikatını təzələməyənlər də olur, ümumi sayı bunun çox üstündədir.

      İrfan: Azərbaycandan sizə müraciət edənlər varmı?

      - Azərbaycandan hələki, Dəvəçi Broylerdən Səba toyuqçuluq ticarət nişanı olaraq müraciət etdilər. Üç il əvvəl də onların təftişinə gəlmişdim, yenə bu il də bu səbəblə buradayam. Bunu müşahidə edirəm ki, üç il əvvələ baxanda satışlarını ikiqat artırıblar. Bu da Azərbaycan cəmiyyətinin bu məsələyə çox diqqət yetirdiyini göstərir.

      İrfan: Oxuyucularımıza halal qida haqqında nə kimi məsləhətlər verərdiniz?

      - Peyğəmbərimiz (s.ə.s) bir hədisində qarşımızdakı təhlükəyə diqqət çəkərək belə buyurur: “Hər ümmətin bir fitnəsi var. Mənim ümmətimin fitnəsi maldır, sərvətdir”. Dünyəviləşməyin gətirdiyi bəlkə də ən böyük təhlükələrdən birincisi insan üçün öncəliklərinin yer dəyişməsi və maddənin, pulun və dünyəvi mənfəətlərin hər şeyin qabağına keçməsi, halal-haram demədən qazanma həvəsinə düşməsidir. Bu mövzuda Rəbbimiz: “Ey insanlar! Allahdan qorxun və (dünyalıq) istəmək barəsində mötədil olun (həddi aşmayın). Çünki ruzisi geciksə də hamısını almadıqca heç bir nəfs ölməyəcəkdir. Elə isə (ruzi istəməkdə) Allahdan çəkinin... Və (dünyalığı) istəməkdə mötədil olun. Halal olanı alın və haram olanı tərk edin...” buyuraraq ölçünü bəyan etmişdir.

      Halal olanı axtarmaq da dini bir borc olaraq fərz qəbul edilmiş və cihad kimi qiymətli qəbul edilmişdir: “Şübhəsiz ki, Allah-Təala halal ruzi axtarmaq yolunda qulunu yorğun düşmüş vəziyyətdə görməkdən xoşlanar” buyurulub. Ayeyi-Kərimələrdə də: “Ey iman edənlər! Allahın sizə halal buyurduğu yaxşı və təmiz şeyləri özünüzə haram bilməyin və həddi aşmayın. Allah həddi aşanları sevməz. Allahın sizə halal və təmiz olaraq verdiyi ruzilərdən yeyin və özünə iman edərək Allahdan çəkinin”. (əl-Maidə, 87-88) Haram loğma Allah ilə qullarının arasına girər və dualarının qəbuluna da əngəl olar. Bunun üçün Allah-Təala əvvəlcə yeyəcəklərdə halal olanı əmr edib, arxasından da saleh əməllər işləməyi əmr etməkdədir. (əl-Muminun, 51) Hz. Peyğəmbər belə buyuraraq xəbərdarlıq etmişdir: “Qidalanacağın şeyləri halal və təmiz elə ki, duaların qəbul olunsun”. Bundan başqa: “Bədəninə haram qida girən kimsənin duası qırx gün müddətində Allaha çatmaz” şəklindəki hökm zamanımıza qədər gəlib çatıb. Bunun səbəbi vücuda girən bir loğmanın bədənimizdən biolojik olaraq tamamilə ayrılmasının qırx gündə gerçəkləşməsidir. Halal loğma vücudda qulluq enerjisini meydana gətirir. İnsanların üsyan halına düşməsinin səbəbini haram loğmada axtarmaq lazımdır. Gələcək nəsillər üçün də halal qida çox mühümdür. Ana rəhminə düşən bir rüşeymin halaldan qidalanması üçün anaların əvvəla öz yediklərinə diqqət eləməsi, yeyəcəklərdə həssas olması lazımdır. Peyğəmbərimiz (s.ə.s) buyuru ki: “Yeyib içdikləriniz halal və təmiz olsun. Uşaqlarınız bunlardan hasil olur”.

      İrfan: Bizə vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik.

      - Mən də halal qida mövzusundakı həssaslığınıza görə sizi təbrik edir və dəvətinizə görə təşəkkür edirəm. 

      • Hits: 692 clicks

      Tecox component by www.teglo.info