Adem Şahin - ŞAHİN BAXIŞI

      Share

      Qazaxıstanın çiçəklənən paytaxtı Astanada, zəngin ərəb dövlətlərini xatırladan maraqlı arxitekturalı küçələrində addımlayarkən yoldaşlardan biri əliylə çaxmaqdan (zajiqalkadan) ilhamlanaraq tikilmiş binanı göstərdi: Bu bina model olaraq çaxmaqla birə-bir eynidir. Maraqlıdır, bu binada yaxın bir zamanda böyük bir yanğın çıxmışdı, - dedi. Boş yerə deyil ki, atalarımız, - adın xüsusiyyətləri adlandırılanın üstündə görünər, - mənasında “isim müsəmmanı çəkər” deyiblər. Çaxmaq binası su altında qalası deyildi ki!

      Azərbaycanın ortası sayılan mərkəzi aran zonasının Xosrov kəndində yerləşən Quran kursuna Türkiyədən ilk dəfə gəldiyim gün ikindi (əsr) namazı oxunmuşdu. (1998) İkindi namazı üçün azanı 5-6 yaşında bir uşaq, Mədinə və İstanbul qarışığı bir avazla oxumuşdu. Adını soruşdum, adı Azad imiş.Cibimə hələ Azərbaycan pulu manat da girməyib ki, verim. Çantamda susamlı biskvit var idi.– Al, Azad, bunu yeyərsən, maşallah sən burada xoca (müəllim) də olarsan bu gözəl səsinlə, - dedim. Körpünün altından axan sulara çox təqvim yarpağı töküldü. 2015-ci ildə internet vasitəsilə Xosrovlu dostlarla danışarkən köhnə günləri yad edirik... Mən Azaddan bəhs edərək nə iş gördüyünü soruşdum. Rəhmətə getdiyini dedilər. Çaşıb qaldım. Ölüm elə bir paltardır ki, yaşlıların əyninə tam oturur. Heç kim ona bol gəldi, dar gəldi deməz. Uşaq və gənclərə isə heç yaraşdırılmaz. Azad, yaxın bir zamanda əsgərlikdə şəhid düşüb. Kəndə cənazəsi gətirilib. Azad özgür, müstəqil, sərbəst, hür mənasına gəlir. Ey Azad! Sənə bu ad verilərkən ana-atan heç bir zaman gənc yaşda dünyadan azad olacağın mənasını nəzərdə tutmamışdır. Yenə eyni kənddə Ümman adlı bir uşaq var idi. Üç tərəfi dənizlərlə çevrili olmayan, nisbətən quraq, bir-iki kiçik sulama kanalından başqa axar suyun olmadığı kənddə ÜMMAN suda boğularaq dünyasını dəyişdi. Ümman ümmana qovuşaraq dünyadan azad oldu. 1912-ci ildə “tanrının belə batırmağa gücü çatmaz” deyilərək dənizə endirilən Titanik gəmisi okeanın dibini boylamışdı. Titan sözündən törədilən titanik, yunan mifologiyasından gəlmişdir. Yunan mifologiyasında dünyanı idarə edən böyük ilahlara“titan” deyilirmiş. Suyun dibini boylayan Titanik hal dili ilə belə səslənməkdədir: dünyanı idarə etdiyinə inandığınız titanlar bir gəmiyə belə sahib çıxa bilmədilər. Gəmiyə sahib çıxmaq bir yana, özlərini belə qurtara bilmədilər... Müğənni Gülben Ergen oğlunun adını Ares qoyub. Ares, müharibə ilahı deməkdir və yunan mifologiyasında Zeusun oğludur. Aresin də sonu, inşallah Titanik kimi olmaz. Adanada qonşularımızın ekiz uşaqları olub. Birinin adını Toprak, digərini Demir qoyublar. Nə deyim! Al sənə bir qaya...

      İnsan adı və ya soyadı ilə eyniləşər, adına və soyadına görə özünə şəkilləndirmə və tərif verər. Karate kinolarında meymun döyüşü, kobra taktikası kimi texnikaları eşidəndə soyadım “şahin”i xatırlayardım; mən də şahin kimi olmalı idim. O vaxtlar qartal, bayquş, tərlandan daha çox şahinlər diqqətimi çəkərdi. Heyvanlar ensiklopediyasında ilk baxdığım şahin olardı.Şahin nümunəsində olduğu kimi insanın adının peyğəmbər, səhabə, alim və ya övliya adı olması xüsusi olaraq maraq hiss etməsinə və rol model olaraq qəbul etməsinə yol açar. Yaxşı sözlər insanda müsbət təsirlərə, mənfi sözlər də istənməyən nəticələrə yol aça bilər. Mahnı sözlərinin bir çoxunun içi zəhər doludur, amma çöldən bəzənmiş tort kimidir.Hər sözün müsbət və ya mənfi bir enerjisi var. Adların gözəl mənalara gələn kəlmələrdən ibarət olması və pis məna daşıyan adların dəyişdirilməsi peyğəmbər əfəndimizin (s.ə.s) sünnəsidir. Hədisi-şərifdə övladının atası üzərindəki haqlarından birinin ona gözəl ad vermək olduğu nəql edilir: “Siz qiyamət günü adlarınızla və atalarınızın adları ilə çağırılacaqsınız. Elə isə adlarınızı gözəlləşdirin...” (Əbu Davud) 

      Tarix boyunca adların insanın qədərinə və şəxsiyyətinə təsir edəcəyinə inanılmışdır. Qədim Romada “Nomen est omen – adınız qədərinizdir” anlayışı yerləşmişdi. Adın şəxsin xarakterini və qədərini təsir altına alması tamamilə olmasa da qismən doğrudur. Tamamilə doğru olsaydı adı “Zəki” olan bütün insanlar yüksək zəkalı, “Qorxmaz” olanlar cəsur və “Alim” olanlar da müdrik olardılar. Adı “Abdullah” olan hər kəsin də pis işlərdən uzaq, təqva üzrə yaşaması şərt olardı. Adların heç bir təsiri yoxdur sözü də doğru olsaydı Rəsulullah (s.ə.s) yaxşı ad qoymaq yönündə xəbərdarlıq etməzdi. Neqativ mənalara gələn adları dəyişdirməzdi. Adlar üstümüzə geyindiyimiz paltar kimidir, bəzən gen, bəzən dar gələr... bəzən də tam əynimizə oturar. Rəsulullah (s.ə.s) üsyankar mənasına gələn Hz. Ömərin qızı Asiyənin adını Cəmilə (gözəl) ilə dəyişdirmişdi. Qırx gün dəli deyilən biri dəli olursa, qırx il Asiyə kimi mənfi mənalarla çağırılan biri necə heç dəyişmədən qala bilər?Təsirinin 100%olduğuna inanmaq qədər 0% olduğunu qəbul etmək də səhvdir. Adı yaxşı mənaya gələn şəxslər səhv işdə israr etdiyi zaman “adına layiq ola bilmədi / adı ağır gəldi” deyilir. Adı ilə əxlaqı bir olan şəxslər üçün də “adıyla müsəmma” ifadəsi işlədilir.Anadolu xalq mədəniyyətində çox dəcəllik edən, başına çox qəza gələn və tez-tez xəstələnən uşaqların adları “ağır gəldi, daşıya bilmir” deyilərək dəyişdirilir. Hz. Ömər zamanında biri xəlifəyə gələrək oğlunun ədəbsizliyindən və itaətsizliyindən şikayət edir. Hz. Ömər, - uşağının adı nədir? – deyə soruşur. -“Sevr” (öküz), - cavabını alanda: Sən bu adla uşağı xarab eləmisən, bu nəticəyə döz, - deyir. (Ərəb mədəniyyətində öküz, ayı, aslan kimi heyvanların adları uşaqlara onlar kimi güclü, qüvvətli, dözümlü olsunlar deyə verilərdi)

      Dönüş yolunda çaxmaq (zajiqalka) şəklində tikilmiş binanın yanından keçirik. Bir neçə kubmetrlik maşının içindən mənə Azərbaycanın Xosrov kəndinə, Titanikə, Əsri-Səadətə və Xəlifə Ömər zamanına səyahət etdirən çaxmaq şəklindəki binaya heç bir enerji almadan şahin baxışıyla baxıram.

      • Hits: 694 clicks

      Tecox component by www.teglo.info