Saleh Şirinov - HƏCC İBADƏTİ

      Share

      Həcc də, İslamın şərtlərindən biri olub, həm malla, həm də bədənlə edilən bir ibadətdir. Həcc, peyğəmbərlər silsiləsinin ilki olan Hz. Adəmdən (ə.s) son peyğəmbərədək davam edən və bu dünyada məhşərin bir bənzərini canlandıraraq “ölmədən əvvəl ölün” sirrinin həqiqətlərini anlamağa yol açan ülvi bir ibadətdir. Həm maddi, həm də bədənlə olan, çoxlu fəzilətlərlə dolu olan və İslamın beş təməl əsasından biri olan həcc ibadətini layiqincə yerinə yetirə bilmək, yüksək bir mənəvi hazırlığa, kamil bir imana və irfan üfqünə bağlıdır.

      Həcc lüğətdə, təzim ediləcək yer və məqamlara ziyarətə getmək deməkdir. Dini termin olaraq isə, Məkkədəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyəti ilə ehrama girərək üsuluna uyğun, yəni vəqfə, təvaf və səy edərək ziyarət etmək deməkdir. Ziyarət ediləcək olan yerlər; Kəbə, Ərafat, Müzdəlifə, Mina və ətrafıdır.

      Malı və sağlamlığı yerində olan ağıllı və həddi buluğa çatan hər zəngin müsəlmana ömründə bir dəfə həccə getmək fərzdir.

      Həcc vəzifəsinin fərz olmasında mali imkan və səhhət şərtdir. Çünki həcc ibadəti bir tərəfi ilə bədəni, digər tərəfi ilə mali bir ibadətdir. Maddi imkan olar, ancaq sağlam olmazsa, ömrünün sonuna qədər sağalma ümidi olmayan bir xəstəliyə tutulubsa, o zaman vəkalətən bir nəfəri həccə göndərər.

      Həccin fərz olması Qurani-Kərim, sünnə və icma ilə sabitdir. Ayeyi-kərimədə buyurulur: “..Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə, (heç kəsə) möhtac deyildir!” (Ali-İmran 97)

      Allah-Təala həccin fərz olmasını mali imkana bağlamışdır. Ona görə də, özünə həcc fərz olmayan bir kimsənin həccə gedəcəyəm deyə mülkünü satıb, borca girib sonunda yoxsul düşməsi doğru bir hərəkət deyildir. Çünki həccə gedəcək imkana sahib olmayan yoxsula, uşağa, ağıl xəstəsinə və köləyə həcc fərz deyildir.

      Həcc Allaha yönəlmə, Onun rizasına nail olma, məşəqqətlərə sinə gərmə və günahlardan təmizlənmə ibadətidir.

      Həcc əsrlərdir müsəlmanların yönlərini döndüyü o müqəddəs məkanda ümmətin vəhdətinin gerçəkləşdiyi bir ibadətdir.

      Həcc bütün insanların bərabər olub eyni haqq və hüquqlara sahib olduğunu, bütün dünya və bütün insanlara duyuran bir bərabərlik simvoludur. Çünki həcc, dil, rəng, irq, məqam, mövqe və coğrafiya fərqi qoymadan müsəlmanları eyni qubbə altında toplayaraq, bütün insanların eyni şəkildə bir və bərabər olduqlarını xatırladan bir ibadətdir.

      Həcc insanın Allahla əhdini yeniləməsidir. Hacı, Allahla etdiyi bu sözləşmənin idrakında olmalıdır. O zaman həcc, insanın imanına şahid olar, bütün həyatına, hərəkət, davranış və danışıqlarına təsir edər.

      Həccə gedən bir insan ehramını kəfən biləcək, geridə buraxdıqlarını Allaha əmanət edəcək və yenə Allahın dəvətinə gedəcək. Yer üzünün mərkəzinə, insanlığın ilk yaşayış məskəninə, dünyanın ilk məbədinə, ibadət yerinə gedəcəkdir.

      Bu müqəddəs ziyarət əsansında hacı namizədlərinin diqqət etmələri gərəkən ən əhəmiyyətli xüsuslardan biri səbirli olmaqdır. Hacı namizədləri həccin məna və mahiyyətini yaxşı anlayaraq, baş verən, rast gəlinən qüsurları görməməli, sevgi, sayğı, xoşgörü, dostluq və qardaşlıq duyğuları ilə hərəkət etməlidirlər. Sadəcə və sadəcə Allah rizası üçün yola çıxdıqlarının şüuruyla, boş şeylərlə deyil, vaxtlarını daha çox ibadət və itaətlə keçirməli, burada etdikləri duaları qəbul edilən dualar olduğu üçün çoxlu dualar etməli, bazar-dükan, alış-veriş kimi işlərə də gərəyindən artıq zaman xərcləməməlidir.

      Həcc, “ləbbeyk Allahummə ləbbeyk - dəvətini qəbul edib gəldim, buyur ya Rəbb!” nidaları ilə Allaha təslimiyyətin ifadə edildiyi səmimi bir haldır. Həcc səfərinə çıxan bir müsəlman, bu müqəddəs ziyarət əsnasında atılan hər addımın bir ibadət həyəcanı ilə atıldığının şüurunda olmalıdır. Kəbəni təvaf və səy etməyi Allahı ucaltmaq; şeytan daşlamağı hər cür pislik və pis vərdişləri tərk etmək; Ərafatda vəqfəyə durmağı Allahın rizasını hər şeydən öndə tutmaq; ehram qadağalarına uymağı Allahın əmrlərinə amadə olmaq; qurban kəsməyi isə gərəkdiyi zaman hər şeyini Allah üçün verə bilməyin bir nişanəsi, əlaməti olaraq düşünə bilərsə, bu, həcc ibadətinə ayrı bir məna və gözəllik qatacaqdır.

      Hədisi-şəriflərdə həccin fəziləti haqqında belə buyurulur:

      “(İçinə günah qarışmamış və) qəbul olunmuş bir həccin qarşılığı ancaq cənnətdir.” (ət-Tərğib vət-Tərhib)

      “Həcc və ömrə üçün Kəbəyə (Beytullaha) gedənlər, müsəlmanların Allaha göndərilmiş təmsilçiləridir. Dua edərlərsə Allah dualarını qəbul edər, məğfirət diləyərlərsə Allah bağışlayar.” (İbn Macə)

      “Həcc edən kimsə, anasından doğulduğu günkü kimi günahlarından təmizlənmiş olar” (Buxari)

      Həcdə `cidal` günahdır. Cidal başqaları ilə mübahisə etmək, kobudluq, qabalıq, qəlb qırmaq, başqasını incitmək, küsdürməkdir. Gedib `acı` olmaq da var, gedib `hacı` olmaq da var. Vaxtilə möhürlənmiş pis vərdişlərin möhrünü qırmaq lazımdır bu yerdə. Belə möhrü qırmadan gələnlər, sadəcə olaraq əziyyətli bir səyahət etmiş olarlar. Bu xüsusda Əziz Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Kim Allah üçün həcc edər, Allahın rizasına uyğun olmayan pis söz və davranışlardan, Allaha qarşı gəlməkdən çəkinər, qorunarsa, qul haqqı xaric anasından doğulduğu günkü kimi günahlarından təmizlənmiş olaraq həcdən qayıdar.” (Buxari, Nəsəi, Müslim, İbn Macə) Peyğəmbərimizin bu müjdəsinə nail ola bilmək üçün bu səfərin, bu ziyarətin adi bir səyahət deyil, özünün uca bir məqama yüksəlmə səfəri olduğunu unutmamaq lazımdır.

      • Hits: 575 clicks

      Tecox component by www.teglo.info