Səfa MURADOV - BİR HƏDİS

      Share

       

      عن أبي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: {مَنْ حَجَّ لِلَّهِ فَلَمْ يَرْفُثْ، وَلَمْ يَفْسُقْ، رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ}

                  Əbu Hüreyrə (r.a) Rəsulullah (s.ə.s)-dən belə eşitdiyini nəql etmişdir: “Pis sözlər danışmadan və böyük günaha bulaşmadan həcc edən bir kimsə anasından doğulduğu gündəki kimi günahsız olaraq evinə qayıdar”.(Buxari, Həcc, 4; Müslim, Həcc, 79)

                  İbadətlər məqsəd və məna etibarı ilə qulun Yaradanı və Onun üstün qüdrəti qarşısında acizliyini etiraf etməsi, onu əhatə edən saysız və sonsuz varlıqlar aləmi içində öz vəzifəsini anlayıb ona uyğun hərəkət etməsi və bu ruhani hal içində varlıq aləmi ilə əlaqə qurması deməkdir. İbadətlər eyni zamanda fərdi səadətə və fərdin özünü tanımasına, cəmiyyətlə həmahəng yaşamasına və beləliklə cəmiyyətdə birlik və bütünlüyün meydana gəlməsinə xidmət edir. İbadətlərin daşıdığı bu hikmətlər eyni dinə mənsub olan insanların yer üzündə tək bir camaat meydana gətirərək ildə bir dəfə məlum zaman və məkanda birlikdə ibadət etməsi demək olan həcc ibadətində daha geniş insan kütləsini əhatə etdiyi üçün bütün insanlığın birliyinin simvolu halına gəlir. Müqəddəs zaman və məkan anlayışı bütün dinlərdə mövcuddur. İslam dinində də müqəddəs zaman və məkan anlayışı həcc ibadətinin bünovrəsində yerləşdirilmişdir. Həcc sözünün, qəsd etmək, yönəlmək və yerimək mənalarına gəlməsi həcc ibadətinə, müqəddəslik verilən bir məkandan, müqəddəs bir zamanda Allaha doğru yerimək şəklində simvolik bir məna qazandırır.

                  Hədisi-şərifdə hər bir ibadətdə olduğu kimi, həcc ibadətində də diqqət olunması lazım gələn məqamlardan bəzilərinə diqqət çəkilmişdir. Pis sözlər danışmamaqdan məqsəd insanın ruhunu, qəlbini və bu ikisinin tərcümanı olan dilini nalayiq sözlərdən uzaqlaşdırmasıdır. Həcc əsnasında insanın atdığı hər addımı böyük bir diqqətlə atması gərəkdiyi və günahın zərrəsindən belə uzaq durması lazım gəldiyi hədisin önəmlə vurğuladığı əsaslardandır. İnsanın ömrü boyunca imkanı olduğu təqdirdə Allah evi Kəbəni ziyarət etmək və müəyyən əsasları tətbiq etməklə yerinə yetirilən həcc ibadəti, maddi aləmdən mənəvi aləmə yüksəlməyin simvolik olaraq yaşandığı bir ibadətdir. Bu səbəblədir ki, Rəsulullah (s.ə.s) bu hədisi-şərifində həcc ibadətinə zərər verəcək davranışlardan uzaq durulacağı təqdirdə insanın anadan yenidən doğulmuş kimi təmizlənərək evinə qayıdacağına diqqət çəkmişdir. Allahın rizası və Rəsulullah (s.ə.s)-in sünnəsinə uyğun olaraq əda edilən həcc ibadəti insana yeni bir həyat bəxş etməklə yanaşı geri qalan ömründə də qazandığı bu saflığı qorumağa cəhd etməsi lazım gəldiyini tələb etməkdədir. Əks təqdirdə həccin insana qazandırdığı o saflıq zaman keçdikcə yerini günahların çirkablarına buraxmış olar. Yəni həcc ibadətinin insana qazandırdığı saflığın davamlılığı insanın sonrakı yaşantısından asılıdır.

       

      • Hits: 598 clicks

      Tecox component by www.teglo.info