Home Arxiv 2015 № 106 Sentyabr İlham SOVQATOV -ÖNÜNDƏ CƏNAZƏ OLSAYDIQ!


    İlham SOVQATOV -ÖNÜNDƏ CƏNAZƏ OLSAYDIQ!

      Share

      Bir insan üçün həyatda təmiz yaşamaq nə qədər əhəmiyyətlidirsə, canını tapşırarkən təmiz ölmək də o qədər əhəmiyyətlidir. Xalq arasında gözəl bir deyim var: “Allah son ayıbdan qorusun”, “Allah axırını xeyir eləsin”. Həqiqətən, insanın ölməyi də bir ibrət ola bilir, bir qəhrəmanlıq simvolu ola bilir. Məsələn, döyüş meydanında bir əsgərin şücaət göstərərək ölməsi bir şəhidlikdir, vətəninə, millətinə, xalqına olan sədaqətin simvoludur. Bu cür ölümləri xalq əbədiləşdirir, necə deyərlər, bu cür ölümlərlə qürur duyurlar. 

      Elə ölümlər də vardır ki, insanlar üçün bir rəzalətdir. Məsələn, Əbu Cəhlin Bədr döyüşündə öldürülməsi kimi. Vaxtilə aşağıladığı, xor baxdığı insanlar tərəfindən öldürülməsi, təbii ki, onun üçün bir fəlakətdir.

      Həyat kitabını bir-bir vərəqləyib bitirdikdən sonra, axirət kitabını almamışdanəvvəl bizim cənazə namazımız qılınır. Cənazəmiz qohum-əqrəbamızın, dost-tanışlarımızın, gözü yaşlı, qəlbi nisgilli sevdiklərimizin, əzizlərimizin, övladlarımızın önündə son mənzilə yola salınacaq. Cənazə namazımızı qıldıracaq imam bizim yaxşı insan olduğumuzdan bəhs edəcək, cənazəmizə toplaşan camaatdan halallıq istəyəcək, ailə üzvlərimizə səbir diləyəcəkvə bizim cənazə namazımızı qılacaq. Allahın bizi bağışlaması üçün Allaha dua edəcək, bizim üçün istiğfar, məğfirət diləyəcəkdir.

      Ancaq kimsə nə vaxt və harada öləcəyini bilmədiyi kimi, cənazəsinin üzərində kimin namaz qıldaracağını da bilmir. Ancaq səhabələr bunu bilirdilər. Onlar bilirdilər ki, Peyğəmbərdən (s.ə.s) əvvəl vəfat etsələr, onların cənazə namazını Peyğəmbər (s.ə.s) qıldıracaqdı. Bu da səhabələr üçün böyük bir nemət idi. Həqiqətən, təsəvvür edin ki, sizin cənazənizin başında Rəsulullah (s.ə.s) durubdur. Sizin haqqınızda xoş sözlər deyir və Allaha sizin bağışlanmağınız üçün dua edir. Bundan artıq xoşbəxtlik, bundan artıq nemət varmı?

      Pərvanə kimi onun ətrafında dönən səhabələrəpeyğəmbərimizin (s.ə.s) bircəcik təbəssüm etməsi bütün dünyanı onlara bəxş edirdi, həmin gün özlərini dünyanın ən xoşbəxt insanı hesab edirdilər. Kimin salamını almırdısa, kiməsə dönüb baxmırdısa, həmin adam harada bir səhv etdiyini düşünür və dərhal da səvhini düzəltməyə cəhd edirdi. Ancaq bu səhvini düzəldənə kimi dünya onun üçün dar olurdu. Çünki Peyğəmbər (s.ə.s) onun salamını almamışdır, ona baxmamışdır, bir kəlmə də olsun onunla danışmamışdır. Bu da Peyğəmbər (s.ə.s) aşiqləri üçün böyük cəfa idi.

      Həyatda ikən onun (s.ə.s) sevgisinə nail olmaq necə böyük xoşbəxtlikdirsə, öldükdən sonra məhz onun cənazə namazını qıldırması da ən böyük xoşbəxtlikdir. Peyğəmbərimizin xeyir-duasını almaq ümidi ilə hər gün onun yanına gəlməyə tələsən səhabələr üçün peyğəmbərimizin (s.ə.s) duası dünya və onun içindəkilərdən daha üstün idi. Peyğəmbərimiz (s.ə.s) misli-bənzəri olmayan bir böyük şəxsiyyət kimi, vəhşi bədəvilərin qaba, kobud hərəkətlərinin tam ziddi olan mərhəmətli, mülayim, xoşsifət, şirinsözlü və daim təbəssümlü böyük dahi idi.

      Bəzən bizim səhabələrə qibtə etməyə haqqımız var, məncə. Dünyanın ən şərəfli insanı hər gün gözlərinin qabağında gəzir, onlara böyüklük edir, onları idarə edir, məsləhətlər, əmrlər verir. Onlarla dərdləşir, deyib-gülür, ağlayır. Uhud döyüşündə şəhid olanlar həqiqətən də, çox xoşbəxt insanlardır. Çünki Peyğəmbərimiz (s.ə.s) onları son nəfəsinə kimi unutmadı. Tez-tez onları ziyarətə getdi. Onlar üçün dualar oxudu. Təkcə Uhud deyil, digər döyüşlərdə şəhid düşən səhabələrin də qəbirini tez-tez ziyarət edirdi. Həqiqətən, bu böyük bir nemətdir.

      Onun (s.ə.s) önündə cənazəsi olmaq bir cənnətə girməyə bərabərdir. Onun (s.ə.s) cənazəmiz üzərində “Allahu-Əkbər”- deyə təkbir gətirərək Onun mübarək dodaqlarından süzülən dualarının hədəfi olmaq cənnət meyvələrinin dadına baxmaqla eyni səviyyədədir. Onun (s.ə.s) cənazəmiz üzərində kədərli durması bizim cəhənnəmdən qurtulmağımız kimi böyük səadətdir. Təki O (s.ə.s), cənaməzinə namaz qıldırsın, təki O (s.ə.s), cənazəmin üzərində durub dua oxusun.

      Ya Rəsulullah, Allahın salamı və salavatı Sənin, ailənin  və əshabının üzərinə olsun! Allah Sənin məqamını daha da artırsın! Ya Rəsulullah, biz Sənə ümmət olmağa çalışdıq! Səni görə bilmədik, Səni eşidə bilmədik. Sənin xitabına məzhər olmadıq. Bütün bunlardan məhrum olduğumuz kimi, Sənin önündə cənazə də ola bilmədik. Səni görmək, səsini eşitmək, Səni duymaq nə qədər xoşbətlikdirsə, ən böyük xoşbəxtliklərdən biri də Sənin önündə cənazə olmaqdır!

      • Hits: 438 clicks

      Tecox component by www.teglo.info