Home Arxiv 2015 № 106 Sentyabr Alpay Əhməd-Nüvə böhranının sonu, yoxsa?


    Alpay Əhməd-Nüvə böhranının sonu, yoxsa?

      Share

      Bu ilin 14 iyul tarixində Viyanada nəhayət ki, on iki ildir davam edən gərgin danışıqlardan sonra İran altılıq ölkələri ilə (əslində hər şeydən öncə ABŞ-la) nüvə böhranı ilə bağlı müqavilə imzaladı. Həmin tarix, məlum olduğu kimi, Fransada 1789-cu ildə Bastiliyanın alınması günü idisə, 2015-ci ildə bu gündə baş verən hadisə isə simvolik mənada “böhrandan azad olma” günü adlandırıla bilər. Əlavələrlə bir yerdə yüz səhifədən çox olan bu sənədin əsas müddəaları aşağıdakılardır:

      - İran yalnız 3,8 faiz həcmində uranın zənginləşdirilməsi ilə razılaşır.

      - İrana yalnız 300 kq. həcmində zənginləşdirilmiş nüvə saxlamaq hüququ verilir.

      - İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə istənilən obyektdə yoxlama aparmağa icazə verir.

      - İran ixtiyarında olan uranı zənginləşdirən sentrifuqların sayını 18 mindən 16 minə qədər azaldır.

      - İran nüvənin zənginləşdirilməsi prosesini həyata keçirən yeraltı Fərdo və Nətənz zavodları, eləcə də plutoniumdan nüvə silahı üçün istifadə etməyə imkan yaradan Əraq ağır su reaktorunu yalnız elmi-tədqiqat məqsədləri üçün istifadə edə bilər.

      - Yuxarıda göstərilən bu müddəaların 8-10 il müddətində qüvvədə qalacağı nəzərə alınmaqla həm BMT, həm də ayrı-ayrı dövlətlərin İrana qarşı qəbul etdiyi sanksiyalar aradan qaldırılır.

      Bir sözlə, bəhs edilən sənəd İranın kütləvi qırğın silahı olan nüvə başlıqlarını yaratmaq potensialını (break-out time) demək olar, minimum səviyyəyə endirir. On iki il müddətində intensiv şəkildə davam edən danışıqlar və onların fonunda İrana qarşı tətbiq olunan sanksiyalar göstərdi ki, iri güc mərkəzləri regionun aparıcı dövlətlərinin geosiyasi iddialarına baxmayaraq, onlara öz iradələrini yeritmək iqtidarındadırlar. Tərəflərin imzaladığı sənəd eyni zamanda bu ölkənin öz milli maraqları uğrunda mübarizə aparmaq bacarığını da nümayiş etdirmiş oldu. Fakt orasındadır ki, rəsmi Tehran məlum sanksiyaların səbəb olduğu ağır sosial-iqtisadi duruma baxmayaraq, öz siyasi monolitliyini qoruyub saxlaya bildi.

      Bu illər ərzində dünya mətbuatında iki xəbərə tez-tez rast gəlirdik: Bu gün - sabah ABŞ və İsrail qırıcıları İranın nüvə istehsal edən obyektlərinə hava zərbələri endirəcək və nəticədə böyük bir regional müharibənin şahidi olacağıq. Amma bu proqnozların heç biri yaxşı ki, özünü doğrultmadı.

      Viyanada imzalanan müqavilə müəyyən mənada tək regionda deyil, bütün dünyada geosiyasi xəritənin bir növ formalaşmaqda olan yeni və ilkin variantını çəkmiş oldu. Bir tərəfdən, böyük ehtimal ki, yaxın illərdə İranın regional nüfuzunun artmasının şahidi olacağıq. Belə ki, İŞİD təhlükəsinin qlobal xarakter aldığını nəzərə alsaq, ABŞ və Qərbin istər-istəməz bu təhlükəyə qarşı mübarizədə İranla daha konkret müstəvidə əməkdaşlıq etmək maraqları labüd görünür.

      Əsəd rejiminin devrilməsini “qırmızı xəttin” keçməsi kimi dəyərləndirən rəsmi Tehran yaxın zamanda diqqəti daha çox bu istiqamətə yönəldərək regional və qlobal səylərini daha da gücləndirəcəkdir. 12 illik gərgin diplomatik danışıqların nəticəsi kimi İsrailin də qalib çıxdığını desək yanılmarıq. Hər halda Yaxın Şərqdə tək nüvə silahına sahib olan dövlətin bu sahədə status-kvonu qoruyub saxlaması, üstəlik, onun ənənəvi düşməni olan Hizbullah qruplaşmasının başının Cəbhətən-Nusra və digər anti-Əsəd qruplaşmalarla döyüşə qarışması rəsmi Tel-Əvivi bu və ya digər dərəcədə qane edir.

      Yeri gəlmişkən, qlobal böhranın bu cür sonluqla bitməsi müəyyən dərəcədə ölkəmizin də milli maraqlarına cavab verir. Belə ki, bununla bağlı uzun illərdir geosiyasi ziddiyyətlərin məngənəsində qalmış Azərbaycan ənənəvi balanslı xarici siyasət apararaq, bütün maraqlı tərəflərlə münasibətdə ehtiyatlı mövqe tutmaq prinsipindən çıxış etmişdir. Yeri gəlmişkən, Azərbaycan yaxın gələcəkdə sanksiyalar aradan qaldırıldıqca, İranın Avropa ilə yaxınlaşması prosesində tranzit rolunu da oynaya bilər.

      Qısacası, öncə qeyd etdiyimiz kimi, haqqında bəhs etdiyimiz müqavilə regionda geosiyasi maraqların yeni formalaşmış şərtlər daxilində inkişaf edəcəyindən xəbər verir. 

      • Hits: 396 clicks

      Tecox component by www.teglo.info