Home Arxiv 2015 № 105 Avqust Nurlan MƏMMƏDZADƏ -NECƏ ÖYRƏTMƏLİ, NECƏ ÖYRƏNMƏLİ?


    Nurlan MƏMMƏDZADƏ -NECƏ ÖYRƏTMƏLİ, NECƏ ÖYRƏNMƏLİ?

      Share

         Avqust ayının sonu əsasən orta məktəbə gedəcək olanların yeni tədris ilinə hazırlıqlara başladığı bir mövsüm kimi yada düşür. Eyni zamanda müəllimlərin də yeni dərs dönəminə girməyə hazırlaşdıqları bu ayda müəllim-tələbə münasibətlərinə keçmədən İslamın elmə və elm öyrənməyə nə qədər dəyər verdiyini göstərən bir hədisi-şərifi qeyd edək.

      Əbu Dərda radiyallahu anh nəql edir:

      Rəsulullah səllallahu əleyhi və səlləmin belə buyurduğunu eşitdim:

      “Hər kim elm əldə etmək arzusu ilə bir yola girərsə, Allah həmin adama cənnətin yolunu asanlaşdırar. Şübhəsiz ki, mələklər etdiyi əməldən razı qaldıqları üçün elm öyrənmək istəyən adamın üstünə qanadlarını gərərlər. Göylərdə və yerdə olanlar, hətta suyun içindəki balıqlar da alimə Allahdan məğfirət diləyərlər. Alimin abiddən üstünlüyü ayın digər ulduzlara olan üstünlüyü kimidir. Şübhəsiz ki, alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər nə qızıl, nə də gümüş miras qoyarlar. Onlar ancaq elm miras qoyarlar. Həmin mirası alan kəs bol nəsib almış olar”.

      Müsəlmanları elmə təşviq edən bu hədisi-şərif təhsil işi ilə məşğul olanların dəyərini ortaya qoyur. Burada sadəcə elm öyrənən nöqteyi-nəzərindən deyil, eyni zamanda elmi öyrədən nöqteyi-nəzərindən də məsələyə yanaşacaq olsaq, bunu deyə bilərik. Əgər elm öyrənən adam üçün bu qədər fəzilət vəd olunursa, elm öyrənmək istəyənə yardım edən, onun əlindən tutan biri üçün nələrin hazırlandığını siz düşünün. Üstəlik Həzrət Peyğəmbər: “Bir xeyrə vəsilə olan onu işləmiş kimidir”,- buyurmuşdur.   

      Elm və təhsil  qarşılıqlı əməyin və zəhmətin nəticəsidir. Ona görə də elm dedikdə sadəcə tələbə deyil, müəllim də göz önünə gəlir. Tərəflərdən biri elmə can atırsa, onu almağa səy göstərirsə, digəri bu işdə ona rəhbərlik edərək sahib olduqlarını qarşısındakına ötürür. Elə isə yaxşı müəllim və yaxşı tələbə necə olur? Bunun üçün nələrə diqqət edilməlidir?

      Müəllim məsuliyyəti

      Hər bir müəllim ilk növbədə üzərindəki ağır məsuliyyətin fərqinə varmalıdır. Çünki ilk müəllim, ilk tərbiyəçi Allah-Təaladır. Nə isə öyrədən həs kəs onun bu təcəllisini özündə əks etdirdiyinin fərqində olmalıdır. Qurani-Kərimdə “(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (isimlərini) öyrətdi” (əl-Bəqərə, 31) buyurulmaqdadır. Buradan açıq-aydın görürük ki, öyrənmək ilk insanla başlamışdır və ilk öyrədən də məhz Allah-Təaladır. Digər tərəfdən Allah üçün söylədiyimiz “aləmlərin Rəbbi” ifadəsindəki rəbb sözünün hərfi mənası “tərbiyə verən”, “tərbiyələndirən”dir. Dilimizdə tərbiyəçilər üçün işlənən “mürəbbi” də eyni kökdən gəlir. Yəni Allah aləmləri tərbiyələndirən, beləliklə nizama salandır.  Həzrət Peyğəmbərin də bu barədə dediyi “Məni Rəbbim tərbiyələndirdi və əxlaqımı gözəl etdi” hədisi-şərifi tərbiyənin haradan gəldiyini bir daha diqqətə çatdırır. Elə isə müəllimlər təlim-tədris işində, tərbiyəçilik mövzusunda Allahla qul arasında vasitəçi olduqlarını unutmamalıdırlar. Onlara əmanət edilən uşaqları, yeni yetişməkdə olan gənc beyinləri düzgün istiqamətləndirməli, bu xüsusda həssas davranmalıdırlar.

      Müəllimlik həm də Peyğəmbərlərin peşəsi olmuşdur. Hər bir peyğəmbər öz qövmünə doğru ilə yanlışı, pisi və yaxşını öyrədərək bir çox xüsusda onlara müəllimlik etmişdir. Həzrət Peyğəmbərin də ən çətin anlarda belə, hətta aclıqdan qarnına daş bağladığı günlərdə Əshabi-süffəyə dərs keçdiyini, onlara Quran öyrətdiyini unutmamaq lazımdır. O peyğəmbər ki, Allaha ibadət ediləcək məbədin düz yanında tədris ocağı açaraq Əshabi-süffənin xidmətinə vermişdir.

      Sadəcə elm öyrətməmək

      Hər bir işdə olduğu kimi təlimdə də sevgi və şəfqət böyük rol oynayır. Yaxşı müəllim tələbələrinin qəlbinə yol tapan, orada özünə yer edə bilən müəllimdir. Tədris planı ilə yanaşı həyat dərsi də keçə bilən müəllimlər cəmiyyətin memarlarıdır. Sadəcə vəzifəsini yerinə yetirmək xatirinə sinfə girib-çıxan müəllim şagird və tələbələrə quru bilikdən başqa bir şey verə bilməz. Əslində müəllim elmlə yanaşı elmdən necə istifadə ediləcəyini də öyrədəndir. Almaniyada bir orta məktəb müdirinin hər tədris ilinin başında müəllimlərə göndərdiyi bu məktub ibrətli faktlarla doludur:

      “Mən əsir düşərgəsindən xilas olanlardan biriyəm. Gözlərimlə heç bir insanın görməyəcəyi şeyləri gördüm. Yaxşı təlim görmüş və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz kameraları, yaxşı yetişdirilmiş mütəxəssis həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı icra edən tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, məktəb və universitet məzunlarının gülləylə vurduğu, yandırdığı insanlar... Bu səbəblə təlim-tədris işi məni çox narahat edir. Sizdən bunu istəyirəm: Tələbələrinizin insan olması üçün çalışın. Əməyiniz nəticəsində savadlı canavarlar və bacarıqlı dəlilər yetişməsin. Oxuyub-yazmaq, riyaziyyat uşaqlarınızın daha çox insan olmasına kömək edirsə, yalnız o zaman əhəmiyyət kəsb edir”.

      Gözəl nümunə olmaq

      Dünyada insan qədər başqasından nümunə götürmək istəyi olan ikinci bir varlıq yoxdur. Məhz bu səbəblə Allah-Təala peyğəmbərləri həm də gözəl insan modeli olaraq göndərmiş, Hz. Peyğəmbərin “üsveyi-həsənə - ən gözəl örnək” olduğunu bildirmişdir. Müəllimlər qarşılarındakı tələbə və şagirdlər üçün eyni zamanda model olduqlarını unutmamalıdırlar. Yaxşı müəllim hal və hərəkətləri ilə qaşısındakı tələbənin qəlbinə yol tapandır. Onlara gözəl nümunə olmaq başlı-başına bir təlimdir əslində.    

      Buraya qədər müəllimlərin üzərinə düşən vəzifələrdən, diqqət ediləcək xüsuslardan bəhs etdik. İndi isə tələbənin müəllimə qarşı başlıca vəzifəsi olan ehtiram üzərində dayanacağıq.

      Hərf öyrədənin köləsi olmaq

      Həzrət Əli (r.a) buyurur:

      “Mənə bir hərf öyrədənin qırx il köləsi olaram”.

      Elm şəhərinin qapısı olan Həzrət Əlinin bu sözü İslamın müəllimə vediyi dəyəri, müsəlman tələbənin müəllim qarşısında hansı ehtiramı sərgiləməli olduğunu açıq ifadə edir. Həzrət Peyğəmbər söhbət edərkən, əshabına nə isə öyrədərkən səhabələr sanki başlarının üstünə quş qonduğunu və onun uçmaması üçün diqqətlə dinlədiklərini söyləyirlər. Hər bir elm tələbəsi buradan örnək götürərək müəlliminə qarşı davranışlarını götür-qoy etməlidir. Tələbənin ən əsas sifəti müəlliminə sevgi və ehtiram olmalıdır. Sevginin olmadığı yerdə təqliddən söz gedə bilməz. Bu bir həqiqətdir ki, bir tələbə elmə və elm adamlarına, müəllimlərinə ehtiram göstərmədikcə elmdən nəsibini ala bilməz. Elm əldə etsə də, bunun faydasını görməz. Elm öyrənib məqsədinə çatanlar yalnız ehtiramları sayəsində çatmışlar.    

      Bir beytdə deyildiyi kimi:

      Ədəb əhli ədəbdən hali qalmaz,

      Ədəbsiz elm öyrənən alim olmaz.

      • Hits: 525 clicks

      Tecox component by www.teglo.info