Rufət Şirinov - Elmin qapısı Həzrət Əli

      Share

      Həzrət Peyğəmbərin (s.ə.s)  tərbiyə edib yetişdirdiyi görkəmli əshabələrinin hər birinin özünə məxsus seçkin xüsusiyyətləri vardır. Kimi görkəmli sərkərdə, dahi siyasətçi, ədalətli rəhbər ikən, kimi də güclü elm adamı, nümunəvi pedaqoq,comərdlik timsalı səxavətli şəxsiyyət olaraq cəmiyyətdə öz yerini tapmışdır. Odur ki, örnək şəxsiyyətə malik olan hər bir əshabədə bizim üçün nümunələr vardır. Çünki onlar Allahın əxlaqı ilə əxlaqlanmış bir peyğəmbərin tədris ocağında şəkillənmişdilər.

       Onlara hörmət, Peyğəmbərə (s.ə.s) hörmətə bərabərdir. “Əshabıma dil uzatmayın. Sizin bir uhud dağı boyda sədəqə olaraq verəcəyiniz qızıl, onların bir müdd (3.3 kg) qədər sədəqəsinə çatmaz(Müslim) xəbərdarlığı da bu həqiqətin təzahürü mahiyyətini daşıyır. Bu hörmət və ehtirama layiq əshabələrdən biri də məhz, Hz. Peyğəmbərin (s.ə.s) bütün yönləri ilə tərif etdiyi, görkəmli şəxsiyyət, alim, cəngavər, ədalətli rəhbər, mehriban ata, səxavət timsalı həzrət Əli əleyhissalamdır. Onu sevmək, ona məhəbbət bəsləmək hər bir müsəlmanın borcudur. Onun haqqında danışmaq və yazmaq çox çətin və geniş əhatəlidir. Bu yazımızda onun elmi yönünə diqqət cəlb etmək istəyirik. Çünki hz. Əlinin (r.a)  hikmət dolu kəlamları daha çox diqqət çəkir. Onun alimlərin arasında zirvədə olduğuna heç kimin şübhəsi yoxdur. Çünki o, kiçik yaşından etibarən Həzrət Peyğəmbərin (s.ə.s) himayəsində, tərbiyə və tədrisində yetişmişdir.

      O (r.a),əshabələrin ən alimi olduğuna görə, ona elm yurdunun qapısı deyilmişdir. Hz. Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır. Elm istəyən kimsə qapıdan daxil olsun”. (Tirmizi) Bu o dəməkdir ki,  elmə yiyələnmək istəyən kimsə mütləq şəkildə Həzrət Əlinin elmi anlayışını qavramalı, onun hikmətli sözlərinə və tövsiyələrinə qulaq asmalıdır. Xülasə, Hz. Əlini (r.a) sevmək, onun elmi ilə rənglənmək, hər fürsətdə elm öyrənmək deməkdir. Hz. Əlini sevmək insanları qucaqlamaq, Allah və Peyğəmbər sevgisini onlara aşılamaq deməkdir.

      Həzrət Peyğəmbər (s.ə.s) ümumilikdə bütün ümmətini, xüsusilə də Hz. Əlini (r.a) elm öyrənməyə təşviq edərdi. Ona belə tövsiyə etmişdi: “Ey Əli! Tövhidi mühafizə et. Çünki o mənim sərmayəmdir. Əmələ sarıl, çünki o mənim məsləyimdir. Namazı düzgün əda et, çünki o mənim gözümün nurudur. Allahı çox zikr et, çünki o mənim qəlbimin gözüdür. Elmdən istifadə et, çünki o mənim mirasımdır”. Əlbəttə ki, həzrət Əli (r.a)  də Peyğəmbərin (s.ə.s) bu baha biçilməz tövsiyələrini həyat düsturuna çevirmiş və sevənlərinə də bunları tövsiyə etmişdir.

      Hz. Əli (r.a) Məkkədəki oxuyub yaza bilən az sayıdakı şəxslərdən biri idi. Buna görə də vəhy katiblərindən biri də məhz O idi. Hz. Peyğəmbər vəfat etdikdən sonra altı ay tənhalığa çəkilmiş və bu müddət ərzində Qurani-Kərimi enmə sırasına görə tərtib etmişdir. Odur ki, nazil olma sırasına görə Qurani-Kərimi ilk tərtib edən şəxs məhz Hz. Əli (r.a) olmuşdur.

      O, ayələrin nə vaxt və harada nazil olduğunu daha yaxşı bilirdi. O, insanlara belə müraciət etmişdi: “Mənə sual edin. Allaha and olsun ki, mənə nə barədə soruşsanız mən sizə cavab verərəm. Mənə Allahın kitabı barəsində soruşun. Allaha and olsun ki, mən, Allahın kitabındakı hər bir ayənin gecəmi, gündüzmü, dağdamı, düzənlikdəmi nazil olduğunu bilirəm”.  (Suyuti, İtqan)

      Hz. Peyğəmbər (s.ə.s) Hz. Əli (r.a) üçün xüsusi dua etmişdir. Onun elmli və fərasətli olması bu duanın təzahürüdür: “Ya Rəbb! Onun qəlbinə hidayət bəxş et. Dilini haqq və həqiqəti söylməkdə sabit qıl. Ona doğru olanları bildir”. Hz. Əli (r.a) Təfsir, Fiqh, Hədis elmələrində söz sahibi alim idi. Onun rəvayət etdiyi hədislərin əksəriyyətini fiqhi hədislər təşkil edir. Məhz buna görə də hüquqi məsələlərin həllində ən düzgün hökm verəni O idi. Hz. Ömər də onun barəsində:“Bizim aramızda ən düzgün hökm verən Əlidir”,–deyərək hüquqi bacarığını tərifləmişdir. Bu xüsusiyyətinə görə də ilk üç xəlifə onun ictihad və fikirlərini diqqətə alaraq hökm vermişdirlər. Hz. Əli (r.a) Yəməndə qazılıq vəzifəsini ədalətli şəkildə icra etmişdir.

      Hz. Əlinin (r.a)  natiqliyi və şairliyi də dillərə dastandır. O xalqa gözəl xütbə və moizələr oxumuşdur. Şeir və hikmətli sözləri də hər zaman onu sevənlərin zehnində və könlündə mühafizə etmişdir. Ona nisbət edilən hikmətli sözlərdən bir neçəsini qeyd etmək yerinə düşərdi: “Elm maldan daha xeyirlidir. Çünki elm səni muhafizə etdiyi halda, malı sən qorumağa məcbursan. Elm hakim, mal isə məhkumdur”. “İnsanlar yuxudadırlar. Öldükdən sonra ayılacaqlar”. “İnsan bilmədiyinin düşmənidir”. “Hər şey azalanda, elm isə artanda qiymətlənir”.

      Nəticə etibarilə ifadə edə bilərik ki, Hz. Əli (r.a) başda olmaqla heç bir səhabəni həddindən artıq ucaltmaq,eyni zamanda onlar haqqında nalayiq kəlmələr sərf etmək İslam dininin ruhuna müvafiq deyil. Əminliklə ifadə edə bilərik ki, insanüstü vəsflərlə tərif edilən hər bir əshabə bundan razı qalmayacağı kimi, haqqında haqsız kəlmə və bənzətmələr sərf edilən əshabə də bundan xoşhal olmaz. Bu gün dünyamıza əshabənin Peyğəmbərə (s.ə.s) qarşı olan sevgi və bağlılıqları aşılanmalı, Hz. Əlinin (r.a.) elm sevgisini bütün müsəlmanlar arasında canlandırmalı, gənclərimizi bu şüur ilə yetişdirməliyik. Bu, dünyadakıların dünyaya sevgi, mərhəmət və sülh pəncərəsindən baxması üçün labüddür. Unutmayaq ki, sevgi təkcə kəlmələrdən yox, həm də sevilənin sevəndəki təzahüründən ibarətdir.

      • Hits: 565 clicks

      Tecox component by www.teglo.info