Müsahibə - Selahaddin KAYA

      Share

         Maddi inkişafla yanaşı mənəvi inkişafın da zirvədə olmasını arzulayıram.

      İrfan: Əfəndim, ilk növbədə Azərbaycana xoş gəlmisiniz deyirik. İstərsəniz həyat hekayənizlə başlayaq söhbətimizə.

      Selahaddin Kaya: Təşəkkür edirəm. Mən də öz növbəmdə“İrfan” jurnalının ərsəyə gəlməsində əməyi keçən bütün əməkdaşlarınızı belə bir gözəl xidməti icra etdiklərinə görə təbriklə başlamaq istəyirəm sözə.

       Günümüzdə insanları həqiqətlə görüşdürmək, hidayətə can atanlara gerçəyi göstərmək üçün bu kimi nəşriyyatlara çox böyük ehtiyac var. Qardaşınız, Allaha çox şükür, illərdən bəri bu fəaliyyətlərin içərisindədir. Mətbuatı çox təqib edirəm. Əllinci illərdən etibarən islami nəştiyyatla yaxından maraqlanıram. Necip Fazıl Kısakürəyin çıxartdığı “Böyük Doğu”nu, islamyönümlü qəzetləri sevə-sevəizləmişəm. “Sabah” qəzetində mütəmadi yazılarla çıxış etmişəm.Kitab almağı, kitab oxumağı, kitab hədiyyə etməyi sevirəm.

      1934-cü ildə dünyaya göz açmışam. Doğulduğum yer Türkiyənin Ərzincan vilayətidir. Orada Kəmaliyyə qəzasının Başarı (əvvəlki adı Şıxlar) kəndində anadan olmuşam. Uşaqlıq illərim kənddə keçib. Kəndimizdə dini həyat yaşanırdı. Demək olar ki, namaz qılmayan, Quran oxumayan yox idi. Uşaqlıq illərimdə Quran dərsləri almağa başladıq. Ümumiyyətləkəndimiz Yavuz Sultan Səlimin Qafqaz boylarından bölgəyə gətirdiyi müsəlman ailələrdən meydana gəlib. O bölgələrin müsəlmanlaşdırılması üçün belə bir addım atmışdı. Tarixi qeydlərə görə ilk olaraq on bir evdən ibarət olub və “Qaryeyi-Xaqani” adlanıb. Yəni padşah tərəfindən qurulan kənd. Sultan Səlim Xan həmin kəndləri salanda baxıb ki, bura dağlıq və meşəlik ərazidir, dolanmaq üçün çətinliklər ola bilər. Ona görə də İstanbulun ət ehtiyacını təmin etməyi buranın əhalisinə tapşırıb. Daha sonra İstanbulu kömürlə təmin etməyi də buradakılara həvalə edib. 1520-ci ildən etibarən bizim bölgənin xalqı qürbətçi olub. Oradan günlərlə heyvan belində Girəsuna gedər, buradan da gəmiyə minib İstanbula gedərdilər. Bu çətinlikləri çəksələr də, işin yaxşı tərəfi də var idi. Gediş-gəlişli həyat onları İstanbul mədəniyyəti ilə yaxından tanış etmişdi. Ədəb-ərkan, uşaqların İstanbulda oxuması, bir sözlə İstanbulun bütün gözəllikləri beləcə bizim bölgələrə yayılmışdı. Məhzbunun təsiri iləbizim yerlərdə qan davaları yoxdur, qonşuluq münasibətləri olduqca gözəldir, bütün gözəl adətlər hələ də davam edir. Əllinci illərdə bizim kənddən İstanbulda qəssablıqla məşğul olan otuz dörd dükan var idi. Amma böyük marketlər açılandan sonra onlar artıq bir-bir bağlandı. Hal-hazırda bir-ikisi qalıb. Atamın da Nuruosmaniyədə, yəni İstanbulun mərkəzi yerində qəssab mağazası var idi. Sonralar o da dükanı bağladı. 1946-cı ildə anamla bərabər biz də İstanbula köçdük. Həmin il orada Nuruosmaniyə məscidində Quran kursuna yazıldım. Hafiz Hasan Akkuşun yanında hafizliyə başladım. İki ildə hafizliyi bitirib, iki il də təlim dərsləri aldım. Təlim illərimin son vaxtlarında qalan vaxtımı ərəb dilini öyrənmək üçün ayırdım. Biz ərəb dili dərslərinə davam edərkən İmam-Xətib məktəbləri açıldı. 1951-ci il idi. Yaşımın böyük olmağına baxmayaraq gedib qeydiyyatdan keçdim. Atama dedim ki, mən İmam-Xətib məktəbində oxumaq istəyirəm. Soruşdu ki, ora neçə ildir? Dedim, yeddi il. Yeddi il çoxdur dedi, bizim işlərimiz var. Ammayenə də razılaşdı.

      İrfan: İlk anda etiraz eləməyi nə ilə bağlı idi ki? Sizi ata-baba sənətinə yönləndirmək istəyirdi yəqin.

      -Bəli, elədir.O mənim də qəssab olub onun işini davam etdirməyimi istəyirdi. Məni işlərin başına qoyub kəndə qayıtmağı planlaşdırırdı.

      İrfan: Bəs qardaşlarınız necə?

      -Üç qardaşıq. Böyüyü mənəm. Amma mən oxumağı seçəndə məndən kiçik qardaşım işləri davam etdirdi. Ən kiçiyimizsə xalça ticarətinəgirdi. Hələ də həmin peşəni davam etdirir. Beləliklə mən İmam-Xətibdə təhsilimə davam etdim. Həmin illərdə İmam-Xətibə gələnlərin hamısı hafizliyini bitirmiş, yaşca böyük uşaqlar idi. Universitet tələbəsi kimi idik. Müəllimlərimiz də Osmanlının son alimləri idilər. Onlar bizə qovuşduqları üçün, biz də onlara qovuşduğumuz üçün Allaha çox şükür edirdik. O “altun halqa” çox şükür ki, bir-birinə qovuşmuş oldu. Çox qiymətli müəllimlərimiz var idi, Allah hamısına rəhmət eləsin. İmam-Xətibin qurucularından olan Cəlal hoca da həm Qərb mədəniyyətini tanıyırdı, həm də Şərqi yaxşı bilirdi. Biziöz övladı kimi sevərdi. Onun ərəb dili təlimindəki özünəməxsus metodunu davam etdirməyi çox istəyirdim. Amma İmam-Xətibi bitirən kimi vəzifəmə başlamalı olduğum üçün müəllimlikedə bilmədim. Əsgərliyimi bitirdim. Beyoğlunda müftü müavini olaraq vəzifəyə başladım. İşləyə-işləyə yeni açılmış Yüksək İslam İnstitutunu bitirdim. 1966-cı ildə Beyoğluna müftü təyin edildim. Beyoğlu müftüsü ikən, içimdəki müəllimlik həvəsini həyata keçirmək üçün İmam-Xətibdə ərəb dili dərslərinə girməyə başladım. Həftədə səkkiz saat dərsə girirdim. Həmin illərdə bugünkü cümhurbaşqanımız, Tayyib bəy də tələbəm oldu. Hələ də yaxın əlaqəmiz var. Belə ki, mən daha sonra İstanbul müftüsü olanda, o da İstanbul Bələdiyyə başqanı idi. O dövrdə də münasibətlərimiz davam edirdi. Müəllimlər günündə bizi bir yerə yığır, hal-əhval tuturuq.1966-dan 1972-ci ilə qədər İmam-Xətibdə dərslərə girdim. Sonra Həcc vəzifəsi çıxdı. Beyoğlu müftüsü ikən Diyanət on iki nəfəri müşahidəçi olaraq Qızılayla birlikdəHəcdə türk ziyarətçilərin vəziyyəti haqda məlumat toplamaq və nəzarət üçün göndərdi. Həcc işlərini o zamanlar özəl şirkətlər həyata keçirirdi. Bu səfərimiz gediş-gəlişlə bərabər səksən iki gün çəkdi. Bununla da müəllimlikdən ayrıldım. Geri qayıdandan sonra idarəçilik səbəbilə bir daha müəllimliyə qayıda bilmədim. 1978-ci ildəİstanbul müftüsü vəfat etdi. Ogünkü Diyanət İşləri Başqanı Tayyar Altıkulaçlacənazə üçün İstanbula getmişdik. Dəfndən sonra İstanbul müftülüyünün rəsmi dairəsinə keçdik. Mənə göz-qaş edib müftünün stoluna işarə elədi. Əvvəlcə başa düşmədim. Bu səfər dedi ki, İstanbulda bu vəzifəni əmanət edəcək başqa birini tapa bilmədim. İdarəçilik işlərindən uzaqlaşıb özümü elmə vermək istəsəm də,razılaşmalı oldum. İyirmi il beş ay İstanbulda müftülük vəzifəsini icra etdim. 1999-cu ilin yanvar ayındantəqaüddəyəm.

      İrfan:Azərbaycanla tanışlığınız necə başladı?

      -1979-cu ildə Rusiya (SSRİ) Diyanətdən bir qrup dəvət etmişdi. Məqsədləri guya, bizə  kommunist sistemin içindədin azadlığının, vicdan hürriyyətinin olduğunu göstərmək idi.

      İrfan: Bunu digər müsəlman ölkələrə göstərmək üçün edirdilər?

      -Bəli, vicdan azadlığı olduğunu, qurduqları sistemin gözəl olduğunu isbatlamaq istəyirdilər. O zaman müftülərdən on beş nəfərlik bir heyət təşkil edildi. Əvvəlcə Moskvadan başladıq. Moskvada bizi çox yaxşı qarşıladılar. Yeməklər, ikramlar, gözəl ziyafət verdilər. Bizi razı salmaq üçün çox yaxşı hazırlaşmışdılar. Orada bir gün qaldıqdan sonra bizi əvvəlcə təyyarə ilə Daşkəndə apardılar. Cümə namazını orada qıldıq. İnanın, cümə namazına gələnlərin hamısıyaşı yetmişi keçmiş ağsaqqallar idi. Bir nəfər də olsun gənc yox idi. Sonra orada Yüksək İslam İnstitutunu ziyarət etdik. On-on beş nəfərlik bir qrupa dini təhsil verilirdi. Elə orada Hacı Allahşükür Paşazadə ilə tanış olduq. Onda tələbə idi. Tələt Tacəddin (Rusiya Müsəlmanları Dini İdarəsi sədri) ilə də orada tanış olduq.

      İrfan:Azərbaycanlı tələbələrlə xüsusi tanışlıq qura bildinizmi?

      -Xeyr, ümumi tanışlığımız oldu. Ayrılıqda söhbət eləmək imkanımız yox idi. Əslində planda Azərbaycan səfəri də var idi, amma nəyə görəsə onu ləğv elədilər. Bizdən sonra gedən qrup Moskvada belə bir hadisə yaşamışdı. Deməli, Hamdi Mert adlı yoldaşımız Tələt Tacəddinlə liftlə yuxarı qalxarkən soruşur: Burada Qurani-Kərim çap edilirmi? Tələt Tacəddin isə, -əlbəttə, əlbəttə ki, çap edilir,- deyərək dili ilə təsdiqləsə də, gözü ilə liftin tavanına işarə edir. Yəni, -bizə qulaq asırlar, başqa cür cavab verə bilmərəm,- deyir.

      Sonrakı illərdə Azərbaycandan həccə gedən bir qrupla görüşdük. Kommunist sistem hələ dağılmamış olsa da, icazə vermişdilər. O qrup İstanbula gəldi. İstanbul Müftülüyü olaraq qarşıladıq və dönüşdə də qonaq elədik. Hacı Allahşükür Paşazadə də bu hadisəni hər görüşümüzdə bir xatirə kimi danışır. O görüşməmizdə bizi Azərbaycana dəvət etdilər. Azərbaycana ilk səfərim belə oldu. Hacı Allahşükür Paşazadə bizi çox gözəl qarşıladı. Ata diyarı Lənkərana qonaq apardı. Hələ Sovet sistemi dağılmamışdı. Gördüyüm bağlar, bağçalar adamı heyran edirdi.Sonrakı gəlişimdə kommunist sistem artıq dağılmışdı, hər şey dəyişmişdi. Yenə Lənkərana getdik, amma o gözəl bağlardan əsər-əlamət qalmamışdı. Fabriklər dayanmışdı, çoxu işləmirdi. Neftayırma zavodu, buruqlar da elə bil ki, işləmirdi. Belə bir sıxıntılı halı var idi Azərbaycanın. Sonra Hayrettin Karaman və Salih Güneşlə bir daha gəlmək nəsib oldu. Bu səfərimizdə daha çox bölgələri, ayrı-ayrı rayonları gəzdik. Gördük ki, artıq yavaş-yavaş hər şey düzəlməyə başlayır. Ümumiyyətlə Şeyxülislamla tez-tez görüşlərimiz oldu. Lənkərana gedəndə bir şeyin də şahidi oldum ki, oradakı yaşlı nəslin işlətdiyi dil ilə bizim yaşlıların işlətdiyi dil bir-birinə çox yaxındır. Bu da əcdadın bir zamanlar bu torpaqlarda yaşadığının bir sübutudur. Köhnə evlərin quruluşu belə bir-birinə bənzərlik təşkil edir. İşlətdikləri kəlmələr bizdə də bir zamanlar işlənirdi. Yəni əslinə qalsa biz də bu torpaqların övladı sayılırıq.

      İrfan:Bir ağsaqqal kimi, uzun müddət bu vəzifədə təcrübə qazanmış mütəxəssis kimi, istər ailədaxili tərbiyədə, istərsə də gənc nəsillərin yetişdirilməsində bizə nə kimi məsləhətlər vermək istəyərdiniz?

      -Bu mövzu, insanları tərbiyə etmək, gəncləri düzgün yetişdirmək, İslamın ən başlıca fəaliyyətlərindəndir. Əlbəttə ki, gənclər necə gəldi, başıboş yetişməzlər.Əkilən bir ağacın belə  suyu, gübrəsi, budanması, baxımı olmasa yetişməz. Uşaq yetişdirmək ən çətin, ən ağır məsuliyyətlərdən biridir. Çox diqqətli olmaq lazımdır. Ata-ananın rolu çox mühümdür. Ata-ananın özlərinin də çox yaxşı yetişməsi lazımdır ki, uşaqlarını yaxşı yetişdirə bilsinlər. Ailə ocağında uşağa ən yaxşı müəllim, ən yaxşı nümunə ata-anadır.Ana daha mühümdür. Uşaq valideynini namaz qılarkən, Quran oxuyarkən, yaxşılıq edərkən görərsə, o da müsbət mənada təsirlənər. Tərbiyə kiçik yaşdan başlamalıdır. Ata-ananın uşağa yaxşı təhsil verməsi, yaxşı dostlarla həyatına davam etməyə yönləndirməsi, xüsusilə qız uşaqlarının əxlaqi yöndən gözəl müəssisələrdə oxudulması çox mühümdür. Çünki uşaqla ən çox məşğul olan anadır. Bir ərəb şairi deyir ki: “əl ummu mədrəsətun”, yəni “ana bir məktəbdir”. O yaxşı yetişdirilsə, yaxşı nəsillər yetişdirər. Buna görə də xüsusilə qızlarımızın yaxşı təhsil almaları, dini tərbiyə almaları uşaqlarımızın istiqbalı baxımından çox yerində və lazımlı bir addımdır. Dini tədrisat mütləq uşaq yaşlarında başlamalıdır. Yoxsa gələcək nəsillərdə şəxsiyyət problemləri meydana çıxar.

      İrfan:Son gəlişinizdən bu yana Azərbaycandakı dəyişiklikləri necə görürsünüz?

      -Yeddi il idi ki, gəlmirdim. Maddi baxımdan çox sürətli inkişaf gördüm. Yeni hava limanı, yeni yollar, binalar... Çox böyük inkişaf var. Azərbaycan Milli Televiziyasını hər zaman təqib edirəm. Hətta kanallarım arasında iki nömrəli kanaldır. Bu yaxında cənab İlham Əliyevin ümrə ziyarətini seyr etdim, çox duyğulandım. Bu, bir dövlət başçısının xalqına çox gözəl jesti, nümunəvi davranışıdır. Azərbaycanın maddi inkişafı ilə yanaşı mənəvi inkişafının da zirvədə olmasını arzulayıram.Çünki maddə və məna bir ahəng içində irəliləyərsə, həmin millətinistiqbalı gözəl olar.

      İrfan:Bizə vaxt ayırdığınız üçüntəşəkkür edirik.

      - Sağ olun, mən də sizə təşəkkür edirəm.

       

      • Hits: 613 clicks

      Tecox component by www.teglo.info