Home Arxiv 2015 № 105 Avqust Osman Nuri TOPBAŞ -HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi q.s -1-


    Osman Nuri TOPBAŞ -HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi q.s -1-

      Share

      Xalid Bağdad həzrətləri buyurur:

      “Ey Rəbbim! Sənə əsla layiqincə həmd-səna edə bilmərəm. Onsuz da belə bir şeyi iddia etmək ölüm qorxusu alan adam üçün axmaqlıqdır.

      Vallahi mənə əbədi həyat verilsə və mənim Allaha həmd-səna etməkdən başqa bir işim olmasa,

      Vücudumdakı hər bir tükə minlərlə dildə danışa bilən iki min dil verilsə,

      Qəlbimə vəsvəsə verərək məni məşğul etməsinlər deyə nəfslə şeytan məndən uzaqlaşdırılsa,

      Mən də bütün varlığımla heç ara vermədən ömrümü Onun həmd-sənasına həsr etsəm,

      Bütün bu etdiklərimlə bir nemətin belə həmdini ifa edə bilmərəm. O ki qaldı tək-tək və ya tamamən bütün nemətlərinə şükür etmək… Zira şükür etmək də ayrı bir nemətdir.”[1]

      Bu aləmdə idrak edə bildiyimiz və edə bilmədiyimiz saysız-hesabsız nemətlərlə təchiz olunmuşuq. Elə isə bunları lütf edən Haqq-Təalaya nə qədər minnətdar olmalıyıq?

      Rəbbimizə layiqinvə şükür edə bilməkdən acizik. Bununla birlikdə gücümüz nisbətində Ona şükür edə bilmək üçün üzərimizdəki ilahi lütfləri tez-tez təfəkkür etməli və bunların qiymətini təqdir etməliyik.

      Çünki Haqq-Təalanın nemətlərini təfəkkürdən uzaqlaşmaq özü ilə birlikdə qəfləti də gətirir. Qəflət irəlilədikcə də qəlbdə nemətləri lütf edən Allaha qarşı şükran duyğuları zəifləyər. Hətta bir müddət sonra insanı küfrani-nemətə, yəni nankorluğa sürükləyər. Bu isə nemətlərin əldən çixmasına və əzaba səbəb olar.

      Necə ki, ayeyi-kərimədə buyurulur:

      “…Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!”. (İbrahim, 7)

      Elə isə üzərimizdəki nemətlərin qədrini bilmək və şükrünü əda etmək əslində öz səadətimiz üçün zəruridir. Bunun da ilk adımdı nemətlərin təfəkküründə dərinləşməkdir.

      Məsələn, bir “göz” nemətini fikirləşək:

      Əgər anadangəlmə kor olsaydıq və uzun illərdən sonra bizə görmə imkanı bəxş edilsəydi, kim bilir həmin an necə sevincə qərq olardıq?! Görmək nemətinin böyüklüyü, gözəlliyi və ehtişamı qarşısında necə heyrətə düşərdik?! Bu neməti lütf edən Rəbbimizin qüdrətinə heyran qalardıq.

      Həqiqətən rənglərin və işığın saysız tonunu, günəşin qürubda çəkdiyi möhtəşəm mənzərələri, ulduzları, ayı, gecəni, gündüzü, dəryaları, meşələri, heyvanları və s. kimi Allahın kainatda sərgilədiyi möhtəşəm sənət əsərlərini ilk dəfə görsəydik, kim bilir nə qədər xoşbəxt olardıq!.. Sadəcə görə bilmək nemətinin zövqündən və tərifsiz sevincindən məst olardıq. O anda gördüyümüz varlıqlara indiki kimi səthi və ötəri nəzərlə deyil, eynilə dərin okeana baxırmış kimi ibrət, hikmət və heyranlıq hissiylə nəzər salardıq.

      Qəlblərindən qəfləti uzaqlaşdıra bilən arif qullar daima bu cür, “ülvi nəzərlə” aləmə tamaşa edərlər. Digər insanlarda olduğu kimi ilahi qüdrət və əzəmət təcəllilərini adi təbiət hadisələri kimi görmə qəfləti onlarda olmaz. Həqiqətən insan bir rəssamın təbiəti təqlid edərək çəkdiyi rəsm tablosunu təqdirlə seyr etdiyi halda çox vaxt kainat və onun Xaliqi qarşısında eyni təqdir hissini duya bilmir. Kainatda sərgilənən ilahi qüdrət təcəllilərini “adi hadisə” kimi qəbul edər.

      Arif insanlar isə bir rəssamın çəkdiyi rəsm əsərlərinin yerinə əsl sənətkar olan Allah-Təala və Onun əsərləri qarşısında heyrət və həyəcan duyan, həssas qəlblə yaşayarlar. İlahi qüdrətin kainatda yaratdığı sonsuz xariqələrdəki ilahi sənətin zövqünə nail olarlar.

      Məsələn, sərmayəsi eyni torpaq olan bitkilərin rəngarəng yarpaq və çiçəklərinə, onlardakı əlvanlığa, ağacların rəng, ətir, ləzzət və bir-birindən fərqlənən meyvələrinə, sadəcə bir-iki həftəlik ömrü olan kəpənəyin qanadlarındakı zərif naxışlara, insanın yaradılışındakı xariqələrə nəzər edərlər. Gözün görməsi, ağlın dərk etməsi kimi sonsuz ilahi xariqələr və bunların “hal dili” deyilən sirli bəyanlarına diqqət kəsilərlər. Belə arif könüllər üçün bütün kainat oxunmağa hazır bir kitab kimidir.

      Göz neməti haqqında zikr etdiyimiz bu həqiqətləri sanki bir şablon kimi üzərimizdə təcəlli edən eşitmə, yerimə, düşünmə kimi bütün nemətlərə aid edə bilsək, dünyaya sadəcə bunların şükrünü əda etmək üçün gəldiyimizi düşünəcək qədər minnətdarlıq hissləri ilə dolarıq.

      Ağlı başında olan bir insana “Gözlərini ver, Bakı səni olsun!” desələr, kim verər? “Sağlamlığını ver, dünyanı götür!” desələr kim dəyişər? Ağıl sahibi olan heç kəs bu təklifi qəbul etməz. Çünki bunun özü üçün əza və cəfa dolu məhkumluqdan fərqli olmadığını bilir.

      Ona görə də Qanuni Sultan Süleyman:

      Xalq içində mötəbər bir nəsnə yox dövlət kimi,

      Olmaya dövlət cahanda bir nəfəs səhhət kimi…

      demişdir. Həqiqətən səhhət və afiyətlə alınan bir nəfəs belə müəzzəm bir dövlət, yəni böyük bir nemət və səadətdir. Əcəli çatan bir insan dünyada bir nəfəs ala bilmək üçün bütün sərvətini fəda etsə, yenə də bu nemətə nail ola bilməz.

      Fəqət qəlblərin bu hikmət mənzərələrini tamaşa edə bilməsi üçün mənən səviyyə qazanması zəruridir. Sahib olduğu səltənətə baxmayaraq əsl səadətin anca yüksək keyfiyyətli bir qəlblə mümkün olacağını idrak edən Yavuz Sultan Səlim xan:

      Padişahı-aləm olmaq bir quru qovğa imiş.

      Bir vəliyə bəndə olmaq cümlədən əla imiş.

      - demişdir. Beləliklə qəlb gözünü açaraq ilahi qüdrət və əzəmət təcəllilərini tamaşa etdirəcək bir vəlinin irşadını zəfərlərlə dolu səltənətindən üstün görmüşdür.

      Haqq dostlarından Mehmed Emin Əfəndi tələbələrindən birinə yazdığı məktubda belə buyurmuşdur:

      “…Hər nəfəsdə iki nemət var (birincisi, nəfəsi ala bilmək, ikincisi isə, aldığı nəfəsi verə bilmək). Ona görə hər nəfəsə iki şükür lazımdır. Hər saat min nəfəs və hər nəfəsə iki şükür olmaqla iyirmi dörd saatda qırx səkkiz min şükür lazımdır.

      Bir adam bütün işlərini kənara qoyub “şükür, şükür” deyərək durmadan Allah-Təalaya həmd və şükür etsə, yenə də şükrün haqqını verə bilməz. Məlum oldu ki, Allah-Təalaya şükrün mində birini belə əda edə bilməz”.

      Bunlar üzərimizdə təcəlli edən maddi nemətlərə qarşı şükür borcumuzla əlaqəli misallardır. Şükründən aciz olduğumuz ən müəzzəm nemətlərin başında isə heç bir sərmayəmiz olmadığı halda yoxdan var edilmək, varlıqlar içində ilan-çayan, qurd-quş, torpaq-yarpaq deyil, əşrəfi məxluqat olan “insan” qılınmaq, insanlar arasında əhli-iman, əhli-iman arasında 124 min peyğəmbərin imamı və baş tacı Həzrət Muhamməd Mustafa r -in ümmətindən olmaq, qiyamətə qədər davam edəcək ilahi möcüzə Qurani-Kərimə müxatəb qılınmaq gəlir.

      Sadəcə bu nemətlər üçün belə Rəbbimizə şükür səcdəsinə qapanıb ömrümüzün sonuna qədər başımızı qaldırmasaq yenə də az, yenə də nöqsan, yenə də “heç” hökmündədir…

      İman, Quran və Rəsulullah r bizim ən böyük mənəvi sərvətimizdir. Bütün fani nemət və imkanlar bizim olsa və dünyada min il yaşasaydıq, lakin iman və Qurandan məhrum olub Allah-Rəsulundan bixəbər olsaydıq, bunun nə qiyməti olardı?! Zira bu dünyadakı ömrümüz də, dünya da faniliyə məhkumdur…

      Lakin Rəsulullah r –i tanıyıb ona can-dildən tabe olmağın verəcəyi hüzur və səadət sonsuzdur…

      Elə isə dünyəvi bir nemətə nail olanda nə qədər sevinirik, bizi əbədi səadətə aparacaq olan iman nemətinin və ümməti-Muhamməddən olmağa nə qədər minnətdarlıq şüuru və şükrü içindəyik?

      Məhz bunları layiqincə təfəkkür edə bilmək insana fani sıxıntılar üçün şikayətin, sıxlanmanın, üsyanın nə qədər dəhşətli nankorluq olduğunu dərk etdirir. Onu hər halda həmd və riza ilə qəlb hüzuruna nail edir.

      Düşünək ki, trilyonları olan bir adam yolda gedərkən cüzi miqdarda pulunu itirsə, ona təəssüf edərmi? Trilyonlar qarşısında cüzi miqdarın nə qiyməti var ki? Biz də başımıza dünyəvi müsibət gəldiyi zaman Allaha qul, Rəsulullah r -ə ümmət olmağın ən böyük bəxtiyarlıq olduğunu fikirləşib səbir edəcəyik. Fani iztirab və itkilərdə həddən artıq kədərə qərq olub özünü pis etməyi, şikayəti, sızlamağı undacağıq. “Niyə oldu, uf, of” deməyəcəyik. Dünya imtahanlarındakı məşəqqətlərin müqabilində haqq din İslama mənsub və Aləmlərə Rəhmət Peyğəmbərin ümməti olmağın hüzur və səadəti ilə təsəlli tapacağıq. Biləcəyik ki, Allah-Təalanın sonsuz nemətləri qarşısında ona nə qədər şükür etsək, yenə də şükür borcumuzu tam ödəyə bilmərik.

      Rəvayətə görə Musa u Allah-Təalaya:

      “Ya Rəbb, sənə şükrüm, səndən mənə verilən ayrı bir nemətdir ki, o da ayrıca bir şükür tələb edir. (Elədirsə, sənə necə layiqincə şükür edə bilərəm?)”,- dedi.

      Allah-Təala Musa u -a belə vəhy etdi:

      “Hər nemətin məndən olduğunu bildiyin vaxt mən də bunu şükür olaraq qəbul edərəm”. (İhya, IV, 163)

      Şükür borcumuz sonsuzdur. Çünki Haqq-Təala quluna şükür edə bilmə nemətini lütf edərsə, bunun da ayrıca şükrü edilməlidir. Bu, hər zaman belə davam edər və insan üçün şükrün sonuna çatmaq mümkün olmaz. Ona görə zəllədən başqa xətaları olmayan günahsız peyğəmbərlər də Allahın nemətlərinə layiqincə şükür edə bilməmək təlaşı içində Allahdan əfv-məğfirət istəmişlər.

      Rəsulullah r də:

      “Allahım, sənin qəzəbindən rizana, əzabındna əfvinə və səndən yenə sənə sığınıram! Səni layiq olduğun kimi mədh-səna etməkdən acizəm. Sən özünü necə mədh-səna etmisənsə, eləsən!”[2],- deyə dua etmişdir.

      Bununla da Allah-Təalaya layiqincə həmd-səna etməkdən aciz olduğumuzu və bu xüsusda Rəbbimizin əfvinə sığınmalı olduğumuzun lüzumunu ifadə etmişdir.

      Rəsulullah r bir gün Muaz bin Cəbəlin əlindən tutaraq ona belə buyurmuşdu:

      “Ey Muaz, Allaha and içirəm ki, mən səni həqiqətən sevirəm. Ey Muaz, sənə hər namazın sonunda:

      اَللّٰهُمَّ اَعِنّ۪ى عَلٰى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ

      “Allahım, səni zikr etmək, sənə şükür etmək və sənə gözəl qulluq etmək xüsusunda mənə yardım et!” duasını tərk etməməyi tövsiyə edirəm”. (Əbu Davud, Vitr 26)

      Deməli, şükür edə bilmək üçün də Allahdan kömək istəməliyik.

      Həmçinin həmd və şükür yalnız dil ilə olmaz. Həqiqi həmd və şükür bir-birinə bağlı üç ünsürdən ibarətdir: elm, haləməl.

      - Elm bütün nemətlərin Haqdan gəldiyini bilməkdir.

      - Hal nemətlərin əsl sahibinə qarşı təzim, hörmət və məhəbbət duymaqdır.

      - Əməl isə bu duyğuların tələb etdiyi minval üzrə yaşayıb şükrü sözlü və feli şəkildə ifadə etmək, nemətlərdən Haqqın rizasına uyğun istifadə etməkdir.

      Cüneyd Bağdadi həzrətləri feli şükrü belə ifadə edir:

      “Şükür Allah-Təalanın lütf etdiyi nemətlə əsla ona asi olmamaq və həmin neməti günaha sərmayə etməməkdir”.

      Deməli, ibadət, müamilələr, əxlaq, Allah yolunda çalışma, fədakarlıq, təqva, günahlardan çəkinmək kimi Haqqa itaət təzahürləri ilə həmd və şükrümüzü felən də sərgiləməliyik.

      Necə ki, Rəsulullah r -in həyatı bunun saysız-hesabsız misalları ilə doludur. Bunlardan birini Həzrət Aişə c anamız belə nəql edir:

      “Bir gecə Rəsulullah r mənə:

      “Ey Aişə, izin versən, gecəni Rəbbimə ibadət edərək keçirərdim”,- dedi. Mən də:

      “Vallahi, səninlə birlikdə olmağı çox sevirəm, ancaq səni sevindirən şeyi daha çox sevirəm”,- dedim.

      Sonra qalxdı, gözəl dəstəmaz aldı və namaza durdu. Ağlayırdı… O qədər ağladı ki, paltarı, mübarək saqqalı, hətta səcdə etdiyi yer tamamən islandı. O, bu halda ikən Bilal t namaza çağırmağa gəldi. Ağladığını görüb:

      “Ya Rəsulallah, Allah-Təala sizin keçmiş və gələcək günahlarınızı bağışladığı halda nə üçün ağlayırsınız?”,- dedi.

      Rəsulullah r:

      “Allaha çox şükür edən bir qul olmayımmı?”,- buyurdu. (İbn Hibban, II, 386)

      Şükür nemətlərin əsl sahibini tanımaq və onları ehsan edən Rəbbə özü, sözü və davranışları ilə itaət halında həyat yaşamaqdır. Buna görə bütün nemətlərin Haqdan olduğunu bilib dil ilə şükür etmək lazım gəldiyi kimi həmin nemətlərdən məhrum olanlara ikram etmək də feli şükrün ən gözəl təzahürlərindən biridir.

      Mənən tərbiyə olunmamış xam nəfsin arzu və ehtiraslarının sonu gəlməz. Şükür etməyi bilməyən, qənaət və rizadan məhrum insanların halını Rəsulullah r belə təsvir edir:

      “İnsan oğlunun bir vadi dolusu qızılı olsa, bir vadi də istəyər. Onun gözünü torpaqdan başqa heç nə doldurmaz…” (Buxari, Riqaq 10; Müslim, Zəkat, 116-119)

      Bu dünyada qəlb rahatlığının qaynağı əldə olana qənaət, hala riza və nemətlərə şükürdür. Ona görə də arif insanlar bu dünyada məhrum qaldıqları nemətlərin həsrətiylə iztirab çəkməkdənsə nail olduqları nemətlərin qədrini bilərək könül hüzuru ilə yaşayarlar. Qafil insanlar isə əllərindəki nemətlərin qədrini bilməyib, onlara təqdir edilməmiş nemətlərin həsrəti ilə səadətdən məhrum olarlar. Nail olduqları nemətlərin azlığının, yoxsa çoxluğunun onlar üçün daha xeyirli olduğunu bilmədən daima artığını istəyərlər.

      Bu xüsusda Rəsuli-Əkrəm r –in Sələbəyə etdiyi xəbərdarlıq hamımız üçün böyük dərs mahiyyətindədir:

      “Şükrünü edə biləcəyin az mal şükrünü əda edə bilməyəcəyin çox maldan daha xeyirlidir…” (Təbəri, Camiul-Bəyan, XIV, 370-372)

      Digər tərəfdən insan oğlu imanın açarı olan ruhani təfəkkürdən uzaqlaşdıqca bəxş edilmiş olan nemətləri ilahi lütf kimi yox, təbii bir haqq olaraq görməyə başlayar. Bu isə insanı üzərindəki saysız-hesabsız nemətləri görməkdən məhrum qoyaraq sanki kor edər.

      Allah-Təala Qurani-Kərimdə:

      “Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!”,- (ət-Təkəsur, 8) buyurmaqdadır. Beləliklə də üzərimizdəki bütün nemətlərin məsuliyyətinə diqqət çəkir. Bu ayə nazil olanda başını soxmağa çadırı belə olmayan yoxsul bir səhabə ayağa qalxaraq sual verdi:

      “Mənim üzərimdə (hesaba çəkiləcəyim) nemətlərdən nə isə varmı?”.

      Rəsulullah r isə:

      “İstifadə etdiyin ağacın kölgəsi, (ayağına geyindiyin) nəleyn və (içdiyin) soyuq su”,- cavabını verdi. (Bax. Süyuti, VIII, 619)

      Bu sözü ilə heç nəyə sahib olmadığını düşünən bir insanın belə axirətdə hesabı veriləcək bir çox nemətlərlə təchiz olunduğuna işarə etdi.

      Bu anlayışla düşünsək asanlıqla dərk edərik ki, istifadə etdiyimiz hər varlığı Allah-Təala bizim üçün yaratmışdır.

      Məsələn, kölgəsindən, meyvəsindən, qəlbə fərəh verən rayihəsindən və göz oxşayan xoş mənzərəsindən istifadə etdiyimiz nəbatatı; ətindən, südündən, dərisindən faydalandığımız heyvanatı, içdiyimiz şirin suları, digər heyvanlara verilmədiyi halda bizə lütf edilən müstəsna nemətləri Rəbbimiz bizim üçün lütf etdi. Dünyanı, atmosferi, toprağı, suyu həyat üçün əlverişli dərəcədə həssas ölçülərlə yaradaraq xidmətimizə verdi.

      Xülasə, Allah-Təalanın bizə ehsanı olan nemətləri saymaqla qurtara bilmərik. Necə ki, ayeyi-kərimələrdə buyurulur:

      “Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!”. (əl-Casiyə, 13)

      “(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur.” (İbrahim, 34)

      Deməli, dünyada heç nəyi olmadığını fikirləşən, ehtiyac içində yaşayan bir insan belə -əgər yaxşı təfəkkür edə bilsə- şükr etməli olduğu xeyli sayda nemətlərin içində üzdüyünü anlayar. Bunun nəticəsində də hüzur və şükür halında olar.

      Bunun əksinə, insan saysız-hesabsız nemətlərə qərq olsa da bu nemətlər üzərində layiqincə təfəkkür etmədiyi təqdirdə heç nəyi yoxmuş kimi daxili narahatçılıq və stres halı yaşayar. Bu hal zəmanəmizin ən mühüm problemlərindən biridir.

      Zira kapitalist, liberal və materialist sistem insanların şüur altına durmadan:

      “Daha çoxuna sahib olmalısan, daha çox istehlak etməlisən!..” təlqinləri göndərir. Nəfsani iştahların reklam və modalarla durmadan təhrik edilməsi nəticəsində insanlar heç bir neməti kafi görməyib qənaətsizliyin gətirdiyi ruhi böhranlardan xilas ola bilmirlər. Bu gün dünyanın bir tərəfi maddi rifahın zirvəsində, lakin eyni zamanda ruhi böhranların pəncəsindədir…

      Rəsulullah r isə könül hüzuruna nail olmağın bir növ resepti mahiyyətində olan bu qiymətli tövsiyələri edir:

      “Həyat şərtləri sizinkindən daha aşağı olanlara baxın, sizdən yaxşı olanlara baxmayın! Bu, Allahın üzərinizdəki nemətini xor görməməyiniz üçün daha davranışdır”. (Müslim, Zöhd 9)

      “…Kim dini xüsusunda özündən üstün olana baxıb ona tabe olar, dünyası xüsusunda da özündən aşağı olana baxıb Allahın verdiyi üstünlüyə həmd edərsə, Allah həmin adamı şükür edən və səbirli olanlardan yazar…” (Tirmizi, Qiyamət, 58/2512)

      Məhz bu nəbəvi təlqin və təlimatların bərəkəti ilə bütün maddi imkansızlıqlara baxmayaraq əsri-səadət dövründə heç bir ruhi böhrana rast gəlmirik. Əsri-səadət cəmiyyəti qənaətin, zöhdün, təqvanın və əsl həyatın axirət həyatı olduğu həqiqətini idrak etməyin verdiyi könül hüzuruna qovuşmuşdu. Beləliklə şəxsi problemlərini aşmış, qayğıkeş ruhla əbədi səadət mesajını bütün dünyaya daşıma davasının ülvi həyəcanına bürünmüşdülər.

      Xülasə, bir stəkan su verənə belə təşəkkür borcu hiss etmək lazım gələrkən, üzərimizdəki saysız-hesabsız nemətlərin təfəkküründə dərinləşərək -fərqində olduğumuz və ya olmadığımız- bütün ehsanları üçün Rəbbimizə şükür etməli, Onu daim həmd ilə təsbih etməliyik. Layiqincə şükür edə bilməkdən aciz olduğumuz üçün də əfvimizi diləyib istiğfara davam etməliyik.

      Allah-Təala həmd, şükür, zikr, riza və dua hallarını həyat şərtlərimiz dəyişsə də, könlümüzün dəyişməz vəsfi etsin.

      Amin!..

       


      [1] Kavak, Dîvân, beyt: 1140-1146.

      [2] Müslim, Salət, 222.

       

      • Hits: 341 clicks

      Tecox component by www.teglo.info