Salih Zeki Meriç - RƏHMƏTİN DƏRYALAR KİMİ EY RƏBBİM!

      Share

      Rəhmətin dəryalar kimidir, ey Rəbbim! Hər zaman qorxu ilə ümid arasındayıq. Ancaq sən “rəhmətim qəzəbimi keçdi” deyirsən. Ümidimiz artır sənin əfv və məğfirətinə.

      Biz qulların qəflət dənizində üzərkən sənin mərhəmətin olmasaydı necə olardı halımız? Sənin yazığın gəlməsəydi bizə, kim qurtarardı düşərkən uçurumlara? Sənin himayən olmasaydı kim olardı bizim himayəçimiz? Sənin yolumuza yandırdığın şamlar; nəbilərin, rəsulların, dostların olmasaydı kim aydınladardı yolumuzu...

      Ey Rəbbimiz! Sən rəhmansan, rəhimsən, əfüvsən, kərimsən. Nə varsa səndən tərəf, təslim olmuşuq sənin divanında...

      Yolumuzu çaşsaq, çıxmazlara girsək və çox zaman çıxsa da qabağımıza nəfsimizin əngəlləri, sənin rəhmətinlə ümidlərimiz tumurcuqlanar.

      Sənin şəfqətinin dinc limanına sığındıq. Həmd olsun ki, Rəbbimiz var dedik. Və şükür etdik həmişə mərhəmət edən bizə, sən varsan deyə...

      Dünya bizim ən ağır imtahanımızdır ya Rəbbi! Dünya və dünyəviləşmək. Çox azımız keçə bildi dünya ilə əlaqəli imtahanları. Dünyanı sevdik Allahım! Burada yaşamağı məqsəd sandıq. Bu dünyada özümüzə yeni bir dünya qurduq, qonaq olduğumuzu unudaraq. İçində müxtəlif aldadıcı ünsürlərin olduğu bu balaca dünya bizi küləyin önündəki yarpaq kimi oradan oraya sovura-sovura durdu. Hansı həvəsimizə qurban getdiyimizi belə qarışdırdıq... Dünyalıqlarımızlaxoşbəxt olacağımızı sandıq. İçimizdəki insani zəflərimizin əsiri olduq. Dünya öndə biz arxada, bilmədiyimiz girdablara tərəf yol aldıq. O qədər çox imtahan vəsiləsi ilə qarşımıza çıxdı ki dünya! Gənclik dedi, mövqe dedi, mal-mülk dedi, oğul-uşaq dedi, şöhrət dedi, mənlik və bəqa dedi. Aldatma üstünə aldatma. Biz bunları həyatın özü, hətta məqsədi sandıq ya Rəbbi! Özümüzdən ayıra bilmədik heç birini. Heç biri buraxmadı arxamızı. Vasitə olmalı olan hər şey məqsəd oldu.

      Mərhəmətin olmasa ya Rəbbi, biz necə taparıq doğru yolu? Necə fərqində olarıq qəflətimizin?

      Dünya bəzən gəncliyin baş döndürən tüfeyli həvəsləri ilə çıxdı qarşımıza. Cilovlanması çətin olan hisslərlə. Özünü bilməyən, həddini bilməyən hərəkətlərə sürüklədi bizi. Üzünə cürbəcür maskalar taxmış, çəkici, əndamlı, gözaldadıcı duyğularla tam bir cazibə ilə özünə çağırdı bizi.

      Gənclik qəfləti məqbuldurmu? Gəncin dərdi olmazmı? Gəncin axirət narahatçılığı, hesab narahatçılığı olmazmı? Sənin kitabında dərdli olmağın cavanı-qocası yoxdur, ya Rəbbi! Sənin hüzurunda hər mömin eyni dərəcədə məsuldur. Hətta bir gənc daha çox dərd sahibi olmalıdır. Daha çox ümmət məsuliyyəti içində olmalıdır. Ancaq həqiqi üzünü göstərməyən bu dünyanın gənc deyə təqdim etdiyi, adi hisslərin əsiri, anlıq həvəslərin qurbanı bir gənclik idi. Biz iffətini qoruyan, izzətini imanından alan Əfəndimizin ətrafında kəpənəklər kimi qanad çalan, onun atəşinə pərvanə olan gənclər olmaq istəyirik Allahım!

      Ey Rəbbimiz!

      Bu dünya bizim qarşımıza məqam-mövqe libası ilə çıxdı. Bütün gələcəyi özündə göstərdi. Kiçik iradələrimizə guya böyük şöhrətlər təklif etdi. Biz də aldandıq ya Rəbbi! Aldandıq ki, bu aldanışla özümüzə gələ bilmədik. Bu dünya arxasınca gedənləri tuli-əməl duyğularıyla sardı. Ehtiraslar, sevdalar dünyalıq ümidlər verdi. Dünya keçici həvəsləri, əbədilik sifətiylə təqdim etdi. İnsanın zəflərinə görə seçənəklər göstərdi. Kimin həssas nöqtəsi nə isə ona oradan gözəl göründü. Dünyanın həqiqi üzü deyildi bu. Kainatın Əfəndisinə də eyni göstəriş ilə gəlmişdi.

      Əfəndimizin mağara yoldaşı, Hz. Əbu Bəkr Siddiq danışır:

      Bir gün deyir, rəsulullahın özündən nəyisə uzaqlaşdıran kimi hərəkətlər etdiyini gördüm. Ya rəsulallah, özünüzdən uzaqlaşdırmağa çalışdığınız şey nə idi? – deyə soruşdum. Əfəndimiz (s.ə.s): “O dünya idi. Bir şəklə girib mənə gəldi. Onu rədd edib dedim ki, məndən uzaq dur. O da qayıdıb mənə dedi ki: “Sən məndən qurtuldun, ancaq səndən sonra heç kim məndən qurtula bilməyəcək...”

      Ey Rəbbimiz, Rəsuli-Kibriyanı qurtardığın bu dünyadan bizi də qurtar nə olar!

      Ey Rəbbimiz, dünya arxamızca düşüb. Hər cür göstərişi və hər cür aldatmacasıyla. Bəzən mənlik hissləri ilə çıxdı qabağımıza. Şişirdilmiş bir mənlik. Başı ucalarda hiss etdirən bir eqoizm. Bitməyən dünyalıq hesablarla gələcək sevdalarının uçurumlarına itərək hər cür nazını şirin göstərərək. Sən kitabında, “Yer üzündə lovğalanaraq gəzmə, çünki sən nə yeri yarada bilərsən, nə də boyun dağlara çata bilər”, - buyurursan. Biz kiçicik boyumuzla özümüzü bir şey zənn elədik. Kibirə düşdük. Dünya sevgimiz bizi qürura sürüklədiya Rəbbi!

      Ey Rəbbimiz!

      Sən yenə Quranında, “Qadınlar, uşaqlar, yük-yük qızıl və gümüş, salma atlar, mal-qara və əkinlər kimi nəfsin şiddətlə arzuladığı şeylər insana bərbəzəkli göstərildi. Bunlar dünya həyatının dolanışığıdır. Halbuki əsil gediləcək gözəl yer ancaq Allahın qatındadır”, - buyurursan.

      Bu dünyanın müvəqqəti, axirət yurdunun əbədi olduğunu bildirirsən Tövbə surəsində. Cənnətlə müjdələyirsən biz qullarını. Dünya həyatına dalan bizlərə axirət həyatını xatırladırsan. Əslində axirəti xatırladaraq bizim, dünyanın və içindəki həvəslərimizin keçici, sənin, axirətin və cənnətin əbədi olduğunu bildirirsən.

      Ey Rəbbimiz! Azğın nəfsimizə hakim ola bilmək iradəsi ver bizə. Gəncliyin güclü aldatması yerinə təskin olmuş bir hal ver. Mal-mülk sevgisinin yerinə qəlbimizə sənin və səni sevənlərin sevgisini yerləşdir. Dünyalıq ehtirasları bizdən al və gözümüzdə böyütdüyümüz istiqbal narahatçılığımızın yerinə axirət və cəmalullah həsrəti ver. Qəlbimizdə sənin sevgindən çox başqa sevgi olmasın. Sözlərimizə sükut, könlümüzə fərahlıq, qəlbimizə sürur ehsan eylə ey Rəbbimiz!

      • Hits: 432 clicks

      Tecox component by www.teglo.info