Fuad QULİYEV - Kitab oxuma (ma) sendromu

      Share

      Müəllim sinifə girib yoxlama apardıqdan sonra dərsinə başlayırdı. Şagirdlər bu il müəllimin yay tətili üçün hansı tapşırıqlar verəcəyini həyəcanla gözləyirdilər. Müəllim: “Bu il sizə tapşırıq verməyəcəm”,- dedi. Sinif bir anda sevinməyə başladı... 

      “Bunun əvəzində sizdən bir xahişim olacaq”,- deyərək müəllim sözünə davam etdi: “Aranızdan bir neçə yoldaşınızın mənə kömək etməsi üçün müəllimlər otağına gəlməsini xahiş edirəm”. Dərhal bir neçə şagird ayağa qalxdı və müəllimin ardınca getdi. Şagirdlər, müəllimin nə etmək istədiyini anlamağa çalışırdılar. Biraz sonra müəllim və şagirdlər qucaqlarındaonlarca kitabla sinifə girdilər. Müəllim şagirdləri bir müddət süzdü. Onların maraqlarını və duyğularını hiss edə bilirdi. Masanın üzərindəki kitablardan birini əlinə aldı və üzərindəki tarixi oxudu. Kitabın səhifələrini çevirərək qoxulamağa başladı. Dərin bir ah çəkərək sözə başladı. “Bu kitabı müəllimim mənə hədiyyə etdiyi vaxt mən beşinci sinifdə oxuyurdum. Evimizdə oxumaq üçün bir tək kitab yox idi. Bağçamızda gilas ağaclarının altında oturub hər bir səhifəsini böyük bir həvəslə və diqqətlə oxuyardım. Çox yaxşı xatırlayıram; anam kitabı bir vaxt anbarın bir yerinə qoymuşdu və günlərcə onu axtarmışdım”. Müəllim bir müddət susqun durdu. Bütün şagirdlər diqqətlə müəllimi dinləyirdilər. Müəllim kitabları qruplara ayırdı və şagirdlərinə dönərək:  “Bu gun sizə xəzinəmi gətirdim. Bu xəzinəmi ancaq siz qoruya bilərsiniz. Gətirdiyim kitablara məmləkətimin fərqli bölgələrinin çiçək qoxuları hopmuşdu. İşlədiyim bölgələrdə bütün şagirdlərim bu kitabları oxudu. İndi sıra sizdədir... Hər birinizə sadəcə fərqli kitablar deyil, eyni zamanda fərqli uşaqlıq xəyallarını da verirəm. Oxuyun və uşaqlığınız tozlu rəflərdə qalmasın”.  Şagirdlər kitabları sevinclə aldılar. Müəllimin verdiyi kitablardakı keçmişin uşaqlıq coşqusu, hər şagirdin ürəyində yenidən çiçəklənməyə başladı...

      Bu hekayə oxumağın ən gözəl yaş dönəmi olan uşaqlıq illərində bir vərdiş halına gətirilməsi üçün başlama etabının mahiranə bir şəkildə necə təməlinin qoyulduğunu göstərir. Unudulmaz xatirələri yaddaşlara həkk olunmuş bir hadisəylə yad edilən bəzi kitablar və onların tarixçələri insanlarda oxuma marağını daha da artırar.

      Müəyyən qədər kitab oxuma mühitlərinin bir parçasıolan və ya var olduğunu hesab edən,həmçinin oxuma mədəniyyəti ilə pis-yaxşı arası olan insanların ən çox qarşılaşdığı problemlərdən biri məhz kitab oxumaq və ya oxuya bilməməkdir.

      Oxumaq insanın ən asan və ən effektiv öyrənmə vasitəsidir. İnkişaf etmiş cəmiyyətlər sahib olduqları məlumatların altmış faizini bu yolla əldə etmişdirlər. Geri qalmış cəmiyyətlərin  qarşılaşdıqları problemlərin çoxunun təməlində isə oxumamazlıq və zəif təhsil anlayışı yer alır. Məhz bu cəmiyyətlərdə fərdlər, oxuyaraq keçirə biləcəkləri zamanı çox vaxt faydasız işlərə xərcləyərlərlər.Bu da öz növbəsində toplumun savadsızlığına aparıb çıxaran ən əsas amil kimi ön plana çıxır. Kitabla yetişən nəsillər daim uğurlara və nailiyyətlərə imza atarlar. Bu nəsillərin günlük söhbətləri belə fərqlidir. İnsanlarla söhbət edərkən belə fərqli bir xarakter və ruh halına sahib olduqları sözlərindən və hərəkətlərindən məlum olur.

      İnsanın yaşama mənalı başlaması, özünə aşağı yaşlarda bir yol və gələcək təyin etməsi, gələcəyində birlikdə olduğu insanlarıdaha yaxşı, daha doğru və gözəl tanıması məqsədi ilə müəyyən vasitələri tapması üçün göstərdiyi səylər gücünə güc qatar.

      “Bilginin insana verdiyi xoşbəxtlik nə pul, nə də sərvət ilə ölçülər”, şəklində qeyd olunan ifadənin son dərəcə həyati mahiyyət daşıdığını görmək mümkündür.İbn Sina kimi elmdə cığır açmış bir alimin “gecələrim səhərlərə qədər oxumaqla keçərdi”, Katib Çələbinin “şamlar əriyib bitər, günəş doğar və mən oxumağa davam edərdim”, Montesqunun “üzüntülərimi oxuma ilə təskin edərdim”, məşhur Nobel mükafatçısı kimyaçı Mariya Kürinin “yoxsulluqlar içərisində olmağıma baxmayaraq gecələri küçə işıqları altında dərs çalışaraq təhsilmi tamamladım”, kimi dünya elm tarixində iz qoymuş dahilərin ifadələri oxuma həvəs və mədəniyyətinin nə cür nəticələr ortaya çıxardığını gözlər önünə sərir.

      Həyatı dərk etmək, hadisələri təhlil etmək üçün müəyyən bir şüur və potensialın meydana gəlməsi üçün oxumaq vaz keçilməz yoldur. Bunun üçün isə planlı və intizamlı bir şəkildə çalışmaq, mütaliə etmək, bunun nəticəsində əldə olunan dəyərləri düşünərək emal etmək lazımdır. Əks halda oxuduqlarını təfəkkürə çevirmədikcə müsbət bir nəticə əldə etmək olmaz və sanki faydasız bir iş görülmüş hesab olunar.

      Həyatımızda hansı texnoloji inkişaflar olursa olsun, bilgi və informasiyanı nə qədər tez əldə ediriksə edək, heç bir səbəb bizi “səhifələrə dürülmüş”, “özünə məxsus qoxusu olan”  və daha bir çox xüsusiyyəti daşıyan, cansız kimi görünən, ancaq həyata və insanlara nəfəs verən kitablardan və kitab sevdamızdan məhrum etməməlidir…

      Oxumaq, həyatı dərk etmək, onun təfərrüatlarını qavramaqdır. Oxumaq, məsuliyyətlərimizi bilmək və bu məsuliyyətləri bizə yükləyərək imtahana tabe tutan Uca Yaradanı tanımaq deməkdir. Bir sözlə əsl oxumaq qurtuluşa nail olmaqdır…

       
      • Hits: 621 clicks

      Tecox component by www.teglo.info