Müsahibə - PROF. DR. KAMİL GÜNEŞ

      Share

       “KAMİL İNSAN VƏHYLƏ KAİNATI BİRLİKDƏ OXUYA BİLƏNDİR”.

      Kamil Güneş kimdir?

      1967-ci ildə Konyanın Kadınhanı qəsəbəsində dünyaya gəldi. 1985-ci ildə orada İmam-Xətib liseyini, 1989-cu ildə Səlçuk Universitetinin İlahiyyat fakültəsini bitirdi. 1990-92-ci illərdə Yozgat / Sarıkaya İHL-də müəllim işlədi. 1992-ci ildə oxuduğu fakültədə araşdırmaçı kimi fəaliyyətə başladı.

      1993-cü ildə İbnul Hümamın Qədər Anlayışı adlı magistratura işini, 2001-ci ildə isə Kəlam Məzhəblərinin Fərqlənməsində Nasların Rolu – Bakillani və Qazı Abdulcabbarda Kəlamullah Məsələsi Örnəyi başlıqlı elmi işi tamamlayaraq doktor ünvanına layiq görüldü. 2009-cu ildə Kəlam sahəsində dossent, 2014-cü ildə professor oldu.

      Ağıl və Nass, İslam Düşüncəsində Müqəddəslik, İman və Yorum, Əsma və Əhkam adlı kitabları ilə yanaşı  bir sıra məqalələri, fransız və ərəb dillərindən tərcümələri nəşr olundu.

      1994-95-ci illərdə Tunisdə oldu. Araşdırma, səyahət, konfrans və seminar məqsədi ilə Belçika, Almaniya, Fransa, Hollandiya, Lüksemburq, İspaniya, Gürcüstan, İran, Makedoniya və Misirdə oldu. Bu əsnada Əndəlüsü araşdırma imkanı əldə etdi. 2002-2005-ci illərdə Bakı Dövlət Universitetinin İlahiyyat Fakültəsində müəllimlik etdi.

      2006-2010-cu illərdə akademik, elmi jurnal olan “Marife” jurnalının redaktoru kimi fəaliyyət göstərdi. 2015-ci ilə qədər Prof. Dr. Kamil Güneş N. Erbakan Universitetinin İlahiyyat Fakültəsində Kəlam bölümündə akademik kimi işlədi. 3 aprel 2015-ci ildən etibarən Türkiyə Cümhuriyyəti Böyük elçiliyi Bakı Din Xidmətləri Müşaviri vəzifəsinə təyin edildi. Evlidir, üç övladı var. Fransız, ingilis və ərəb dillərini bilir.

       

      İrfan:Müsəlman üçün “oxumaq” nəyi ifadə edir və ya etməlidir?

      Kamil Güneş: Oxumaq bir insanın insan ola bilməsi üçün etdiyi ilk hərəkətdir, əməldir. Oxumaq əslində iki mənanı ifadə edir: Biri düşünmək mənasında, hadisələri dəyərləndirib qiymət vermək mənasında, digəri isə bizim bildiyimiz, yazılı mətni oxumaqdır. Peyğəmbərimizə ilk enən ayədə “iqra” deyilir. İnsan bədən və ruhdan ibarətdir. Bədəni torpaqdandır, Allah-Təala onu torpağın müxtəlif mərhələlərindən yaratdığını bildirir.Bir də “ruhumdan üfürdüm” deyir. Buradakı ifadə, Allahın ona qiymət verməsi mənasındadır. “Ruhumdan üfürdüm” sözündən anlaşılan budur ki, insanın əsas özü onun torpaqdan yaradılan bədəni deyil, ruhi quruluşudur. Bu ruhi quruluşu onu digər varlıqlardan ayıran xüsusiyyətidir. Əflatuna aid olduğu deyilən bir söz var; varlıqlar üç qismə ayrılır:Ən alt təbəqədə bitkilər yerləşir, onlar qidalanırlar, ancaq hərəkət etməzlər. Bir üst təbəqə olan heyvanlar həm altdakının xüsusiyyətini daşıyır, qidalanır, həm də əlavə olaraq hərəkət qabiliyyətinə malikdir. Ən üst təbəqədə isə insanlar var, onlar həm qidalanır, həm hərəkət edir, həm də fikir sahibidirlər. Yəni varlığını, haradan gəldiyini, haraya getdiyini, bu həyatın mənasını və məqsədini düşünər? Bu cür suallara cavab axtarmaq, insanın öz həyat hekayəsini, bu kainatdakı yerini düşünüb sorğulaması da elə oxumaqdır. İnsanbunu dərk edəndə öz varlığını, mənliyini dərk etmiş olur. Yox əgər insanda bu idrak olmazsa insan sadəcə bədən xüsusiyyətləri ilə, sadəcə yeyib-içən, hərəkət edən varlıq olar və heyvanlar aləmindən fərqi qalmaz. Quran bir çox yerdə inanmayan insanların halını anladarkən, “onlar heyvanlar kimi yeyib-içərlər...” buyuraraq insanları onlardan üstün qılan yönünüvə var oluş məqsədini bilən, bu məqsəd istiqamətində çalışan bir varlıq olaraq göstərir. Oxumaq, belə baxanda bizə öz varlığımızı düşündürür.

      Bir də bildiyimiz kimi, yazılı mətnləri oxumaq var. İki fikri birləşdirəndə, öz varlığını başa düşən insan yazılı mətni oxumağa yönələr, oxumaq ehtiyacını hiss edər. Bu da ruhun qidalanmasıdır. Bu qidalanma özünü həyatın mənası halına gətirər. Niyə yaradıldığını bilməyən, həyatın məqsədini düşünməyən insanın əlinə yazılı mətn versəniz, bu onun üçün bir şey ifadə etməz.

      Yaradılmış olduğumuzu biliriksə və bizi yaradan bizi bizdən daha yaxşı tanıyırsa, bu həyatı bədən və ruhdan ibarət insanlığımızı tam olaraq əhatə edəcək olan bir qidalanmanın ancaq ilahi vəhylə mümkün ola biləcəyini bilməliyik. Buna görə də rəbbimiz, Hz. Adəm (ə.s)-dan peyğəmbərimiz (s.ə.s)-ə qədər davamlı vəhy göndərmişdir. Vəhy oxunan, tilavət edilən bir şeydir. Vəhydə həm qiraət var, həm də tilavət. İlk enən ayə, “iqra” oxu, dərk elə, düşün mənasındadır. Quranda bir çox yerlərdə də “sənə endiriləni tilavət et” ifadsi dəvar. Tilavətin oxumaq yanında bir mənası da təqib eləmək, izləməkdir. Bunun mənası, mələyin sənə gətidiyi vəhyi olduğu kimi izlə deməkdir. Yəni nə ona bir şey əlavə et, nə də azalt, olduğu kimi götür. Bir gözəl mənası da, onu sadəcə kəlmə olaraq oxuma, düşüncəni, həyatını, inancını, əxlaqını ona görə formalaşdırıb vəhyi təqib et şəklindədir. Yəni Quran oxumaq sadəcə onu gözəl oxuyub, gözəl səsə, gözəl oxuyuşa məst olub dinləmək deyil. Əsas oxumaq onun inanc, əqidə, əməl və əxlaqının həyatda tətbiq və təqib edilməsidir. Bədənimizi bəslədiyimiz kimi ruhumuzu da vəhylə bəsləməliyik.

       

      - İlk əmrin “oxu” olduğunu dediniz. Buradakı oxumaqla həm dətəhsil qəsd oluna bilərmi?

      - Allahın ilk əmri “oxu”dur. Quranın ilk enən beş ayəsində oxumaq və yazmaqla əlaqəli altı kəlmədən istifadə edilib. Öyrənmək, oxumaq, öyrətmək, qələm kəlmələri zikr olunub. Allah-Təala vəhyini endirdikcə qaranlıqlar bizim üçün aydınlanır. Vəhylə birlikdə olan insanlar aydındır. Allahın nuru ilə aydınlanmayan insan qaranlıqlar içərisindədir. Nə qədər dil bilməsi, nə qədər elm sahibi olması mühüm deyil. Bütün bu müsbət elmlər ilə kainatın sahibini tapa bilmirsə, o adam bilgisinə baxmayaraq qaranlıq içərisindədir. Elmin, bilginin qaynağı Allah-Təaladır. Bu qaynağı bilmək üçün də oxumaq lazımdır. Bu yöndən baxanda o vaxtkı ərəb cəmiyyətində oxuma-yazma bilənlər barmaqla sayılacaq qədər az idi. Allah-Təala belə bir topluluğa “oxu” əmri ilə başladı. Demək ki, bir insanın özünü inşa edə bilməsi, maddi və mənəvi olaraq var ola bilməsi, pis işlərini tərk edə bilməsi, şirkdən uzaqlaşması, əxlaqını gözəlləşdirməsi, mənasız və mənfi işlərdən hicrət edərək müsbət işləri özünə hakim edə bilməsi üçün bir rəhbərə ehtiyacı var. Bu rəhbər vəhydir, peyğəmbərlərdir. Hər şeyi Allahın ən yaxşı bildiyini qəbul edən bir müsəlmanın bu bilgilərin yer aldığı müqəddəs kitabını oxumaması kimi bir təzad ola bilərmi? Bu həyatla əlaqəli hər şeyin ən doğrusunu Allah bilirsə niyə bu fürsəti Allaha vermirik? Niyə özümüzü tanrılaşdırıb istədiyimiz kimi yaşamaq və düşünmək yolları axtarırıq? Buna görə də oxumaq insanın sadəcə özünü tanımasına, doğru yolu tapmasına xidmət etməlidir. Günümüzdə çox kiçik mübahisələr səbəbi ilə bir-birini yox etmə meyli göstərən cəmiyyətdən mərhəmət cəmiyyətinə, sevgi cəmiyyətinəgedə bilməyin yolu vəhydən keçir, oxumaqdan keçir. İnsan həyatını dəyişmək istəyirsə, daha yüksək səviyyəyə qaldırmaq istəyirsə, Quran oxumaqdan başqa çarəsi yoxdur.

       

      -Ramazan və Quran arasında necə bir əlaqə var?

      - Allah-Təala Quranı Qədr gecəsində endirdik, buyurur. Ramazan Quran ayıdır. Ramazana on bir ayın sultanı deyirik. Necə ki, insan sultanın buyuruğunu yerinə yetirər, Ramazanda da Quranla arası yaxşı olan insanlar Ramazandan sonra da o sultanın əmri kimi Quranla əlaqəsini qopartmamalıdır. Bədənimiz qida almayanda zəifləyib çökdüyü kimi ruhunu vəhylə, Quranla bəsləməyən insan da çaşqın-çaşqın gəzər, başını hansı qayaya, hansı bəlaya vuracağı bilməz. Digər kitablar əslində Quranı başa düşməyə xidmət etməlidir, deyilir. Günümüzdə bəzi insanlar var ki, bu sözü şüar edib Quranı başa düşmək üçün digər kitabları oxuyarlar, amma Qurana növbə çatmır nədənsə. Həyatımızı düzənli hala gətirmək, bütün dünyəvi problemləri aşmaq üçün Qurana çox ehtiyacımız var. Quran durmadan bizə yol göstərir və kitabın sahibinin sözünü xatırladır, oxu deyir. Sadəcə kəlmə olaraq deyil, məna olaraq da oxunur. Kainat oxunur, gecə oxunur, gündüz oxunur, insanın öz yaradılışı oxunur, bitkilər meyvələr oxunur... Bütün həyat oxunur və deyirik ki, bunlar Allahın ayələridir və onun varlığını sübut edir. Quran oxumaq insanın həyatına mənəvi rəhbərlik edər və mənəvi hüzur verər.

       

      - Quran oxuyaq dediniz. Sizcə Quran necə oxunmalıdır?

      - Məncə çox önəmli bir xüsus var, hər müsəlmanın Quranın ərəbcə mətnindən əlavə məalını, tərcüməsini başdan-sona oxuması lazımdır. Tərcümə oxunmalıdır, amma bunu da bilmək lazımdır ki, tərcümədəki mətn Allah kəlamı deyil. Tərcümə o tərcüməni edən şəxsin Qurandan, o ayədən nə başa düşdüyüdür. Buna görə də bir tərcümə yox, müxtəlif tərcümələri oxumaq lazımdır. Aralarında fərqlər olacaq. Sadəcə bu məal doğrudur demək səhvdir. Həqiqəti anlamağı sadəcə bir kişiyə xas qılmaq doğru olmaz. Bu mənada tərcümələrin çoxalması gözəl bir inkişafdır. Tərcümədə xətası olanlar da ola bilər, insandır, başa düşməyə çalışır və öz başa düşdüyünü yazır. Amma Quranda xəta yoxdur, Allah xəta etməz. Tərcümə edənlərin xətalarını ən az səviyyəyə endirmək üçün fərqli məalları oxumaq lazımdır. Bəzən başa düşmək üçün tərcümə yetməyə bilər. İnsan məaldan nə başa düşübsə, məna təkcə bundan ibarət deyil. Buna görə də təfsir oxunmalıdır. Bunun üçün hər hansı bir surədən, ən çox oxunan surələrdən başlana bilər. İbni-Kəsir, Təbəri və ya Qurtubinin təfsiri, Elmalılının təfsiri və ya Yəhya Bakuvinin təfsiri ola bilər. Bir səhifəni oxuyub onun haqqında fərqli təfsirlərdəki açıqlamanı oxusaq çox faydalı olar. Hər müfəssir mövzunun ayrı bir yönünə əhəmiyyət vermiş ola bilər. Nə qədər çox fərqli kitabdan istifadə etsək, xəta payını o qədər azaltmış və doğruları bir araya gətirmiş olarıq.

       

      - Ümumiyyətləçox oxumağın zərəri ola bilərmi?

      - Quranı çox oxumaq barəsindəPeyğəmbərimiz (s.ə.s): “Quranı üç gündən tez xətm edən onu başa düşməmişdir”,- buyurub. Çox savab olsun deyə hər gün bir xətm endirsən Quranı başa düşməzsən. Başa düşmək əsasdır. Quran buna görə hissə-hissə endirilib. Hissə-hissə, “peyğəmbərin qəlbinə yerləşdirmək” üçün bu şəkildə nazil olub. Üç gündən tez oxuyan, ərəb də olsa mənasını dərk etmədən ləfzini təkrarlamış olar. Ramazanda, bir ayda xətm normaldır. Ancaq ondan sonra bir il boş gözləmək də doğru olmaz. Bütün ilə, bütün ömrümüzə yayılmalıdır. “Əməllərin fəzilətlisi az da olsa davamlı olanıdır” hədisini unutmamaq lazımdır. Üç gün sərhəddini aşmayaraq hər kəs gücü çatdığı qədər oxumalıdır. Kimisi bir ayda xətm edər, kimisi bir həftədə, kimisi iki ayda. Şəxsə görə dəyişir.

       

      - Oxuma ardıcıllığımız necə olmalıdır?

      - Müsəlman ilk növbədə Quranı oxumalıdır. Sonra hədis gəlir. Hədislər Quranı izah edir, peyğəmbərsiz olmaz. Hədislə yanaşı hədisin şərhi və izahını da mütləq oxumaq lazımdır. Bu hədis nəyi anladırdı, məqsədi nə idi, çox mühümdür. Bundan başqa elmihal və fiqh oxumaq da önəmlidir. Hər kəs öz məzhəbinin elmihalını yaxşı bilib həyatına yansıtmalıdır. Bunu da unutmamaq lazımdır ki, məzhəb demək din demək deyildir. Başqa məzhəbə mənsub insanları dindən çıxmış kimi görmək də doğru deyildir. Nəticədə hər biri Qurana və hədislərə söykənməkdədir. Dördüncü, siyər oxumaq, peyğəmbərimizin həyatını oxumaq vacibdir. İnsanlıqdan uzaqlaşmış, bir-birini əzən, mərhəmətsiz bir cəmiyyətdən iyirmi üç il kimi qısa bir zamanda “əsri-səadət”i qura bildiyinin nümunəsini siyərdə görürük. Peyğəmbərimizin həyatını oxumaq adi bir şəxsiyyətin bioqrafiyasını oxumaq kimi olmamalıdır. Onu təfəkkür etmək, başa düşməyə çalışmaq, hər addımını Quran işığında atdığını bilərək onu həyatımıza nəqş etməyə çalışmaq, rəhbər qəbul etmək lazımdır. Bir də düşüncə kitabı dediyimiz yorum kitabları var. Bunlar insanların şəxsi düşüncələridir. Səhvləri ola bilər, amma o insanların da təcrübələrindən istifadə eləmək lazımdır. Həyatı, özümüzü, danışmaq istədiyimiz şeylərin daha dərindən və daha ətraflı bir şəkildə necə şəkillərndirildiyini görə bilmək, daha geniş dünyagörüşü ilə baxaraq dar bir sahəyə sıxışmamaq üçün fərqli yazarların düşüncə kitablarını oxumaq da əhəmiyyətlidir. Vəhyi oxuyan, Quranı oxuyan insan özünü oxumuş olur, ətrafındakı hadisələri düzgün oxumuş olur. Vəhyi oxumaqla kainatı oxumağı birləşdirə bilsək Allaha yaxşı bir “qul” ola bilərik.

      • Hits: 654 clicks

      Tecox component by www.teglo.info