Saleh Şirinov - Quran ayı Ramazan

      Share

      Xoş gəldin, on bir ayın sultanı Ramazan..

      Xoş gəldin, Quran ayı Ramazan..

      Xoş gəldin, məğfirət ayı Ramazan..

      Xoş gəldin, yoxsulların ümidi, xoş gəldin..

      Dinimizdə zaman çox önəmlidir. Xüsusilə də insanın ömrü sayılı günlər olduğu üçün zaman onun üçün çox qiymətlidir. Bunun əhəmiyyətini, ciddiyyətini bizə öyrətmək və diqqətimizi çəkmək üçün Allah-Təala zamana və onu meydana gətirən parçalara and içərək belə buyurur:  “And olsun əsrə” (Əsr, 1),And olsun ağarmaqda olan sübh çağına!” (Müddəssir, 34), “And olsun səhərə!” (Duha, 1), And olsun işıqlanmaqda olan gündüzə” (Leyl, 2), “And olsun keçib getməkdə olan gecəyə!” (Fəcr, 4), “And olsun dan yerinə!” (Fəcr, 1). Hamısı da vəhy olan bu andların məqsədi zamanın insana şahid olduğunu xatırlatmaqdır. Bu xatırlatmanın məqsədi də insanın zamandan yaxşı, doğru və faydalı istifadə etməsidir. Əks halda insan özünə ehsan edilən zaman nemətini əleyhinə şahid qılmış olacaqdır. Bu da iki cür ziyandır; birincisi zaman əmanətini ziyan etməklə, ikincisi də onu əleyhinə şahidə çevirməklə.

      Dəyərləndirilməsi lazım olan beləsi qədr-qiymətli zamanlardan biri də, rəhmət ayı Ramazani-Şərifdir.

      Ramazan ayından söhbət gedərkən ilk ağla gələnlərdən biri də Qurani-Kərimdir. Çünki Ramazan ayı Quran ayı sayılır. Qurani-Kərim Ramazanda endirilməyə başlandığına görə Ramazan ayı Quranla qaynaşma ayıdır. Elə Ramazan ayını digər aylardan fərqləndirən özəlliyi və dəyəri Quranın bu ayda endirilməsidir.

      Bəli, Ramazan ayını qiymətli qılan xüsuslardan biri uca kitabımız Qurani-Kərimin bu ayda Əziz Peyğəmbərimizə (s.ə.s) endirilməyə başlanmasıdır. Peyğəmbərimiz və əshabı Quranı ən çox bu ayda oxuyarlar, comərdliyi ən çox bu ayda göstərərlər və ibadəti ən çox bu ayda edərdilər. Rəsulullah (s.ə.s) hədislərinin birində oruc ayının Quranla keçirilməsinin əhəmiyyətinə və fəzilətinə belə diqqət çəkməkdədir: “Qiyamət günü oruc və Quran insana şəfaət edərlər. Oruc deyər ki: `Ey Rəbbim! Mən bu adamı yeməkdən içməkdən uzaq tutdum. Mənə onun haqqında şəfaət etməyə icazə ver.` Sonra Quran dilə gələr və `Ey Rəbbim! Mən bu adamı gecə yuxusuz qoydum. Gecələr məni oxudu. Mənə onun haqqında şəfaət etməyə icazə ver` deyər. Allah-Təala hər ikisinə də şəfaətçi olmağa icazə verər və onlar da insana şəfaətçi olarlar”. (Əhməd b. Hənbəl) Hz. Fatimənin (r.anhə) bildirdiyinə görə Rəsulullah (s.ə.s) hər il Cəbraillə (ə.s) Qurani-Kərimi əzbərə oxuyardılar. Vəfat edəcəyi il isə iki dəfə oxumuşdu. (Müslim)

      Əslində bütün insanlar Ramazan ayına qovuşur. Amma Ramazan ayından istifadə edə bilənlər möminlərdir. Çünki möminlər Quranla həmdəm olan insanlardır. Quranla yaşayan, Quranla danışan insanlardır.

      Bəs biz, Quran ayı olan bu mübarək Ramazanda Quranla nə qədər həmdəm oluruq?

      Keçən Ramazandakı mən ilə bu Ramazandakı mən arasında bir fərq olacaqmı?

      Bu Ramazan Qurana uyğun olmayan söz və hərəkətlərimizdən qurtulma, Quranlı söz və davranışları yaşama fürsəti ola biləcəkmi?

      Ramazan Quran ayı olması səbəbilə Peyğəmbərimizi də coşdurardı.

      Çoxlu dua edərdi, Ramazandakı yalvarışlarını daha da artırardı,

      Və çoxlu Quran oxuyardı, Ramazanda Quran oxumasını artırardı, Quranla daha çox həmdəm olardı. Hz. Cəbraillə (ə.s) Qurani-Kərimi qarşılıqlı oxuyardılar, müqabilə edərdilər. Məqsəd Quranın Allah tərəfindən endirildiyi şəkildə qorunması, ayə və surələrin tərtibinin doğru olaraq təsbit edilməsi və bunun bir daha gözdən keçirilməsi idi.

      Bu ayda nəfsin pis arzularından və dünyəvi boş işlərdən üz çevirərək, yemək-içməyi tərk edərək insan sanki mələklərə bənzəməkdədir. Bu vəziyyətdə Quranı yeni nazil olurmuşcasına oxuyar və dinləyər.

      Ramazan ayında bütün İslam aləmi sanki bir məscid halına dönər. Elə bir məscid ki, milyonlarla hafiz o böyük məscidin hər tərəfində Quranı bütün yer üzünə eşitdirirlər. Hər Ramazanda “Ramazan ayı, Quranın endirildiyi aydır..” (Bəqərə 185) ayəsini bütün dünyaya parlaq şəkildə göstərər və Ramazan ayının “Quran ayı” olduğunu isbat edərlər. İslama mənsub bu böyük müsəlman camaatı da vaxtlarını ya Quranı oxumaqla yaxud dinləməklə dəyərləndirərlər.

      Bütün bunlar bizə bunu öyrətməkdədir ki, müsəlman olan hər kəs Quranla həmdəm ola bilməsi və bu dəyərlərdən istifadə edə bilməsi üçün Qurani-Kərimi oxumağı bacarmalıdır. Oxumağı bacarmayan, oxumağa vaxt ayırmayan hər kəs də bir an əvvəl Quran oxumağı öyrənməlidir. Yaş fərqi qoymadan, hər kəs ömründən bu ibadətə vaxt ayırmalıdır. Təbii ki, Quranla həmdəm olmaq, Qurana sayğı göstərmək sadəcə olaraq yazıdan oxumaq, yaxud Mushafa (Quran kitabına) hörmət göstərmək deyil. Quranla həmdəm olmaq və bu xüsusda bizdən istənilən Quranı oxuyub ibrət almaq, oxuyub yaşamaq, yaşamağa çalışmaq, oxuyub yaşatmaq, yaşatmağa çalışmaq, oxuyub Qurana görə həyat qurmaq və önməlilərindən biri olaraq əziz Peyğəmbərimizin; “..Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etdilər!..” (Furqan, 30) şikayətindən özümüzü qorumaqdır.

      Bəli, Ramazan Quran ayıdır. Ramazan Quranı bizə gətirdiyi üçün Ramazandır. Ona görə də Ramazanımız Quranı oxuduğumuz, anladığımız, yaşadığımız və yaşatdığımız qədər mübarəkdir. Əlbəttə ki, Quranla əlaqə sadəcə Ramazana həsr olunmaz. Ramazan vəhyin, Quranın enməyə başladığı aydır. Ona görə də ilin hər günündə və hər zamanında endiyi günkü kimi saysız kişi və qadının ürəyinə hökm etməyə davam edəcəkdir. Ramazandakı məqsədlərdən biri də bu aydakı məna iqlimini bütün ömrə yaymaq və möminin ömrünü Ramazan qılmaqdır. Çünki ömrü Ramazan olanın axirəti bayram olar. O bayram da cənnətdir.

      Ona görə də çalışaq ki, həm rəhmət ayı Ramazandan və bu ayda enən Quranın feyzindən, bərəkətindən, rəhmətindən istifadə edək. Həm Rəsulullahın (s.ə.s) bu aydan istifadə etməyənlərə qarşı olan bədduasına özümüzü qoruyaq, həm də çalışaq ki, axirətdə şikayəti-Rəsulullaha deyil, şəfaəti-Rəsulullaha nail ola bilək.

      • Hits: 611 clicks

      Tecox component by www.teglo.info