Əziz Sultanov - İÇİMİZDƏKİ SƏS İSTANBULU VƏRƏQLƏMƏK

      Share

      İstəmirəm vərəqləyim İstanbulu vərəq-vərəq

      İstanbulu addım-addım gəzmək gərək, görmək gərək

      Sanki ilk dəfə gedirmiş kimi həyəcanlandım, tələbəlik illərim üçün qucaq açan şirin və gözəl şəhərə yola düşəndə. Bir işgüzar səfər tərkibində, İrfan jurnalının yazarları və təmsilçiləri ilə birgə ayaq basdıq o qədim diyara, o sevimli yara. Türkiyə türkçəsi ilə desəm “buram-buram tarih kokan” o küçələri, daş döşəməli yoxuşları, mərmər sütunlu şadırvanları, ucu buludların ətəyindən tutan minarələri, ucsuz-bucaqsız səmaları xatırladan əlçatmaz qübbələrimi deyim, hansı səhifəsindən başlayım bilmirəm. Bircə onu bilirəm ki, cildlərə sığmayan bir tarix sərilib boğazın iki yaxasına. Gündən – günə dəyişən, inkişaf edən İstanbulda bu şanlı tarixin köklərini axtarıb tapmaq, onların seyri ilə həzz almaq bu yerləri tanımayan biri üçün çətin olar. Çünki hər tərəfdə yüksələn göydələnlər, bir-birindən fərqli üslubda və gözəllikdə yeni tikililər şəhəri çox müasir və yeni bir görkəmə bürüyüb. Şəhərin içində gəzərək həqiqi şəhəri, əsl İstanbulu görmək çox çətindir.

      Bu şəhərin tarixi köklərini görməyin iki yolu var: Birincisi bu tarixin qabığını görməyə imkan verər, ikincisi isə bu tarixi köklərin uzandığı dərinlikləri, daxili zənginliyini göstərər.

      Birinci yola çatmaq çox asandır. Bir saatlıq “boğaz turu”na çıxsanız, sərin boğaz küləyi və “xoş gəldin” deyən qağayıların bərabərliyinidə tarixi İstanbulun bir çox qiymətli əsərlərini, qalaları, sarayları, qüllələri və möhtəşəm çoxminarəli məscidlərini görə bilərsiniz. Yaxın tarixin ən qüdrətli imperiyalarından olan altı əsrlik Osmanlının paytaxtı, eyni zamanda Bizans imperatorluğunun da paytaxtı olmuş, qədim Rum diyarı . Müqəddəs kitabımızın elə Rum surəsinin 42-ci ayəsində buyrulur ki: “Yer üzünü gəzin, görün sizdən əvvəlkilərin aqibətləri necə olub. Onların çoxu Allaha şərik qoşan (Allah yolundan çıxan) kimsələr idi”. Gəzilməyə dəyər, bizə bizdən əvvəlkiləri ən gözəl şəkildə anladan üstüaçıq tarix müzeylərindən biridir İstanbul. Miladi 537-ci ildə tamamlanan Ayasofya məbədini məscidə çevirərək dörd yanına sancılan və şəhadət barmağı kimi göylərə ucalan minarələr,1453-də  Konstantinopolu İstanbul edən Fatihin imzasıdır sanki, ayaqdadır hələ də. İstanbul boğazının iki yaxasına inşa edilən qala tipli Anadolu Hisarı (1395) və Rumeli Hisarı (1452) peyğəmbərimizin (ə.s) işarə buyurduğu bu şanlı diyara əzanları daşımaq üçün bu şüara sahib çıxanların necə çalışdığının və əsla vaz keçmədiyinin canlı şahidləridir. İstanbul qalasının dibində yatan səhabə, Əyyub əl-Ənsari (vf. 672) və neçə-neçə səhabələr (r.anhum), şəhidlər şərəf verirlər bu gözəl məkana. Bunları bir daha seyr etdikcə içimdəki səsin coşduğunu hisselədim və onu dinlədim:

      Onda necə sirlər var,
      Sevgili yar xoş diyar,
      Qovuşanı bəxtiyar.
      Necə şükretməz ki qul,
      Onun adı İstanbul...

      Təkcə tarix deyil, elə yaxın qırx il ərzində İstanbulun iki tərəfini birləşdirən Boğaz Körpüləri də şəhərə ayrı bir yaraşıq verir. Asma körpüdən İstanbulu seyr etməyin verdiyi duyğular daha başqadır.

      Ayağının altına sərilən boğaz gözəl,
      Qələm minarələri duaya açılan əl,
      O yaşayan bir tarix, o bitməyən bir qəzəl,
      Varmı onun bənzəri, dünyanı vərəqlə bul,
      O bənzərsiz bir şəhər, onun adı İstanbul...

      İstanbulu tanımağın iki yolu var demişdim. İkinci yol isə bundan bir az fərqlidir. Bunun üçün on bir ay gözləmək və on ikinci ayda İstanbulun, fərq eləməz hər hansı bir səmtində piyada gəzmək lazımdır. Həm də axşam çağı. Hələ gün batmamışdan bir-biri arxasınca düzülən, növbə gözləyən böyüklü-balacalı insanları görəcəksən, demək olar ki, hər böyük məscidin qabağında və ya geniş küçələrin, parkların bir tərəfində. Bunlar nə gözləyirlər deyəcəksən, əgər bu Ramazanda İstanbula ilk səfərindirsə. Və öyrənəcəksən ki, onlar iftar saatı yaxınlaşdığı üçün iftarlıq almağa və ya iftar süfrəsinə əyləşməyə növbə gözləyən insanlardır. Aralarında İstanbullusu da var, Anadolulusu da, xaricisi də. Kasıbı da var, imkanlısı da var, tələbəsi də var, müəllimi də. Kimisi iftara gözəl süfrə açacaq imkanı olmadığı üçün oradadır, kimisi də birlikdə, hamı ilə bərabər oruc açmağın bərəkət və ləzzətini hiss eləmək üçün qoşulub o qələbəliyə. Əgər sən də qoşulsan, və bir iftar çadırına girib əzanın ilk “allahu əkbər” nidası ilə süfrəyə uzanan əlləri və gözlərdəki o sevinci, üzlərdəki o təbəssümü və dodaqlardakı duaları görsən, oradakı səmimi xoş söhbətlərin uğultusu arasında bir də çadırın bir kənarına qurulan səhnədə oxunan şirin ilahiləri dinləsən başa düşərsən bu insanların niyə buraya yığılmağa üstünlük verdiyini. Paylaşmağı, bölüşməyi, birgə bişirib birgə yeməyi bir adət halına, bir mədəniyyət ünsürü halına gətirən İstanbulu o zaman başa düşərsən, haradan gəlib, haraya gedir. İftar süfrəsindən qalxıb bir az ətrafda gəzinmək istəsən oturub səmanı seyreləməyə bir yer axtararsan, və göydəki ulduzlardan daha gözəl bir mənzərə çəkər diqqətini: mahyalar. Osmanlıda 1600-cü illərin əvvəllərində başlayıb bu adət. Ramazan ayı gələndə məscidlərin cüt minarələrinin arasına asılan işıqlı lampalar bir-iki sözlə çox mənalar ifadə edərək bu bayram ayının gecələrinə bəzək vurarlar. Qısa yay gecələrində də təravih namazı üçün dolub-daşan məscidləri də görəndə hiss edərsən ki, həqiqətən də İstanbul Ramazana qovuşub.Hələ bir də, gecənin bir vaxtı çalınan davulları eşidəcəksən, qurduğun telefon zəngindən əvvəl, sahur vaxtında...

      Vərəqlədikcə bitməz İstanbulun səhifələri, oxuduqca tükənməz. Bu çox qısa müddətli səfərimizdə onu yenidən kəşf etmiş kimi məmnun və bəxtiyar olarkən bir daha qəlbimə dönüb baxdım, içimdəki səsi dinlədim:

      Arxamda sevdiyim gözəl şəhərim,
      Gedirəm yenidən qovuşaq deyə.
      Əlvida İstanbul gözəl qədərim,
      Sən sağ-salamat qal; mən, gülə-gülə...

      • Hits: 576 clicks

      Tecox component by www.teglo.info