Bir Ayə - Ələddin SULTANOV

      Share

      وَمَا آتَيْتُمْ مِنْ رِبًا لِيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِندَ اللهِ وَمَا آتَيْتُم مِنْ زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللهِ فَأُوْلَئِكَ هُمُ الْمُضْعِفُونَ

      İnsanların mal-mülkü artsın deyə verdiyiniz hər hansı bir faiz Allah qatında artmaz. Allahın rizasını diləyərək verdiyiniz zəkata gəldikdə, onlar (mənəvi qazanclarını) qat-qat artıran kimsələrdir.

      (Rum surəsi, 39)

      Günümüzün ən böyük problemlərindən biri də heç şübhəsiz,insanların maddi çətinlikləridir. Belə bir vəziyyətdə olan bir kimsə ya faizlə pul götürər, ya birindən borc götürər, yaxud da kiminsə Allah rizası üçün verdiyi sədəqə və ya zəkatdan istifadə etməklə bu çətinlikdən çıxmağa çalışar. Bu ayədə, faiz və zəkat birlikdə verilməklə bir-biri ilə müqayisə edilmişdir. Allah-Təala, faiz müqabilində borc verənləri yuxarıdakı ayədə qınayır və onların zahirdə görünən mal artımlarının əslində Allah qatında onlar üçün heç bir fayda təmin etmədiyini bildirir.Görünüşdə faizə pul buraxan insan daha çox pul qazanır, zəkat verən kimsənin isə malı azalmış kimi görsənir. Ancaq bu heç də belə deyildir. Allah, faizlə pul qazanan kimsənin malının bərəkətini azaldar, axirətdə də onuşiddətli bir əzabla cəzalandırar.

      Zəkat sözünün lüğət mənası “təmizlənmək” deməkdir. Yəni ola bilsin ki, qazancımıza, özümüz fərqində olmadan hər hansı haram, yaxud başqasının haqqı olan bir şey qatılmışdır. Zəkat verdiyimiz zaman həm də bu haqsız qazanclarımız bizdən ayrılır və malımız bir növ haramlardan təmizlənmiş olur. Çünki bir hədisində Hz. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Allah-Təala zəkatı, malınızın geri qalanının gözəlləşməsi və təmizlənməsi üçün fərz qılmışdır”.

      Burada eyni zamanda biz müsəlmanlara ictimai bir mesaj verilməkdədir. Əgər aramızda çox çətin bir vəziyyətdə olan müsəlman qardaşımız varsa, onun bankdan faizlə kredit götürməyə vadar olmaması üçün imkan sahibi müsəlmanlar zəkat və sədəqələri ilə həmin müsəlmanın çətinliyini aradan götürməlidirlər. Əks təqdirdə bunun məsuliyyəti həm də imkanı olduğu halda zəkat və sədəqəsi ilə ona yardım göstərməyən müsəlmanların üzərində qalar.

      Xüsusilə də içində olduğumuz mübarək Ramazan ayı, zəkat və sədəqələrin verilməsi üçün fürsət ayıdır. Çünki Ramazan ayında edilən bir ibadət, başqa aylarda edilən yetmiş ibadət kimi sayılar.

      Hz. Peyğəmbərimiz (s.ə.s) də bir hədisində belə buyurur: “Bir millət zəkat verməzsə, rəhmətdən məhrum qalar. Heyvanlar da olmasa, onlara heç cür mərhəmət olunmaz”.Allah-Təala bu mübarək Ramazan ayını, layiqincə ehya etdiyimiz və ehtiyac sahiblərinin ehtiyclarının təmin olunduğu bir ay eyləsin!

      • Hits: 556 clicks

      Tecox component by www.teglo.info