Osman Nuri TOPBAŞ -HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Bəyazid Bistami həzrətləri -5-

      Share

        Bəyazid Bistami həzrətləri buyurur:

      “Xalqa avam gözü ilə baxan, yəni onları xor görən kəs onlardan nifrət edər. Xaliqin nəzəri ilə baxan isə onlara mərhəmət edər”.[1]

      Məşhur ifadə ilə “Yaradandan ötrü yaradılanı sevmək” və ya “Xaliqin şəfqət nəzəri ilə məxluqata baxış” həssaslığı kamil möminlərin vazkeçilməz düsturudur. Çünki imanın ilk meyvəsi mərhəmətdir.

      Allah-Təala Həzrət Peyğəmbərin yanındakı möminlərin vəsflərini bəyan edərkən “onlar bir-birlərinə qarşı son dərəcə mərhəmətlidirlər”[2] buyurur. Nəticə olaraq möminlərə qarşı təkəbbürlənmək və onları xor görmək könüldəki mərhəmət nöqsanlığının və vicdanın zədələnməsinin ən bariz nümunəsidir.

      Allahın qullarını xor görmək və onlara təhqiramiz nəzərlə baxmaq ilk növbədə insanın həddini bilmədiyinin ifadəsidir. Çünki insan həddini bilər və özünü tanıyarsa, yəni var olmaq və həyatını davam etdirmək üçün daima Rəbbinin lütfünə möhtac olduğunu layiqincə idrak edə bilərsə, acizliyindən sanki islanmış kağıza dönər. Nə Rəbbinə, nə də Onun qüdrət və sənətinin möhtəşəm əsərləri olan məxluqata qarşı təkəbbürlənməyə macalı qalmaz.

      Həzrət Əli t-ın ifadəsi ilə:

      “Öyünmək Adəm oğluna necə yaraşa bilər?! Əvvəli nütfə, sonu isə leşdir. Yediyi ruzisini yarada bilmədiyi kimi özünü həlakdan da qurtara bilməz”.

      Allah-Təalanın ilahi qüdrət və əzəməti qarşısında acizlik və heçliyinin fərqində olan bir mömin əsla qürur, təkəbbür və ücuba meyil etməz.

      Təmiz qabda olan saf və şəffaf suya bir damcı nəcasət düşdükdə suyun bütün paklığını və qiymətini itirməsi kimi Allahın qullarını xor görmək, beləliklə təkəbbürlənmək qulun Haqq qatındakı dəyərini yox edər.

      Ayeyi-kərimədə buyurulduğu kimi:

      “Hər kim izzət istəyirsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət ancaq Allaha məxsusdur”. (əl-Fatir, 10)

      Dolayısı ilə qul təvazö, heçlik və acizliyinin idrakı içində saleh əməllər işləyərək Rəbbinə nə qədər yaxınlaşa bilərsə, Haqq qatında o nisbətdə izzət qazanar. Allah təvazökar qullarını ucaldar.

      Ayeyi-kərimədə buyurulur:

      “Allah qatında ən dəyərli olanınız, ən çox təqva sahibi olanınızdır”. (əl-Hucurat, 13)

      Bir sözlə, Allah qatında yeganə üstünlük “təqva” ilədir. Təqva isə Allahın riza və məhəbbətindən məhrum qalmaq qorxusu və əndişəsi içində haram və şübhəlilərdən diqqətlə çəkinib bütün gücü ilə saleh əməllərə, ibadət və itaətə, Allah yolundakı xidmətlərə can atmaqdır. Həmçinin təqva nəfsani arzulardan sıyrılaraq ruhani istedadları inkişaf etdirmək və ilahi müşahidə altında olduğumuzu qəlbdə daimi şüur və idrak halına gətirə bilməkdir.

      Qəlblərdəki təqva duyğusunun kimdə daha yüksək olduğunu, dolayısı ilə kimin daha xeyirli olduğunu isə yalnız Allah-Təala bilir. Ona görə də Rəbbimiz ayeyi-kərimədə belə xəbərdarlıq edir:

      “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar.” (əl-Hucurat, 11)

      Həzrət Aişə c deyir:

      “(Bir dəfə Həzrət Peyğəmbərə:)

      – Ey Allahın Rəsulu Safiyyənin qısaboylu olması sənə kifayətdir,- deyərək Safiyyəni xor gördüm. Rəsulullah r:

      – “Ey Aişə, elə bir söz dedin ki, əgər o söz dənizə qarışsa, suyunu pozar”,- buyurdu”. (Əbu Davud, Ədəb, 35/4875; Tirmizi, Qiyamət, 51)

      İnsanları xor görmək sözlə ola biləcəyi kimi müxtəlif hal və hərəkətlərlə qaş-göz işarəsi ilə də ola bilər. Haqq-Təala bu hərəkəti də aşağıdakı ifadə ilə qadağan etmişdir:

      “(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!”. (əl-Huməzə, 1)

      Rəsulullah r də belə buyurmuşdur:

      “Allah-Təala mənə vəhy etdi ki: “Bir-birinizə qarşı elə təvazökar olun ki, heç kim digərinə qarşı həddi aşaraq zülm etməsin. Heç kim başqa birinə qarşı təkəbbürlənib lovğalıq etməsin”. (Müslim, Cənnət, 64; Əbu Davud, Ədəb, 40)

      Bəyazid Bistami həzrətləri buyurur:

      “Heç bir günah müsəlman qardaşlarını saymamağın və onları xor görməyin verdiyi zərər qədər insana zərər verə bilməz”.[3]

      Necə ki, hədisi-şərifdə də:

      “İnsana günah olaraq müsəlman qardaşını xor görməsi kifayətdir”,- buyurulur. (Müslim, Birr, 32)

      Bu nəbəvi gerçəyə baxmayaraq din qardaşlarını xor görənlər böyük zərərə düçar olmaqdan qurtula bilməzlər. Rəsulullah r başqa bir hədisi-şərifində:

      “Qəlbində zərrə qədər lovğalıq olan kəs cənnətə girə bilməz”,- buyurmuşdur.  (Müslim, İman, 147)

      Din qardaşını xor görmək əslində insanın Haqq qatında öz qiymətini aşağı salmasıdır. Bu səbəblə mömin heç kimi özündən aşağı səviyyədə görməməlidir.

      Bu xüsus o qədər mühümdür ki, nəinki bir insana, hətta digər məxluqata da aşağılayıcı gözlə baxmaq arif insanların nəzərində ilahi qəzəbi cəlb edən günahlardan sayılır.

      Rəvayətə görə Həzrət Nuh u yaraları irinləmiş bir köpəyi görüb üzünü  çevirmişdi. Haqq-Təala ona:

      -“Ey Nuh, məndə qüsur görürsən? Onu mən yaratmışam”,- deyə xəbərdarlıq etdi.

      Rəsulullah r-in də heyvanlara əziyyət etməməklə bağlı xəbərdarlıqlarının ardından buyurduğu:

      “…Minilən elə heyvan var ki, üstünə minəndən daha xeyirlidir və Allahı ondan daha çox zikr edir”.[4] (Əhməd, III, 439) bəyanı da heyvanlara belə necə yanaşmalı olduğumuzu açıq-aşkar izah edir.

      Məhz bu kimi həssas ölçülərlə mənən kamilləşərək ilahi əxlaq ilə əxlaqlanan möminlər Haqq-Təalanın rəhmani baxışları ilə məxluqatı tamaşa edərlər.

      Necə ki, Bəyazid Bistami həzrətləri bir gün müridləri ilə dar bir yolla gedərkən qarşılarına köpək çıxır. O ariflər sultanı geri çəkilərək köpəyə yol verir. Müridlərindən biri ürəyində:

      “Allah-Təala insanı üstün və hörmətə layiq yaratdığı halda Şeyx Bəyazid müridlərini də geri çəkib bu köpəyə yol verdi. Necə də qəribədir!”,- deyir.

      Bəyazid Bistami həzrətləri müridinin keçirdiyi halı hiss edərək belə xəbərdarlıq edir:

      “Qəlbimdə elə bir hal baş verdi ki, sanki o köpək hal dili ilə mənə: “Mənim nə qüsurum var ki, əzəldə köpəklik libasını əynimə geydirdilər?! Sən nə etdin ki, sənə ariflər sultanı xələti geydirdilər?! Nədir bu halın sirri?”,- dedi. Məhz bu səbəblə ona yol verdim”.[5]

      Xülasə, bir mömin Allahın hər hansı bir məxluqunu gördüyü zaman “mən onun yerində, o da mənim yerimdə ola bilərdi”, deyərək Allahın bəxş etdiyi lütf və ehsanlarını təfəkkürlə, şükrünü artırmalıdır. Öyünmək yerinə həmd etməlidir. Nemət və nailiyyətləri nəfsindən bilmə qəflətindən qurtulub o nemətlərin əsl sahibi olan Allaha şükür etməlidir.

      Bəyazid Bistami həzrətləri buyurur:

      “İnsanların Haqqa ən yaxın olanı xalqın cəfalarına qatlanan, onların ehtiyaclarını mərhəmətlə yüklənən və əxlaqı ən gözəl olandır”.[6]

      Mömin öz qurtuluşunun başqalarının da qurtuluşuna xidmət etməkdən keçdiyini heç vaxt unutmamalıdır. Yəni müsəlman eqoist olmamalı, əksinə, qayğıkeş ruha sahib olmalıdır. Ciddi məsuliyyət duyğusu ilə din qardaşlarını, hətta imkanı nisbətində bütün məxluqatı özünə zimmətli bilməlidir.

      Bir gün Rəsulullah r:

      -“Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, bir-birinizə mərhəmət etmədikcə cənnətə girə bilməzsiniz”,- buyurmuşdu. Əshabi-kiram:

       -“Ya Rəsulallah, hamımız mərhəmətliyik”,- dedikdə Allah Rəsulu r:

      -“(Mənim qəsd etdiyim) mərhəmət sizin başa düşdüyünüz kimi yalnız bir-birinizə olan mərhəmət deyil. Əksinə, bütün məxluqata şamil olan mərhəmətdir, (bəli) bütün məxluqatı əhatə edən mərhəmət!..”,- buyurdu. (Hakim, IV, 185/7310)

      Rəbbimiz müsəlmanların birlik və bərabərliyini, xeyir işlərdə yarışaraq yardımlaşmalarını, bir sözlə, ictimailəşmələrini arzu edir. Mömin bu şüurdan uzaq qalaraq yaşanan fərdi müsəlmanlığın özünü qurtarmağa kifayət etməyəcəyini ağlından çıxarmamalıdır. İnsanlarla ülfətdən doğacaq bir sıra külfət və zəhmətləri də Haqqın rəhmət, məğfirət və lütflərinə vəsilə saymalıdır. Bütün bunları səbir və riza ilə qarşılamalı, hətta bütün bunları özü üçün nemət bilməli, beləliklə zəhməti rəhmətə çevirməlidir.

      İmam Qəzali həzrətləri Allah üçün insanların əza və cəfalarına qatlanmağın fəzilətinə dair bu hikmətli qissəni nəql edir:

      “Həkimlərdən (filosof) biri hikmətə dair 360 əsər yazmış və bu sayədə Allaha yaxınlaşdığını zənn etmişdi. Allah-Təala zamanın peyğəmbərinə belə vəhy etdi:

      -“Filankəsə söylə, yer üzünü nifaqla doldurdu. Mən onun nifaqından heç nə qəbul etmərəm!”.

      Bunu eşidən adam təkbaşına bir mağaraya çəkilərək ibadət etməyə başladı və artıq Allahın rizasına nail olduğunu fikirləşdi.

      Allah-Təala bu dəfə peyğəmbərinə:

      - “Ona de, insanların arasına girib onların əziyyətlərinə qatlanmadıqca rizama nail ola bilməz”,- deyə vəhy etdi.

      Həmin adam bazara çıxdı, insanların arasına qarışdı, onlarla birlikdə gəzib-dolaşdı, oturdu, yeyib-içdi (Onların dərdinə şərik oldu, onlara qarşı məsuliyyətini dərk etdi). Bu zaman Allah-Təala peyğəmbərinə belə vəhy etdi:

      -“Ona xəbər ver, indi mənim rizama nail oldu”. (Əhya, II, 610-611)

      Yəni İslam özünü cəmiyyətdən təcrid edərək və qabığına çəkilərək yaşanan fərdi bir din deyil. Əksinə, cəmiyyət halında yaşanan həyat dinidir.

      Əsas məsələ cəmiyyətlə iç-içə olub, ailə, qohum-əqrəba, qonşuluq münasibətlərindən tutmuş ticarət və iş həyatına qədər bütün bəşəri münasibətlərdə İslamın gözəlliklərini hal, davranış və şəxsiyyətində sərgiləyə bilməkdir. Beləliklə Allahın yer üzündəki şahidi və dininin təmsilçisi ola bilməkdir. Bu xüsusda möminin qaşılaşacağı çətinlik və imtahanlar onun könül dünyası üçün sanki bir təzkiyə / təmizlənmə, günahlara kəffarə və dərəcələrin yüksəlməsinə vəsilədir.

      Haqq dostları da insanları irşad edə bilmək üçün xalqın arasına qarışmış, bu yolda cahillərdən, nadanlardan, dilbilməz kobud insanlardan gələn əza və cəfalara d Allah üçün dözərək səbir etməyin axirətdəki mükafatına nail olmağı hədəfləmişlər.

      Rəsuli-Əkrəm r də Allah yolunda sadəcə qeyri-müsəlman və münafiqlərdən deyil, İslamın nəzakət və zərifliklərini hələ qavramamış bəzi müsəlmanlardan da əks olunan kobudluqlara böyük səbirlə dözmüşdür. Necə ki, səhradan gələn bədəvilərin kobud tərzdə :

      “Ey Muhamməd, ey Muhamməd!”,- deyərək dəfələrlə qışqırıb çağırmalarına baxmayaraq hər dəfə mülayim tərzdə:

      -“Buyurun, nə istəyirsiniz?”,- deyə cavab vermişdir.[7]

      Hətta Həzrət Peyğəmbərin insanlarla yaxın olub onların əziyyətlərinə məruz qalmasından iztirab çəkən əmisi Həzrət Abbas t Fəxri-Kainatdan yüksək bir taxtda oturub heç olmasa bəzi sıxıntılardan qurtulmasını istəmişdi. Rəsulullah r isə:

      -“Xeyr! Allah məni aralarından götürüb hüzura qovuşduracağı günə qədər onların içində olacağam. Qoy topuqlarımı tapdalasınlar, patlarımı dartsınlar, toz qaldırıb məni narahat etsinlər!”,- buyurdu. (İbn Sad, II, 193; Heysəmi, IX, 21)

      Möminlərə də belə xəbərdarlıq etdi:

      “İnsanların arasına qarışıb onların əziyyətlərinə qatlanan bir müsəlman onlara qarışmayıb əziyyətlərinə qatlanmayandan daha xeyirlidir”. (Tirmizi, Qiyamət, 55/2507)

      Bəyazid Bistami həzrətləri buyurur:

      “Aclıq bulud kimidir. İnsan az yeməyə riayət edərsə, qəlbi hikmət yağışları yağdırmağa başlayar”.[8]

      Təfəkkür, ibrət və hikmət aclıq və hüzn halında daha asan əldə edilir. Çünki mədə çox dolanda təfəkkür uyuşur, könlün həssaslıq və riqqəti koralır.

      Bu hadisə aclıq və ya toxluğun qəlbdəki təsirini izah etmək baxımından nə qədər hikmətlidir:

      Misirdə şiddətli qıtlıq hökm sürdüyü günlərdə Yusif u – dan soruşdular:

      - Sən dövlətin xəzinələrinə hökm edən idarəçisən. Nə üçün özünü ac saxlayırsan?

      O isə bu cavabı verdi:

      - Qarnım tox olarsa, acların halını dərk edə bilməməkdən qorxuram”.

      Çox yeməyin qəlb aləmi üzərindəki təsirinə dair Əbu Süleyman Darani q.s. belə deyir:

      “Hər şeyin bir pası var. Qəlbin də pası çox yeməkdir. Kim çox yeyərsə, altı bəla ilə qarşılaşar:

      1. Qıldığı namazdan həzz almaz.

      2. Unutqan olar.

      3. Şəfqət və mərhəməti azalar. Çünki özü tox olduğu üçün hamını tox zənn edər.

      4. İtaət etmək xüsusunda tənbəllik edər.

      5. Şəhvəti qalib olar.

      6. Müsəlmanlar məscidə gedəndə o ayaqyoluna gedər”.[9]

      Hər işdə bizə nümunə olan Rəsulullah r və əshabı da acmadan yeməz, yedikləri zaman da tam doymazdılar. Boğazlarından keçən loğmaların zikrini duyacaq qədər könül feyzi içində yaşayardılar.

      Allah Rəsulu r buyurmuşdur:

       “…Əgər bir adamın mütləq çox yeməsi lazımdırsa, mədəsinin üçdə birini yeməyə, üçdə birini suya, üçdə birini də nəfsinə ayırsın!”. (Tirmizi, Zöhd, 47)

      Həzrət Aişə c anamızın ifadəsi ilə:

      “Rəsulullah r –in ailə üzvləri Mədinəyə gəldikləri gündən vəfat etdiyi ana qədər üç gün arxa-arxaya buğda çörəyi ilə qarnını doydurmadı”. (Müslim, Zöhd, 20)

      Rəsulullah r istəsəydi Mədinədə rifah səviyyəsi ən yüksək həyat onun olardı. Çünki qənimətlərin beşdə biri Allahın əmri ilə Həzrət Peyğəmbərə ayrılmışdı. Həmçinin ona saysız-hesabsız hədiyyələr gəlirdi.

      Lakin Allah Rəsulu heç bir məcburiyyəti olmadığı halda gələn bu qənimət və hədiyyələri dərhal əshabi-suffəyə və möhtaclara paylayar, ondan yalnız kifayət miqdarını evinə ayırardı. Hətta evinə ayırdığını da daha sonra gələn başqa kasıblara da verdiyi vaxtlar olurdu. Yüksək məsuliyyət və mərhəməti səbəbi ilə ümməti ac və möhtac vəziyyətdə ikən rahatlıq tapmazdı.

      Həmçinin Rəsulullah r bəzən “visal orucu” tutardı. İftar etmədən bir neçə gün ard-arda tutulan bu oruc yalnız Peyğəmbərə məxsus idi. Gücləri çatmayacağı üçün ümmətinə bunu qadağan etmişdir.

      Az yeməyin və oruc tutmağın nəfsi cilovlaması və ruhaniyyəti inkişaf etdirməsi səbəbi ilə peyğəmbərlər də nübüvvətin ruhaniyyətinə orucla hazırlanmışdılar. Ruhi inkişafın zirvəzinə çatanda sanki insanlıq aləmindən uzaqlaşmış və mələklərə məxsus vəsflər təcəlli etməyə başlamış, beləliklə də qəlbləri və zehinləri ilahi vəhyə hazır hala gəlmişdir.

      Necə ki, Həzrət Musa u Allah-Təala ilə danışmadan əvvəl qırx gün “visal orucu”, yəni iftarsız oruc tutmuşdur.

      Bəyazid Bistami həzrətləri:

      “Nə üçün aclığı mədh-səna edirsən?” deyənlərə:

      “Çünkü, əğər Firon ac olsaydı, (acizliyini hiss edər): “Ən böyük Rəbbiniz mənəm!”[10] deyə bilməzdi”. [11]

      Nəfsin azğınlıqlarını cilovlamağın ən asan yolu onu aclıqla tərbiyə etməkdir. İnsan tox ikən, sağlam ikən, güc-qüvvəsi yerində ikən özünü ehtiyacdan uzaq, qüsursuz və nöqsansız görür. Acizliyini unudaraq lovğalanmağa başlayır.

      Bunun əksinə, xəstə, kasıb, zəif və möhtac halda ikən lovğalanıb təkəbbürlənməyə macalı qalmaz. Qul acizliyini ac olanda daha yaxşı idrak edər. Nemətlərin qədrini bilər. Haqq-Təalaya həmd və şükür duyğuları artar.

      Hətta bu səbəblə bəzi təriqətlərdə “riyazət” və “mücahidə” üsulları içərisində nəfsin istəklərindən əl çəkib, istəmədiklərinə yönəlmək surəti ilə ruhani istedadların inkişaf etdirilməsi nəzərdə tutulur.

      Elə isə əsl məharət möminin zəif və aciz anlarında olduğu qədər gülcü, varlı və sağlam zamanlarında da özünü Rəbbinin hüzurunda aciz görə bilməsidir. Çünki yağış sularının qaranlıq və alçaq yerlərdə toplanması kimi ilahi lütf və ehsanlara nail olmaq istəyən möminlər də heçlik və acizliklərinin idrakı içində, alçaq könüllü və mütəvazi olmalıdırlar.

      İnsana acizliyini ən yaxşı dərk etdirən oruc ibadəti nəfs canavarını zəbt edən və beləliklə ehtiras və azğınlıqların önünə sərhəd çəkən, həmçinin mərhəmət və şəfqət duyğularının inkişafını təmin edən ruhi intizamdır.

      Necə ki, Rəsulullah r:

      “Oruc qalxandır”,- buyurmuşdur. (Nəsai, Siyam, 43)

      Orucun qalxan olması nəfsani arzuları diz çökdürərək nəfsin günahlara olan meylini qırması və beləcə cəhənnəmlə bəndə arasında pərdə olması deməkdir. Bunun üçün də yalnız mədəyə deyil, gözə, qulağa, qəlbə, xüsusi ilə də dilə oruc tutduraraq bütün üzvləri günahlardan qorumaq lazımdır.

      Yəni orucun qayələrindən biri də -eynilə namazda olduğu kimi- insanı günah və pislikdən uzaqlaşdırmaq surəti ilə cəhənnəmdən qorumasıdır.

      Ayeyi-kərimədə buyurulur:

      “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”. (əl-Bəqərə, 183)

      Yəhya bin Muaz q.s nə gözəl buyurur:

      “Xəstəlik qorxusu ilə yeməkdən pəhriz saxlayan, lakin cəhənnəm qorxusu ilə günahlardan pəhriz saxlamayan adamın halına təəccüb edirəm”[12]

      Haqq-Təala qəlblərimizə təqva həssaslığı ehsan etsin. Hər birimizi haramlardan çəkinməyin qəlbdəki təzahürü olan “iman şirinliyi”ni daddırdığı bəxtiyar qullarından etsin. İbadətlərlə, saleh əməllərlə, xeyir-həsənatla ona yaxınlaşmağı nəsib etsin.

      Amin!..

       



      [1] Səhləgi, ən-Nur, s. 109.

      [2] Bax. əl-Fəth, 29.

      [3] Prof. Dr. Süleyman Uludağ, Bâyezîd-i Bistâmî, sf. 190, TDV Yayınları, Ankara 1994.

      [4] İnsanın zikri, irâdî bir zikirdir. Hayvanâtın zikri ise gayr-i irâdî bir zikirdir. Âyet-i kerîmede buyrulur:

      “Yedi gök, yer ve bunlarda bulunan herkes Oʼnu tesbîh eder. Oʼnu hamd ile tesbîh etmeyen hiçbir şey yoktur. Ne var ki siz, onların tesbîhini anlamazsınız…” (el-İsrâ, 44)

      [5] Attâr, Tezkire, s. 179.

      [6] Attâr, Tezkire, s. 199.

      [7] Bax. Müslim, Nüzur, 8; Əbu Davud, Əyman, 21/3316; Tirmizi, Zöhd, 50; Əhməd, IV, 239.

      [8] Əttar, Təzkirə, s. 198; Hani, Hədaiq, s. 319.

      [9] Təzkirətul-Övliya, s. 89-90, Erkam Yayınları, İstanbul, 1984.

      [10] ən-Naziat, 25.

      [11] Prof. Dr. Süleyman Uludağ, Bayezid-i Bistami, sf. 189.

      [12] Təzkirətul-Övliya, s. 125, Erkam Yayınları.

       

      • Hits: 451 clicks

      Tecox component by www.teglo.info