Əziz Sultan - FÜRSƏT BU FÜRSƏTDİR

      Share

          İlk dəfə görüşmüşdülər onunla bu ayda. Dağ başında, yalnız və dərin düşüncələrin içinə daldığı bir zamanda, Hira mağarasında. İlk vəhyi gətirmişdi ona, “oxu!” demişdi ona, “oxu, yaradan Rəbbinin adıyla oxu!” deyərək başlamışdı ilk vəhyə, ilk tanışlığa.

       Mağaradan çıxanda açıq-aydın görmüşdü onu, bütün üfqü doldurmuş, üzünü hansı tərəfə çevirsə o tərəfdə müşahidə etmişdi iyirmi üç il davam edəcək olan elçilik vəzifəsindəki yolunun ən yaxın sirdaşını.

      Quranın ifadəsi ilə desək:

      “Həqiqətən bu (Quran) möhtərəm elçimizin sözüdür,

      O elçi ki, qüvvətlidir, ərşin sahibinin yanında böyük hörmət sahibidir,

      Orada itaət ediləndir, etibarlıdır,

      Sizin dostunuz (Muhamməd) divanə deyildir,

      O, Cəbraili açıq-aydın üfüqdə gördü,

      O, qeyb haqqındakı xəbərləri kəsməz (əskik çatdırmaz).” (Təkvir, 19-24)

      Məkkənin boğucu ədalətsizliyinə, dini aşınmışlığına, haqsızlığa və qaranlıq zülmə qarşı içindəki səsin qulaqlardan qəlblərə yenidən dolan nidası olmuşdu o ilk tanışlıq. Son anına qədər davam elədi bu dünya ilə üqba arasında körpü quran iki dostun qarşılıqlı görüşmələri. Hətta son ramazanda Cəbrail enib iki dəfə qarşılıqlı olaraq Quranı tilavət edəndə başa düşdü aləmlərə rəhmət olan uca peyğəmbər, bunun son ramazanı olduğunu. Ən çox sevdiyi ay idi Ramazan ayı.

      “Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan isə ümmətimin ayıdır”, deyişindən bilinirdi onun təşnə olduğu “ümmətinin ayı”nı nə qədər çox sevdiyi.

      “Allahım, bizə Rəcəb və Şabanı bərəkətləndir və bizi Ramazana çatdır”, deyə tez-tez dua edişindən bilinirdi o rəhmət mövsümünü nə qədər həsrətlə gözlədiyi.

      “Ramazana çatdığı halda günahlarını bağışlada bilməyənin burnu yerdə sürünsün” sözünə “AMİN” deyişindən bilinirdi onun bu ayın qədrini bilməyənlərə qarşı nə qədər üzüntü və əsəf keçirdiyi.

      Oruc ayı, infaq ayı, rəhmət və məğfirət ayı, səbir ayı, təmizlənmə ayı, səhhət ayı və ən əsası da Quranın nazil olduğu ay, Cəbrailin müjdəli xəbərlə endiyi ay!Ümmətinin günahlarının, xətalarının “qovrularaq təmizləndiyi” ay! Yəni, Peyğəmbərimizin (s.ə.s) ümməti adına ən çox sevindiyi ay!

          Bəzən insana elə gəlir ki, əlinə böyük bir miqdar maddi vəsait keçsə o çox xoşbəxt olar. Halbuki, Hz. Peyğəmbər (s.ə.s) və mübarək səhabələri dünyəvi cəhətdən heç bir dəyəri olmayan, bizə çətin görünən hallarla sevinib məsud olurdular; çoxlu namaz, çoxlu oruc, çoxlu sədəqə vermək və çoxlu Quran oxumaqla. Namazı bir qurtuluş kimi görən, ürəyi sıxılanda namazla fərahlayan, sədəqə verməklə boynundan böyük bir yük götürülmüş kimi rahatlayan və oruc ayını bir bayram kimi gözləyən bir nəsil idi onlar. Buna görə də onların yaşadığı dövrə “Əsri Səadət” deyilmişdi.

          “Allahın özü ilə danışmağını istəyən Quran oxusun, Allahla danışmaq istəyən namaz qılsın”, buyurur aləmlərə rəhmət olaraq göndərilən şanı uca peyğəmbərimiz (s.ə.s). Quran ki, həyatımızı tənzimləyən ilahi fərmanlar zəncirinin son halqasıdır, yolumuzu aydınladan “nur”dur, bizə yaxşını və pisi ayırd edib göstərən “fürqan”dır, Rəbbimizi xatırlandan “zikir”dir, maddi və mənəvi sıxıntılarımızı qaldıran ilahi “şifa”dır. Necə ki, su olmasa yer üzü quruyar, hava olmasa bütün canlılar tələf olar, günəş sönsə bütün dünya solar, Quran da olmasa imanımız quruyar, ihsanımız tələf olar, uşaqlarımızın gələcəyini aydınlatmaq naminə parlaq ümidlərimiz solar və bizə yol göstərəcək olan, qaranlığımızı aydınladan “nur”u itirmiş olarıq. Quran bir çətirdir, qaranlıq gecədə, yaz yağışı kimi şırıl-şırıl üstümüzə axan dünyəvi məşğuliyyətlərin altında, əlimizdəki incəcik iman ləmpəsinin alovu sönmədən, işığı keçmədən bizi sağ-salamat addımlada biləcək yeganəsığınacaqdır. Gəlcək nəsillərə, uşaqlara, nəvələrə, nəticələrə, kötükcələrə... əldən-ələ keçdikcə, nəsildən-nəsilə ötürüldükcə bizi dünyamızda fərəhlədəcək, qəbrimizdə rahatladacaq bir məlhəmdir Quran.

          “Heç bir ata övladına gözəl əxlaqdan daha dəyərli bir miras buraxa bilməz”buyurarkən peyğəmbərimiz (s.ə.s), biz görəsən “ən gözəl əxlaq”ı harada axtarırıq? Uşaqlarımıza ən gözəl hədiyyə “Quran əxlaqı” ikən, biz görəsən ona hədiyyə almaq üçün nə axtarırıq? “Ən gözəl hədiyyə”lər arasında Quran neçənci sırada dayanır?

      Ramazan ayında Cəbrail endi, Risalət fərmanı endi,Quran endi.

      Ramazan özümüzü və uşaqlarımızı Cəbraillə görüşdürmək üçün bir fürsətdir. O Cəbrail ki, Allah (c.c) ona düşmən olanı özünə düşmən olaraq elan edir Qurani-Kərimində.

      Ramazan özümüzü və uşaqlarımızı Peyğəmbərimizlə həmdəm eləmək üçün bir fürsətdir. O peyğəmbər ki, peyğəmbərlərin sonuncusu və ən üstünüdür. O peyğəmbər ki, “Uşaqlarınıza peyğəmbəri, əhli-beytini və Quran oxumağı sevdirərək tərbiyə verin” buyuraraq uşaqlarının əlində Quran tutmaları səbəbilə valideynlərinə Qiyamət günü “nurdan tac” geydiriləcəyini bizə müjdələyir.

      Ramazan, özümüzü və uşaqlarımızı Allahın kitabı ilə həşir-nəşir eləmək üçün bir fürsətdir. O kitab ki, Allahın yer üzündəki səsi, dünya fitnəsinə qarşı ən etibarlı qalxanımızdır. Oxuduqca oxunan, açdıqca açılan, düşündükcə düşündürən və inandıqca imanımızı artıran bir ilahi möcüzədir o kitab.

      Bizi bu fürsətləri dəyərləndirə bilmək üçün Ramazana qovuşduran Allaha şükürlər olsun!

      • Hits: 905 clicks

      Tecox component by www.teglo.info