Mübariz ƏLİOĞLU - Alimləri tanımaq rəhmətdir

      Share

              Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

          “Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar (onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşər və Ondan daha çox qorxarlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, (möminləri) bağışlayandır!” (Fatır,28)

           Yaşadığımız dünya hər gün yeni bir qəflət oyunu ilə başımızı qatmaqda və axirət sərmayəmizi heçə endirməkdədir. Bunu anladığımız zaman bir az qorxuya qapılsaq da vəziyyətimizi anlayan dünya nəfs və şeytanla işbirliyi içərisində bu qorxumuzu və kədərimizi ustalıqla pərdələyərək aqibət əndişəmizi qəflət nəşəsi ilə əvəz etməyə müyəssər olur. Təbiidir ki, dünyanın bu məkrindən təcili olaraq qurtulmaq lazımdır. Axtardığımız qurtuluş ünvanlarını, yetişmiş, kamillik dərəcəsinə varmış İslam alimlərinin sinələrində yetişən kəlamlarda tapmaq mümkündür. Onların parlaq nümayəndəsi olan Həsən Bəsri həzrətləri bu barədə belə buyurur :

      “Əgər Allahın yetişmiş vəli qulları olmasaydı, yer üzü bütün içindəkilərlə bərabər batardı. Əgər sadiqlər olmasaydı yer üzü fəsada uğrayardı. Əgər alimlər olmasaydı insanlar heyvan kimi olardı.”

      Yenə də buyurdular ki: “Bir insanın gözəl kimsələrdən, yetişmişlərdən olmasının əlaməti, bütün müsəlmanlara qarşı şəfqət və mərhəmətinin çox olmasıdır.”

      Bütün insanlığın, xüsusən də müsəlmanların hər an belə kimsələrə ehtiyacı hiss edilməkdədir. Çünki onlar olmadan mümkün deyil. Çünki onlar, yəni Allahın vəli qulları, alimlər istirahətlərini və zövqlərinitərk edərək həyatları boyunca  insanları bu mənfur dünyanın əsarətindən qorumağa, qurtarmağa çalışırlar. Qəlb gözü açıq olan bu bəndələrin, Adəm övladlarını Allahın qəzəbindən, əzabından çəkindirmək üçün sözləri, hərəkətləri və halları ilə sərgilədikləri mərdlik savaşı, Rəbbimizin qatında yüksək dəyər qazanmaqdadır. Uca Allah alim və vəli qullarını bir qüdsi hədisdə belə tanıdır:

           “Pislik edənə yaxşılıq edən, gəlməyənə gedən, uzaq durana yaxınlaşan, yemək verməyənə yemək verən, ən üstün olandır. Əfv edin, ayıbları örtün, mərhəmət edin ki, mərhəmətə qovuşasınız.İnsanlara qarşı gözəl, keçimli olanı sevərəm və onu insanlara sevdirərəm.”

           Allahın dostu olan bu qulların savaşı təbiidir ki, insanlığı qəflətə və acı aqibətə götürən dünya və ona çağıran fəlakət dəllalları ilədir. Onlar bu istiqamətdə aləmlərə rəhmət olan peyğəmbərimiz Muhamməd əleyhissalamdan aldıqları bütün bilgiləri həyatlarına tətbiq etmə yarışındadırlar. Rəsulullahın, “İnsanların bir qismi dünyanın,  bir qismi də axirətin övladıdır. Siz axirətin övladı olun”,- kimi bənzəri hədislərini və Həzrət Ənəsin, “Bir gün Rəsulullahın hüzuruna çıxmışdım. O, mübarək əli ilə nəyi isə dəf etməkdə idi.  Mən,-Ya Rəsulallah! Bu dəf etdiyiniz şey nədir?- deyə soruşunca belə buyurdu: - Dünya məni məşğul etmək istəyir. Mən də ona məndən uzaq dur deyirəm, ey Ənəs!”- şəklində söylənən rəvayətlərini özlərinə rəhbər edərək dünyanın hər bir anını, hər bir təhlükəsini uğurla dəf etmək üçün göstərdikləri misilsiz şücaət bizləri dədiqqətli davranmağa səsləməkdədir. Malik bin Dinarhəzrətləri bu barədə belə buyurur:

           “Alimlərin qəlbinə təsir edən və Allahı unutduran sehrbazlardan çəkinin. Bu sehrbazların ən böyüyü dünyadır. Dünyanın sehri Harut və Marutun sehrindən daha böyük və daha çirkindir. Çünki onların sehri ər ilə arvadın arasını ayırır. Dünyanın sehri isə Allah ilə qulun arasını ayırır.”

           Qeyd edim ki, indiyə kimi eşitdiyim kəlamların arasında bəlkədə, ən təsirlisi Malik bin Dinar həzrətlərinin söyləmiş olduğu bu ifadə idi:

           “Dünyanın sehri Allah ilə qulun arasını ayırar.”

      Yəni ərin arvadından, ananın balasından, balığın sudan, qarın uca dağ zirvələrindən, yerin günəşin cazibəsindən, zövq-səfanın cənnətdən, atəş əzabının cəhənnəmdən, bir sözlə hər bir varlığın təyin edildiyi, bağlandığı, ana qoynu kimi əzizləndiyi məqamından, məkanından ayrılmasından daha məşəqqətli, daha fəlakətli, daha əzazil bir ayrılış, Allah ilə qulun arasının pozulmasıdır.  Əslində insan övladının bütün rəzaləti də bundan sonra başlayır. Bu fəlakətli ayrılığı yaşamamaq, bu rəzalətə bulaşmamaq üçün Rəsulullahın və ona uyan bütün mömin qardaşlarımızın izindən getməyə, qurtuluş elmini onlardan hər an tədris etməyə hazır olmalıyıq. Çağdaşları tərəfindən aralarında əmirəl-möminin olaraq dəyərləndirilən  Abdullah bin Mübarək həzrətləri kimi, kamil bir təqva libasına bürünmə elminə talib olmağa tələsək. O elmə ki, Abdullah bin Mübarəkhəzrətləri onu belə izah edir:

           “Üç elm öyrəndim. Bunlar könül elmi, dil elmi və bədən elmidir. Könül elmi odur ki, Allah-Təala mənə qəlb verdi. Bu qəlb ilə mən  Onu anlayım, Onun sevdiklərinə könül verim, sevmədiklərinə isə könül bağlamayım. Dil elmi odur ki, mənə dil verdi. Bu dil ilə Rəbbimi anım, Onun istəmədiyi sözləri söyləməyim. Bədən elmi də odur ki, mənə bədən vermişdir. Bu bədən ilə də onun əmr etdiyi şeyləri edim, yasaq etdiyi şeylərdən də uzaq durum.”

           Rəbbimiz hər üç elmə də yiyələnməyi hər birimizə nəsib eləsin. Doğrudan da, alimləri tanımaq ilahi bir rəhmətdir.

      • Hits: 784 clicks

      Tecox component by www.teglo.info