Səfa MURADOV - BİR HƏDİS

      Share

       

      عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «الصِّيَامُ جُنَّةٌ»

                  Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Oruc qalxandır”. (Buxari, Savm, 2; Müslim, Siyam, 30)

                  Oruc ibadəti Allahın bəndələrinə fərz qıldığı önəmli əmrlərdəndir. Oruc tutmaq qadın, kişi, ağıllı, büluğ yaşına çatmış sağlam olan hər bir müsəlmana fərzdir. Hədisi-şərifdə Rəsulullah (s.ə.s) orucu mütləq mənada bir qalxana bənzətmişdir. Çünki oruc bir çox yönləriylə digər ibadətlərdən fərqlənir. Bu baxımdan oruc tutan bir insan, nəfsini, ruhunu və bütün duyğularını bir ay boyunca nəzarət altında tutaraq tutduğu oruca hər hansı bir xələl gəlməməsinə cəhd göstərər.

                  Orucu qalxan (qoruyucu) olması baxımından iki şəkildə düşünmək mümkündür. İlk olaraq oruc maddiyyata qarşı qalxandır. Belə ki, oruc tutan kimsə insana fiziki mənada güc və qüvvət qazandıran yemək, içmək kimi gündəlik tələbatlardan nəfsini qoruyaraq tutduğu oruca zahiri bir məna qazandırır. İkinci olaraq, oruc nəfsani hiss və duyğulara qarşı qalxan rolunu oynayır. Bu orucun əsas məqsəd və hədəflərindəndir. Yemək, içmək və cinsi münasibət kimi insani tələblərdən uzaq durmaqla orucun görünən tərəfinə əlavə olaraq insanın hiss və duyğularının önünə oruc qalxanıyla çıxması da orucun əsaslarından sayılır. Belə ki, oruc, yalan, qeybət, dedi-qodu və bunlara bənzər mənfi vərdişlərin qarşısını kəsən ən önəmli qalxandır. Bir hədisi-şərifində Allah Rəsulu (s.ə.s) oruc tutan kimsənin bu kimi mənfi davranışlardan uzaq durması haqqında belə buyurmuşdur: “Sizdən heç kəs oruclu olduğu zaman pis sözlər danışmasın, dava-dalaş etməsin. Oruclu kimsəni birisi söydüyü və ya onunla dalaşdığı zaman, -mən orucluyam,- desin”. (Buxari, Savm, 9)

                  Buraya qədər qeyd olunan məqamlar orucun iradəli olaraq müəyyən vərdişlərə qarşı sipər edilməsi ilə əlaqəlidir. Rəsulullahdan (s.ə.s) rəvayət olunan; Ramazan ayı gələndə şeytanların zəncirlərə vurulması və evlənmə imkanı olmayan gənclərin oruc tutmasına dair hədislərdə isə orucun gizli bir qoruyucu (qalxan) olma xüsusiyyətinə diqqət çəkilmişdir. Bu iki xüsus bərabər düşünüldüyü zaman orucun hədisi-şərifdə qeyd olunduğu kimi güclü bir qalxan rolunu oynadığı anlaşılacaqdır.

                  Yuxarıda qeyd olunanlara əlavə olaraq orucun axirətdə də qoruyucu bir qalxan olduğunu qeyd etmək lazımdır. Dünyadaykən günahlara qarşı qalxan olan oruc, axirətdə cəhənnəm əzabına qarşı bir sipərdir. Rəsulullah (s.ə.s) hədisi-şərifində belə buyurmuşdur: “Oruc, döyüşdə sizi qoruyan bir qalxan kimi cəhənnəm əzabından da qoruyacaq bir qalxandır”. (İbn Macə, Siyam, 2)

                  Nəticə olaraq, oruc ibadətinin həm dünya, həm də axirət həyatında möminlər üçün qoruyucu bir qalxan olduğu anlaşılmaqdadır. Dünyada tutduğu oruclarla bu qalxana sahib olan bir mömin iki cahanda da sevinc və səadətə nail olacaqdır. 

      • Hits: 670 clicks

      Tecox component by www.teglo.info