Alpay Azər - “Namaz” silsiləsindən - Sübh namazı

      Share

                         Mobil telefonun zəngi 6:20-də çaldı. Həmişəki kimi gözüyumulu əlini uzadıb düyməni basdı və kəmşirin yarıyuxuya getdi. Yarıyuxu ona sübh namazının bitəcəyi vaxta, – təqvimdəkinə uyğun 7:30-a qədər dura biləcəyinə inam verirdi; yəni bu vəziyyətdə bir növ öz yuxusunu idarə edirdi. Amma az sonra hiss etdi ki, tam şirin yuxuya doğru gedir.

      “Allah baxır axı, – fikirləşdi. – Təyyarəylə harasa uçası olsaydım, telefon dınqıldayan  kimi dik yerimdən qalxmışdım. Belə çıxır ki, təyyarə biletinə verdiyim pul sübh namazından daha önəmlidi?”

      Sonra telefonu götürüb düyməsini basdı ki, işıqlı ekranda saata baxsın, – 6:30 idi. Bir ayağını yorğanın altından çıxarıb döşəməyə qoydu ki, sərin hava dəysin, yuxusu qaçsın, yerindən durub hamama dəstəmaz almağa getsin. Bir-iki dəfə bu metod alınmışdı onda. Amma son günlər kombi yaxşı işləyirdi deyə, otaqda hava istiydi; yəni hiss etdi ki, yuxusu ondan qaçmaq istəmir. Şirin yuxu ona deyirdi ki,- mən olan yerdə nə dəstəmaz; yuxun şirin olsun! Sol gözü, qapağını qaldırırdı, yumulurdu o gözü. Eyni şey sağ gözündə də təkrarlanırdı.

      “Neçə idi saat mən telefona baxanda? Hə, yadıma düşdü, altı otuz, namazın çıxmasına düz bir saat var”. Ani olaraq fikirləşdi ki, 7:10-da belə durub paltarını geyinsə, hamama qaçıb dəstəmaz alsa, qəzaya qalmaz, vaxtında qılar namazını. “Görən, tez-tez namazı qılmaq böyük günah sayılır?... Lap səkkizə iyirmi dəqiqə də işləsə, tez durub, paltar geyinməklə, dəstəmazla bir yerdə vaxtında çatdıraram. Dəstəmaz heç beş dəqiqə vaxt aparmır. Çətini su üzünə dəyənəcəndi”.

                      Yadına düşdü ki, son vaxtlar hamamda isti suyla dəstəmaz alır ki, yuxusu qaçmasın, namazdan sonra işə gedənə qədər bir-iki saat da yatsın. Yenə telefonun düyməsini basdı. 6.40 idi. “Daha bəsdir, əuzu billəhi min-əş-şeytanir-rəcim. Bismillahir-rəhmanir-rəhim,” – deyib o biri ayağını da yorğanın altından çıxartdı, dikəlib yerində oturdu. Durub, cəld paltarını geyinib dəstəmaz almaq üçün hamama getdi...

                    Həmişəki kimi səcdədə sübh namazına vaxtında durmaq üçün Allaha dua edib yardım istədi. Dua edəndə, sübh namazında yerin ən aşağı qatına enməsi və daha çox bu vaxtlar bəndələrinin dualarını qəbul etməsi haqqında hədis yadına düşdü. Allahın daha yaxında olmasını sanki fiziki olaraq hiss edirmiş kimi üşəndi, yüngülcə titrədi. Eyni zamanda onu da anladı ki, özündən də çox şey asılıdı, – insan iradəsi məsələsi. “Əgər uçuşdan iki saat qabaq səhər dörddə, aeroportda qeydiyyatdan keçmək üçün yuxudan dura bilirsənsə, saat altıda özünü məcbur edib niyə yuxudan oyanmırsan, ey insan?” – deyə özünə sual etdi.

      • Hits: 690 clicks

      Tecox component by www.teglo.info