Anar QURBANOV - SUAL CAVAB

      Share

      Sahura (obaşdan) qalxa bilməyənin tutduğu oruc sayılırmı?

      Cavab: Sahura durmaq müstəhəb, yəni dini baxımdan xoş qarşılanan əməldir, vacib əməllərdən deyildir. Hz. Peyğəmbər (s.ə.s) sahura durmağı təşviq və tövsiyə etmişdir.

       Hədisi-şərifdə belə buyurulur: “Sahura qalxın, çünki sahur yeməyində bərəkət vardır” (Buxari, Səvm, 20; Müslim, Siyam, 45). Ona görə də, sahura qalxmaq fəzilətli olsa da, sahura durmadan da oruc tutmaq olar. Hətta Ramazan ayında sahura yatıb qalınsa belə oruca davam etmək fərzdir. Lakin bir şəxsin hər hansı bir ciddi xəstəliyi varsa və həkim diaqnozu ilə gecə obaşdana durub yemək yemədən, eləcə də dərmanını qəbul etmədən oruc tutmasına qadağa qoyulubsa bundan istisna edilir.

      Oruclu adam istidən quruyan ağzını su ilə yaxalaya bilərmi? Yuyuna bilərmi?

      Cavab: Oruclu insan burun və boğazdan suyun getməməsinə diqqət edərək həm ağzını yaxalaya bilər, həm də yuyuna bilər. Əsas olan orucu pozan hallara yol verməməkdir yəni burun və ya boğazdan daxilə suyun getməməsidir.

      Yatmaq orucu pozurmu?

      Cavab: Xeyr, yatmaq orucu pozan əməllərdən deyil, namazı pozan əməllərdəndir. Ancaq yuxuda orucluya bir kimsə su içirərsə, orucu pozular və bir gün qəza orucu tutmağı vacib olar.

      Oruclu adamın (yuxuda və ya ayıq olaraq) qüslu pozularsa orucu da pozularmı?

      Cavab: Yuxuda qüslun pozulmasının oruca heç bir dəxli yoxdur. Ancaq namaz kimi digər ibadətləri yerinə yetirə bilmək üçün mütləq qüsl alınmalıdır. Ayıq vaxtı qüslun pozulmasına gəlincə, əgər oruclu olan şəxs bilərəkdən cinsi əlaqədən başqa bir yolla qüslunu pozarsa, orucu pozular, yalnız o gün üçün qəza vacib olar. Ancaq cinsi əlaqə ilə pozarsa həm qəza, həm də altmış günlük kəffarə orucu vacib olar.

      Qadınların başa xına və ya rəng qoyması oruca xələl gətirərmi?

      Cavab: Xeyr, xına və rəng qoyulmasının oruca hər hansı bir zərəri yoxdur. Çünki orucu pozan hallar vücuda daxil olan şeylərlə bağlıdır.

      Oruclu ikən diş fırçalamaq olarmı?

      Cavab: Ehtiyata ən uyğun olanı dişin imsaka qədər fırçalanmasıdır. Ancaq məcbur qaldıqda boğazdan içəri getməməsinə diqqət edərək fırçalamaq olar.

      İftarı su  ilə açmağın zərurəti varmı?

      Cavab: Oruc halal olan hər hansı bir nemətlə açıla bilər. Ancaq müstəhəb olan, yəni bəyənilən xurma ilə orucun açılmasıdır. Xurma yoxdursa su ilə açılması da sünnəyə uyğundur.

      Oruc tuta bilməyən adam təravih namazı qıla bilərmi?

      Cavab: Oruc və nafilə olan təravih ibadəti ayrı-ayrı ibadətlər hesab olunur. Ramazan orucunu tutmaq fərzdir. Ancaq Ramazanda təravih namazını qılmaq sünnədir. Əgər bir şəxs xəstəliyi ucbatından səhhəti oruc tutmağa əl vermirsə, o, üzrlü sayılır və oruc tutmaması mübah olur. Təravih namazına isə davam edə bilər.

      Dinimizə görə səfərdə olanların oruc tutmamalarına icazə verilmişdir. Bəs oruclu olaraq səfərə çıxanların oruclarını pozmaları necə?

      Cavab: Orucun fərz olmasının şərtlərindən biri də, müsəlmanın səfərdə olmamasıdır. Lakin ayədə buyurulduğu kimi, səfərdə olanların imkan daxilində gücləri çatarsa, oruc tutmaları daha fəzilətlidir (Bəqərə, 2/184). Bununla yanaşı, əgər bir şəxs oruc tutub gündüz də səfərə çıxmalı olarsa, həmin gün orucuna davam etməlidir. Lakin səfər vaxtı orucunu pozarsa, bir gün qəza etməlidir, kəffarəyə ehtiyac yoxdur.    

      Oruclu ikən saqqız çeynəmək olarmı?

      Cavab: Oruclu ikən dadlı saqqızı çeynəmək caiz deyil, yəni boğazdan şəkər və ya dad getdiyi üçün orucu pozur. Lakin tərkibində hər hansı maddə qatılmayan və çeynəndikdə azalmayan, əvvəlcədən uzun müddət çeynənmiş, dadından əsər-əlamət qalmayan saqqızı çeynəməklə oruc pozulmur, yenə də bu, məkruh – xoşagəlməz bir davranışdır.

      Oruclu halda yaraya dərman qoymaq və iynə vurdurmaq olarmı? 

      Cavab: Qulaq və ya buruna damladılan dərman boğaz yolu ilə birbaşa mədəyə daxil olduğu üçün orucu pozur. Qulağa girən və ya tökülən su isə, orucu pozmur. Gözə tökülən bir dərman boğazda hiss edilsə belə orucu batil etmir. Çünki göz boğazla birbaşa yox, dolayı yolla əlaqəlidir.

      İslamda xəstə, oruca tab gətirmək şərtilə, dərman qəbul etmədən dözə bilirsə oruc tuta bilər. Meydana gələn qyri-adi hal qarşısında, məsələn bədəndə açılan dərin bir yara səbəbi ilə, iltihabı önləmək və ya tikiş atmaq məqsədi ilə vurulan iynənin orucu pozmadığına dair görüş bildirilmişdir. Ancaq, aclığı, susuzluğu aradan qaldıran və ya oruca qarşı bədənin müqavimətini artıran iynə və s. kimi şeylərdən istifadə olunması orucu pozar.

      Buna görə də gündüz dərman qəbul etməyə məcbur olan xəstələrin orucu qəzaya qoymaları, vəziyyəti daha yüngül olanların isə, iynəni iftardan sonra vurdurması ən ehtiyatlı davranışdır.

      Tikinti kimi ağır işlərdə işləyənlərin oruc tutmamalarına icazə verilirmi?

      Cavab: Qurani-Kərimdə oruc tutmamağı mübah edən üzrlər arasında xəstəlik, yolçuluq və oruc tutmağa tab gətirməmək kimi hallar sadalanır (Bəqərə, 2/184, 185). Ümumiyyətlə, bir möminin xüsusilə ramazan ayında oruc tutmasına mane olacaq qədər ağır işlərdə işləməsi və işlədilməsi düzgün deyil. Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağı açıqdırsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər. Bundan əlavə, ağır işdə işləyən aclıq və susuzluq ucbatından ziyanlıq görərsə, orucunu pozması vacibdir. Çünki dinimizdə insanın özünə xətər yetirməsi qadağan edilmişdir. (bax. Nisa, 4/29) Ciddi bir sağlıq və can təhlükəsi yoxdursa işləmək oruca mane deyil.

      Ramazan ayına məxsus təravih namazı yalnız kişilər üçün sünnədir, yoxsa qadınlar da bu namazı qıla bilərlər?

      Cavab: Təravih namazını həddi-büluğa çatmış hər bir müsəlmanın qılması sünnədir. Bu kimi ibadətlərdə qadın-kişi ayrı-seçkiliyi yoxdur. 

      • Hits: 661 clicks

      Tecox component by www.teglo.info