Hasan Kamil YILMAZ - Birlikdə Yaşamaq Əxlaqı

      Share

           Yaşadığımız dövrdə sanki hər yeri bürüyən bir fəlakətlə qarşı-qarşıyayıq. İslamın gülərüzünü fobiyaya, qorxuya, dəhşətə çevirməyə çalışan bəzi naxoş hadisələr var ki, bunlar bizi “əsl İslam bu deyil!”, deməyə vadar edir. Həqiqətən biz əsri-səadətdən, Hz. Peyğəmbərin  yaşadığı çağdan günümüzə hər kəslə, hər mühitdə yaşaya biləcək mənəvi anlayışla bu günə gəlmişik.

       “Birlikdə Yaşamaq Əxlaqı” deyərkən yalnız özümüzünkülərlə, eyni anlayışı paylaşdığımız dindaşlarımızla deyil, fərqli din mənsubları, fərqli məzhəb, məşrəb və xarakterdəki insanlarla da bir yerdə yaşaya bilməyin əsri-səadətdəki nümunələrini, o vaxtdan günümüzə qədər qurduğumuz mədəniyyətimizdəki nümunələrini asanlıqla görə bilərik. Həqiqətən də Hz. Peyğəmbərin gəldiyi dövrdə də, hal-hazırda yaşadığımız dönəmi xatırladan bənzərliklər var idi. Onun gəldiyi dönəmdə də cəmiyyət içərisində qardaş davaları, qan davaları, hətta qəbilələr arasında əsrlərcə davam edən müharibələr var idi. Mədinədəki Evs və Həzrəc qəbilələrinin əsrlərlə davam edən münaqişələri, Məkkədəki əşirətlərin qan davaları, insanların sosial statusuna və iqtisadi vəziyyətinə görə etibar əldə etməsi ilə yanaşı digərlərinin, yəni kasıb və kimsəsizlərin etibarsızlaşdığı bir dönəmdə Allahın Rəsulu dünyanı şərəfləndirmiş və həqiqətən də hər kəsə layiq olduğu dəyəri vermişdir. Beləliklə hər kəsin birlikdə yaşaya biləcəyi həqiqətini elan etmişdir. Daha da önəmlisi ondan ibarətdir ki, bir-birinə düşmən olan insanları qardaş etmişdi.

       Həm Peyğəmbərimiz, həm də uca kitabımız bütün insanlara Allahın “Rəhman” sifətinin təcəllisi ilə baxdığı üçün hər insanı dəyərli görən, hər cür insanla ünsiyyət qurula biləcək bir şərait, bir mühit təşkil etmişdir. Bunun ən bariz nümunəsi Peyğəmbərimizin Mədineyi-Münəvvərədəki on illik şəhər-dövlətini idar etdiyi dövrdə görürük. Orada sadəcə müsəlmanlar yox, onlarla yanaşı müşrik-ərəb qəbilə mənsubları və yəhudilər də yaşayırdılar. Peyğəmbərimiz bu fərqli din mənsublarının yaşadığı Mədinədə sülh şəraitində birlikdə yaşamaq adına, tarixə “Mədinə vəsiqəsi” adı ilə düşən və ilk yazılı konstitusiya qəbul edilə biləcək, qırxdan çox maddədən ibarət bir müqavilə imzaladı. Bu şəkildə onlarla sülh şəraitində, birlikdə yaşamaq adına ilk addımı atdı. Həmin müqavilə mətnində bugünün insan haqları bəyannaməsindən beynəlxalq müqavilələrə qədər məşhur mətnlərin içinə alınan bir çox əsas dəyərin gündəmə gətirildiyini və qoruma altına alındığını görürük. Bu maddələrə misal: dini mənsubiyyətindən asılı olmayaraq hər bir insanın mal və can güvənliyinin təminat altına alınması bir ilk idi. Digər maddə, din və ibadət mövzusunda hər qrupa sərbəstlik haqqı verilmişdi. Başqa bir misal, cinayət və cinayətkarın müdafiə edilməməsi, yəni bu sizdəndir, o bizdəndir deyə sosial və ya dini mənsubiyyətə görə ayrı-seçkilik salınmaması idi. Bundan başqa, cinayət və cəzanın şəxsiliyi müddəası, cəzanın yalnız o cinayəti işləyənin şəxsinə aid edilməsi şərti də o dövrdəki Mədinə bəyannaməsində yer alırdı. Həmçinin, vətənin birgə müdafiəsi də bu maddələrdə qeyd olunmuşdu. Mühakimə məsələsinə gəldikdə, yəhudilər öz kitablarına görə qiymətləndirilib mühakimə ediləcəkdilər. Beləcə, Mədinədə müsəlmanlar və yəhudilər yazılı bir mətn çərçivəsində birlikdə yaşamağın ilk nümunəsini insanlığa göstərmiş oldular. Hz. Peyğəmbərin yəhudi və digər din mənsubları ilə birgə yaşama həssaslığı sadəcə bundan ibarət deyildi. Hz. Peyğəmbər öz məbədinin belə, başqa bir din mənsubu tərəfindən istifadə edilməsinə icazə vermiş bir peyğəmbərdir. Yəməndən Mədinəyə gələrək Peyğəmbərlə (s.ə.s) görüşən Nəcran xristianlarına ibadət etmələri üçün məscidində yer göstərmişdi. Başqa din mənsublarına qarşı bundan daha böyük tolerantlıq, daha böyük hörmət ola bilərmi?! Əslində Qurani-Kərim əhli-kitabı, yəni yəhudi və xristianları müsəlmanlara daha yaxın görərək onlarla həmsöhbət olunduğu zaman, onları, aramızda müştərək olan bu kəliməyə dəvət etməyi istəyir. Ali-İmran surəsində açıqlandığı kimi bu kəlmə də, Allahdan başqasına ibadət etməmək, şirk qoşmamaq və bir-birinə rəb kimi  tapınmamaqdır.

      Qurani-Kərim din seçimində əsla məcburiyyət qoymamışdır  Qurana baxanda başqa din mənsubları ilə birgə yaşaya bilməyə işarə edən bir çox misalla qarşılaşırıq. Hz. Peyğəmbərin anlayışı bu idi. Əlimizdə olan dini əsaslar, “nas”lar açıqdır. Ancaq bu naslardan çıxan nəticələr oxuyan insanın baxışına, könüllərindəki hissiyatına çox bağlıdır. Eyni mətni biri oxuyaraq mərhəməti, başqası oxuyaraq vəhşəti başa düşə bilər. Hz. Peyğəmbərdən sonrakı dönəmdə Hz. Əli və Muaviyənin tərəfdarlarını, həmçinin başqalarını müsəlman saymayan, hamını kafir elan edib öldürülməsini istəyən bir qrup vardı. Onlar da eyni Qurana və Sünnəyə baxırlar, lakin oradan öldürmək hökmü çıxarırlar. Siz bir mətnə nifrət dolu hisslərlə baxsanız, orada onu görərsiniz. Yaxud bir ayənin əvvəlindəki və sonrasındakı ayələri oxumazsanız, səhv bir hökm verərsiniz. Demək ki, ayədən məna çıxardarkən sizin ona baxışınız çox əhəmiyyətlidir. Bu baxışın idarə edilməsi də əslində Hz. Peyğəmbərin  ortaya qoyduğu mərhəmət şüuru ilə birbaşa əlaqəlidir. Dinimizi Peyğəmbərin hədisləri ilə xülasə edəcək olsaq, iki maddə ilə bunu ifadə edə bilərik: Allahın əmrlərini yerinə yetirmək və Allahın yaratdıqlarına şəfqət. İslama, müsəlmanlara, ayələrə bu gözlə baxdığınız zaman həqiqətən də, oradan mərhəmət çıxar, şəfqət çıxar, fərqli inanca mənsub insanlara qarşı tolerantlıq çıxar. Bu anlayış tarix boyu bizim irfan sahibi böyüklərimiz tərəfindən dəyərləndirilmişdir. Hz. Mövlana, “hər nə olursan ol, yenə gəl”,- deyir. Bu sözdə insan olaraq hər kəsə qucaq açmaq var, bizim anlayışımız da budur.

      Günümüzdə də İslam ölkələrinin hər yerində yəhudilər, xristianlar və müsəlmanlar yaşamaqdadır. Qahirədə də, Bağdadda da, Şamda da əsrlər boyunca birlikdə yaşamışıq. Bu mövzuda alnımız ağ, üzümüz pakdır. Amma çox təəssüf ki, yaşadığımız dünyada yeni bir anlayış qəbul etdirilməyə çalışılaraq, müsəlmanların və müsəlmanlığın, elə bil başqaları ilə bir yerdə yaşamaqda çətinlik çəkən bir ünsur olduğuna inandırılmaq istənilir. Təəssüf ki, müsəlmanlar arasında elmi savadsızlığı səbəbi ilə buna alət olacaq insanlar da var. Bu kimi insanları istər Yaxın Şərqdə, istərsə də Avropada bəzi əməliyyatlara daxil edərək, müsəlmanları qaniçən, terrorist kimi dünyaya qəbul etdirməyə çalışırlar. Günümüzdə “islamofobiya” deyilən, müəyyən yerlərdən, müəyyən qüvvələr tərəfindən təşkilatlandığı çox yaxşı bilinən və İslamın yayılmasının önündə çox önəmli bir divar kimi meydana gətirilmək istənilən bu anlayış ciddi bir problemdir. Elə isə tarix boyunca başqa din mənsubları ilə heç bir problemi olmayan müsəlmanlar olaraq, bu səhv düşüncəyə sahib insanları da həqiqətə çağıraraq, tarixi mədəniyyətimizə yenidən sahib çıxmağımız lazımdır. Bəzi insanlar İslamın sürətlə yayılmasından narahat olaraq Hz. Peyğəmbər və onun davamçılarının müharibə ilə, qanla eyniləşdirilməsinə çalışırlar. Əslində isə bunun doğru olmadığını bilmək lazımdır. “Cihad” adı altında kamera qarşısında baş kəsməyin İslamda yerinin olmadığını söyləmək lazımdır. Dinimizdə “cihad”, əvvəlcə insanın öz nəfsi ilə başlayır. Daha sonra isə İslam ilə insanlar arasındakı əngəlləri qaldırmaq üçün səy göstərməkdir. Bir də “muqatələ”, yəni vuruşmaq var ki, o da yalnız təcavüzə məruz qaldığımız zaman baş vurulan bir yoldur. Bunun xaricində “cihad” dediyimiz termin heç də dava-dalaş deyil, müharibə deyil, əksinə, çalışmaq, səy göstərmək və barış əldə etməkdir. Amma bu gün bu idrak bilərəkdən yönləndirilir və qorxu mühiti yaradılmaq istənir. Müəlmanlar olaraq bunu gündəmimizə alaraq bunun əslində belə olmadığını və dini qaynaqlarımızda birlikdə yaşamaq adına çox mühüm ifadələrini görürük.

      İslam dövlətləri tarixində işğal olmamışdır, yalnız fəthlər olmuşdur. Fəthin işğaldan fərqi ilk növbədə fəth ediləcək torpaqlarda yaşayan insanların könlünü qazanmaq, sonra isə o torpaqları öz ərazisinə qatmaqdır. Həqiqi fəth budur, əvvəlcə qəlbləri qazanmaqdır. Müsəlmanlar televiziya ekranlarında göstərildiyi kimi, kamera qarşısına keçib şəkil çəkdirən “kəllə ovçusu” deyillər. Könül yaralarına məlhəm olan təbib kimidirlər. Qəlbinə girmədiyiniz insanın beyninə nüfuz etməyiniz əsla mümkün deyil. Əsas məsələ könüllərə girməkdir. Məqsədimiz müsəlmanlara yönəlik bu yanlış idrakı düzəltmək və İslamın “gülər üzü”nün həqiqətən də islami dəyərlərin içində olduğunu insanlara göstərməkdir. Daha yaxşı bir dünya qurmaq mümkündür. Bunun əsas şərti isə mərhəmət, sevgi və bir-birimizə hörmətdir.

      • Hits: 910 clicks

      Tecox component by www.teglo.info