Fuad QULİYEV - Ən böyük müşkül: Təmsil (kimi və nəyi)

      Share

           Hər keçən günün və anın, dünya görüşü və düşüncə tərzi baxımından sürətli formada dəyişdiyini görməmək mümkün deyil.Bu sürətli axışın paralelində bir çox problem və məsələlərin də ortaya çıxması qaçınılmaz bir hal alır.

      Müsəlman olduğunu iddia edən kəs, həyat tərzini də dinin irəli sürdüyü və hər nə olursa olsun ondan geri addımın atılmadığı əxlaqi prinsiplər üzərində formalaşdırmaq  məcburiyyətindədir. 

      Əks halda təzadlar və tutarsız halların ortaya çıxmasına səbəb olar ki, bu da nəticə etibarilə təəssüf ki, həmin kəsin xarakteri və davranışları ilə məhdud qalmayaraq təmsil etdiyi anlayışa və mənsub olduğu dinin saflığına xələl gətirər.

      Demək olar ki, bütün gözəllikləri əhatəsində cəm edən İslamın gözəl olmayan bir qisim “müsəlmanlar” üzərində təcəssüm etdirilməsi vicdani cəhətdən də talehsiz bir haldır. Bəşəriyyətin həlledilməz deyə təsvir edilən problemləri belə həll etmək və ya ən azından azaltmaq üçün çarə və model axtarışı içərisində olduğu bir dünyada müsəlmanların məhz bu modeli “kəşf” edib ortaya qoya bilməmələri həqiqətən çox acı bir vəziyyətdən xəbər verir.

      Müsəlmanların əsri-səadətdən etibarən tarixdə qoyduqları izlər, görülən işlər, demək olar ki, bütün elm sahələrində aparılan kəşflər bu gün hər kəsə gün kimi aydındır. Ancaq dövrün şərtlərini diqqətə alaraq elm, mədəniyyət və sosial-iqtisadi sahədə yüksək dərəcəyə nail olmadan keçmişdəki zəfərlərlə iftixar etmək, onların arxasında gizlənmək, “atalarımız, əcdadımız onu edib, bunu edib, biz filankəslərdənik” deməklə sanki “ayaq-ayaq” üstünə ataraq ətalət içərisində baş verənləri müşahidə etməkdən başqa bir iş görməyən anlayışın parçası olmuşuq. Qısacası “atalarımız həqiqətən də, onu-bunu edib”, ancaq biz passiv bir duruşa üstünlük verərək sadəcə “fəxrlərlə” özümümüzü aldatmışıq. “Kimi əməli geri buraxıbsa, nəsəbi onu irəli aparmaz.” (Əbu Davud, Elm, 1) buyurmaqla hz. peyğəmbərimiz bu günkü halımızı ən gözəl üslubla təsvir edir.

      Sadəcə şəkil etibarı ilə müsəlmanlığın geniş vüsət alması, içinin doldurula bilməməsi və ya İslamın isnad edildiyi həmin təbəqə və qrupların bu kimliyin təmsilində heç bir rol ala bilməməsidir günümüzdə yaşanan bu sıxıntılar. Təməlində cəhalətin və tənbəlliyin dərin yer aldığı bu səbəblərlə yanaşı xürafat, dinin müqəddəs mətnləri hesab edilən ayə və hədislərin yanlış təhlil və təfsiri kimi bəzi hallar da bura əlavə ediləndə tam olaraq düşmən mövqeyində duran mədəniyyət və onun təmsilçilərinin istədiyi bir görüntünün ortaya çıxması üçün başqa səbəbə ehtiyac qalmır. Bu cür səbəblərdən mütəşəkkilqorxu, vəhşət, terror kimi adların, kökündə sülh və onun bütün komponentləri, “hərf və mənalarını” ehtiva edən bir din olan İslama ünvanlanması qədər faciəli bir durum hər halda olmaz. Quru adla müsəlman kimliyi daşıyıcılığı bu dinə vurula biləcək ən böyük zərbədir.Bu görüntünün dəyişdirilməsi heç cür mümkün deyil mi? Əlbəttə, mümkündür! Dolayılı və dolayısız bir çox qurtuluş vasitəsini saymaq olar. Ancaq qətiyyətlə və təkidlə demək olar ki, bunların ən birincisi elm, təhsil və maarifçilikdir. Bu dinin bünövrəsi “oxu” əmri ilə qoyulduğu halda bu əmrə olan itaətsizlik həm  İslam toplumu içərisindəki qarşıdurmalara səbəb olmuş, həm də digər mədəniyyətlərin İslama fərqli bir gözlə baxaraq yanlış dəyərləndirmələrinə zəmin hazırlamışdır. “Qüvvətli mömin zəif mömindən daha xeyirlidir”, sözünüəbəs yerə deməmişdir Peyğəmbərimiz (s.ə.s). Belə ki, mömin şəxs əxlaqı, səmimiyyəti, dünya görüşü, savadı, səxavətliliyi və s. kimi müsbət keyfiyyətləri ilə hər zaman seçilmək məcburiyyətindədir.

      Müsəlmanın nümunəvi olması şərt, mənfi xüsusiyyətlərə sahib olması isə həm günah, həm də açıq bir cinayətdir. Qurani-Kərimdə“ən xeyirli ümmət”(Ali İmran, 3/11) olaraq təsvir edilən bir topluluğun parçası olan fərdin bunun əksi yönündə bir addım atmağa haqqı yoxdur.

      Peyğəmbərimiz (s.ə.s) və onun həyatı başdan-başa bütün təfərrüatı ilə bizim üçün həqiqi bir örnəkdir. Əshabına, hər hansı bir işdə təmsil vəzifəsi verərkən onlara etinalı olmağı əmr edərdi. Bir hədisdə “Gedəcəyiniz yerlərdə qardaşlarınızla görüşəcəksiniz, miniklərinizi, üst-başınızı düzgün və səliqəli vəziyyətə gətirin ki, insanlar arasında diqqət çəkəsiniz. Allah çirkin olan şeyi və naxoş görüntünü sevməz”, buyurmaqla sanki düsturu qoymuşdur.

      Nəticə etibarilə dinimizin gözəl və əvəzsiz olduğunu iddia ediriksə, biz də dinin gətirdiyi gözəlliklərlə mücəhhəz və müzəyyən olmalıyıq. Əks halda İslam gözəldirsə, siz nəyə görə çirkin və geridə qalmısınız deyə soruşarlar adamdan. “Sənə faydası olmayan bir dinin mənə nə faydası olacaq” deməzlərmi adama!?

      Odur ki, bir cəmiyyətin güclü, xoşbəxt, firavan və əmin-amanlıq içərisində olması fərdin mənsub olduğunu iddia etdiyi dinin əmr etdiyi prinsiplərə riayət etməsi ilə yanaşı,  əxlaqi-mənəvi kimliyinin düzgün və sağlam formalaşmasından da birbaşa asılıdır.

      Müasir dövrümüzdə İslam Aləmindəki bu qarşıdurmaların bir dəfəlik sona çatdırılması və ən azından müəyyən ölçüdə azaldılması təmsil qabiliyyəti və keyfiyyətlərimizin dahada yaxşılaşdırılması ilə mümkün olacaqdır.

      • Hits: 851 clicks

      Tecox component by www.teglo.info