Bir Ayə - Ələddin SULTANOV

      Share

      بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِيمِ

      إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ {2} الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ {3}

      “Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman qəlbləri titrəyər, özlərinə Onun ayələri oxunduğu zaman (bu) onların imanlarını artırar və (yalnız) Rəblərinə təvəkkül edərlər.Onlar namazı düzgün bir şəkildə qılar və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər.” (Ənfal, 2-3)

      Bu ayələrin nazil olma səbəbi ilə əlaqəli olaraq Təbəri təfsirində Abdullah b. Abbasdan nəql olunan rəvayətə əsasən qeyd olunur ki, Mədinədəki münafiqlər ibadətləri əda edərkən qəlblərində Allahı xatırlamaz, Allahın hər hansı bir ayəsinə iman gətirməz, Allaha təvəkkül etməz, heç kimin olmadığı bir yerdə namaz qılmaz və mallarından zəkat verməzdilər. Buna görə də Allah Təala, onların həqiqi mömin olmadıqlarını və həqiqi möminlərinəslində hansısifətlərə malik olduqlarını bildirmək üçünbu ayələri nazil etmişdir.Qurani-Kərimin digər bir çox ayəsindəhəqiqi möminlərin sifətləri və xüsusiyyətləri bildirilmiş olmaqla yanaşı, yuxarıdakı iki ayədə onların ən mühüm sifətləri birlikdəzikr edilmişdir. Bu ayələrə əsaslanaraq deyə bilərik ki, həqiqi mömin aşağıdakı beş sifəti özündə cəmləşdirməlidir.

      1.      Allahın adı zikr edildiyi zaman möminin qəlbiürpərər, həyəcanlanar və qəlbində Allaha qarşı təzim və qorxu hissi oyanar. Necəki, insanaşiq olduğu və çox sevdiyi birisinin adı çəkildiyi zaman həyəcanlanar, qəlbi daha sürətli döyünər və qorxu ilə sevgi arasında bir hiss keçirər. Həqiqi möminin də ən çox sevməsi gərəkən, şübhəsiz ki, onun xaliqi olan Allah Təaladır. Əgər həqiqətən o, Allaha aşiq və Onu çox sevən biridirsə, Onun adı çəkildiyi zaman qəlbi qorxu və sevgi hissi ilə ürpərər.

      2.      Allahın ayələri oxunduğu zaman onların imanları artar. Beləki,Qurani-Kərimi dinlədikləri zaman ondakı mənaları anlamağa çalışaraq təfəkkür edər, ayələrin ehtiva etdiyi ədəbi gözəllikləri və Quranın ecazkarlığını düşünərlər və imanları daha da güclənər.

      3.      Möminlər də digər insanlar kimi mal-mülk və oğul-uşaq sahibi olar, ancaq bunlara arxalanmayıb yalnız Allaha güvənərlər və istədikləri şeyləri ancaq Allahdan istəyərlər. Çünki onlar bilirlər ki, hər şeyə gücü çatan və hər şeyin həqiqi sahibi Allahdır.

      4.      Şübhəsiz ki, yuxarıdakı üç sifəti özündə cəmləşdirən bir mömin üçün ən gözəl zövq, Allaha ibadətin ən gözəl şəkli olan namazdır. Namaz, Qurani-Kərimdə də ən çox zikr olunanibadət növüdür. Namaz, Allaha yaxınlaşmaq və Onunla danışmaq üçün ən gözəl vasitə olduğu üçün möminlər namazı haqqını verərək əda etməyə çalışarlar.

      5.      Möminlərin digər önəmli bir sifəti isə, Allahın onlara verdiyi ruzidən, ehtiyac sahibləri üçün xərcləmələridir. Yəni həqiqi mömin zəkat, sədəqə, xeyriyyə cəmiyyəti qurmaq, borc vermək kimi maddi imkanlara bağlı xərcləmələrdən geri durmamalıdır. Yuxarıdakı dörd sifətə malik bir mömin mal-mülkü məqsəd olaraq deyil, vasitə olaraq görər və onu Allahın rizasına uyğun bir şəkildə xərcləyər.

      Bu beş sifəti öz həyatına tətbiq edən mömin məhz kamil bir mömindir. Bunlardan biri mömində olmazsa, digərləri təhlükə altında qalar. Necəki, beş qapılı bir qalanın bir qapısı açıq qalarsa düşmən o qapıdan içəri girər və digər qapılar təhlükə altında qalar. 

      • Hits: 672 clicks

      Tecox component by www.teglo.info