155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Osman Nuri TOPBAŞ -HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Bəyazid Bistami həzrətləri -3-

      Share

         Bəyazid Bistami həzrətləri buyurur:

      “Kəramət göstərən, hətta havada bardaş qurub oturan birini görsəniz, bu halına aldanmayın. İlahi əmr və qadağalara riayət edib-etmədiyinə, şəriətin hökmlərini layiqincə yerinə yetirib-yetirmədiyinə baxın”.[1]

      [Möminin ən böyük kəraməti “əmr olunduğun kimi istiqamət üzrə ol!” (Hud, 112) ayeyi-kəriməsinə itaət edərək Allahın rizası istiqamətində həyat sürməkdir. Yəni həyatının hər bir mərhələsini ilahi əmr və qadağalara görə tənzimləyə bilməsidir. Çünki Haqq-Təalanın rizası təqva üzrə yaşanan qulluğa bağlıdır. Bu xüsusda nöqsanları olmasına baxmayaraq insanın özünü kəramət əhli, istiqamət sahibi və ya müttəqi müsəlman olaraq görməsi yalnız dərin qəflətin ifadəsidir.

      Çünki İslam sadəcə bizim ibadətlərimizi deyil, eyni zamanda həyatımızın hər bir mərhələsini tənzimləyir. Yəni sırf namaz, oruc, zəkat, həcc ilə Haqqa qulluğumuz kamil mənada ifa edilmiş olmur. Ticarət sahəsində, ailədə uşaqlarımızın təhsilində, qonşuluq münasibətlərində, cəmiyyətə qarşı məsul olduğumuz işlərimizdə də müsəlman şəxsiyyətinin tələb etdiyi vəzifələri yerinə yetirməliyik.

      Məsələn, heç bir təqva sahibi ata-ana dünyəvi cəhətdən övladının parlaq gələcəyi üçün mənəvi həssaslıqları gözardı edərək, dini və əxlaqi nöqteyi-nəzərdən nəyisə qurban vermək bahasına təhsil almasına razı olmaz. Çünki mənəviyyatdan məhrum olan bu kimi təlim-tərbiyə həm övladların, həm də məsuliyyətləri nisbətində ata-anaların əbədi həyatlarını təhlükəyə atar.

      Sabah ilahi hesab günündə insanı ən çətin vəziyyətdə qoyacaq xüsuslardan biri də valideynlərindən şikayətçi olmalarıdır. Onların:

      “Ya Rəbb, ata-anam mənə Quran və Sünnə tərbiyəsi vermədilər. Məni mənəvi uxrəvi həqiqətlərdən məhrum etdilər. Yol verdiyim səhvlərin ən böyük səbəbi onların səhlənkarlığıdır”,- deyərək şikayət etmələridir.

      Ayeyi-kərimədə buyurulduğu kimi:

      “O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından!” (əl-Əbəsə, 34-36). Bu isə qiyamət günü insanların ailə fərdlərinə qarşı məsuliyyətlərinin hesabı səbəbi ilə duyacaqları dərin əndişə halını təsvir edir.

      Bir sözlə övladlarımıza dünyada parlaq gələcək təmin etmək üçün mənəviyyatdan məhrum təlim-tərbiyə yolları göstərmək həm onların, həm də bizim axirətimizi əbədi fəlakətə çevirən həzin aldanışdır.

      Ata-analara ilahi əmanət və imtahan vəsiləsi olaraq lütf edilən övladlar dünyaya cənnətə layiq paklıqla gələrlər. Lakin ata-analar onların mənəvi tərbiyələrinə səhlənkar yanaşarlarsa, o cənnət quşlarını (Allah qorusun) yanlış ünvanlara uçurdarlar.

      Ona görə də uşaqlarımızın Quran kurslarından, təqva sahibi olan alimlərin elm və irfanından istifadə etmələrinə nə qədər nail olub-olmadığımızı tez-tez düşünməliyik.

      Zəmanəmizdə təqva ölçülərinin arxa plana atıldığı xüsuslardan biri də sünnət və toy-düyün kimi mərasimlərdə sərgilənən qeyri-İslami hərəkətlərdir.

      Halbuki övladlarımızın yeni bir həyata addım atdığı bu kimi mərasimlər Qurani-Kərimlə, dualarla, mənəvi söhbətlərlə, ağzıdualı yoxsulların da dəvəti ilə keçirilməlidir.

      Çünki sünnətlərdə övladlarımız sahib olduqları dinin şüuruna varmaqda, toylarda isə yeni bir dünyaya qədəm basmaqdadırlar. Həyatda bu qədər mühüm dönüş nöqtəsi olan bu kimi mərasimlər ilahi qəzəbi cəlb edəcək azğınlıqlarla deyil, Allahın rəhmətini cəlb edəcək şəkildə həyata keçirilməlidir…

      Təəssüflər olsun ki, bu gün məhrəmlik duyğularının zəiflədiyi, daha çox varlıların çağırılaraq fağır-füqəranın unudulduğu, bir növ israf çılğınlığına və güc nümayişinə çevrilən, daha çox moda səhnəsini xatırladan mərasimlərə tez-tez şahid oluruq. Bunlar isə ilahi rəhməti uzaqlaşdırıb, qəzəbi özünə çəkən mənzərələrdir.

      Ailə faciələri və boşanmaların hər gün bir az daha artdığı zəmanədə yaşayırıq. Mənəviyyatdan uzaqlaşmaq Haqq-Təalanın rəhmət, yardım və lütfündən məhrumiyyəti də özü ilə gətirir.

      Allah-Təala fərd, ailə və cəmiyyət üçün əsl hüzur və səadətin düsturunu ayeyi-kərimədə belə bildirir:

      “Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar”. (əl-Fatir, 29)

      Ayədə zikr olunan “تِجَارَةً لَنْ تَبُورَ”, yəni “əsla kasad olmayacaq bir ticarət”in ilk maddəsi: “Qurani-Kərimin tilavət edilməsi”dir.

      Yəni Qurani-Kərimi öyrənmək, öyrətmək və bu yolda əmək sərf edərək Quran xidmətlərinə dəstək olmaqdır.

      Həzrət Peyğəmbərin acından qarnına daş bağlayaraq ikiqat qaldığı zamanlarda belə tərk etmədiyi ən mühüm xidmətlərdən biri də məhz Quran tələbələri olan Əshabi-Suffəni yetişdirmək olmuşdur. O rəhmət peyğəmbəri Taifdə daşqalaq olunsa da bəddua etməmişdir. Uhud günü dişi qırılaraq mübarək yanağından qan süzüldüyü vaxt bəzi səhabələr:

      - Ya Rəsulallah, kafirlərə bəddua edin,- dedikdə belə buyurmuşdu:

      “- Allah məni insanları ayıblamaq və onlara lənət etmək üçün göndərmədi. Haqq-Təala məni hər kəsə çoxlu dua etmək və insanlara rəhmət olmaq üçün göndərdi”.[2]

      Lakin o rəhmət peyğəmbəri Quran müəllimlərini şəhid edən bədbəxt müşriklərə tam bir ay boyu sübh namazından sonra bəddua etmişdir.[3] Allah Rəsulunun bu halı Qurani-Kərimə qarşı həssaslıq ölçümüzün necə olacağını göstərir.

      Allah Rəsulu r Quran xadimlərini daima üstün tutmuş, ümmətinə tövsiyələrində onlara ehtiram etmələrini buyurmuşdur.[4]

      Unutmayaq ki, Fəxri-Kainat (s.ə.s) bizə hər sahədə olduğu kimi xüsusilə Quran xidmətlərində fədakarlıqları ilə də nümunədir.

      Ayeyi-kərimədə buyurulan “kasad olmayacaq bir ticarət”in ikinci maddəsi isə “namaz qılmaqdır”.

      Yəni namazı başdansovdu edərək tələsik qılmaq yox, qəlb və bədən ahəngi içində, xüşu ilə əda etməkdir. Kamil mənada qılınan namazda bədənin qibləsi Kəbə, qəlbin qibləsi isə aləmlərin Rəbbi olar. Məqbul bir namaz bəndəni merac üfüqünə yüksəldən, səcdələri ilə Rəbbə yaxınlıq iqliminə aparan möhtəşəm bir ibadətdir. Allah-Təala insan anatomiyasını səcdə etməyə ən əlverişli yaratmışdır ki, qul çox səcdə edərək Rəbbinə yaxınlaşa bilsin.

      Ayeyi-kərimədə zikr olunan “kasad olmayacaq bir ticarət”in sonuncu maddəsi isə “Allahın lütf etdiyi nemətlərdən gizli və aşkar infaq etmək”dir.

      Yəni Allahdan gələni yenə Onun rizasını qazanmaq yolunda səxavətlə xərcləməkdir. İxlası qorumaq üçün mümkün mərtəbə gizli infaq etmək lazımdır. Lakin açıq-aşkar infaq etmək zərurəti doğduqda da qəlbi riya və göstərişdən qorumaq gərəkir.

      Bəyazid Bistami həzrətləri buyurur:

      “Sufi bir əlinə Qurani-Kərimi, o biri əlinə Sünneyi-Səniyyəni alan, bir gözü ilə cənnətə, o biri gözü ilə cəhənnəmə baxan, dünyanı vücudunun aşağı hissəsinə, axirəti isə üst hissəsinə dolayaraq ehrama girən və bu ikisinin arasında “Ləbbeyk, Allahummə ləbbeyk / Buyur, Allahım! Əmrinə təslim olmuşam, hüzurunda hazıram!”,- deyərək Mövlasına qaçan kəsdir”.[5]

      Dünyadan axirətə gedən səfərimizdə ən böyük rəhbərimiz Qurani-Kərim və Sünneyi-Səniyyədir. Həyat səfərini rizayi-ilahi hədəfindən yayınmadan başa vurmaq üçün Quran və Sünnənin təlimatlarına həssaslıqla tabe olmaq zərurətindəyik.

      Qurani-Kərimə qarşı vəzifələrimizdə bu üç məsələyə xüsusilə diqqət etməliyik:

      Birincisi, düzgün qiraətimiz olmalıdır. (Onsuz da qiraətsiz namaz olmaz)

      İkincisi, Quranın qoyduğu sərhədlərdən kənara çıxmamaq, əmr və qadağalara riayət.

      Üçüncü isə, Quran əxlaqı ilə əxlaqlanmaqdır.

      Mömin həyatının hər bir mərhələsində özünü Quran ölçüləri ilə müqayisə etməlidir. “Mənim bu halımdan Allah razıdırmı” sualını təfəkkür edərək davranışlarına istiqamət verməlidir.

      Qurani-Kərimin ən böyük təfsiri isə 23 illik nəbəvi həyatı ilə Allah Rəsuludur. Necə ki, Allah-Təala ayeyi-kərimələrdə belə buyurur:

       “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur…” (ən-Nisa, 80)

      “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”. (ən-Nəcm, 3-4)

      Onu Cəbrail (Ruhul-əmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilində”. (əş-Şüəra, 193-195)

      Bir sözlə, Allah Rəsulunu tanımadan, Onun könül iqlimindən nəsiblənmədən, sünnəsini yaşamadan nə Quranı tam mənada idrak edə bilərik, nə də qulluğumuz kamil qulluq sayılar.

      Möminin kamillik mərtəbəsinə nail olması yalnız fərzlərdən əlavə sünnələrə də riayət etməsi ilə mümkündür. Abdullah bin Deyləmi (k.s) buyurur:

      “…Dinin yox olmasının başlanğıcı Sünnənin tərk edilməsi ilə olacaqdır. Kəndirin lif-lif sökülərək nəhayət qopduğu kimi din də sünnələrin bir-bir tərk edilməsi ilə ortadan qalxar”. (Darimi, Müqəddimə, 16)

      Bu gün Muhamməd ümməti olaraq Həzrət Peyğəmbəri, beləliklə də Sünnəni xəfifə alan, hətta inkar edən “dini cərəyan”lara qarşı hədsiz dərəcə diqqətli və ayıq olmalıyıq. Çünki sünnələri gözdən salmağa çalışan din alimi etiketli bəzi din təhrifçilərinin sonrakı addımda fərzləri qaldırmağı hədəfləmələri şübhəsizdir.

      Xüsusilə axırzaman dediyimiz bu dövrdə sünnələrə daha da möhkəm sarılmalıyıq. Hədisi-şərifdə buyurulduğu kimi:

      “Elə bir zaman gələcək ki, həmin vaxt bu üç şeydən daha qiymətli heç nə olmayacaq: Halal pul, can-başla yoldaşlıq edəcək qardaş və əməl olunacaq bir sünnə”. (Heysəmi, I, 172)

      “Sizə iki miras qoyub gedirəm. Onlardan möhkəm yapışdığınız müddətdə əsla zəlalətə düşməzsiniz: Allahın kitabı və Rəsulunun sünnəsi”. (Muvatta, Qədər, 3)

      Quran və Sünnənin feyzindən uzaqlaşdıqca qəlblərdəki iman nuru zəifləyər, (Allah qorusun) şam işığı kimi azacıq küləklə sönər.

      Bəyazid Bistami həzrətləri də bütün Haqq dostları kimi Sünneyi-Səmiyyəyə riayət etməyə böyük əzmlə can atardı. Zərrə qədər də olsa, səhlənkarlıq etməzdi. Hər bir halını Allah Rəsulunun halı ilə götür-qoy edərdi. Mühüm nəsihətlərindən biri də belədir:

      “Hər kim Qurani-Kərimin qiraətini və zöhd həyatını tərk edər, camaatla namaza davam etməz, cənazələrə qatılmaz, xəstələri ziyarət etməz, bununla yanaşı sufi olduğunu iddia edərsə, o, sadəcə qafildir”.[6]

      Yəni Qurani-Kərim və Sünneyi-Səniyyənin fərz və ruhaniyyətindən uzaq bir həyatda xeyir yoxdur. Belə bir həyata dalanların dilindən təsəvvüfi hikmət ifadələri tökülsə də, onların ardınca getməmək lazımdır. Dilin sümüyü yoxdur. Hətta tutuquşu da bəzi sözləri əzbərləyib deyə bilər. Lakin Həzrət Mövlananın buyurduğu kimi:

      “Əməl olunmayan hikmətli söz borc alınmış bərbəzəkli paltar kimidir!..”

      Yəni yaşanmayan, irfana çevrilməyən, şəxsiyyət və xarakterin bir parçası halına gəlməyən biliklər Həzrət Peyğəmbərin ifadəsi ilə “ondan Allaha sığınılacaq faydasız elm”[7] qəbilindəndir.

      Dolayısı ilə gücümüz nisbətində Rəsuli-Əkrəmdən nümunə götürmək dərdində olmalıyıq. Həyatımızın hər mərhələsində və qarşılaşdığımız hər bir hadisədə hal və davranışlarımızı daima nəbəvi əxlaq ölçüləri ilə ölçüb-biçməliyik. Düşünməliyik ki:

      “Görəsən, Allah Rəsulu r bu dəqiqə yanımızda olsaydı, o gül üzü ilə bizim halımıza təbəssüm edərdimi? Yoxsa mübarək üzünün rəngi dəyişər, çiçəklərdən zərif könlü inciyər, nurlu alnındakı damarı qabarar və “Mənə nə olur ki, sizi belə görürəm”,- deyə xəbərdarlıq edərdi?”

      Məhz bu kimi düşüncələrlə həyatlarını Aləmlərin Sultanına r -ə məhəbbətin, bağlılığın, itaətin təcəlligahına çevirə bilən Muhamməd ümməti necə də xoşbəxtdir!..

      Bəyazid Bistami həzrətləri buyurur:

      “Təsəvvüf nəfsani arzulardan təmizlənmək, qəlbi Haqqa ram etmək, bütün gözəl vəsflərlə əxlaqlanmaq və daima Allahın rizası istiqamətində ola bilməkdir.”[8]

      Mömin hər işdə Rəbbinin rizasını ön planda tuta bilən kəsdir. Haqqın rizası ilə nəfsinin arzuları qarşı-qarşıya gəldikdə nəfsinin gizli etirazına boyun əyməyən, iradə sahibi kəsdir. Bu sarsılmaz iradənin qazanılması üçün də nəfsi riyazət və mücahidə kimi tərbiyə üsulları ilə xam vəsflərdən qurtararaq mənən kamilləşdirmək zəruridir.

      Allah-Təala əhəmiyyətinə görə Qurani-Kərimdə ard-arda yeddi dəfə and içdikdən sonra buyurur:

      “Nəfsini pisliklərdən təmizləyən mütləq qurtuluşa nail olmuş, onu pisliklər içində batıran da əlbəttə ki, zərərə düçar olmuşdur”. (əş-Şəms, 9-10)

      Yəni insanı Rəbbindən uzaqlaşdıran bütün pis məziyyətləri, nəfsani zəiflik və ehtirasları daxili dünyamızdan da təmizləmək məcburiyyətindəyik. Zira ilahi imtahan hikmətinə görə haramlarda nəfsani bir cazibə var. Nəfsimizi təzkiyə etməsək, pis xasiyyətlərdən təmizləməsək, onu özünə cəzb edən günah tələlərinə qarşı iman müqaviməti göstərə bilmərik. Halbuki ilahi rəhmət və ehsanlar daima nəfsin ehtiraslarına müqaviməti labüd qılan imtahanların ardında gizlidir.

      Rəsulullah r -in bu bəyanatı sözügedən həqiqəti necə də gözəl ifadə edir:

      “Allah-Təala cənnəti yaratdıqdan sonra Cəbrayıl u-a buyurdu:

      - Get, ona bax! Cəbrayıl u gedib cənnətə baxdı, sonra gəlib:

      - Ey Rəbbim, izzətinə and olsun ki, onu (cənnətin ehtişamını) eşitdiyi halda oraya getməyən heç kəs qalmaz,- dedi.

      Sonra Allah onu(n ətrafını nəfsə ağır gələn) çətinliklərlə əhatə etdi və:

      - Ey Cəbrayıl, get bir daha ona bax,- dedi.

      Cəbrayıl u bir daha cənnətə baxdıqdan sorna gələrək dedi:

      - Ey Rəbbim, izzətinə and olsun ki, artıq oraya heç kimin girə bilməyəcəyindən qorxmağa başladım.

      Sonra Allah cəhənnəmi yaratdı və:

      - Ey Cəbrayıl, get, ona bax,- buyurdu. Cəbrayıl u gedib ona baxdı. Sonra gəlib:

      - Ey Rəbbim, sənin izzətin haqqı üçün (deyirəm ki) onu (cəhənnəmin yandırıcı əzabını) eşidən heç kim ora girməz,- dedi.

      Bunun üzərinə Allah-Təala onun ətrafını şəhvətə xoş gələn şeylərlə bəzədi. Sonra yenə Cəbrayıla:

      - Ey Cəbrayıl, get, ona bir daha bax,- buyurdu.

      Bunun üzərinə (Cəbrayıl u) bir daha gedib cəhənnəmə baxdı. Sonra gəlib:

      - Ey Rəbbim, izzətinə and olsun ki, mən bircə nəfər də qalmadan hamının ora girəcəyindən qorxmağa başladım,- dedi.” (Buxari, Riqaq, 28; Müslim, Cənnət, 1; Tirmizi, Sifətul-Cənnət, 21)

      Deməli, cənnət mənəvi tərbiyə ilə kamilləşməmiş, nadan və xam nəfsə son dərəcə ağır gələn çətinliklərlə əhatə olunmuşdur. Cənnətə girə bilmək üçün nəfsin arzularına qarşı sinə gərərək Haqqa və həqiqətə ram olmaq, bu yoldakı bütün məşəqqətlərə səbirlə dözmək lazımdır.

      Digər tərəfdən cəhənnəmin nəfsə xoş gələn şəhəvi arzularla bəzədilməsi də ilahi əzabdan qurtulmaq üçün nəfsi təzkiyə etməyin zərurətini ifadə edir.

      Haqq-Təala bu xüsusda bizə misal olaraq Qurani-Kərimdə Hz. Yusif u -ın Züleyxa ilə olan imtahanını xəbər verir:

      Nəfsi-əmmarəni təmsil edən Züleyxa könül verdiyi Hz. Yusifə nəfsani arzuları cəzb edəcək bütün şəraiti hazırladı. Züleyxa xam nəfslərin ən çox məğlub olduğu “sərvət, şəhvət və şöhrət”in zirvəsində idi. Üstəlik gizli və xəlvət yerdə günahlar daha asan işləndiyi üçün Züleyxa da əvvəlcə Yusif u-ı otağına çağırdı. Qapını bağladı, sonra “هَيْتَ لَكَ : haydı gəl”[9] dedi.

      Bu imtahanda Yusif u-ın dadına çatan “ مَعَاذَ اللّٰهِ : (Haşa! Bundan) Allaha sığınıram!”[10] deməsi oldu. Neçə-neçə güclü iradələrin əridiyi belə bir çətin məqamda nəfsin şərindən Allaha sığına bilmək yalnız nəfs təzkiyəsi və qəlb təsfiyəsi nəticəsində nail olunan ali iman zirvəsidir. Hz. Yusifin sərgilədiyi bu ixlas və təqva halı qarşısında Allahın yardımı gəldi. Rəbbimiz bu həqiqəti belə xəbər verir:

      “Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!” (Yusuf, 24)

      Necə ki, Rəsulullah r də bir hədisi-şərifində heç bir kölgənin olmayacağı qiyamətin o çətin anında Allahın yeddi qrup insanı Ərşi-Əlanın kölgəsində himayə edəcəyini bildirdikdən sonra bu qruplardan birinin də gözəl və məqam sahibi qadının birlikdə olma istəyini “Mən Allahdan qorxuram”,- deyərək rədd edən gənc olduğunu ifadə etmişdir. (Buxari, Azan, 36)

      Xülasə, ətrafı məşəqqətlərlə əhatələnmiş, içərisi möhtəşəm gözəlliklərlə dolu cənnətə dəvət olunmaq üçün nəfsin bayağı arzularından uzaqlaşmaq məcburiyyətindəyik. Çünki o lətafət diyarına nəfsi arzuların kəsafəti ilə girmək mümkün deyil.

      Həmçinin ətrafı şəhvani arzularla bəzədilmiş, içərisi isə şiddətli əzabla dolu olan cəhənnəmə düşməmək üçün də nəfsimizin bitməz-tükənməz ehtiraslarına qarşı son nəfəsə qədər sülhü olmayan cəng düşüncəsi ilə qarşı durmalıyıq.

      Allah-Təala hər birimizi həyatımızın hər anında nəfsi-əmmarənin şərindən qorusun. İxlasını qoruduğu bəxtiyar qullarının arasına biz aciz qullarını da lütf-kərəmi ilə daxil eləsin.

      Amin!..

       

       


      [1] Beyhəqi, Şuab, III, 304; Quşeyri, Risalə, s. 58.

      [2] Beyhəqi, Şuab, II, 164/1447. Qarşılaşdır. Müslim, Birr, 87; Tirmizi, Dəavat, 118.

      [3] Bax. Buxari, Cihad 9, 19, Məğazi 28; Müslim, Məsacid, 297.

      [4] Bax. Vaqidi, III, 1003.

      [5] Sehlegî, en-Nûr, s. 124; Abbâs, Ebû Yezîd, s. 71.

      [6] Beyhakî, Şuab, III, 305; İbnü’l-Cevzî, Telbîsü İblîs, s. 151.

      [7] Bax. Müslim, Zikr, 73.

      [8] Səhləgi, ən-Nur, s. 138.

      [9] Bax. Yusuf, 23.

      [10] Bax. Yusuf, 23.

       

      • Hits: 723 clicks

      Tecox component by www.teglo.info