Müsahibə - Bahadır YENİŞEHİRLİOĞLU

      Share

           BƏZİ ŞEYLƏRİ YAŞAMADAN QƏLƏMƏ ALMAQ İMKANSIZDIR

           Bahadır Yenişehirlioğlu kimdir?

         1962-ci ildəAkhisarda dünyaya göz açan Bahadır Yenişehirlioğlu 1979-cu ildə doğulduğu şəhərdə orta məktəbi bitirdikdən sonra Dokuz Eylül Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1985-ci ildə buradan məzun olmuşdur.

       Manisa / Akhisarda sərbəst vəkil kimi fəaliyyət göstərən Yenişehirlioğlu Çin, Fransa, İspaniya, İsveçrə, İtaliya, Almaniya, İngiltərə, Bosniya, Qaradağ, Xorvatiya, Mərakeş, Tunis, Misir, İran, Pakistan, İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Suriya, Dubay, Bəhreyn kimi ölkələrdə xalqları və toplumları araşdırmışdır. “Beyaz Usta, Siyah Çırak”, “Kerime”, “Son Hasat”, “Aşk Cebhesi” və “Aşk Çölü” romanları var. “Eşq Cəbhəsi” İpəkyolu Nəşriyyatı tərəfindən Azərbaycan türkcəsinə uyğunlaşdırılmışdır. Evlidir, iki övladı var.

       

      İrfan: Çanaqqala mövzusunda yazılmış “Eşq Cəbhəsi” kitabınızı oxuduq, həddən artıq cəlbedici üslubda qələmə alındığını deyə bilərik. Kitabda əks olunanlar yaşanmış hadisələrdirmi?

      Bahadır Yenişehirlioğlu: Ümumiyyətlə Romanlarımda bir neçə tarixi hadisənin yer alması mütləqdir. O cümlədən “Eşq Cəbhəsi”. Amma hadisələrin baş rolunu oynayan qəhrəmanlar əlbəttə ki, bizim təxəyyülümüzün məhsuludur. Oradakı Əli xarakteri də, Co karakteri də şəxsən yaşamamışlar. Həm dünən, həm də bu gün var olan Abdullah bəy karakteri də belədir. Amma arxa plandakı bütün hadisələr gerçəkdir. Çünki əgər tarixi hadisələrlə hörülmüş bir roman yazırsınızsa, o zaman çox dəqiq olmalısınız. Xırda bir xəta,  kiçicik bir səhv oxucu ilə sizin aranızı aça bilər, roman gerçəkliyini itirə bilər. Ona görə də romanın qəhrəmanlarının yaşadığı yerlər, məkan, zaman, iqlim, geyindikləri paltar, yedikləri yeməklər, hamısı gerçəkdir. Kitabda adı çəkilən Əli olmasa da, başqa Əlilər yaşayıb orada. Co olmasa da başqa anzak əsgərləri yaşayıb bu hadisələri.

      - Baş verən hadisələrin içində sizin yeriniz nə qədərdir? Bu sualı nə üçün verdik? Çünki romanın qəhrəmanı sizin bölgədən, Akhisardandır. Sizinlə bu qəhrəman arasında əlaqə varmı?

      - Düzünü desəm, istədim ki, oradakı Əli obrazı mən olum. İnsan gərək yaşadığı torpaqlara vəfalı olsun. Mən həmişə buna inanıram. Həm yaşadığın torpaqlara vəfalı olmalı, həm də qidalandığın, istifadə etdiyin insanlara qarşı vəfalı olmalısan. Əgər bir adamda vəfa duyğusu yoxdursa, o adam mənim gözümdə bir o qədər də məna ifadə etmir. Mən də o torpaqlardan çıxdığım üçün Akhisarı sevirəm. Əli başqa bir bölgədən çıxmış qəhrəman da ola bilərdi, amma mən akhisarlı olmasını istədim. Bir yandan da özümü onun yerinə qoydum, mən o dövrdə yaşasaydım o ruh halı ilə necə hərəkət edərdim? Yəni roman yazmaq bir az da empati qurmaqdır, qəhrəmanlara sizin öz gözünüzlə baxıb, mən olsaydım nə olardı, necə hiss edərdim, necə düşünərdim demənizdir. Əslində Əli xəyalımdakı özüməm. Məncə gözəl alındı. Əli xarakterini mən də sevirəm. Vəfalı bir adamdır.

      - Əsərin yazılması və tamamlanması barədə məlumat verərdiniz zəhmət olmasa.

      - Bu bir gerçəkdir ki, biz tarixin o anlarını görmədik. Yaş etibarı ilə keçmişdə qalmış hadisələrdir. Çanaqqala savaşını sadəcə oxumuşduq. Hər kəs kimi məktəb çağlarında öyrənmişdik. Amma daha sonra Çanaqqala ilə bağlı kitab yazmaq istəyəndə məsələ dəyişdi. Bu sahədə yazılmış çox əsər var. Bizim üçün, həm də İslam aləmi üçün əhəmiyyət kəsb edir. Mən istədim ki, fərqli bir kitab ərsəyə gəlsin. Müharibəyə kənardan baxmaqdansa, müharibədə iştirak edən anzak əsgərlərinə və ya bizim məmləkətdən çıxan qəhrəmanlara böyüdücü tutmaq istədim. Onların insan olaraq keçirdikləri hissləri kəlmələrə daşımaq istədim. Türklər bu qədər şəhid verib, anzak əsgərləri bu qədər itki verib, filan döyüş belə olub və s. Mən daha çox xarakterlərə baxmaq istədim. Məsələn, Əlini hansı səbəb və hadisələr Çanaqqalaya səsləyirdi? Bir adamı ölümə sürükləyən nədir, insan sevərək, istəyərək, gülümsəyərək ölümə necə gedər? Bütün bunların arxa planı var, görünməyən tərəfi var. Əlini var edən var, yetişdirən amillər var. Ata-ana amili, mühitin, iqlimin verdiyi ruh halı var. İnsan oğlu belə yetişir. Mən Əliyə diqqətlə baxmaq istədim. Daha doğrusu Çanaqqalaya, şəhidlərə Əlinin şəxsində, anzak əsgərlərinə də Co üzərindən baxdım. Yəni işin bir az romantik qismini ələ aldım. Beləliklə kitab daha maraqlı oldu. Gənclərin rəğbətini qazandı. Mən eşq üzərindən yola çıxdım. Əsərdə Əlinin də eşqi var, sevdiyi qız var, Conun da sevgilisi var, onun da sevdiyi bir insan var. Yəni həm bəşəri eşqi ələ alaraq, həm də bəşəri eşqdən yola çıxaraq mənəvi eşqi ələ alaraq bu xarakterləri bütünləşdirərək Çanaqqalada bir araya gətirdim. Oradakı qarşılaşma idi, mənim üçün önəmli olan. Yəni Co ilə Əlinin qarşılaşmasındakı insani dəyərlər; bir-birinə toxunmaları, təmas etmələri. Məhz bu nöqtədən hadisələrin nə üçün bu hala gəldiyini anlatdım. Zaman-zaman Co yazdığı məktublarda öz-özünü hesaba çəkir, niyə biz buradayıq? Niyə gəldik axı,- deyir. Mən bu müharibənin qəhrəmanı olmaq istəmirəm, çünki buradakı insanları tanıdıqdan sonra onların çox sevdikləri məmləkətləri üçün vuruşan necə qiymətli insanlar olduğunu anladım,- deyir. Əslində bu kitabı qələmə almağımdakı əsas səbəb, yerüzünü qarışdıran imperialist gücləri və onların politikalarını ortaya qoymaq idi. Mənim roman üslubumda daha çox zamandan-zamana sıçrayışlar var. Yəni kitabı oxuyarkən bir yandan bugünün insanını oxuyursunuz, bir yandan onun oxuduğu kitabı oxuyursunuz. Bunu niyə elədim; bugünün insanı, yəni orada 2014-cü ildə yaşayan xarakter, Səlim, əslində günümüzün insanıdır. Müəyyən mənfilikləri olan, sualları olan, ruhi böhran içində olan, mənəvi dəyərləri tam oturuşmamış, öz mövqeyini təyin edə bilməmiş bir adam. Yəni bugünün insanı. Zehni düşüncələri dəyişdirilmiş, pozulmuş, mədəniyyət istilası ilə öz dəyərlərindən uzaqlaşmış, amma bunun əziyyətini çəkən bir adam var əsərdə. Çanaqqala onu necə dəyişdirdi, bugünün insanına Çanaqqala necə yol göstərir? Əsas məqsədim bu idi. Romanın sonunda Səlim Çanaqqalada məscidə daxil olur və dəstəmaz almaq üçün şadırvana doğru addımlayır. Bu, simvolik səhnədir. Səlimin beynini yoran sualların cavablanmasıdır.

      - Nəşr olunmuş beş kitabınız var. “Eşq Cəbhəsi” dördüncü kitabınız idi. Kitablarınız arasında da “ən çox satılan kitab” ünvanını qazanmış bir əsərdir. Bu kitabı qələmə alarkən digər kitablardan fərqli olaraq yaşadığınız xüsusi duyğular varmı?

      - Mən həyata pozitiv baxan bir insanam. Amma bu da hər şeyin göründüyü kimi olduğu mənasına gəlmir. Əslində yazan insan, yazmaq dərdində olan insan sıxıntılı və yaralıdır, bir az. Mütləq bir dərdi var, söyləmək istədiyi, anlatmaq istədiyi nə isə var və hər bitirdiyi kitab əslində bir parça onun özünü müalicə edər. Mən bir az da belə baxıram. Eşq Cəbhəsini bitirəndə müdhiş bir rahatlama hiss etdim əlbəttə. Amma onu bitirdiyimdən sonrakı gün başqa bir romanı qələmə almağa başladım. Yəni bitirdiyiniz iş artıq sizdən çıxır, sizin uşağınız kimi onu həyatın içinə yola salırsınız. Artıq öz həyat hekayəsini özü yazır. Biri onu stolun üstündə görür, maraqlanır, alır, Azərbaycan dilinə çevirmək qərarına gəlir... Bu, mənim planladığım bir şey deyildi. Yəni kitab artıq içindəki duyğularla, xeyirlə, səmimiyyətlə və bir də ixlasla yazılıbsa o zaman hansı yollada olsa oxucuya çatır, onunla görüşür. Yazdığım hər kitab məni bir parça az müalicə edir. Uzun illər oxudum, orta məktəbdən bu yana çox oxuymuşam. Əslində hüquq təhsili almışam. Yazı həyatına peşəkar olaraq 2011-ci ildə başladım. Demək ki, yığılıb, yığılıb və bir yerdən ortaya çıxmaq istəyirdi. Mən kitab yazmalıyam,- deyərək ortaya çıxmadım, bir gün özümü roman yazarkən gördüm. İlk kitabım “Bəyaz Usta, Siyah Çırak” idi, sonra “Kerime”, sonra “Son Hasat”, sonra “Aşk Cephesi” (Eşq Cəbhəsi), “Aşk Çölü”, avqust ayında da başqa bir romanım çıxacaq. O da bambaşqa bir mövzunu ələ alır. Beləcə gedir bu yolçuluq. İnşallah buralarla əlaqəli, Qafqazla bağlı da yazmaq istəyirəm. Sonra da Balkanlara dönüb bu coğrafiyanı tamamən işləmiş olacağam.

      - İnşallah. Səbirsizliklə gözləyəcəyik. Bəzi səhnələrdə sanki bir mənzərəni seyr edib, onu kəlmə-kəlmə təsvir edirmiş kimi bir canlandırma var. Məsələn, Əlinin ustadının hüzuruna girməsi kimi. Bu səhnələri həqiqətən yaşadınızmı?

      - Bəzi şeyləri anlatmaq üçün yaşamaq lazımdır. Mən uzun illər təsəvvüf tərbiyəsi aldım. Dərgahda oldum. Ədəb nədir bilirəm. Romanda dərgahla, şeyxlə bağlı cərəyan edən hadisələr əslində mənim şəxsən yaşadığım şeylərdir. Buna görə də, əgər belə olarsa bu necə baş verər, deyə düşünmədim. Əlini də bir az özümə bənzətdiyim üçün mənim getdiyim yerə Əli də getdi, mənim getdiyim söhbətdə Əli də oturdu. Əliyə Abdullah Əfəndi söhbət elədi, mənə isə Musa Topbaş Əfəndi söhbət edirdi. Bu baxımdan heç bir çətinliyim olmadı. Amma mənə olduqca təsir edən hissələr də oldu. Məsələn, ağlayaraq yazdığım bölüm var: Əli şəhid olub, amma şəhid olduğunun fərqində deyil. Çünki şəhidlər ölməz. Mələklər tərəfindən yuyulur, amma o elə zənn edir ki, onu dostu yuyur. Nə vaxt ki, tabutu öz məmləkətinə gəlir və özünü görür, o zaman şəhid olduğunu başa düşür. Romanın mənim üçün ən təsiredici səhnəsi məhz budur.

      - Bir az əvvəl gələcəkdəki çalışmalarınız haqqında qısaca məlumat verdiniz. Növbəti çalışmanız sirr deyilsə hansı mövzuda olacaq?

      - Əslində Çanaqqaladan sonra Yəmən cəbhəsini yazıb daha sonra Qafqaz cəbhəsinə gəlmək istəyirdim. Amma indiki təəssüratlarımla əvvəla Azərbaycanı içinə alan Qafqaz cəbhəsini yazmağı düşünürəm. Əlbəttə, bunun üçün bir xeyli araşdırmalar etmək lazımdır ki, onun üzərinə bir hekayə quraq. Böyük bir ehtimal ki, Azərbaycan mərkəzli bir kitab olacaq. Çanaqqalanı araşdırarkən də çox oxudum. Məktublar və xatirələr bu mövzuda bizə çox bilgilər verir.

      - Azərbaycanı necə gördünüz, hər halda ilk gəlişinizdir?

      - Hava limanına endiyim andan hüzur hiss etdim, hüzurlu bir ölkəniz var. Mən eyni hüzuru sadəcə Mərakeşə gedəndə hiss eləmişdim. Bəzi şəhərlər var ki, hava limanına enən kimi sizə təsir edər. Ya çox sıxılarsınız və o səyahət də gözəl keçməz və ya daxili rahatlıq taparsınız, səyahətiniz də bu atmosferdə davam edər.  Eynilə bu cür oldu və öz-özümə belə dedim, -mən daha əvvəl niyə Azərbaycana gəlmədim? Mən dünyanın bir çox ölkəsini gəzdim. Orta Şərqi, Avropanı, Afrikadan Çinə qədər çox yerləri gəzdim. Niyə bu vaxta qədər gəlmədim,- dedim. Nəsib bu günə imiş. Bakını çox sevdim. Çox təmiz şəhərdir. İnsanları da çox mədənidir.

      - Biz də sizi çox sevdik. Bizə vaxt ayırdığınız üçün çox təşəkkür edirik.

      - Rica edirəm. 

      • Hits: 683 clicks

      Tecox component by www.teglo.info