Salih Zeki Meriç - EY QURAN ƏZİMUŞ-ŞAN

      Share

      Nə böyük xəzinəsən, ey Quran!

      Rəsulullahın qəlbinə enən, könlündə böyüyən, içini fərahladan Kəlamullahsan. Sən Haqdan gələn həyat düsturu, ən gözəl rəhbər, haqqı batildən ayıran[1] Furqansan.[2]

      Aləmlərin Rəbbinə həmd ilə başlayar ilk sözün. Biz Rəbbimizin mərhəmətinə güvəndiyimizi, Ona qulluq edəcəyimizi, Ondan kömək istəyəcəyimizi səndən öyrənərik.

      Səninlə çıxarıq yola. Səninlə yeriyər və səninlə çatarıq mənzilə. Könlümüz qovrulsa quraq torpaqlar kimi, səni oxuyar, dirilişimizi yaşayarıq dirçəlişimizlə.

      Bir sonsuzluq iksiridir hər hərfin. Hər sətirin gözlərimizə fər verir. Hər ayən yolçuluğumuzun işarə daşıdır. Ayə-ayə, surə-surə enərsən hər möminin qəlbinə. Və aydınladarsan günəşi batan qəlblərimizi.

      Ey könlümüzün sonsuzluq atlası!

      Ən Gözəlin fəmi-muhsinlərindən (oxuyuşu düzgün və gözəl olan ağızdan) bir abi-həyat kimi axasan Ümməti-Muhammədin üzərinə. Sənin boyanla boyanmaq nə gözəldir! Və o boya ilə boyandıqdan sonra Allaha qul olmaq nə gözəldir! Sənin bildirdiyin səviyyədə mömin ola bilmək; Allahdan haqqıyla qorxan, namazı qılan və zəkatı verən həqiqi möminlərdən ola bilmək nə gözəldir! İman edənlər fəlah (qurtuluş) tapdı deyirsən Muminun surəsində[3]. Namazlarımızda xüşu içində olmağı, boş və faydasız şeylərdən qaçınmağı, iffətimizi qorumağı öyrədən sənsən. Və imanın həqiqətinə ərdirən, onun dadını bizə daddıran sənsən.

      Sən bizim həyatımızı ilmək-ilmək hörənsən! Nöqtə-nöqtə bizə naxış vuran, könül iqlimimizi  emar edənsən! Bizə xəbərdarlıq verən, bizi sarsan, bizi özümüzə gətirənsən! Təfəkkür, təzəkkür (həqiqəti xatırlatmaq) və təşəkkür etməyi də öyrədən sənsən!

      Sən Kitabı-Mubinsən (apaçıq kitabsan).

      Könlümüzə inşirah (genişlik, fərahlıq) verənsən[4]. Qəlbimizi açan... Haqqı və batili açıq-açıq anladan... Bir hidayət qaynağı[5], bir yol göstərici, dərdlərə dərman və qəlblərə şifasan. Haqdan gələn açıq bir bəyansan. Sən qəlblərimizə xitab edən, zahirimizdən çox batinimizə baxan prinsiplərinlə yolumuzu açan və bizə istiqamət verənsən. İçində şübhə olmayan[6] və şübhədə olanların şübhəsini aradan qaldıran, qəlblərimizi razı salan, doyuzduran, həqiqi adamın nümunəsini təqdim edən ilahi həyat nizamısan.

      Ey Quran! Sözlərin ən gözəlisən.

      Səni oxumaq bir bəxtiyarlıq, sənə baxmaq, səhifələrini çevirmək dəxi savabların ən gözəlidir. Hər hərfin mübarək və hər birinin əcri var. Sən oxunarkən başqa sözə nə ehtiyac var? Səninlə müşk olar sözlər. Səninlə mənalanar söhbətlər. Səninlə başlanar hər məclisə və səninlə xitama çatar vüslətlər. Sözlərin əvvəli, axırı sənsən.

      Ey gözlərimizə nur, həyatımıza sürur verən Quran!

      Açarıq sənin təmiz səhifələrini Bismillah deyərək. Rəhman və Rəhim olan Allahımızın adını anaraq. Könlümüzün üfqü sonsuzluğa açılar səni oxuyarkən.  Şirin sahil küləyinin ürəklərimizi fərahladan əsintiləri kimi ümidlə dolarıq. İnsanı anladırsan sən. İnsanın hallarını. Necə yoldan sapdığını, özünü unutduğunu və zalım olduğunu. Bizi bizə anladır, bizi bizdən yaxşı bilirsən. Kafirlərdən bəhs edəndə qorxarıq. Qəhhar sifəti təcəlli edər elə bil. Bizi mühafizə elə ya Rəb deyərik. Kafirlər; nəsibsizlər. Gözləri var görməzlər, qulaqları var eşitməzlər, qəlbləri var hiss etməzlər. Qorxu və ümidin arasında gedib gələrik. Allahım! Nə qorxunc bir haldır. Münafiqlərdən bəhs edirsən bir çox ayədə. Qarmaqarış, xəstəlikli xarakterlər, təhlükəli insan tipləri. Allahım! Sən bizi hər cürə münafiqcə rəftardan mühafizə elə.

      Ey gözəl Kitabımız!

      Sən insanın halını anladırsan bizə. Rəbbimiz necə bir möminlik istəyir? İçi-çölü bir. Özü-sözü bir. Əməli saleh. Könlü əngin. Qəlbi mərhəmət dəryası. Əfəndimizin yanına yaraşan, üzüağ bir Müsəlman.

      Sən insanlıq üçün bir hidayət və rəhmət vəsiləsisən. Ey insanlar! – deyir Rəbbimiz; “Şübhəsiz ki, sizə Rəbbinizdən bir nəsihət, könüllərdə olana bir şəfa və möminlər üçün bir hidayət və bir rəhmət olan Quran gəlmişdir.”[7]

      Sən bizim üçün Sıratı-Müstəqimsən[8], dopdoğru yolu göstərənsən. Sapmalardan qoruyub yol boyunca istiqamətimizi bəlirdənsən.  Yolda mənəvi azuqəmiz, çiyinlərimizdə daşıdığımız ən mübarək əmanətsən. Bilirik ki, hər yol sənə çıxar. Hər yolunu itirən səninlə tapar. Sənin nurunu önünə alan səndə fani olar.

      Sən Rəbbimizdən gələn, dərin mənaları içinə alan Zikrsən və Mübarəksən. “Bax bu (Quran) da, mübarək bir zikrdir ki, onu (biz) endirdik. İndi siz onu inkarmı edirsiniz?”[9] -deyir Rəbbimiz.

      Ey Quran! Sən ən gözəl duasan.

      Biz duanı və dua etməyi səndən öyrəndik. Dua cümlələrinin ən gözəlini səndə tapdıq. Səndə keçən Rəbbimizin ən gözəl isimləri ilə Ona yalvardıq. Duasız bir ümmətin acı halını[10] sən xəbər verdin. Əlimizi açarkən sənin kəlmələrin düşdü dilimizə. Rəbbəna, -deyə başladıq, sığındıq sığınacaqların ən Ucasına.

      İçimiz daraldı, sənə sarıldıq.

      Ayrılığa düşdük, sənə sarıldıq.

      Çıxmaza girdik, səninlə yolu tapdıq.

      Ey Quran Əzimuş-Şan (şanı uca Quran), Sən necə də gözəl bir Kitabsan!

       


      [1] ) İsra, 81

      [2] ) Furkan,1

      [3]) Mü’minûn, 1

      [4] ) İnşirâh,1

      [5] ) Bakara,2

      [6] )Bakara,2

      [7]) Yûnus,57

      [8]) En’am,153

      [9]) Enbiya, 50

      [10])Furkan,77

       

      • Hits: 968 clicks

      Tecox component by www.teglo.info