Adem ŞAHİN - İLK VƏZİFƏ

      Share

      Kocaelidə avtobus gözləyirik. Yarısına qədər quyruğu yandırılmış bir bala pişik dükanın qarşısındakı stulda əyləşən kişinin ayaqları altında dolaşır. 

      Hələ kiçik yaşda yanmağı və qorxunu dadan zavallı pişik ürkərək gəzir. Dükanın sahibindən pişiyin başına gələnləri  soruşuruq, sözə başlayır: “Məhəllə uşaqları xəstə halda tapdıqları bu pişiyi tutub quyruğundan yandırıblar. Yazıq heyvanın çığırtısına çıxdım. Uşaqları qovub odu söndürdüm. Qorxudan tir-tir əsən pişiyi qutuya qoyub baytara apardım. 2-3 gün evdə dava-dərman etdik, südlə bəslədik. Özünə gəldi.”

      Bu gözəl insan etdiyi yaxşılığı danışdıqca yanımda dayanan uşaqlarıma,“cənnətlik görmək istəyən bu adama baxsın”,-deyirəm. Qarşısına çıxan köpəyə ömründə bircə dəfə mərhəmət etdiyi üçün cənnətə girən əxlaqsız bir qadın Allahın rəhmətindən ümid kəsməmək adına qiyamətədək yad ediləcəkdir. “Əmi, bizə dua et”,-demək istədim bir anda. Zavallı pişik balasını yandırmaq istəyən uşaqları fikiləşdim. Bu dəfə də pişiyə zülm edərək cəhənnəmə girən qadın hədisini xatırladım. Buxaridə keçən hədis belədir: “Bir qadın pişiyi ağzıbağlı bir yerə salaraq həbs etdi. Onu yeməkdən və içməkdən məhrum etdi. Çöldə nə isə tapıb yeməsinə də mane oldu. Pişik (aclıqdan) öldü və qadın cəhənnəmlik oldu.”

      Öz-özümə, “əfsuslar olsun”,- deyirəm. Bu gəncləri biz böyütdük. Başda ata-analar, məhəllənin tabe olduğu təhsil şöbəsi, Diyanət İşləri Başqanlığı olmaqla mərhəmətdən nəsibi olmayan bu gənclər bizim əsərimizdir. 

      Ey gənclər, siz pişiyi tutub quyruğundan yandırmağı kompüter oyunu zənn etdiniz yoxsa? Halbuki siz yaxın keçmişdə (1999) baş verən zəlzələ nəticəsində ölümü, ayrılığı, əlilliyi, iflası və ağrı-acını artıqlaması ilə yaşamış bir nəsil gördünüz. Sizin qəlbiniz daha həssas, daha titrək olmalı deyildimi? Nə oldu sizə belə? Nə oldu bizə? Onlara nə oldu? Mənə nə oldu?

      Bismillah deyərkən Allahın mərhəmətini, Rəhman və Rəhim adlarını zikr edirik. Bismillahla başlanan hər işdə mərhəmət birinci planda tutulmalıdır. Evdən bismillah deyərək çıxan adam demək ki, gününü mərhəmət məhvərində keçirməyə niyyət etmişdir. Dükanını bismillahla açan adam da qazancından sədəqə verməyi və insaflı olmağı düstur etmişdir. Səhər evdən bismillahla çıxıb, günorta pişik balasını yandırmaq istəmək, bismillahla başladığı işi yarımçıq və hiyləli görərək zülm etmək bismillahın ruhundan uzaq olmaq deməkdir. Mark Tvenə görə mərhəmət və şəfqət karların eşidə biləcəyi, korların oxuya biləcəyi bir dildir.  

      Bəqərə surəsinin 30-cu ayəsində insanın xəlifə olaraq yaradılmasından əvvəl mələklərin, “Ey Rəbbimiz, qan tökəcək və fəsad çıxaracaq insanı yaradacaqsan? Halbuki sənə ibadət edən biz varıq”,- deyərək fikirlərini bildirdikləri zikr olunur. İnsanın qan tökməkdən və fəsad çıxarmaqdan xilas olması yalnız və yalnız axirətə iman və mərhəmətlə mümkündür. Hər cümə günü xütbədə Nəhl surəsinin 90-cı ayəsi oxunaraq Allahın ədaləti və yaxşılığı əmr etdiyindən, hər cür pis əməli yasaqladığından söz açılır. Ədalət zülm etməmək, haqsızlığa yol verməməkdir. Bitkilərdən tutmuş heyvanlara qədər hər bir varlıq ədalətdən payına düşəni almalı, zülmün yandırıcı təsirindən uzaq durmalıdır. Ədalət yağışa bənzəyir, düşdüyü hər yeri təmizləyər, pak edər və canlandırar. Zülmsə ildırım kimidir. Dəydiyi yeri qaraldar, yandırar və məhv edər.

      Bir millətin gələcəyini təxmin etmək üçün gənclərinə baxmaq kifayətdir. Eypişiyə mərhəmət edərək baytara aparan, bir neçə günsüd verib qarnını doyduran orta yaşı keçmiş əmi, Allah səndən razı olsun! Gənc olsaydın və bu gözəl hərəkətin gənclərdən ibarət bir qrup tərəfindən edilsəydi, gələcəyə daha ümidlə baxardım.Bülent Akyürek, “sərxoşu belə Allah deyə nərə atan bu millətdən ümid kəsilməz”,-deyir. Ümid kəsilməməsi, güvənmək əlbəttə ki, tamamən ümidvar olmaq mənasına gəlməz. Mərhəmət təlimində əldə edilə bilməyən müvəffəqiyyətin təmizlik təlimində də müsbət nəticələnməyəcəyinə inanıram. Ümumi tualetlərdən içəri mədəniyyət, hörmət, təmizlik və düşüncənin girməsi qadağandır. Universitet yataqxanalarındakı tualetlər, “buradan istifadə edənlər universitet tələbələridir, bir neçə ildən sonra ölkəyə layiqincə xidmət edəcəklər”,-sözünü söylətməz. Ayaqyolunda ədəbə riayət etməyənlər və özündən sonra gələn üçün təmizləməyənlər ölkələrinə nə qədər yaxşı xidmət edə bilərlər? Cəmiyyətin ümumi təmizlik anlayışını göstərən ən yaxşı tablo yolların kənarındakı istirahət obyektləri və bazarlara yaxın tualetlərdir. Tez-tez təmizlənməsə, istirahət obyektlərindəki tualetlərin nə hala düşəcəyini məncə heç düşünməyin. Uşaqlara və gənclərə xarici dil öyrətmək, idmana yazdırmaq, sınaq imtahanlarına salmaq və xüsusi dərslər verməkdən əvvəl mərhəmətli və təmiz olmağı öyrətməliyik. Ey uşaqlar və gənclər, ilk vəzifəniz imanlı, mərhəmətli, ədalətli və tərtəmiz olmağı öyrənməkdir. Gerisi ikinci dərəcəlidir və mərhəmətdən sonra gəlir.

      • Hits: 695 clicks

      Tecox component by www.teglo.info