Anar İSGƏNDƏROV -1915-ci il 24 aprel qondarma soyqırımı haqqında əsl həqiqətlər

      Share

      Uzun illər Bizansın hökmranlığı altında yaşayan ermənilərin vəziyyətini erməni tarixçisi Urfalı Matevos belə təsvir edir: "Ermənilər zülm-əsarət altında qalmışdı. Bütün məmləkət qan içində idi".

      [1] Dini inanclarına görə ermənilər ciddi təqibə məruz qalırdı. Erməni katolikosları, din xadimləri Bizansdan sürgün edilirdi. Bütün təqiblərə baxmayaraq, erməni məsələsini gündəmdə saxlamaq üçün kilsə bütün vasitələrdən istifadə edirdi. VI əsrdə Roma kilsəsindən ayrılan ermənilər Qüdsdə yeni bir patriarxlıq yaratdılar. 993-994-cü illərdə Roma ordusu erməniləri qılıncdan keçirdi, sağ qalanları əsarət altına aldı[2].

      Erməni kilsəsi Roma təhlükəsindən xilas olmaq üçün Səlcuq sultanı Alp Arslana müraciət etdi. Sultan erməniləri öz himayəsinə alaraq, onları təhlükədən xilas etdi. Ermənilərin dəfələrlə bizanslarla birləşərək türklərə qarşı vuruşduqlarına baxmayaraq, Səlcuq və Osmanlı imperiyalarının hakim dairələr tərəfindən onların dini inanclarına, adət-ənənələrinə, həyat tərzi və milli ləyaqətlərinə heç bir müdaxiləyə yol verilmirdi.

      Osmanlı imperiyasının üç qitədə geniş ərazilərə sahib olması Qərb dövlətlərini və Rusiyanı ciddi narahat edirdi. 1829-cu ildə Rusiya ilə Osmanlı dövləti arasında bağlanmış Ədirnə sülhü Rusiyanın iddialarını tam təmin edə bilmədi. Doğrudur, Ədirnə sülhünün 14-cü maddəsinə görə erməni əhalisinin Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi. 10 minlərlə erməni ailəsinin Osmanlı dövləti ərazisindən Azərbaycan torpaqlarına köçürülməsi Rusiyanın Osmanlı ərazisində "Qərbi Ermənistan" dövlətinin yaradılmasına olan marağını artırdı. Lakin 1853-1856-cı illər Krım müharibəsində Rusiyanın məğlub olması ona bu planını reallaşdırmağa imkan vermədi.[3]

      1877-1878-ci illərdə rus-türk müharibəsindən qalib çıxan Rusiya tərəfi atəşkəs şərtlərinin müzakirəsinə başladı. Dünyanın müxtəlif ölkələrinə səpələn­miş ermənilər çar II Aleksandrdan özlərinin Qərbi Ermənistan adlandırdıqları ərazinin Osmanlıdan alıb Rusiyaya birləşdirilməsini xahiş edirdilər. Osmanlı dövlətinin məğlubiyyətindən fürsət kimi istifadə edən ermənilər Osmanlı ərazisində erməni dövlətinin yaradılması ilə bağlı hazırladıqları layihəni gizlincə imperator II Aleksandra, xarici işlər naziri Qorçakova və Osmanlı dövləti ilə danışıqlar aparan qraf İqnatevə çatdırdılar.

      Beləliklə, XIX əsrin II yarısında erməni məsələsi çar Rusiyası ilə Qərb dövlətləri arasında Osmanlı dövlətinə təzyiq göstərmək üçün böyük bir siyasi karta çevrildi.

      Ümumiyyətlə bu fakta xüsusi diqqət yetirmək lazımdır ki, ermənilərin yaşadıqları ərazidə çoxluq təşkil etməsi heç bir zaman mövcud olmamışdır. Nə Osmanlı, nə İran, nə də Rusiya ərazisində elə bir vilayət olmamışdır ki, ermənilər əhalinin üçdə birindən çox olsunlar. Faktiki olaraq ermənilər yaşayan vilayətlərdə böyük üstünlüyü türklər, kürdlər və başqa etnik qruplar təşkil etmişlər.[4]

      Berlin konqresinə qədər erməni nümayəndə heyətinin Avropa ölkələrinə müraciətləri heç bir nəticə vermədi. Ermənilər artıq bu məsələnin həlli yolunu Osmanlı dövlətinə qarşı qiyam və terrora başlamaqda görürdülər. Erməni məsələsini silahlı vasitələrlə həll etməyə çağıran komitə, təşkilat və cəmiyyətlər şəbəkəsi Avropanı, Kiçik Asiyanı, Qafqazı və Rusiyanın iri şəhərlərini bürüdü. "Hnçaq" və "Daşnaksütyun" partiyaları terrorçu fəaliyyətə başladılar. 1878-1884-cü illərdə Zeytunda ermənilər tərəfindən iki dəfə silahlı üsyana cəhd göstərildi. 1884-cü ildə Sasunda, 1895-ci ildə Zeytunda və 1896-cı ildə Vanda Osmanlı dövləti əleyhinə silahlı qiyamlar təşkil edildi[5]. Osmanlı dövləti Qərb dövlətlərinin və Rusiyanın təzyiqlərinə baxmayaraq, çətinliklə də olsa bu qiyamları yatıra bildi.

      Öz məkrli planlarını Anadoluda reallaşdıra bilməyən erməni dəstələri, Cənubi Qafqazı öz maraq dairələrinə daxil etdilər. Belə ki,  yüz minlərlə erməni Osmanlı ərazisindən Azərbaycan torpaqlarına köçərək erməni məsələsini Rusiyanın himayəsi altında daha tez həll etməyə qərar verdilər.[6]

      Erməni­lər Cənubi Qafqazda, o cümlədən İrəvan quberniyasında azərbaycanlı əhalini öz torpaqlarından sıxışdırıb çıxarmaqla, boşaldılmış torpaqlara erməniləri yerləşdirərək öz mənfur planlarını həyata keçirməyə çalışırdılar. M.S. Ordubadi yazırdı: "1905-1906-cı illərdə ermənilər təkcə İrəvan və Yelizavet­pol quberniyalarında 200-dən çox müsəlman kəndini dağıdıb yerlə yeksan etmişdilər"[7].

      Birinci dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəh­bərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər müharibə başlanacaq təqdirdə Osmanlı dövlətinə xəyanət edəcəklər. Türk torpaqlarının işğalı­na və əhalisinin məhv edilməsinə hazırlaşan erməni silahlı birləşmələri erməni kilsəsin­dən xeyir-dua da almışdılar.

      Çarın bəyanatından sonra ermənilərin bir qismi Osmanlı torpaqlarına soxulan rus ordusuna qoşuldu, bir hissəsi isə mallarını və mülklərini sataraq könüllü erməni dəstələrinə yazıldılar. Dinc türk əhalisnə qarşı həyata keçirilən qırğınlarda fəal iştirak edən ermənilər bölgəni yaxşı tanıdıqları üçün həm ruslara bələdçilik edir, həm də təxribatlar törətməklə məşğul olurdular.[8]

      1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamə­tində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Sarıqamış döyüşü isə 90 min türk əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil ol­ması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı ol­mayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. Ermənilər müsəlman kəndlərini qarət edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq diri-diri yandırırdılar. Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarnını yırtıb körpələri çıxarıb boğurdular və anaları öz balalarının ətini yeməyə məcbur edirdilər.

      Ermənilərin yerli əhaliyə qarşı həyata keçirdiyi bu qırğınlar Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məc­bur etdi. Belə ki, 1915-ci il mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi  qadağan edən göstəriş verdi.

      Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, birinci dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində er­mənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə mü­haribəyə qədər bu ərazidə 1.300 min erməni yaşayırdı. Gös­tərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Mü­hari­bə dövründə yarım mil­yon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticə­sində ölənlər yox, aclıqdan, soyuqddan ölənlər və itkin dü­şənlər də vardır. "Tayms" qəzeti yazır: "Bu bir danılmaz həqiqətdir ki, müharibə illərində osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulmuşdur"[9].

      Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdir. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd, ümumiyyətlə, yoxdur.

      1919-cu il Paris sülh konfransı dövründə Osmanlı rəhbər­lərinin gizli yazış­maları diqqətlə yoxlanıldıqdan sonra ermənilərin kütləvi surətdə öldürülməsi haq­qında heç bir sənəd və əmr tapıl­madı.

      1915-ci il iyulun ortalarından etibarən ermənilərin bu ərazilərdə törətdikləri cinayətlərin sayı-hesabı yox idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks hücumu nəticəsində geri çəkilən rus-erməni ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 minlik erməni əhalisi rus ordusunun müşai­yəti ilə Cənubi Qafqaz istiqamətinə üz tutdu. Düzdür, bir çox yerlərdə bu əhali kürdlərin hücumlarına məruz qaldı. Çünki kürdlər də erməni soyqırımına məruz qalanlardan idilər.

      Birinci dünya müharibəsi illərində erməni-osmanlı münasibət­lərinə dair həm obyektivlik baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəllif­lərinə məxsus olduğuna görə ABŞ konqresi kitabxanasında saxlanılan "Bristolun sənədləri" diqqəti cəlb edir[10]. Bu külliyyatda qeyd olunur ki, "dəqiq statistik mən­bələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon ermənin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir hal­dır"[11]. Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə isə 2,5 milyon tür­kün həyatına son qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərdən daha faciəli olmuşdur.

       

       


      [1]Süleyman Kocabaş. Erməni məsələsi nədir və nə deyildir. İstanbul, 1958, səh.17.

      [2]Süleyman Kocabaş. Göstərilən əsəri. səh. 24.

      [3] Записи графа Н.П.Игнатьева о Сан-Стефано, СПб.,  1896, səh.204.

      [4] Джастин Маккарти, Каролин Маккарти. Göstərilən əsəri, səh. 18.

      [5]Лазарев Я.Д. Причины бедствий армян в Турции. Тифлис,1899, səh.93.

      [6] Ерицов А.Д. Данные об армянском населении в России. Известия Кавказского Отдела Императорского Русского географического общества. Т. VII, Тифлис, 1881, səh.92-93.

      [7] Ordubadi M.S. Qanlı illər. B., 1991, səh.69.

      [8] Эрих Файгл. Правда о терроре. Армянский терроризм – истоки и причины. И., 2000, səh.59.

      [9] Эрих Файгл. Göstərilən əsəri, səh.57.

      [10] Джастин Маккарти. Армяне в Османской империи и современной Турции (1912-1926), Стамбул,  1984, səh.23.

      [11] Yenə orada.

       

      • Hits: 637 clicks

      Tecox component by www.teglo.info