155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Milli Mənəvi Dəyərlərimizə Zərbə: Azərbaycanda Xristianliq Təbliğati / Rövşən Qəniyev

      Share

      Müstəqilliyi əldə etmək qədər onu qorumaq da əhəmiyyətlidir. Bunun əsas şərtlərindən biri isə milli-mənəvi dəyərlərinə sahib, tarixinə, mədəniyyətinə və dininə sadiq bir cəmiyyət formalaşdırmaqdan ibarətdir.

       Məhz bunu yaxşı bilən düşmən qüvvələr elə müstəqilliyimizin ilk illərindən etibarən ölkəmizdə mənəvi-psixoloci terrorla məşgul olaraq, milli-mənəvi dəyərlərimizi məhv etmək fikirinə düşdülər. Bu gün bir çox sahədən yüksək inkişaf tempini yaxalamış Azərbaycanda, öz milli-mənəvi dəyərlərini qorumaq və onun təbliği sahəsində dövlət və cəmiyyət olaraq xeyli işlər görmüşük. Lakin bunlar hələdə kifayət etmir.

      Azərbaycanda mövcud olan maddi və mənəvi problemlər, missionerlik fəaliyyətləri üçün münbit bir şərait yaratmışdır. Təbliğat məqsədilə ölkəyə 100 mindən çox kitab və 175 min ədəd qəzet (Mücdə və Blaqovestie qəzetləri) gətirilmişdir. Malta və Livandan bu ölkəyə yönəldilmiş xristianlıq təbliğatı aparan radio verilişləri yayınlanmaqdadır.

      Müstəqilliyin elan olunduğu 1991-ci ildən 1996-cı ilə qədər missioner təşkilatları Azərbaycandakı təbliğat fəaliyyətinə 20 milyon dollar kimi fövqəladə bir vəsait xərcləmişdir. Azərbaycanın  keçmiş prezidenti Əbülfəz Elçibəy hələ 1992-ci ildə missionerlərin tədqiqatçı, curnalist və iş adamı cildində Azərbaycana gəlib, öz ölkələrinə mütəmadi olaraq xəbər ötürdüklərinə diqqəti çəkirdi. “Greater Grace” təşkilatı Bakının müxtəlif yerlərində kirayə tutulmuş evlərdə dini söhbətlər, kurslar və seminarlar təşkil edirdi. Mərkəzi ABŞ-da yerləşən xristianlıq təşkilatı «Həyatverici Lütf Təriqəti»nin Bakıda olan şöbəsi də aktiv fəaliyyət göstərir. Bundan başqa, vegeterian xüsusiyyətiylə də tanınan və əsasən gənclər arasında geniş fəaliyyətdə olan “Krişnaçılar” da Azərbaycanda öndə gedən missioner təşkilatlardandır.  

      “Yehova şahidləri”, Azərbaycanın Zaqatala bölgəsində fəaliyyət göstərir. Bundan başqa, qurum tərəfindən Səbail və Nəsimi rayonlarında ev-ev gəzərək, ölkədən xaricdə nəşr edilən «Storocevaya Başnya» curnalı ilə metro və avtobus dayanacaqlarında müxtəlif broşuralar paylanır. Buradan bəzən Gürüstana da təbliğat məqsədli kitab və broşuralar göndərilir. Özlərinin nəşr etdiyi «2001 Report of Cehova's Witness Worldwide»a görə Azərbaycanda yüksək səviyyəli “Yehova şahidi” 314 nəfərdir. Başqa sözlə Azərbaycanda hər 24676 nəfərdən biri Yehova şahididir. Hələ ki, bir icmaları vardır və Azərbaycanda “Yehova Şahidi” missionerləri 72627 saat təbliğat aparıblar.

      Missioner təşkilatlar kimsəsiz uşaqlar üçün uşaq kəndləri də qurmaqdadır. Müharibə görmüş uşaqlar bu baxımdan missionerlər üçün ələdüşməz fürsətdir. Müharibə görmüş uşaqları himayə etmək bəhanəsi ilə missionerlər Azərbaycanda uşaq kəndi qurma proyektini həyata keçirirlər. Missionerlərin Azərbaycanda quracaqları uşaq kəndləri vasitəsilə xristianlıq təbliğatı aparmaq məqsədi güddüklərini başa düşən rəsmi Bakı bu proyekti nə qədər rədd etsə də missionerlər alternativ yollarla məqsədlərinə çatmaq niyyətindədirlər. 

      II Dünya müharibəsindən sonra qurulan, mərkəzi Vyanada olan “S.O.S. Kinderdorf International Uşaq Kəndləri Fondu”, Azərbaycana da göz dikmişdir. Müsəlman ölkələrində qurduğu uşaq kəndləriylə diqqəti cəlb edən Fond, Azərbaycanda iki uşaq düşərgəsinin açılması üçün icazə aldı. Bakının Xətai rayonunda və Xızı rayonunda qurulacaq uşaq düşərgələri üçün “S.O.S.” səlahiyyətliləri, Azərbaycanın vəzifəli şəxsləri ilə razılaşdılar. Bu çərçivədə Xətai rayonunda uşaq kəndi üçün 5 hektar yer ayrıldı. Bundan başqa fəaliyyətlərininin həyata keçirilməsinə mane olunmaması üçün S.O.S. səlahiyyətliləri, ölkədə böyük hörməti olan Azərbaycan Qadınlar Cəmiyyətindən dəstək aldı. S.O.S. Fondu, Qarabağda şəhid olanların ailələrini və qaçqın düşərgələrində ağır şəraitdə yaşayan kimsəsiz uşaqları hədəf seçdiklərini açıqladı. Bundan başqa, Azərbaycanda yetim uşaqlar üçün Sovet dövründə qurulan, hal-hazırda da baxımsızlıqdan sökülüb gedən internat tipli məktəblərə maddi yardım edəcəyinə söz verdi.          

      1997-ci ilin fevral ayında Azərbaycan Uşaq Fondu ilə 10 illik bir müqavilə bağlayaraq Azərbaycanın Lənkəran şəhəri və işğaldan azad edilərək bərpa edilən Horadiz qəsəbəsində uşaq düşərgəsi qurmaq üçün müraciət edən S.O.S. Fondunun fəaliyyəti bir müddət əvvəl şübhəli bilinərək dayandırılmışdı. Azərbaycan hüquq mühafizə orqanları tərəfindən aparılan tədqiqatın nəticəsində, missionerlik fəaliyyəti ilə məşğul olduğu aşkar edilən Fondun fəaliyyətləri, Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı «Əcnəbi vətəndaşların dini təbliğat aparmasını» qadağan edən qərarı rəhbər edilərək dayandırılmışdır. Fond, bu qərardan yaxa qurtarmaq üçün uşaq kəndlərində işləyəcək subay qadınların Azərbaycan vətəndaşlarından ibarət olacağını vəd etdi. Digər tərəfdən S.O.S. səlahiyyətlilərinin, uşaq kəndlərinə təyin edəcəyi azərbaycanlı nəzarətçilərini xristianlığı qəbul etmiş Azərbaycan vətəndaşlarının içindən seçməsi böyük reaksiya doğurdu. 

      Bakı Dövlət Universitetində fəaliyyət göstərmiş və hazırda fəaliyyəti dayandırılmış Bibliya Institutu tərəfindən 250 Azərbaycan vətəndaşına keşiş diplomu verilmişdir. Bunlar bu gün potensial missionerlər kimi ölkəmizdə yaşayırlar. Sovet Ittifaqının dağılmasından bəri Azərbaycanda missioner təşkilat olduğunu gizlətməyən 11, gizlədən 38 xarici missioner təşkilat olmuşdur. Bu gün  Azərbaycan hüquq-mühafizə orqanları və xalqın mübarizəsi nəticəsində bunların 20-sindən artığı öz fəaliyyətini dayandırdı.

      Naxçıvanda missionerlər işlərini yardım fəaliyyəti adı altında həyata keçirmişlər, insanlara maddi yardım göstərərək onlara öz əqidələrini qəbul etdirməyə çalışmışlar. Naxçıvanda fəaliyyət göstərmiş “ADRA” (hazırda fəaliyyəti dayandırılmış) adlı missioner yardım təşkilatı, daha çox gənc nəslə xitab etmiş, Ingilis dili kursları adı altında missionerlik fəaliyyəti göstərmişdir. Qurum, «Idrak və proqnozlar» adlı bir curnal yayımlamışdır. Rəsmi fəaliyyəti dayandırılmış “ADRA”, eyni zamanda Türkiyədə də fəaliyyət göstərmiş Amerika mərkəzli “Yeddinci Günün Adventistləri”nin yardım təşkilatıdır. Bütöv adı «Adventist Development and Relief Agency»dir. Əldə etdiyimiz məlumatlara əsasən “ADRA” Azərbaycanda erməni kəşfiyyatına işləmişdir. Azərbaycanda fəaliyyət göstərən missioner təşkilatlardan biri də “UMCOR”-dur.   

      Missionerlər öz işlərini əsasən aşağıdakı təbəqələr üzərində geniş qurublar:

      1- Azərbaycanda fəaliyyəti olan imkanlı, rusca təhsil almış və dini təlimdə də rus dilinə üstünlük verən ailələr.

      2- Azərbaycan xalqının 15 faizini təşkil edən insani yardıma və sui-istifadəyə əlverişli olan qaçqın və məcburi köçkünlər.

      3- Uşaq bağçası və körpələr evində oxuyan uşaqlar.

      4- Universitetlərdə təqaüdlə oxuyan tələbələr.

      Missionerlərin orduya nüfuz etmə halları da olmuşdur. Xristian missionerlərin orduda ən fəal işləyən təşkilatlarından öndə gələni «Qayğı cəmiyyəti» olmuşdur. Orduda belə vəziyyət yarandığı vaxtlarda ölkədəki bəzi yayım orqanları da, təzə xristian olmuş zabitlərin «din qardaşlığı» bəhanəsi ilə er-mənilərlə döyüşmək mövzusunda istəksiz ola biləcəkləri təhlükəsinə diqqət çəkərək, bu vəziyyətin ölkə üçün böyük bir zərbə olduğunu dilə gətirmişdilər. 

      Azərbaycanda təşkilatlanan əsas missioner təşkilatlardan biri “Yeddinci Günün Adventistləri”dir. Adventistlərə meylli Azərbaycanlılar bir veb-sayt yaratmışlar. “Dini Araşdırmalar Mərkəzi” Gəncədə xüsusilə də "Yeddinci günün adventistləri" prosviterianlığının fəallıq göstərdiyinə dair məlumatlar vermişdir. Mərkəzin bülletenində təşkilat barədə qısa məlumat da verilib: "Qeyri-ənənəvi xristian missioner təşkilatı olan Prosviterianlıq 1860-cı ildə yaranıb, qısa müddətdə Rusiyaya tabe olan ərazilərə ayaq açıb. Hazırda onların Ukrayna, Belarus, Orta Asiya və Pribaltikada söbələri var. Indi bu qurum bütün dünyada "humanitar yardım" pərdəsi altında dini təbliğatla məşğuldur. Kilsə tərəfindən təsis edilmiş “ADRA” (Adventist Inkişaf və Yardım Agentliyi) təşkilatı 120-dən artıq ölkədə bu istiqamətdə işləyir. Təşkilatın rəsmi saytında onların Azərbaycanda 531 min insana humanitar yardım göstərməsi qeyd olunur. Amma əlaqədar təşkilatlardan aldığımız məlumatlar həmin rəqəmin çox-çox kiçik olduğunu göstərir."

      Bundan əlavə məlumatda göstərilirdi ki, "Yeddinci günün adventistləri" kilsəsinin Gəncədə iki ibadət evi var. Burada mütəmadi olaraq kilsəyə yeni qoşulanların "xaç suyuna çəkilmə" mərasimi keçirilir: "Kilsəyə daxil olan hər kəsin qarşısına daha 12 nəfəri bura cəlb etmək öhdəliyi qoyulur. Adventistlərin ailə qurmaq məsələlərində də dəqiq qanunları mövcuddur: nikaha girən hər iki tərəf mütləq Adventist kilsəsinin üzvü olmalıdır. Onların əsas şüarı ümumdünya xristian həmrəyliyinə nail olmaqdır. Elə buna görədir ki, kilsəyə daxil olan həmvətənlərimiz Qarabağı işğal etmiş erməni separatçılarına "xristian qardaş" münasibəti bəsləyirlər. Kilsə üzvləri ilə söhbətlərdən məlum olur ki, onlar işğal olunmuş torpaqların birdəfəlik ermənilərə bağışlanmasına razıdırlar."

       Azərbaycandakı missionerlik fəaliyyətlərinin bir hissəsi almanlar tərəfindən aparılır. Bu mənada “Alman Lüteran Kilsəsi”ndən (German Lutheran Church) missioner keşiş Qunter Oborskinin adını qeyd etmək olar. Məhkəmə qərarı ilə bu təşkilatın fəaliyyəti də dayandırılmışdır.

      Ümümiyyətlə Dini Qurumlarla Iş Üzrə Dövlət komtəsinin yaradılmasında sonra xeyli missioner təşkilatları fəaliyyətlərinin dövlətçilik və milli maraqlarımıza zidd olduğuna görə məhkəmə qərarı ilə dayandırılmasına nail olunmuşdur. Bunlardan biri də müsəlmanların dini hisslərini təhqir edən “Məhəbbət kilsəsi” olmuşdur. Belə hallar qarışısında bəzi beynəlxalq təşkilatlar və Amerika Dövlət Departamenti Azərbaycanı tolerantlıq məsələsinə önəm verməməklə təqsirləndirsə də, milli-mənəvi dəyərlərimizin qorunması baxımından bu tədbirlər böyük əhəmiyyət kəsb edir.

       

      • Hits: 751 clicks

      Tecox component by www.teglo.info