Müşfiq Xəlilov -Örnək şəxsiyyət

      Share

             Uca Allah Şərəfli Kitabımız Qurani-Kərimdə belə buyurmaqdadır:

      “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan qiyamət günündə qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir“[1]

      Başqa bir ayədə  isə belə buyurulur:

      “Ya Peyğəmbər! Həqiqətən, Biz səni  (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik. Biz səni Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik.”[2]  

        Uca Rəbbimiz yenə onun haqqında: “Doğrudan da sən böyük bir əxlaq sahibisən!”[3] deyə buyurmuşdur.

         Bəli O, ən yüksək əxlaq və fəzilət sahibiydi.

         Sevgi, şəfqət və mərhəmət onun həyatında bir ğünəş kimi parlayırdı.

        O, hərkəsi sevər, böyük – kiçik, varlı – kasıb demədən hərkəsə şəfqət və mərhəmət göstərərdi. Heç kimin qəlbini qırmaz, daima şirin və gözəl sözlər söyləyərdi. Bəzən uşaqların arasına girər, oyunlarında iştirak edər və onlara gülərüz münasibət göstərərdi.  Allah Rəsulunun  (s.ə.s) sevgi, şəfqət və mərhəmət kölgəsi altında böyüyən Hz. Ənəs (r.a) belə deyir:

      “On il Allah Rəsuluna (s.ə.s) xidmət etdim. Bir dəfə  də olsun mənə hirslənib “of” belə demədi.”[4]

           Bizim üçün yeganə nümunə olan Allah Rəsulu (s.ə.s) sadə bir həyat yaşayardı. Yeməyi, içməyi də sadə idi. İslam dövlətinin başcısı olduğu halda həyatının heç bir sahəsində təm-təraq və israfçılıq görülməmişdir. İçi xurma lifi ilə doldurulmuş bir yastıq, quru bir yataq, kiçik bir su qabı onun əsas sərvətiydi. Hətta Rəsulullahı (s.ə.s) quru bir həsir üzərində yatarkən görən Hz. Ömər belə hönkürərək ağlamışdır.

        Abdullah bin Məsud (r.a) belə deyir:

      “Rəsul-Əkrəm (s.ə.s) bir həsirin üzərində yatmışdı, qalxınca bütün vucudunda həsirin izi qalmışdı. Bunu gördükdə:

         “Ey Allahın Rəsulu, sizə (yumşaq) bir yataq təmin etsək olmazmı?” dedik.

        Bu təklif qarşısında Allah Rəsulu (s.ə.s) belə buyurdu:

          “Mənim dünya ilə nə işim var, mən dünyada, bir ağac altında kölgələndikdən sonra yoluna davam edən bir yolçu kimiyəm.”[5]

         Hz. Cabirin bildirdiyinə görə, Xəndək müharibəsi ərəfəsində xəndək qazılarkən  Allah Rəsulu (s.ə.s) aclıqdan qarnına daş bağlamışdır.

      Allah Rəsulu (s.ə.s) insanları Allahın yoluna çağırarkən şirin dil və öyüd nəsihətdən çox istifadə edərdi. Heç kimin qəlbini qırmaz, heç kimi diksindirməzdi. Çətinləşdirməz, asanlaşdırardı. Nifrət etdirməz, sevdirərdi. Öz yoluyla gedən möminlərə belə xitab edərdi:

         “Asanlaşdırın, çətinləşdirməyin. Sevdirin, nifrət etdirməyin.”[6] 

       Rəsulullah (s.ə.s) öz şəxsinə qarşı edilən əziyyətlərə və işgəncələrə qarşı səbr edərək  heç bir zaman  intiqam almamışdır. Edilən təzyiqlərə və istehzalara fikir vermədən Allahın əmr və qadağanlarını durmadan təbliğ edərdi.

          Uhud müharibəsində mübarək yanağı və dodaqları yaralandığı, dişlərinin qırıldığı, nurlu üzünün qanlar içində olduğu halda düşmənlərinə lənət etməmişdir. Ondan düşmənlərinə lənət etməsi istənildiyi zaman:

         “Mən lənət üçün deyil,  rəhmət üçün göndərildim.”  deyərək  bütün insanlığa ən gözəl mərhəmət örnəyi olmuşdur. 

      Allah Rəsulu (s.ə.s) comərd bir insan idi. Xəsis kimsələri sevməzdi. Yoxsulları, boynu bükük insanları qoruyar, dərdlərinə dərman olardı. Dost və düşmən,  varlı və kasıb demədən hər kəsə yaxşılıq edərdi. Qohum-əqrəba və qonşu haqlarına diqqət edərdi. Kimsə ondan bir şey istəyərsə, varsa verər, yoxsa verəcəyinə dair söz verərdi.

         Hz. Cabir (r.a) belə deyir: “Rəsuli-Əkrəmdən (s.ə.s) bir şey istənildiyində “vermirəm mənasında yox dediyi” heç vaxt görülməmişdir.”[7]

         Hz. Əbu Surayh (r.a) belə deyir:

         “Nəbi (s.ə.s) arxa-arxaya üç dəfə belə buyurdu:

         “Allaha and olsun ki, mömin ola bilməz, Allaha and olsun ki, mömin ola bilməz, Allaha and olsun ki, mömin ola bilməz.”

      -Kim mömin ola bilməz ey Allahın Rəsulu, - deyilincə:

      “Şərrindən qonşusu əmin olmayan kimsə.”[8] – deyə buyurdu.

         Hz. Aişə validəmizin bildirdiyinə görə, Allahın əmr və qadağanlarına qarşı gəlinməsi xaric, Allah Rəsulu (s.ə.s) öz şəxsi üçün heç kimdən intiqam almadı.

          Əbu Hureyrənin (r.a) bildirdiyinə görə bir gün Rəsulullahın (s.ə.s) yanına bir adam gələrək:

         “Ey Allahın Rəsulu, mənə tövsiyə ver,” - dedi. Rəsul-u Əkrəm (səs):

        “Hirslənmə”, - buyurdu. Adam sözünü bir neçə dəfə təkrar etdi. Peyğəmbərimiz (s.ə.s) də hər dəfə eyni tövsiyəni xatırladaraq “Hirslənmə” buyurdu.[9]

       Yeganə öndər və nümunəmiz olan Allah Rəsulu (s.ə.s) heç kimin eybini araşdırmaz, qeybət, dediqodu, ikiüzlülük edənləri sevməz və onlardan xoşlanmazdı.

          O halda Allah Rəsulunun (s.ə.s) izindən ayrılmamaq hər birimizin əsas vəzifəsidir. Yeganə nümunəmiz yalnız Odur və O olmalıdır. Ondan başqa rəhbər axtarmaq iki dünyada da pərişan olmaq deməkdir.

         Uca Allah cümləmizi, Onun yoluyla gedən və hər sahədə yalnız Onu nümunə götürən qullarından eyləsin!

       


      [1] Əhzab: 21.

      [2] Əhzab: 45, 46.

      [3] Qələm: 4.

      [4] Buxari Təcrid-I Sarih Tərc., c. 12, Nö: 1987.

      [5] Tirmizi, R. S. Tərc., c. 1. Nö: 488.

      [6] Buxari, Müslim R. S Tərc., c. ıı, Nö: 640.

      [7] Buxari, Müslim, R. S. Tərc., c. I, Nö: 549.

      [8] Buxari, Müslim, c. 5, s. 15.

      [9] Buxari, Müslim. Əbu Davud, Tirmizi, Tac., c. 5. s. 20.  

       

      • Hits: 664 clicks

      Tecox component by www.teglo.info