Bir ayə- Ramiz MƏMMƏDOV

      Share

                  “Ey iman gətirənlər! (sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!”.(əl-Hucurat, 1)

                  Din və şəriət gətirmək, onun qanunlarını qoymaq, yenə insanların bütün söz, iş və hərəkətlərinin necə olacağı mövzusunda əmr və qadağalar bəyan etmək səlahiyyəti, əlbəttə ki, Allah-Təalaya aiddir.  Hz. Peyğəmbər isə onun əmr və qadağalarını vəhy yoluyla alıb tətbiq edən, insanlara təbliğ edən və Allahın bəzi xüsusları əskik buraxaraq bilavasitə onun tamamlamasını istədiyi məsələləri də  Allahın izni ilə öyrədən şəxsdir. Buna görə də,din deyildikdə Allahın və peyğəmbərinin qoyduğu əmr və qadağalar ağla gəlir. Bu əmr və qadağalara riayətin ilk şərti təbii ki, bunlara iman etməkdir. Bunun üçündür ki, Allah-Təala ayəyə:  “Ey iman gətirənlər”, -deyərək başlamışdır. Yəni bu ayənin xitabı bütün insanlara yox, sadəcə möminlərədir. Bu da o deməkdir ki, söylənəcək söz imanla bağlıdır. Ayənin nida ilə başlanıb daha sonra möminlərə xitab olunması söylənəcək sözün önəminə, diqqətlə dinlənib əməl edilməsinəişarə edir. Burada möminlərə düşən vəzifə hər bir işdə, yəni sözdə, feildə, hərəkətdə  Allahın və Rəsulunun o məsələylə bağlı əmrini bilmək və bu əmrə görə hərəkət etməkdir. Hər hansı bir məsələ haqqında da Allah  və Rəsulunun açıqlaması varsa, möminlərin ona təslim olub  zidd hərəkət etməkdən uzaq durmaları vacib olur(Əhzab 33/36).

                  Muaz ibn Cəbəlin (r.a) bu davranışı həm “Allah və Rəsulunun önünə keçməyin!” ayəsini başa düşməmiz üçün, həm də müsəlmanlara Allah və onun elçisinə itaət etməsi baxımından ən gözəl nümunədir. Rəsulullah (s.ə.s) Muazı Yəmənə vali olaraq göndərdiyi zaman ona:

                  -Sənə bir məsələylə bağlı problem gəldiyi zaman nə ilə hökm verəcəksən?,- deyə soruşdu. Muaz:

                  -Allahın kitabıyla hökm verəcəyəm,- dedi. Hz. Peyğəmbər:

                  - Axtardığını orada tapmasan necə?,-deyə soruşduqda Muaz:

                  -Rəsulullahın sünnəsiylə,-deyə cavab verdi. Rəsulullah bu səfər:

                  -Axtardığını orada da tapmasan necə?,-buyurduğu zaman Muaz:

                  -O zaman öz rəyimlə hökm verərəm,- dedi (Tirmizi, Əhkam 3).

                  Yuxarıdakı dialoq hansısa bir məsələdə  möminin necə hərəkət edəcəyinin ən gözəl nümunəsini göstərmişdir.

                  Nəticə etibarı ilə bir mömin  Quranı və Sünnəni həyatının hər bir məqamında tətbiq etməyə çalışmalı və bunun üçün cəhd etməlidir.

       

       

      • Hits: 629 clicks

      Tecox component by www.teglo.info