Vüqar Adilov-Bir ağacın hekayəsi

      Share

      Kim bilir bu vaxta kimi nə qədər nağıl dinləmiş, neçə-neçə əhvalatlardan xəbərdar olmusunuz. Diqqətinizi yayındırmadan həyəcanla sona kimi dinlədikləriniz də olub, sadəcə nəzakət xətrinə səbir edib qulaq asdıqlarınız da... Amma əminəm ki, bu vaxta kimi heç biriniz bir ağacın hekayəsini dinləməmisiniz. Bəli, səhv başa düşmədiniz, sizi bir ağacın dünyasınaqonaq aparıram.Hazırsınızsa, məni dinləyin.

                  Mən bir ağacam. Bütün günü maşınların şütüdüyü işlək magistraldan ayrılıb ucqar kəndə doğru uzanan, yayda tozla dolu, payızda isə palçıqdan keçilməyən torpaq yolun kənarında dayanan iri gövdəli, qollu-budaqlı tənha bir ağac... Tənha dedim, çünki yan-yörəmdə bircə dənə də olsun, başqa ağac görə bilməzsən. Əslində, mənə tənha demək doğru olmaz. Çünki ilin bütün fəsillərindəqonaq-qaralı oluram.Budaqdan budağa uçuşan qayğısız dəcəl quşlar, günün qızmar şüalarından və yaqəfil yaxalandıqları yağışdan qorunmaq üçün ayaq saxlayan insanlar məni darıxmağa qoymurlar.Çox vaxt elə olur ki, eyni anda bir neçə nəfər sıx yarpaqlarımın əmələ gətirdiyi çətirdən istifadə etməli olur. Belə anlarda darıxmağın nə olduğunu bilmirəm. O saat söhbət başlanır, mövzular bir-birini əvəz edir.Başqalarının danışığına qulaq asmağın günah olduğunu bildiyimdən onlara qulaq asmamağa çalışıram. Amma istəmədiyim halda, yenə də qulağıma gəlib çatan sözlərdən insanların fərqli-fərqli xarakterlərə malik olduğunu başa düşmüşəm. Söhbətindən doymaq olmayan xoş simalı insanlara rast gəldiyim kimi, sözlərindən ümidsizlik tökülən insanları da çox görmüşəm. Bilmək istəsəniz, insanların niyə ümidsizliyə yol vermələri məni çox maraqlandırır. Bu barədə çox düşünmüşəm. Əgər sözlərimin səhv başa düşüləcəyindən çəkinməsəydim, ümidli olmağın nümunəsini özümüzdən, yəni ağaclardan verərdim. Qışın ən sərt şaxtalı günlərində belə bizi donmağa qoymayan, yaşadan, baharın gələcəyinə olan ümidimizdir.Çətinliklərin sınaqolduğunu bildiyimizdən ümidimizi sönməyə qoymur, üsyan etmədən sərt soyuğun yerini isti günlərə verəcəyi anı səbirlə gözləyirik.Əslində, ibrət götürməyi bacaranlar üçün payızda yarpaqlarımızı töküb baharda yenidən dirilməyimizdə də nə qədər hikmət mövcuddur. Eşitdiyimə görə, insanların içindəölümdən sonra həyatın olduğunu, bir gün hamının diriləcəyini inkar edənlər varmış.Onlar dediklərimin məntiqə zidd olduğunu iddia edirlərmiş. Halbuki Yaradan bizim simamızda bu dirilişin asanlıqla mümkün olduğunu hamıya göstərməkdədir. Səsim gəldiyi qədər hayqıraraq insanları ətraflarına baxıb düşünməyə çağırmaq istəyirəm. Amma, təəssüf ki, bu mümkün deyil.

                  Sözləri kimi, əməlləri də insanların fərqli olduğunu göstərməkdədir.Kölgəmə sığındığı halda, məni incitməkdən çəkinməyib budaqlarımı sındıran, yarpaqlarımı qoparan o qədər insana rast gəlmişəm ki...Mənə elə gəlir ki, bu cür insanlar yalnız özlərini düşünürlər, ətrafdakıların düşdükləri vəziyyət onlar üçün maraqlı deyil. Yaxşı ki, hər hərəkəti ilə qayğıma qaldığını göstərmək istəyənlər daha çoxdur.Ya köklərimə su tökərək, ya bir-birinə mane olan budaqlarımı ayıraraq, ya da başqa bir yolla diqqətini göstərməyə çalışan bu insanlara olduqca minnətdaram. Elə zənn etməyin ki, biz kölgəmizdə yer verdiyimizə görə insanlardan həmişə nəsə gözləyirik. Əsla... Sadəcə olaraq, qəlblərin xoş diləklərlə dolub-daşması, başqalarının da səadətini düşünərək yaşaması, “mən” pərdəsini yırtıb “biz” deməyi bacarması bizi son dərəcə fərəhləndirir. Etdiyinə görə qarşılıq gözləməkdən uzaq olmaq düşüncəsi biz ağacların yaradılışında mövcuddur. Nə Yaradanın əmri ilə yerin dərin qatlarından sorub gətirdiyimiz su və minerallarla bəsləyib yetişdirdiyimiz dadlı-dadlımeyvələri verərkən, nə də atmosferi insanın nəfəs alması üçün zəruri olan oksigenlə təmin edərkənhər hansı bir təmənna güdmürük. Yanmaqda olan şamın işığından istər bir nəfər istifadə etsin, istərsə daha çox insan onun ətrafına yığışsın. Onun üçün nə fərqi var ki?Biz də bacardıqca daha çox insana yararlı olmağa çalışırıq. Əlindəki meyvəni həvəslə yeyən bir balacanın gözlərindən oxunan sevinc bizim hamımızın ümumi sevincidir.Bundan daha gözəl nəola bilər ki? Biz inanırıq ki, bu cür hallar dünyanı daha da gözəlləşdirəcəkdir.

                  Uzun müddətdir dolub-daşan fikirlərim məni narahat edirdi, sizinlə bölüşüb azacıq da olsa, yüngülləşmək istədim.Səbirlə məni dinlədiyiniz üçün sizə minnətdaram. İnanıram ki, bundan sonra haradasa ağac gördükdə ona adi bir ağac olaraq baxmayacaqsınız.İndicə danışdıqlarım yadınıza düşəcək, bizi doğma nəzərlərlə süzəcəksiniz.Sizi sevdiyimiz, qulluğunuzda durduğumuz kimi, siz də bizi sevəcəksiniz. Bizim də Sahibimizin olduğunu, sizin kimi sevgiyə, qayğıya ehtiyac duyduğumuzuunutmayacaqsınız.Gəlin hamımız birlikdə dünyamızı gözəlləşdirmək üçün çalışaq.

      • Hits: 600 clicks

      Tecox component by www.teglo.info