Rüfət ŞİRİNOV - Həzrıti Peyğəmbər və xəbərləşmə

      Share

      Texnologiya və sivilizasiyanın sürətli şəkildə inkişaf etməsində xəbərləşmə və xəbərləşmə vasitələrinin payı inkaredilməz dərəcədə əhəmiyyətlidir. Önəmi qədər düzgün və qərəzsiz olması da əsasdır. İslam dini hər eşidilən xəbəri və məlumatı qəbul etməyi düzgün hesab etmir. 

      Onun (dini) süzgəcdən keçirilməsini tövsiyə edir. Bu mənada Qurani-Kərim “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (Hucurat, 6) buyuraraq bizi diqqətli olmağa dəvət edir.

      Xəbərləşmə vasitələri zəif olan cəmiyyətlər hər zaman gücsüz olmuş və tarix boyu müstəmləkə şəklində yaşamışdır. Bu mənada tarixdən dərs almaq və tarixə keçmək üçün düzgün şəkildə keçmişdən xəbər almalı və gələcək barəsində düzgün analizlər edərək doğru maarifləndirmə aparılmalıdır.

      Əlbəttə ki, Həzrət Peyğəmbərin (s.ə.s) yaşadığı dövrdə güclü sərkərdə olmasında, güclü dövlət idarəcisi olmasında xəbərləşmənin roludanılmazdır. O, yaşadığı dövrdə qonşu ölkələrin hökmdarlarına elçilər vasitəsi ilə məlumatlar göndərir, elçilər vasitəsi ilə xəbərləşirdi. Elçiləri o qədər düzgün seçirdi ki, onlarla müxatəb olan kimsələr davranış şəkillərindən, ağırbaşlılığından və elmindən təsirlənir, bəziləri də müsəlman olmaqla şərəflənirdilər. Odur ki, günümüzdə də media və xəbərləşmə vasitələrinin qərəzsiz və obyektiv olması, digər insanların onlara olan etimadı gücləndirəcəkdir. Yeri gəlmişkən Həzrət Peyğəmbər (s.ə.a) dövründəki xəbərləşmə barəsində məlumat vermək istərdik:

      İslam tarixində xəbər alma və rəsmi poçtun qurulma çalışmaları Həzrət Peyğəmbər (s.ə.s) dövründən etibarən başlamışdır. Vaxt keçdikcə təkmilləşən xəbərləşmə təşkilatı Peyğəmbərimizinhəm hərbi, həm də idari tətbiqatlarında önəmli yerə sahib oldu. Məsələn; xəbərləşmə vasitəsi ilə öldürüləcəyini xəbər alan Peyğəmbər 622-ci ildə Məkkədən Mədinəyə hicrət etmişdir. Bədir müdafiəsi, Məkkənin fəthində əldə edilən nəticənin arxasında yatan amillərdən biri də düzgün xəbərləşmə strategiyası olmuşdur.

      Medianın heç bir şəkildə inkişaf etmədiyi o dövrdə, yazışma və saziş mətnləri xüsusi elçilər vasitəsilə göndərilir və alınırdı. Müsəlmanlar Yərmükdə savaşarkən Həzrət Əbu Bəkrin öldüyü və yerinə Həzrət Ömərin xəlifə olduğu xəbərinin qısa zaman ərzində elçilər vasitəsilə çatdırılması bunun misallarındandır. Həmçinin Həzrət Peyğəmbərin (s.ə.s) Misir, Yəmən, Bizans kimi böyük dövlətlərə yazdığı məktublar və onlardan aldığı cavablar, o dövrdə dövlətlərarası xəbərləşmə agentliklərinin düzgün və yüksək səviyyədə işlədiyini göstərir.

      İslam tarixində bu tətbiqat rəsmi şəkildə ilk dəfə Həzrət Ömərin xilafəti dövründə təşkilatlanmışdır. Bu təşkilata “əl-Bərid” və yaxud da “Nəccabə” adı verilmişdir. Bu təşkilatlar o dövrün xəbər agentlikləri idi. Əmr və sərəncamların bu təşkilat vasitəsi ilə İran, Misir, Suriya kimi uzaq diyarların rəhbərlərinə göndərilməsi bir qaydaya çevrilmişdir. Dövlət bir tərəfdən xəbəri götürəcək şəxslərə dövlət xəzinəsindən dəvə təxsis edir, digər tərəfdən də yol üzərindəki idarəçilərinə təlimatlar göndərərək yolun güvənliyini və elçilərə kömək göstərilməsini təşkil edirdi.

      Göründüyü kimi müsəlmanlar heç bir zaman xəbərləşmədən geri qalmamış hər zaman dövrün ən müasir vasitələrindən istifadə etmişdir. Günümüzdə bəzi şərqşünasların iddia etdiyi, “Həzrət Peyğəmbərin digər dövlətlərin hökmdarlarına məktub göndərmədiyi və onları bu vasitə ilə islama dəvət etmədiyi” fikirlərinin heç bir əsası yoxdur. Bu fikri günümüzə qədər gəlib çatmış və Həzrət Peyğəmbərtərəfindən yazdırılmış məktubların nüsxələri çürütməkdədir.

      Onu da qeyd edək ki, Həzrət Peyğəmbər (s.ə.s) dövründə xəbər servislərindən biri də hədislər idi. Onun keçmiş millətlərdən, peyğəmbərlərdən verdiyi məlumatlar obyektiv xəbərlər silsiləsinə daxildir. Eyni zamanda gələcəyə dair məlumatlar verməsi də Onun ilahi vəhy və ilham mərkəzli xəbər servisləridir. O, bu xəbərləri dürüst elçilər (o dövrün yazıçıları, jurnalistləri və s) vasitəsilə həm ümmətinə həm də digər millətlərə çatdırırdı.

      İslamın xəbər servislərinin əslini təşkil edən hədisləri düzgün şəkildə oxuyub doğru nəticələr çıxartmaq hər bir müsəlmanın borcudur. Odur ki, İslam dinini qərəzsiz şəkildə öyrənmək və onu Allahın buyurduğu şəkildə həyatına tətbiq etmək istəyən kəs səhih hədislərə, yəni doğru xəbərlərə (hədislərə) müraciət etməlidir. Müsəlmanın fərasəti və elmi dərinliyi geniş olmalıdır ki, doğru olan xəbərləri, yanlış xəbərlərdən ayıra bilsin. Güclü və intellekti yüksək müsəlman o kəsdir ki, xəbərləri, analizləri düzgün təhlil edə bilsin və gündəmdən kənar qalmasın. Necə ki, Hz. Peyğəmbər yaşadığı dövrdə gündəmdən və gündəmdəki məsələlərdən uzaq durmamış, problemlərdən münasib çıxış yolları tapmışdır.

      • Hits: 904 clicks

      Tecox component by www.teglo.info