Adem ŞAHİN - 100 İrfan ve her gün Novruz

      Share

      Azərbaycanda Hz. Əli vəƏhli-beyt sevgisi “bize her yer Kərbəla, hərgün aşura” sözü ilə ifadə edilir. Bu sözü söyləyənlərin ürəyində Əhli-beyt sevgisi var. Əhli-beyt sevgisi eynilə bahar kimi günləri və hər yeri bürümüşdür.

      Hər bir insan üçün öldüyü günə qədər yaşadığı hər bir gün novruzdur. “Bizə hər gün novruz” desək, hər halda səhv etmərik. Hər gününün novruz olduğunun şüurunda olmayan insan stress və depressiyalarla dolu yeknəsək həyat sürər. “Hər dəm yenidən doğarız, bizdən kim usanası”,- deyən Yunus yaşadığı novruzlara diqqət çəkmişdir. Bahar tez-tez “Allahın rəhmət əsərlərinə bax, ölümündən sonra yer üzünə necə də dirilik verir” ayəsini oxuyaraq bağçalarda, çəmənliklərdə gəzmək vaxtıdır. Novruz həyəcandır, istilikdir, ümiddir, şaxələnməkdir. Möminin qəlbi hər zaman həyəcan və heyrətini mühafizə etməlidir. Heyrət heyran qalmaq və çaşqınlıq anlarında söylənən “sübhanallah” zikrinin mənası bilinmədən söylənməməlidir. Cücərən otlara, açan çiçəklərə və yatmış təbiətə baxaraq xüsusilə bahar fəslində heyrət və heyranlıqla “sübhanallah” deyilməlidir.

      Açılan çiçəklərin yarpaq və tozlarının sayı qədər sübhanallah...

      Yenidən baş qaldıran otların sayı qədər sübhanallah...

      İnsanın yatağı qəbirə bənzəyir. Yuxusu ölüm, yuxudan oyanması isə öldükdən sonra dirilməkdir. Yuxu isə axirət aləminin isbatı üçün ən böyük dəlillərdən biridir. İslam alimlərinin fikrinə görə “bir dəfə yuxu görən insanın axirəti inkar etməsi təəccüb doğurur”. Yatmaq və oyanmaq ölmək və dirilmək təlimin bənzəyir. Üstümüzə örtdüyümüz yorğansa cəsədimizin üzərinə atılan torpaqdır. Kiçicik beynimiz haydı, qalx əmrini verən kimi üstümüzdəki yorğanı kənara atıb yerimizdən qalxırıq. Uca Rəbbimiz də İsrafil vasitəsi ilə “haydı, qalxın” əmrini verdiyi zaman üstümüzdə ki torpaq tonlar qədər də olsa, qalxar, dəvətə cavab verərik. Təbiətin oyanması olan novruzda öldükdən sonrakı dirilişi görməmək kor olmaqdır. Buğdanın torpağa əkilməsi ölümü, cücərib baş qaldırması isə qiyamı (dirilişi) sayılır. Qışda ölümün soyuqluğunu görən insan baharda oyanmağın istisini yaşayar. Minlərlə ağac və çiçəyin novruzda canlandığını görən insan min dəfələrlə ölümü və dirilişi görmüşdür. 70 il yaşayan bir insanın gördüyü gecələrin sayı ümumilikdə 25000 dir. 25000 dəfə yatmaq və oyanmaq ilin müəyyən günlərində ətraf mühitdə gördüyümüz novruzun fərd planında yaşanmasıdır. Hədisi-şərifə görə “insanlar yuxudadırlar, oyana bilmələri üçün torpağa dəfn olunmaları şərtdir”. Ölməyən insanın yenidən dirilməsi mümkün deyil. Torpağa girməyən toxum cücərməz. İsa peyğəmbərə görə “insanların əksəriyyəti samandan ibarətdir və yandırılmağa layiqdir”. Çox az insan var ki, toxumdan fidana çevrilmişdir.

      Sanki dünən deyilmiş “bir jurnal nəşr edəcəyik, adı nə olsun, fikirlərinizi gözləyirik” sözünün üstündən 100 sayı keçdi. Doğulmasına şahid olduğumuz bir uşağın böyüyüb evlənməsindən fərqlənmir. İrfanın yüzüncü sayı keçən zamanın və torpağa düşməyin yaxınlaşdığını xəbər verir əslində. 100 saylıq yolçuluqda kimlər torpağa düşmədi ki: Əmrullah dayı, Feyzullah dayı, Zakir dayı, Güleyfə xala, Zenfira xala, Bənövşə (Bəşə) xala və tələbəm Maşallah... Allah hamısına rəhmət eləsin.

      Hər bir səhifədə heç bir cümləni israf etməməyə çalışaraq hüzurunuza çıxmağa can atdım. Hamımız görünəndən görünməyənə, bilinəndən bilinməyənə doğru gedən yolun yolçularıyıq. Budur, 100-cü sayıdır, hüzurunuzdayam. “100 sayıdır nə deyirsən?”,- deyə soruşsanız, “eşq və məhəbbət” deyərəm. Şair “eşq deyincə qələm əldən düşüyor” desədə, kimlərinsə yenə də qələmi qaldırması və yazması lazımdır. Eşq və məhəbbət bahardır, kin və nifrətsə qış. Eşq və məhəbbətə üç yolla çatmaq olar deyiblər:

      1. Röya yolu ilə aşiq olmaq

      2. Eşidərək aşiq olmaq

      3. Görərək aşiq olmaq.

      Röya ilə aşiq olmaq içdən çölə doğrudur. Şəxsə özəldir, həbsxanada belə yaşanması mümkündür. Züleyxa Yusif peyğəmbəri dünya gözü ilə görmədən yuxusunda görərək aşiq olmuşdur. Eşidərək və görərək aşiq olmaq çöldən içəri doğrudur. Oxunan azanlar, verilən vəzlər, xütbələr, edilən söhbətlər eşidərək aşiq olma səbəbidir. Həcc və ümrə başda olmaqla sadiq və saleh insanları ziyarət etmək, kamil insanların üzünə nəzər salmaq da görə-görə aşiq olmaqdır. İrfanın yüz saylıq yolçuluğunun eşq və məhəbbətə çatmada iki cığır açdığı fikrindəyəm: yaza-yaza və oxuya-oxuya aşir olmaq.

      Bahar fəslində bəşəri eşqlər də canlanır. Dünyəvi eşqlə ilahi eşq arasında qısqanmaq fərqi var. Bəşəri eşqdə qısqanclıq, paylaşmamaq, göstərməmək var. Sevgiliyə gözucu baxılması belə cinayətdir. İlahi eşqdə isə qısqanclıq yoxdur. Nə qədər çox insan Allah desə, övliyalıq mərtəbəsinə çıxsa, Allahı sevənlər bundan əsla narahat olmazlar.

      Fani dünyanın baharı əbədi aləmdəki sonsuz cənnət baharının xəbərçisidir. İçində baharı tapa bilməyənlərə ətrafdakı bahar bir o qədər də məna ifadə etməz. İçəridəki bahar imandır, məhəbbətdir, təslimiyyətdir. Bahar Muhamməddir. Muhammədsiz bahar sünidir, peşmanlıq verər.

      “Qədrin bilməyənlər alır əlinə

      Onun üçün əyri bitər bənövşə” 100 sayının xülasəsi məhz budur. 

      • Hits: 783 clicks

      Tecox component by www.teglo.info