155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Rövşən Əhmədov - 31 Mart Dəhşəti

      Share

      Bildiyimiz kimi I Dünya müharibəsindən sonra Rusiyada yaranmış ictimai-siyasi vəziyyətdən istifadə edən erməni millətinin siyasiləri uzun illərdən bəri bəslədikləri nifrətlə öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa  cəhd edirdilər. 

      Çar Rusiyası Zaqafqaziyanı asanlıqla idarə etmək, Osmanlı dövlətini zəiflətmək üçün ermənilərin (Azərbaycan  bölüşdürüləndən  sonra  1813-cü  il  Gülüstan  və 1828 -ci ildə  Türkmənçay müqaviləsi) İran və Osmanlı dövlətinin ərazisindən köçürülməsinə rəhbərlik  edir. Onların qədim Azərbaycan ərazisində öz dövlətlərini yaratmasına söz verilir və bu istiqamətdə real işlər görülür. Beləliklə, Çar Rusiyası ordusunun tərkibində erməni millətindən ibarət olan hərbi birləşmələr yaradılaraq hərbi hazırlığa başlanılır. Yaradılan erməni hərbi birləşmələri 1918-ci ildə artıq döyüş təcrübəsinə malik olan azğın bir ordu kimi  formalaşır. Digər tərəfdən yada salmaq lazımdır ki, rus işğalçıları Azərbaycan türklərinin Qacarlar dövləti və Osmanlı imperiyasındakı qan, dil, din, adət-ənənələrlə bağlı, qohumları ilə bağlarını, əlaqələrini kəsmək üçün, buranın əhalisini tatar adlandırmışdırlar. Ən böyük zərbəni  isə dinə qarşı vurmuşlar ki, bu bölücülük  nəticəsində  (sünni-şiə) özlərinə məxsus dini idarələri yaratmışlar. Bunların  nəticəsində isə ruslara  can-başla  xidmət edəcək zadəganlar sinfi bəy və ağalar, din xadimləri tərbiyə etmiş, milli şüuru dolaşdırmış, öz istəklərinə uyğun bir toplum yetişdirmişlər. Bütün bunların nəticəsidir ki, toplumun zaman-zaman milli yaddaşı silinmişdir. Bu prosesi yaxşı izləyən düşmənlərimiz zaman-zaman bunlardan öz məqsədləri  üçün  istifadə etmişlər.

      1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların, müsəlmanların buradan çıxarılması məqsədini güdən cinayətkar planın reallaşdırılmasına başlanıldı. 3 gün ərzində azərbaycanlılara qarşı törədilən qətliamlar əlbətə ki, qabaqcadan düşünülmüş məkrli siyasət idi. Həmin dövrdə erməni siyasi partiyaları guya “Böyük müsəlman Dövləti” düşüncəsini elə beşikdə boğmaq üçün hərbi sursatla təchiz olunmuşdu. Təqribən 8000-dən artıq erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdir. Bundan başqa “Qızıl Qvardiya“ adı altında yaradılan 12-13.000 nəfərlik ordunun da 75% ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşma əsasında bolşevik-erməni koalisiyası bütün cəbhə boyu hücuma kecdi. 1918-ci il 30 mart axşam saat 5:00-da Bakıda ilk atəş səsi eşidildi. Əvvəlcədən planlaşdırılmış şəkildə təkcə erməni əsgərləri deyil, Bakıdakı ermənipərəstlər də bu savaşa qoşulmuşdular.

          Yaxşı hərbi hazırlıqlı erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək, onları öldürür, evləri yandırır, 3-4 günlük körpələri xəncərlə qətl edir, uşaqları alovlar içinə atırdılar.  Arxiv materiallarına əsasən, İçərişəhərin girişində qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadnın meyidi tapılmışdı. N. Nərimanov  erməni əsgərlərinin törədikləri qətliamlar haqqında qeyd edir: hətta bolşevik olan bir müsəlmana belə aman verilmədi. Daşnaklar “bolşevikliyinizi tanımırıq, bir halda ki müsəlmansınız, bu yetər”, deyirdilər. Nəin ki kişilər, hətta hamilə qadınlar da onlardan canlarını qurtara bilmirdilər. 1918-ci ildə erməni hərbi birləşmələri tərəfindən  Bakı və Şamaxıda, Zəngəzurda, Naxçıvanda, Qarabağda, Kürdəmirdə, Neftçalada, Salyanda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda və digər bölgələrdə azərbaycanlılar kütləvi qırğına məruz qaldı. Təkcə Bakıda üç gün ərzində 12.000 nəfər qətlə yetirilmişdi.

      1918-ci ilin mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu  tərəfindən dağıdılmış və 8-10 minə yaxın insan öldürülmüşdü. Quba qəzasına göndərilən erməni silahlı birləşmələrinə isə S.Şaumyandan  bilavasitə əmr alan Hamazasp başçılıq edirdi. Aprel ayında  bu  bölgənin  122 kəndi  dağıdılmış, minlərlə müsəlman turk və ləzgi qətlə yetirilmişdir. Erməni hərbi birləşmələri tarixi  məlumatlara görə Qubada 16 mindən artıq insanı vəhşicəsinə qətlə yetirmişdilər.

      Heç təsadüfi deyil ki, 2007-ci ilin aprelin əvvəllərində Quba ərazisində kütləvi  məzarlıqlar aşkar edilmişdir. Genosid qurbanı olmuş azərbaycanlıların kütləvi məzarlıqlarının çoxu isə işğal olmuş Qarabağda və müasir Ermənistan ərazisində yerləşir. Vaxtı ilə erməni Vaaram 1918-ci ildə azərbaycan turklərini və müsəlmanları necə qırdığını belə danışırdı: “Azərbaycan  müsəlmanlarına güllə sərf etmək heyfdir. Mən Basarkeçərdə (Vardenis) belə edirdim: qadın  və uşaqları  quyuya doldurub  daşlarla  axırlarına  çıxırdım”.

      Həmin dövrdə Zəngəzur qəzasında 115  azərbaycanlı  kəndi  məhv edilmiş, 10 minə yaxın insanlar qətlə yetirilmişdir. Erməni silahlı birləşmələri Naxçıvan qəzasının onlarla kəndini yandırmış və minlərlə  insanı  öldürmüşdü. 1918-ci ildə  erməni  silahlı  əsgərləri  Qarabağın  dağlıq  hissəsində 150 kəndi  dağıtmış və əhalisi ilə birlikdə tamamilə məhv etmişlər.  Ermənilər Azərbaycanın bütün bölgələrində kütləvi qırğınlar törətdikdən sonra S. Şaumyanın  planına görə ordu Gəncəyə yeridiləcək və sonda digər bölgələrdəki ermənilərlə birləşəcəkdi. Amma 1918-ci ilin mayında ADR-nın qurulması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim  mübarizəsinin başlaması işğalçıların  planlarının puça çıxması ilə nəticələndi. Xalqımızın qeyrətli oğullarının ciddi səyləri və Nuru Paşanın rəhbərlik etdiyi müsəlman türk əsgərləri harayımıza çatmasaydı, 50 ilə yaxın xarici havadarlarına arxalanan erməni hərbi birləşmələri silahsız, əliyalın əhalimizi son nəfərinədək məhv etməyə çalışacaqdı.

      Bu gün tarixi faktlardan zəruri ibrəti götürərək, iki əsrdə  azərbaycanlılara qarşı törətdilmiş etnik təmizləməni  tarixi  faktlarla  dünya  ictimaiyyətinə çatdırmalıyıq. Güclü Azərbaycan dövləti tərəfindən bu sahədə atılan mətin addımlar təqdirəlayiqdir. 

      • Hits: 748 clicks

      Tecox component by www.teglo.info