Müşfiq XƏLİLLİ - Yaxşılığı əmr edib,pis əməllərdən çəkindirmək

      Share

      Uca Allahın bizim üçün seçdiyi son və haqq din heç şübhəsiz ki, İslamdır.

        İslama inanan və inandığını həyatda tətbiq edən  kimsələrə müsəlman adı verilir. Bütün bunlarla bərabər həqiqi müsəlman İslamın əmr və qadağalarını yalnız özü yerinə yetirməklə yetinməməli başqalarına da yaxşı işləri əmr edib pis işlərdən çəkindirməlidir.

          “Əmri bil məruf, nəhyi anil münkə -  yaxşı işləri görməyi əmr edib pis əməllərdən çəkindirmək” vəzifəsi İslamdan qabaqkı bütün haqq dinlərdə də olmuşdur. Bu, bütün peyğəmbərlərin vəzifəsi olmuşdur. Ümumiyyətlə Uca Allahın peyğəmbərlər göndərməsinin əsas hikməti insanlara onların  vasitəsi ilə yaxşı işləri görməyi əmr edib pis əməlləri də yasaqlamaqdır.

          Allah-Təalanın razı  qaldığı və bizlərə əmr etdiyi hər şey yaxşı, Onun razı olmadığ və bizə qadağan etdiyi hər  şey də pisdir.

           Başqa bir ifadə ilə desək İslama uyğun olan hər şey yaxşı, İslama uyğun olmayan hər şey pisdir.

          Demək ki, kiminsə ağlına və düşüncəsinə görə yaxşı və  pis anlayışı məqbul deyildir. İslamın yaxşı qəbul etdiyi hər şey yaxşı, pis qəbul etdiyi hər şey də pisdir.

          İnsanlığa səadət bəxş etmək üçün göndərilən İslama görə yaxşı işlər görməyi əmr edib  pis əməlləri qadağan etmək bütün müsəlmanların üzərinə fərzdir.   

              Necə ki, bir ayədə Uca Allah belə buyurur:

         “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.”[1]

          Peyğəmbərimiz də (səs) bu barədə belə buyurmuşdur:

          “Sizdən hər hansı biriniz bir pislik gördüyü zaman onu əli ilə düzəltsin. Buna gücü yetməzsə onu dili ilə düzəltsin. Buna da gücü yetməzsə (heç olmasa) qəlbi ilə (həmin o pis əmələ) ilə nifrət etsin.  Bu da imanın ən aşağı mərtəbəsidir.”[2]

        Demək ki, kamil müsəlman, bir pislik gördüyü zaman gücü nisbətində onu aradan qaldırmalı buna gücü yetmirsə heç olmasa ən azından onu xoş qarşılamamalıdır. Bu hər bir müsəlmanın vəzifəsidir.

          Bunun üçün Allah-Təala Qurani-Kərimdə möminlərin vəsflərini sayarkən “Əmri  bil məruf, nəhyi anil münkər yəni yaxşı işləri görməyi əmr edib pis əməlləri qadağan etməyi” onların ən böyük vəsfi olaraq vurğulamış və bu vəsfi daşıyanların ən yaxşı kimsələr olduğunu acıq bir şəkildə bəyan edərək belə buyurmuşdur:

           “(Ey müsəlmanlar!) Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız....”[3]

            Başqa bir ayədə isə belə buyurulur:

         “Mömin kişilərlə mömin qadınlar bir-birinə dost hayandırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhmət edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət və hikmət sahibidir!”[4]

      Demək ki Allah-Təalanın razı qalacağı həqiqi müsəlman ola bilmək üçün, yaxşı işlər görməyi əmr edib, pis işləri qadağan etmək şərtdir. Gücü nisbətində hər bir müsəlman bu vəzifəni yerinə yetirməlidir. Ancaq təəssüflər olsun ki, bu gün müsəlmanların böyük əksəriyyəti “əmri bil məruf, nəhyi anil münkər” vəzifəsini yerinə yetirmirlər. Nəyin ki başqalarına yaxşılığı əmr edib pis əməlləri qadağan etmək hətta öz övladlarına qarşı belə bu vəzifəni yerinə yetirmirlər. Bu vəzifəsini yerinə yetirənlər də şiddətli bir şəkildə qınanırlar.

              

      Allah Rəsulu bir hədisində bizə belə xəbərdarlıq edir:

           “Nəfsim əlində olan Allaha and içirəm ki, ya yaxşılığı əmr edib, pis əməlləri qadağan edərsiniz ya da Allah-Təla sizə əzab göndərər. Sonra Allaha yalvarıb dua etsəniz də duanız qəbul olunmaz.”[5]

       

       


      [1] Ali-İmran, 104.

      [2] Müslim, Muxtarul Əhadis sh: 144.

      [3] Ali –İmran, 110.

      [4] Ət-Tövbə, 71.

      [5] Bəzzar, Muxtarul Əhadis sh: 118. 

       

      • Hits: 680 clicks

      Tecox component by www.teglo.info