Anar QURBANOV - SUAL CAVAB

      Share

      Sual: Bilərəkdən qılınmayan namazların qəzası varmı?

      Cavab:  Dörd məzhəbə görə, hər hansı bir səbəbdən, yəni istər üzr olsun, istər olmasın qılınmayan namazlar qəza edilməlidir. Onların bu mövzudakı dəlilləri İslam hüququnda bir ictihad qaydası olan “övləviyyət” prinsipidir. 

      Belə ki, Hz. Peyğəmbər (s.ə.s) bir hədisində yatıb qalmaq və ya unutmaq surətilə namazı qılmayanlar, oyandıqda və yaxud xatırladığı zaman dərhal qılınmasını əmr etmişdir (bax. Müslim, Məsacid, 316). Bu hədisdən yola çıxaraq alimlərin əksəriyyəti yatıb qalmaq və ya unutmaqla namaz qəza edilməlidirsə, o halda bilərəkdən və ya səbəbsiz və üzrsüz yerə qılınmayan namaz şübhəsiz qəza edilməlidir hökmünü ortaya qoymuşlar. Məhz bu hökm övləviyyət qaydası ilə ictihad edilərək ortaya qoyulmuşdur. Ancaq bəzi alimlər, xüsusilə Zahiri məzhəbinə mənsub olanlar hədisin sırf zahirini əsas alaraq, hədisdə qeyd edilən iki haldan başqa səbəbdən namazı tərk edənlər üçün qəzanın olmadığı və yalnız tövbə edilməli olduğu fikrini mənimsəmişlər. Ancaq əksər İslam hüquqşünaslarının fikrincə, yuxarıda qeyd olunan prinsip əsasında həm tövbə edilməli, həm də qəzası qılınmalıdır.

      Sual: Müctəhid seçmədən ibadət edib, namaz qılmaq olar?

      Cavab: Əslində, İslam dinində belə bir şərt yoxur. Çünki İslamda Quran və Sünnəyə tabe olmaq əsasdır. Ancaq Quran və Sünnəni anlamaq üçün, ayələrin nazil olma və hədislərin varid olma səbəblərini dərk etmək üçün, alimlərin rəylərinə, onların ictihadlarına ehtiyac vardır. Əgər bir şəxs özü müctəhid səviyyəsindədirsə, onun üçün problem yoxdur o, kimisə təqlid etmək məcburiyyətində deyil. Ancaq İslamın hökmlərini dərindən öyrənmək üçün səhabələr başda olmaqla İslam alimlərinin şərhlərinə, izahlarına, rəylərinə və ictihadlarına ehtiyac var. Necə ki, İslamın anlaşılmasında yalnız Quran kifayət deyil, mütləq Sünnəyə, yəni Hz. Peyğəmbərin izahlarına, Quranı şərh etməsinə, Qurandan əlavə hökmlər qoymasına ehtiyac var, eynilə Sünnənin anlaşılmasında, onun izah və şərh edilməsində, Sünnədə olmayan hökmləri qiyas və digər ictihad vasitələri ilə ortaya qoyulmasında başda səhabələr olmaqla digər müctəhidlərin fikirlərinə, rəylərinə, izahlarına və şərhlərinə ehtiyac duyulur.

      Sual: Sünni alimlərin vəhhabiliyə qarşı münasibəti necədir?

      Cavab: Vəhhabilik hərəkatı və onların dini anlayışları təbii ki, əhli-sünnə alimləri tərəfindən xoş qarşılanmamış və bir bidətçi məzhəb kimi rədd edilmişdir. Çünki onlar Quran və Sünnədən başqa heç bir İslami dəyəri qəbul etməmiş, eləcə də nəslərin, yəni ayə və hədislərin yalnız zahiri mənasına bağlı qalaraq olduqca sərt fikirlər səsləndirmişlər. Ayə və hədisləri şərhlərinə müraciət etmədən, alimlərin (öz alimləri istisna olmaqla) və müctəhilərin fikirlərini nəzərə almadan öz düşüncələrinə müvafiq yozmuşar və yozmaqdadırlar. Beləliklə də, bütün ənənəvi İslam anlayışını bir kənara qoyaraq öz rəylərinə görə bir din anlayışı ortaya qoymuşlar. Məhz bu səbəbdən əhli-sünnə alimləri bu kimi anlayışları qəbul etməmiş və onların fikirlərini alt-üst edən kifayət qədər kitablar qələmə almışlar.

      Sual: Ümumiyyətlə, İslamın musiqiyə baxışı barədə məlumat verə bilərsiniz?

      Cavab: Musiqinin qəti şəkildə haram olması ilə bağlı hər hansı açıq ayə və ya səhih bir hədis yoxdur. Ona görə də, musiqi əsli, mahiyyəti etibarilə halaldır. Ancaq onu kənardan haram edən bəzi ünsürlər ola bilər. Yəni, müəyyən şərtlərə riayət etməklə musiqiyə qulaq asmaq halaldır. Belə ki, musiqidə qeyri-dini, qeyri-əxlaqi davranışlar və sözlər yer almamalıdır. Bundan əlavə, içki məclisi və yaxud insanı biədəb və ehtirasi duyğulara yönləndirən musiqilərə qulaq asmaq caiz (halal) deyil. Həmçinin, ifrat dərəcəsində vaxt israfına yol verərək bütün vaxtı musiqilərə sərf etmək (təbii ki, burada musiqişünaslar istisna edilir) və beləliklə də, əsas iş və fərz olan ibadətlərin tərk olunmasına da yol verilməməlidir. Bütün bu şərtlərə riayət etməklə musiqiyə qulaq asmaqda hər hansı qəbahət yoxdur.

      • Hits: 666 clicks

      Tecox component by www.teglo.info